• çərşənbə axşamı, 23 aprel, 14:40
  • Baku Bakı 24°C

Şansını qaçırmayan sığortaçı – Uğur hekayəsi

15.05.15 05:48 1438
Şansını qaçırmayan sığortaçı – Uğur hekayəsi
Onun fikrincə, uğur o insanları tapır ki, həmin insanlar ona hazırdırlar. Müsahibimiz Bakı Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Ramin Məmmədovdur. Ramin Məmmədov 1984-cü ildə Lerik rayonunda doğulub. Orta məktəbi də orada bitirib. 2002-ci ildə rayon birincisi kimi Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. 2003-cü ildən universitetdəki Xüsusi İstedadlar qrupunda təhsilini davam etdirib. 2006-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirərək hərbi xidmətə yollanıb. Hərbi xidmətə gedənə kimi bir neçə şirkətdə maliyyə sahəsində könüllü kimi təcrübə keçib. Ardını öz dilindən eşidək...
- Ramin bəy, necə oldu ki, sığortaçı olmağa qərar verdiniz?
- Daha sivil cəmiyyətlərdə, artıq orta məktəbdə şagirdlər kim olacaqlarına qərar verirlər. Bizim isə həm orta təhsilimiz, həm dünyagörüşümüz imkan vermir ki, 15, 16 yaşdan məqsədli həyat planı quraq. Bu yanaşma bizlərə öyrədilmir. Mən ciddi iş həyatıma başlayana qədər sığorta sahəsində çalışacağımı düşünmürdüm. Fakültəm beynəlxalq əlaqələrlə bağlı olduğundan düşünürdüm ki, hər hansı səfirlikdə, konsulluqda çalışacağam. Amma bəzi anlarda həyat özü insanı yönləndirir. Universitet müəllimlərimdən biri mənə sığorta sahəsində işləməyimi məsləhət gördü və onun təklifi ilə Alfa Sığorta şirkətinə getdim. Tələb olunan imtahanlardan keçəndən sonra mühasib köməkçisi kimi işə başladım. 2008-ci ilin martından isə yerli bir konsaltinq şirkətində auditor kimi işlədim. 2008-in sentyabrından Alfa Sığortaya baş mühasib kimi dəvət aldım və həmin şirkətə geri döndüm. 2009-cu ilin martından sözügedən şirkətdə maliyyə departamentinin direktoru vəzifəsinə təyin edildim və İdarə Heyətinin üzvü seçildim. 2012-ci ilin avqustun 1-dən isə Bakı Sığorta Şirkətinin dəvəti ilə ora maliyyə departamentinin direktoru vəzifəsinə getdim. 2013-cü ilin oktyabrından İdarə Heyəti sədrinin müaviniyəm.
- Sığortanı nə vaxt sevməyə başladınız?
- İşə mühasibatlıqdan başladığım üçün sığorta biznesinə yaxın deyildim. Çünki mühasibatlıq, son nəticədə sadəcə rəqəmlərlə işləməkdir. Amma işləməyə çox ciddi həvəsim var idi. Mənə ödənilən pulun qarşılığında deyil, ondan qat-qat artıq çalışırdım. O zamanlar məqsəd pul qazanmaq deyildi, öyrənməyə, inkişafa həvəsli idim. Qeyd edim ki, iş həyatında mənim əsas devizim çalışdığım şirkətə onun mənə verdiyi əmək haqqından qat-qat artığını verməkdir. Mən baş mühasib işləyəndə, sığorta qanunvericiliyində çox ciddi dəyişikliklər baş verdi. İki aya yaxın evə getmədən gecə şirkətdə qaldım. Bu, məni qətiyyən incitmirdi. Səhərlər də evə gedib qayıdanlar kimi adi qaydada işimə davam edirdim. O zamanlar bunu nəyə görə etdiyimin tam fərqinə varmırdım. Sonradan başa düşdüm ki, insan işini sevib ona bağlı olanda, onun qarşılığını həmin an olmasa da, sonradan mütləq şəkildə görür. Alfa Sığortada sığortaçı kimi işləməyə başlayanda, yenilik tələb etdim. Mən təbiətən yenilikçiyəm. Gördüm ki, sığorta bazarı yeniliyə acdır, bu sahədə öyrəndiklərimi tətbiq etmək imkanım var. Buna görə öz üzərimdə ciddi işlədim, həm sığorta biznesinin dərinliklərini, həm idarəetmənin prinsiplərini, həm insanlarla münasibəti öyrəndim və çox ciddi irəliləyişlər əldə etdim. Sığorta psixoloji sahədir. Burada insanlarla münasibət çox önəmlidir. İnsanlar həm şirkətə, həm rəhbərliyə, həm də biznes proseslərə etibar etməli, inanmalıdırlar ki, sığortalansınlar.
Özümü inkişaf etdirmək üçün bu sahədə təcrübəsi olan insanlarla görüşür, xarici ədəbiyyat oxuyurdum. Alfa Sığortada işlədiyim dövr karyeramda çox ciddi dönüş yarandı.
- Sığorta sahəsində nə sizi özünə cəlb etdi?
- Sığorta insanların bir-birinə münasibətinə təsir edir. Bu baxımdan mən sığortanı bir mədəniyyət kimi qəbul edirəm. Hadisə anında iki sığortalı və sığortasız insanın baş verənlərə münasibəti tam fərqli olur. Sığortalılar ən azı maddi itkiylə üz-üzə qalmırlar. Sığortanın insanların münasibətində tənzimləyici rol oynaması, çətin vaxtlarında insanlara yardım etmək prinsipi mənim təbiətimə yaxın olduğu üçün bu sahə çox maraqlı gəldi. İnsanlarla münasibət mənim üçün öndə durur. Başqa bir səbəb isə bu sahənin Azərbaycanda yeni, işlənməmiş olması idi. İnsanların gözləntiləri olduğundan daim düşünürsən, yeniliklər tətbiq edirsən. Tətbiq etdiyin yeniliklər nəticəsində hiss edirsən ki, bu yeniliklərin yalnız sənə deyil, cəmiyyətə də faydası var. Mən bir az aktiv təbiətli insanam, sığorta işi aktivlik tələb edir. Bu həyat özəl həyat vərdişlərimdən çox fərqlənmədiyi üçün məni işimə daha çox bağlayıb.
- Hansı sığorta məhsulları Azərbaycanda daha çox satılır?
- Son dövrlər həyat sığorta məhsulları bazarda daha çox satılmağa başlayıb. Qeyri-həyat sığorta məhsullarından daha çox icbari sığorta növləri, avtomobilin kasko sığortası, əmlak və tibbi sığorta daha çox satılan məhsullar sırasındadır.
- Siz sığorta növlərinin hansından istifadə edirsiniz?
- Mənim əmlak, sağlamlıq, fərdi qəza, həyatın yığım sığortası, avtomobilimin kasko sığortası var.
- Şirkətdə İdarə Heyətinin sədr müavini kimi işləriniz konkret olaraq nədən ibarətdir?
- Biznes strategiyalarının hazırlanması və reallaşdırılması, bütün maliyyə siyasətinin hazırlanması və icrasına nəzarət, hesabatlılığın təmin edilməsi, şirkətin ümumi fəaliyyətində nəzarət işləri və s. Şirkətin fəaliyyətinin daha effektiv tənzimlənməsi üçün hansı sahədə çevik müdaxilələr lazım olursa, bu barədə bacarığımı əsirgəmirəm.
- Bütün işlərdə uğurlarla yanaşı, uğursuzluqlar da olur. Bu zaman özünüzü necə motivasiya edirsiniz?
- Mənim uğursuzluğa yanaşma tərzim fərqlidir. Əgər bir işi ilk dəfə görəndə alınmırsa, onu uğursuzluq kimi qəbul etmirəm. Sadəcə, düşünürəm ki, bu üsul işləmir. İnsan uğursuzluqdan daha çox öyrənir və mən də bunu təcrübə kimi qəbul edirəm. Bunu sonradan sığorta bazarının üzərində kəşf etdim. Çünki bazar çox yenidir və siz yeni məhsul təqdim edərkən müştərilərin hansı reaksiya verəcəyini bilmirsiniz. Biz insanların yeni məhsullara münasibətinin necə olduğunu yavaş-yavaş təcrübədən keçiririk.
Özəl həyatımda da səhvlərimi iş həyatımdakı kimi qəbul edirəm. Çünki müəyyən bir yaşa qədər insan mütləq səhv etməlidir ki, gələcək həyatında daha dayanıqlı olsun. Mənim hətta elə səhvlərim olub ki, ciddi mənada pis vəziyyətdə qala biləcəyimi düşünmüşəm. Amma uğursuzluq zamanı özümü motivasiya etməyi bacarmışam. Sakitliyi sevirəm. Eyni zamanda, musiqiyə böyük bağlılığım var, piano ilə həvəskar kimi maraqlanıram. Özümü sakitləşdirmək üçün pianonun arxasına keçirəm. Öz bəstələrim var. İnsan hisslərini notlara çevirəndə təbii ki, rahatlaşır. Təkliyi xoşlayıram. Çox zaman hər kəsdən uzaq, insanların olmadığı yerdə 15-20 dəqiqə tək qalıram. İncəsənətlə bağlılığım mənə çox kömək edir. Bundan başqa, avtomobillə uzaq məsafələrə sürməyi xoşlayıram. Uzağı görməyin insanda düşüncə və xəyal sərhədlərini itirdiyini düşünürəm.
- İşçiləriniz səhv edəndə onları nə gözləyir?
- Cəzalandırma yolundan çox nadir hallarda istifadə edirəm. Həmişə alternativ variantın varlığına inanmışam. Hərbi xidmətdə olduğum zaman tağım komandiri idim. Bilirsiniz ki, hərbi xidmətdə hər bir hərəkətin və ya hərəkətsizliyin yazıldığı nizamnamə mövcuddur. Bu nizamnamədə əsgərin necə cəzalandırıla və mükafatlandırıla biləcəyi də yazılıb. Amma həmin nizamnamə belə məni öz doğru bildiyim yanaşmalarımdan kənarlaşdıra bilmədi. Məsələn, normalda əsgərin hər hansı bir səhvi bütün tağıma tətbiq olunurdu. Tutaq ki, biri ayağını səhv atıbsa, onun ucbatından tağım həmin hərəkəti təkrarlamalı idi. Mən isə səhv edən həmin o bir nəfəri çıxarıb kənarda oturdururdum, o, əsgər yoldaşlarına baxırdı. Bu zaman səhv edən əsgər özünün qrupdan ayrı olduğunu hiss edir və mənəvi olaraq cəzalandırırdı və mən bunu müşahidə edirdim.
Şirkətdə işçilərin səhvinə yanaşmama gəlincə, ilk növbədə insanın hansı səbəbdən bu səhvə yol verdiyini araşdırır, problemin nədən qaynaqlandığını araşdırıram. Səhv təcrübəsizlikdən irəli gəlirsə, cəza tətbiq etmək işçini potensial inkişafdan saxlamaq deməkdir. Sadəcə, işçini səhvlə bağlı məlumatlandırmaq, bu səhvin onun özünə, çalışdığı şirkətə və şirkətdəki münasibətlərinə necə təsir edəcəyini göstərməklə onu tamamilə etdiyi səhvdən uzaqlaşdırmaq olar. Amma siz onu töhmət, şiddətli töhmətlə cəzalandırsanız, yaxud başqa inzibati cəza versəniz, o insanın eyni səhvi etmək ehtimalı daha da artır. Siz çox faydalı işçini emosiyalarınıza qapılaraq itirə bilərsiniz. Mənim üçün işçinin potensialını üzə çıxarmaq çox vacibdir. Bu da inzibati yolla mümkün deyil. Şirkətin işçisi onun müştərisindən də önəmli olmalıdır. İşçi özünü rahat və xoşbəxt hiss edirsə, onun gördüyü iş bir o qədər keyfiyyətli olur. Töhmət verdiyiniz insanın sizə hansı şəkildə xidmət göstərəcəyini təsəvvür edin. Töhmət verirsinizsə, işçi, digər əməkdaşların səhvinin qarşısını almır, şirkətə hansısa məqamda faydalı ola bilərsə, şansından istifadə etmir. Son nəticədə siz onun şirkətə verə biləcəyi faydanın qarşısını almış olursunuz. Təbii ki, səhv dəfələrlə təkrarlanırsa, sərt tədbirlər görmək məcburiyyətdir. Məsələn, işçinin yalan danışması, yaxud hər hansı həqiqəti gizlətməsi mənim üçün qəbuledilməzdir.
- İdarə Heyəti sədrinin müavinisiniz. Növbəti hədəfiniz nədir?
- Ümumiyyətlə, karyera ilə bağlı hədəfim heç zaman vəzifə ilə bağlı olmayıb. Hədəf çalışdığım şirkətə hər mənada faydalı bir insan olmaqdır. Mənim çalışdığım şirkətə emosional bağlılığım var. İdarə Heyəti sədrinin müavini olmaq hədəfim olmadığı kimi, bundan daha yüksək vəzifələr də hədəfim deyil. Sadəcə, mən işimi düzgün yerinə yetirməyə çalışıram. Kənardan işimi dəyərləndirən insanların verdiyi qiymət nəticəsində isə irəliləyirəm. Doğrusu, mən heç vaxt hansısa vəzifə pilləsini özümə hədəf qoymamışam. Əgər bu şəkildə irəliləmişəmsə, düşünürəm ki, hədəfim olmasa belə, yüksəlişim bundan sonra da davam edəcək.
- Uğur sirriniz nədir?
- İşə münasibət baxımından özümü təkmilləşdirməyə başlayanda Jin Rohn adlı biznes filosof, motivatorun sitatlarından birinə rast gəldim. Sitat hərfi tərcümədə bu şəkildə idi: “Hər zaman sənə ödəniləndən artıq işlə. Bu, sənin gələcəyə investisiyandır”. Özüm üçün aydınlaşdırmaq istəyirdim ki, nəyə görə mənim işim çox zaman uğurlu alınır. Məncə, uğur o insanları tapır ki, həmin insanlar ona hazırdırlar. Əgər mənə ödəniləndən artıq işləyib menecer olmağa hazır olmasaydım, bunun üçün nə qədər çalışsam da, uğur məni tapmayacaqdı. Mən daha aşağı vəzifədə olanda idarəetmə qabiliyyətimi də təkmilləşdirirdim. Düşünürəm ki, bu gün 170 nəfərin idarə edilməsində payım varsa, gələcəkdə 300 nəfəri idarə edən bir insan olmalıyam. Hədəfim 300 nəfər işçisi olan şirkətə getmək deyil, 300 nəfər insanı idarə edə biləcək rəhbər olmaqdır. Əgər mənə belə bir təklif gələrsə, artıq buna hazır olmalıyam. Şans gələndə onu heç vaxt qaçırmamışam. Hətta, təcrübəm tam olmasa da, tapşırılan vəzifəni mümkün qədər iş prosesində öyrənməyə çalışmışam. Bu da mənim uğurumdur.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər