• çərşənbə axşamı, 19 mart, 07:53
  • Baku Bakı 8°C

Şanlı tariximiz, məzlumluqdan müzəffərliyə yönələn keçid yolumuz - Fotolar

17.09.18 16:46 2546
Şanlı tariximiz, məzlumluqdan müzəffərliyə yönələn keçid yolumuz - Fotolar
1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Bu əlamətdar tarixi hadisə münasibətilə sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında parad keçirilib. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. Paraddan öncə çıxış edən dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bu günü və gələcəyi, dostluq və qardaşlıq əlaqələri barədə fikirlər səsləndiriblər. Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin, hərbi texnikasının, silah sistemlərinin təntənəli keçidi olub. Paradda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında keçid ediblər. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirib. Hərbi parad Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov "Kaspi”yə açıqlamasında bildirib ki, Bakının erməni-daşnak, bolşevik birləşmələrindən azad edilməsinin 100 illiyi ilə bağlı paytaxtımızda keçirilən, Türkiyə və Azərbaycan prezidentlərinin də izlədiyi parad "bir millət -iki dövlət” anlayışını, ölkələrimizin dostluq və qardaşlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib: "Prezident İlham Əliyevin vurğuladığı kimi 100 il bundan öncə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu azərbaycanlı qardaşları ilə birlikdə Bakını işğalçılardan azad edərkən də birlik, bərabərlik mesajı dünyaya verilib. 100 il bundan sonra da bu mesaj bir daha bütün beynəlxalq aləmə çatdırılıb. Bu birlik, bərabərlik əbədidir, sarsılmazdır. Dövlətimizin başçısının vurğuladığı kimi, 15 sentyabr tarixi bir gündür, tarixi hadisədir. Bu gün Türkiyə və Azərbaycanın birliyi, qardaşlığı günü kimi tarixə düşür. Dünyada Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından başqa elə bir nümunə yoxdur ki, bu iki dövlət kimi bir-birinə belə yaxın olsun, dəstək versin. Nəzərə alaq ki, müasir dünyada dövlətlər arasında etimadsızlıq böhranı var. Belə reallıq fonunda Türkiyə-Azərbaycan dostluğu bütün dünyaya nümunədir, "dövlətlərarası münasibətlər necə olmalıdır” sualına cavabdır”.

Politoloq deyib ki, Türkiyə dünyada güclü dövlətə çevrilib. Onun sözlərinə görə, Türkiyənin iştirakı olmadan regionda heç bir məsələ öz həllini tapa bilməz: "Türkiyə dünyanın mühüm iqtisadi, hərbi güc mərkəzinə çevrilib. Perspektivdə Türkiyə dünyanın ən güclü iqtisadiyyata malik on ölkəsindən biri olacaq. Bu ölkənin ticarət dövriyyəsi 390, valyuta ehtiyatı 110 milyard dollara çatıb. Müasir Türkiyə 3 milyon suriyalı qaçqına qucaq açıb, onların qayğısına qalır. Hansı ki, bu qaçqın əhali sayı Ermənistanın ümumilikdə əhali sayından çoxdur. Belə bir güclü dövlətlə, dost-qardaş Türkiyə ilə 100 il bundan öncə olduğu kimi, indi də birlikdəyik, hərbçilərimiz yanaşı addımlayır. Bununla bütün dünya bir daha gördü ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Bu tarixi hadisəni yaşatmağın, 15 sentyabr tarixində Bakıda hərbi parad keçirməyin gələcək nəsillər üçün də böyük məna yükü var. Gələcək nəsillər ölkələrimiz arasındakı dostluq və qardaşlığı, müttəfiqliyi qoruyub saxlamalıdırlar. Çünki bu dostluğu, qardaşlığı Türkiyə və Azərbaycan əsgərləri öz qanları, şəhidlik zirvəsinə ucalmaları ilə qazanıblar”.

E.Nəsirov vurğulayıb ki, 15 sentyabr – bakının işğaldan azad edilməsi tarixinin ən yüksək səviyyədə qeyd olunması, hər iki ölkə hərbçilərinin iştirakı ilə hərbi paradın keçirilməsi düşmənlərimizə də ciddi mesajdır: "Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan Ermənistanın indiki baş naziri populist və təxribatçı bəyanatlarla çıxış edir, hətta işğalçı dövlətin parlamenti ölkəmizə müharibə elan edilməsi barədə sənəd qəbul edir, hərbi təlimlər keçirirlər. Belə bir zamanda Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirilən hərbi paradı birgə izlədilər, düşmənlərimizə ciddi mesajlar verdilər. Hərbi paradda işğaldan azad olunmuş Cocuq Mərcanlıda, Günnütdə dalğalandırılan Azərbaycan bayraqları nümayiş olundu. Prezident İlham Əliyev qeyd etdi ki, vaxt gələcək digər ərazilərimiz də işğaldan azad ediləcək, o ərazilərimizdə də Azərbaycan bayrağı dalğalandırılacaq. Həmin bayraqlar da Bakıda keçirilən hərbi parada gətirilərək nümayiş olunacaq. Rəcəb Tayyib Ərdoğan isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin dəyişməz, prinsipial mövqeyini növbəti dəfə dilə gətirərək bildirdi ki, Azərbaycan əraziləri işğaldan azad olunmalı, 1 milyondan artıq azərbaycanlı öz torpağına köçməlidir. Yalnız bundan sonra Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi müzakirə edilə bilər. Hesab edirəm ki, Türkiyə-Azərbaycan münasibətləri bütün dünya üçün uğurlu model sayıla bilər. Dünya dövlətləri bu modeli öyrənsələr, tətbiq etsələr, o zaman bəşəriyyət bu qədər bəlalarla, dövlətlər müxtəlif problemlərlə üzləşməz”.

Millət vəkili, siyasi şərhçi Sahib Alıyevhesab edir ki, Türkiyə prezidentinin Azərbaycana səfəri, hərbi paradı izləməsi şanlı keçmişimizə sayğı olmaqla bərabər, iki ölkənin bu günü, gələcəyi baxımından çox önəmli və sözün həqiqi anlamında, tarixi hadisədir. Millət vəkili tarixə ekskurs edərək təəssüflə qeyd edib ki, tarix türklərin bir-birlərinə qarşı çıxdığı və üz-üzə qoyulduqları hadisələrlə zəngindir. O, bu qarşıdurmalarda kimin qələbə qazanmasından asılı olmayaraq, sonda uduzanın yenə də türk olmasını diqqətə çatdırıb: "Nuru Paşanın başçılıq etdiyi və tərkibində azərbaycanlılarla yanaşı, Anadoludan gəlmiş minlərlə qardaşımızın olduğu Qafqaz İslam Ordusunun çaldığı zəfər göstərdi ki, hətta ən zəif vaxtlarımızda belə, Azərbaycan və Türkiyə olaraq çiyin-çiyinə savaşırıqsa, kimsə, hətta ən güclü imperiyalar belə, bizim qarşımızda duruş gətirə bilməz. Burada xatırladım ki, 100 il bundan öncə Bakı təkcə daşnak-bolşevik birləşmələrindən deyil, həm də digər imperialist dövlətlərin işğalçı qüvvələrindən təmizləndi. Bax belə bir günün möhtəşəm bir paradla anılması, Türkiyə Prezidenti cənab Ərdoğanın Bakıya dəvət edilməsi ilk növbədə bunun üçün idi. Fikir verdinizsə, cənab Ərdoğan bu dəvətə və keçirilən birgə parada görə Azərbaycanın dövlət başçısına şükranlarını çatdırdı. Bu şükranlıq sadəcə Azərbaycan, Bakı uğrunda şəhid düşən türkiyəli qardaşlarımızın ən yüksək səviyyədə anılmalarıyla bağlı deyildi. Azərbaycan Prezidenti bəzi çevrələrdə necə qıcıq doğura biləcəyini göz ardı edərək belə bir parad keçirməklə "Bir millət-iki dövlət” deyiminin sadəcə söz olmadığını və söz olmayacağını göstərirdi”.
S.Alıyevin sözlərinə görə, bu parad həm də o demək idi ki, biz indi Yaxın Şərqdə həlli mürəkkəb problemlərlə üzləşən, NATO-dakı müttəfiqlərindən dəstək əvəzinə əksinə, təzyiq görən qardaş Türkiyə ilə bir yerdəyik, bundan sonra da bir yerdə olacağıq: "Ümid edirəm ki, həmin çevrələr cənab Əroğanın Qarabağ problemi həllini tapmayınca Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı və bu məsələdə ölkəsinin Azərbaycana gərəkən bütün dəstəyi verəcəyi haqda dediklərinin də fərqindədir. Doğrudur, bu fikirləri Türkiyə prezidenti birinci dəfədir səsləndirmirdi. Amma bəzən təkrar biliyin anası olmaq missiyasından daha çox, deyilən sözün arxasındakı qətiyyəti göstərir. Bu qətiyyətin arxasında o vaxt Nuru Paşanın, bu gün də cənab Ərdoğanın vurguladığı kimi, kök, dil, din birliyi və Çanaqqalada, 100 il bundan öncə Azərbaycan torpaqlarında birgə savaşıb, şəhid olub, eyni məzara gömülən babalarımızın ruhu durur. Bir sözlə, bu parad və səfər təkcə tarixin anılmasına yox, həm də yazılmasına xidmət edirdi”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa qəzetimizə açıqlamasında bildirib ki, 15 sentyabr – Bakının işğalçılardan azad olunması tarixinin Azərbaycan tərəfindən yüksək səviyyədə qeyd olunması dövlətimiz tərəfindən bu hadisəyə verilən dəyərdir: "Hərbi parad başlamazdan öncə Azərbaycan və Türkiyə prezidentlərinin çıxışları oldu. Hər iki dövlət başçısı ölkələrimiz arası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə etməklə bərabər, dünyaya mühüm mesajlar verdilər. Bu tədbir Türkiyə-Azərbaycan qardaşlığı təməlini bir daha təkrarladı, xatırlatdı. Dünyaya göstərildi ki, bu qardaşlıq təsadüfən yaranmayıb, keçici deyil, müasir dövrün tələbinə görə ortaya atılmayıb. Bu qardaşlığın, dostluğun arxasında, təməlində şəhid qanı yatır. Bu gerçəklik hər iki topluma mesaj olaraq çatdırıldı. Fikrimcə, hərbi paradın, prezidentlərin çıxışının əhəmiyyəti ən birinci bu amillə əlaqədar idi. Azərbaycan insanı Bakının işğaldan azad edilməsində türk əsgərlərinin, Ənvər və Nuru paşaların nümayiş etdirdiyi qardaşlığı, qəhrəmanlığı heç zaman unutmayıb, bundan sonra da unutmayacaqdır. Bu, bizim şanlı tariximiz, məzlumluqdan müzəffərliyə yönələn keçid yolumuzdur. Bu əlamətdar tarixin dövlət səviyyəsində qeyd olunması, həmin tədbirə Türkiyə prezidentinin də gəlməsi 15 sentyabr tarixi hadisəsinin – bayramın əhəmiyyətini bir daha nümayiş etdirir. Bu tarixi gündə hər birimiz sevinməli, bu qardaşlığın daha da inkişaf etdirilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Bakının düşmən işğalından qurtuluşunun 100-cü ildönümü münasibəti ilə keçirilən paradı, həmçinin bu paradı izləmək üçün Türkiyə prezidentinin ölkəmizə səfərini olduqca əhəmiyyətli hadisə kimi dəyərləndirib. Tarixçi alimin fikrincə, hər şeydən əvvəl, bu səfər və birgə parad göstərib ki, 100 il əvvəl olduğu kimi, bu gün də biz bir yerdəyik: "Biz birlikdə olanda güclüyük. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Səfər iki ölkə arasında münasibətlərin köklərinin dərin, bu gününün yüksək səviyyəsini, böyük perspektivlərinin və potensialının olduğunu göstərib”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev tarixi günün dövlət səviyyəsində qeyd olunmasını, hərbi parad keçirilməsini əhəmiyyətli hadisə kimi xarakterizə edib. Millət vəkili bizimlə söhbətində vurğulayıb ki, sözügedən tədbir sadəcə 100 il əvvəl baş vermiş olayın xatırlanması deyil, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin müasir vəziyyətinin təzahürüdür: "Möhtəşəm paradın keçirilməsi ilə ölkələrimiz arasındakı münasibətlərin səviyyəsi bütün dünyaya göstərildi. Türkiyə-Azərbaycan toplumuna da bu mənada həqiqətlər, reallıqlar aşılandı. Xüsusilə düşmənlərimizə ciddi mesajlar verildi. Həm Prezident İlham Əliyev, həm də dövlət başçısı Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında bununla bağlı aydın fikirlər ifadə etdilər. Azərbaycan və Türkiyə hər zaman dar gündə də, yaxşı gündə də bir-birinin yanındadırlar. Gələcəkdə də bu, belə olacaq. Bizim taleyimiz eynidir. İşğalçı Ermənistan Azərbaycanın 20 faiz ərazisini zəbt edib. İşğalçı dövlətin gerbində hazırda Türkiyə ərazisi olan torpaqlar da Ermənistan ərazisi kimi göstərilir. Ermənilər Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə çıxış edirlər. Belə bir şəraitdə gücümüzü birləşdirməliyik. Xarici siyasətdə, hərbi müstəvidəki münasibətlərdə bütün məsələlər koordinasiyalı şəkildə həllini tapmalıdır. Prezidentlərin hərbi paradda çıxışı zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, bundan sonra da münasibətlər məhz bu şəkildə davam etdiriləcək, inkişaf etdiriləcəkdir. Hərbi paradın keçirilməsi cəmiyyətlərimizin, ordumuzun özünə güvənini də artırıb. İşğalçı Ermənistan da gördü ki, Azərbaycan tək deyil, Türkiyə kimi güclü bir dövlət hər zaman bizim yanımızdadır. Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərinin heç zaman sarsılmayacağı beynəlxalq aləmə nümayiş olunub. Bütün bu parametrlər üzrə tarixi hadisənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasını, hərbi paradın keçirilməsini çox uğurlu addım sayıram Bu, eyni zamanda bir məşq idi. İnanıram ki, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsində bu amil mühüm rol oynayacaq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər