• cümə axşamı, 28 mart, 23:47
  • Baku Bakı 13°C

Sanatoriyalar - istirahət, müayinə və müalicə bir arada

09.01.19 09:30 3915
Sanatoriyalar - istirahət, müayinə və müalicə bir arada
Ukraynanın Truskavets şəhərinə səfərim zamanı məşhur "Karpatı” sanatoriyasında istirahət edən əsasən yaşlı insanlar arasında azərbaycanlıların da az olmadığını gördüm. Ukraynanın bütün bölgələrindən, o cümlədən xarici ölkələrdən və postsovet məkanından gələn turistlər daha çox istirahət, müalicə və müayinə məqsədilə bu sanatoriyanı seçmişdilər. Bəziləri söhbət zamanı hər il bu sanatoriyaya təkrar gəldiklərini deyirdilər.
Sanatoriyanı seçənlər özləri üçün müxtəlif səbəblər müəyyənləşdiriblər. Onları sanatoriyaya maqnit kimi çəkən ilk səbəb, təbii ki, sağlamlıqlarıdır. Qəbul edəcəkləri prosedurların cədvəlini əllərində tutub bir-bir həkim otaqlarının qarşısında gözləyir, onlara dirilik suyu kimi möcüzəvi görünən mineral suları resept üzrə vaxtlı-vaxtında içir, vanna, massaj, iynəbatırma, elektroterapiya və s. prosedurları həvəslə keçir və evə təravətlənmiş, tam gücləri ilə qayıtmağa çalışırdılar. Sanatoriya, həmçinin onlar üçün bütün ailə üzvlərinin istirahət edə biləcəyi ideal məkandır. Müalicələrdən sonra kimsə təbiətin qoynunda, təmiz havada, çay və ya göl kənarında gəzməyə üstünlük verir, pəhriz yeməkləri ilə qidalanır və ya şəhərətrafı turlara çıxır. Heç yerə tələsmədən, yalnız öz qayğına qalmaq və yorulmuş əsəblərini yenidən müalicə etmək ümumən sanatoriyalara üz tutanların əsas məqsədidir. «Sadəcə işdən yorulmuşam» - bu, orqanizm üçün vacib siqnaldır. Bu fikri özündən kənarlaşdırmağa dəyməz. Daimi stresslər, fiziki gərginlik insanı depressiyaya və xroniki yorğunluq sindromuna sala bilər.
Əlbəttə, müayinə və müalicələr su qiymətinə deyil. İnsanlar bu sağlamlıq ocaqlarında istirahət etmək üçün bəzən ilboyu pul toplayırlar.
Təkcə müalicə üçün deyil...
Həkimlərin fikrincə, sanatoriya-kurort istirahəti insanlara təkcə müalicə üçün deyil, həmçinin xəstəliklərin profilaktikası üçün lazımdır. Sanatoriya şərtləri ilə insanlar öz orqanizmlərinin vəziyyətini yoxlaya, həkim məsləhəti ala və sağlamlıqlarını pozmamaq üçün qaydalara riayət edə bilərlər. Belə məsləhətlər isə heç kimə ziyan gətirmir. Məsələn, Kislovodsk sanatoriyalarının birində daxili tədqiqat göstərib ki, müalicə kursları başlayana qədər qonaqların 50 faizdən çoxunun bioloji yaşı əhəmiyyətli dərəcədə artıb.
Sanatoriya həkimi ilə söhbətimdə öyrənmişdim ki, 90 faiz gələnlər stressdən əziyyət çəkir. Tədqiqatlar da göstərir ki, 98 faiz insanlar sanatoriyalarda olan zaman bioloji yaşları azalır. Sanatoriyaları seçənlər üçünsə ilin fəsilləri önəm daşımır. Çünki əksər prosedurlar sanatoriyaların daxilində həyata keçirilir. Bu, ölkə daxilindəki sanatoriyalarda da belədir, xaricdəki sağlamlıq ocaqlarında da.
Qeyd edək ki, hazırda ölkəmizdə Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində 12 sanatoriya və istirahət mərkəzi fəaliyyət göstərir. Və bu sanatoriyaların demək olar ki, əksəriyyəti yüksək səviyyədə təmir olunub, istirahət üçün hər cür şərait yaradılıb.Naftalan, Xudat-Yalama zolağı (Nabran kurortu), Abşeron yarımadası - Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortları, o cümlədən Lənkəran-Masallı, Naxçıvan Muxtar Respublikasında və s. müalicəvi kurortlar fəaliyyət göstərir.
Həmkarlar təşkilatlarının yollayışından əlavə, insanlar özləri də kurortlara maraq göstərirlərmi? Təəssüf ki, ölkə xaricindəki kurort-sanatoriyalara üz tutanlar bəzən özümüzdə eyni mənbələrin və müalicələrin olmasından xəbərsizdirlər. Sanatoriya-kurortlarda istirahətə və müalicəyə yanaşmalar da fərqlidir. Belə ki, istirahəti və müayinə-müalicəni maliyyə vəziyyətindən asılı hesab edənlərlə yanaşı, zövq məsələsi də hesab edənlər var.
Bu şansı hər kəs əldə edə bilmir
Sanatoriyalarda istirahət, müayinə və müalicənin istər cavan, istərsə də yaşlılar üçün əhəmiyyətli olduğunu deyən professor Nəsib Quliyev bununla belə, sanatoriyaları seçmək üçün vaxt və maliyyənin lazım olduğunu bildirir: «Öz həyatımdan deyə bilərəm ki, son iki ilə qədər mən kurort və sanatoriyada istirahətin nə olduğunu bilməmişəm. İnsanların gərgin iş rejimində sanatoriyalara istirahətə getməyə vaxtları olmur. İndiki dövrdə həyat ritmi o qədər mürəkkəbləşib ki, rahat vaxt tapıb sanatoriyalara getmək bir çox hallarda çətindir. Digər tərəfdən, biz bazar iqtisadiyyatına keçmişik. Bu, işi bir qədər də çətinləşdirir. Sanatoriyalarda istirahətə yollanmaq üçün maliyyə əsas şərtdir. Əlbəttə, kim o imkana sahibdirsə, həm ölkə daxilində, həm də ölkə xaricində gedə bilir. Təbii ki, bu, çoxluğa aid deyil. Sahib olmayanlar isə gedə bilmirlər. Ancaq sanatoriya-kurortlarda istirahət və müayinə hər kəsə lazımdır. Çünki təbiət insan orqanizmini yaradanda deməyib ki, ömür boyu işlə, ancaq dincəlmə. Hər şey tarazlıq tələb edir. Gecə ilə gündüz də, yuxu ilə ayıq vaxt da taraz vəziyyətdədir. Biz nə qədər çalışırıqsa, əslində bir o qədər də istirahət etməliyik. Bu yolla il boyu sərf etdiyimiz gücü, enerjini bərpa edə bilərik. Amma indiki gərgin iş buna imkan vermir”.
Baş pediatr bildirir ki, sanatoriya-kurort müalicəsinin əsas məqsədi profilaktik olmalıdır. Bu baxımdan, belə müayinə və istirahət hamıya, xüsusən cavanlara lazımdır: "Mən özümü qorumalıyam ki, ciddi problemlər yaranmamış onun qarşısını almaq mümkün olsun. Təəssüf ki, bu şansı hər kəs əldə edə bilmir”.
Xaricə çıxmağın psixoloji məqamları
Turizm mütəxəssisi Ceyhun Aşurov bizim ölkəmizdə sanatoriyalara daha çox yaşlı nəslin üstünlük verdiyi fikrindədir. Belə ki, həmin insanların çoxu həmkarlar təşkilatlarının yollayışı (putyovka) ilə müalicə müəssisələrinə üz tuturlar – həm müalicə olunur, həm də istirahət edirlər. Yaşlı nəslin və ya təqaüdçülərin sanatoriya-kurortları seçməsinin əsas səbəbi isə onların boş zamanının olması ilə bağlıdır. Digər tərəfdən, həmkarlar təşkilatları özləri maliyyələşdirməklə onlara sanatoriyalara getməyə istiqamət verir: "Yaşlılar da sanatoriya xərclərinin əksər hissəsi ödənildiyi üçün məzuniyyətlərini sanatoriyalarda keçirirlər. Amma demək olmaz ki, cavan nəsil sanatoriyalara getmir. Məsələn, Naftalandakı «Çinar», «Qaşaltı», «Qarabağ», o cümlədən «Qalaaltı» sanatoriyalarına cavanlar, hətta ailələr də gedirlər. Müşahidələr göstərir ki, onlar müalicədən daha çox istirahət məqsədilə gedirlər. Belə ki, cavanlar və ailələr həm istirahət, həm də əyləncənin mövcud olduğu otellərə üstünlük verir, daha çox tibbi prosedurlardan keçmirlər. Onlar bu sanatoriyalara xaricdəki istirahət yerlərinin alternativi kimi baxırlar”.
Turizmçinin bildirdiyinə görə, passiv istirahətə üstünlük verənlər sanatoriya-kurort tipli yerləri seçirlər: "Orada müxtəlif kateqoriyadan olan insanlar var ki, onlar oteldə qalır, yeməyini restoranda yeyir, axşamlar gəzməyə çıxırlar. Ancaq bu tip sanatoriyaların sayı çox deyil: "Belə sanatoriyalara tələbat var. Hətta son dövrlərdə xaricdən – Rusiya, Qazaxıstan, Özbəkistan və başqa yaxın ərazilərdən insanlar müalicə məqsədilə həmin sanatoriyalara gəlirlər. Xaricdən gələnlərin əksəriyyəti sırf müalicə məqsədi ilə gəlir”. C.Aşurov müasir dünyada turizmin qolları arasında konkret bölgü olmadığından, müalicə məqsədi ilə gələn bir turistin turizmin digər növlərindən də yararlandığını bildirir: "Əgər bir turist müalicə məqsədilə gəlirsə, eyni zamanda turizmin başqa növlərindən də istifadə etmiş olur. Məsələn, müalicə məqsədilə gələn turist həftə sonlarında təbiət qoynuna çıxır və ya Göygölə səyahət edərək ekoturizmə qoşulur. Və ya kultural turizmə marağı olduğundan qaldığı məkanın tarixi yerlərini, mədəni abidələrini ziyarət edir və s.”
Ekspert bizim insanların daha çox Rusiya, Ukrayna, Gürcüstanın sanatoriyalarına üz tutmasının səbəbini onların özü-özlərini maliyyələşdirmələri ilə əlaqələndirir. Yəni maliyyəni özləri xərclədiklərindən, hansı sanatoriyada istirahət edəcəklərinə də özləri qərar verirlər: "Onlar, həmçinin ölkədaxili sanatoriyalarda da müayinə və müalicə keçirlər. Sadəcə, xaricə çıxmağın psixoloji məqamları - həm istirahət etmək, həm də xarici mühitin müəyyən təsiri var. Rusiyanın Kislovodsk, Yessentuki, Ukraynanın Truskavets kimi sanatoriyaları sovet dövründən ənənəvi kurort-sanatoriyalar sayılırlar. Həmin insanlar bura artıq təkrar-təkrar gedirlər. Qiymətləri də kifayət qədər rəqabət qabiliyyətlidir. Həmçinin orada artıq onların tanıdığı bir çevrə formalaşır, o cümlədən həkimləri tanıyırlar. Bəzi insanlar da var ki, sadəcə, özlərini xaricdə daha rahat və azad hiss etdikləri üçün xarici sanatoriyalara getməyə üstünlük verirlər. Ancaq kimlər ki Həmkarlar İttifaqının xətti ilə maliyyələşir, onlar ölkə daxilində müalicə olunurlar”. Turizmçi bildirir ki, bəzi qabaqcıl ölkələrdə hətta tibbi sığorta diaqnoz qoyulacağı təqdirdə, insanların sanatoriyada istirahət xərclərini də əhatə edir: "Bizdə isə bu məsələlər hələ ki yeni-yeni müzakirə olunur”.
Ölkədə təxminən 600-ə yaxın otelin olduğunu deyən C.Aşurov sanatoriyaların sayının az olduğunu bildirir. Xüsusən Naftalan ərazisində müəyyən mövsümlərdə yerə kifayət qədər ehtiyac var: "Söhbət təkcə orada Naftalan neftinin olmasından getmir, tibbi personalın sayının artmasına da ehtiyac var. Bu ehtiyac qarşılığında da orada otellərin və yataq yerlərinin sayı yavaş-yavaş artır. Bunlar təşkil olunsa, daha yaxşı olar. Biz çalışmalıyıq ki, təkcə yerli camaat deyil, həmçinin xaricdən də bizim sanatoriyalara gəlmə ənənəsi olsun. Bunun üçün bizim ənənəvi "Naftalan”, "Qalaaltı” kimi müasir standartlara cavab verən sanatoriyalarımız var. Onların əksəriyyəti, həmçinin istirahət mərkəzidirlər. Bunların tanıtımını aparmaq turizmçilərin işidir. Xarici kontingentin sayı artdıqca isə, bu komplekslər daha çox tanınacaq. Bu isə düzgün marketinq strategiyası və yanaşma tələb edir».
Həyat insana bir dəfə verilir. Maliyyə imkanları az olsa belə, qənaət etməklə istirahətə də pul və vaxt ayırmaq olar. Bu məsələdə xaricilərin, ən azı, rusların həyat tərzindən gör-götür etməyə dəyər. Öyrənmək isə heç vaxt gec deyil. Xüsusən söhbət insanın istirahət və sağlamlığından gedirsə...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər