• cümə, 29 Mart, 10:48
  • Baku Bakı 5°C

“San-Siro” fatehi – Gənclərə örnək

12.11.14 13:12 2183
“San-Siro” fatehi – Gənclərə örnək
Adətən Azərbaycanın futbol ənənələrinin olmamasından şikayətlənirik. Hətta SSRİ dövründə də klublarımızın ittifaq miqyasında ciddi nəticələr əldə etmədiyini deyirik. Amma bunun əksini iddia etmək də mümkündür. Axı SSRİ dövründə də bizim səviyyəli, hətta dünya miqyasında tanınan futbolçularımız olub. Hansı ki, onlar bu gün də yaşıl meydanlarda top qovan azərbaycanlı futbolçular üçün örnəkdirlər. Futbolumuzun bu günlərdə dünyasını dəyişən həmişəyaşar qəhrəmanı Ələkbər Məmmədov kimi…
17 yaşında “Neftçi”dən başlayan yol
Ə.Məmmdov həqiqətən Azərbaycan futbolsevərlərinin kumiri idi. 17 yaşından Bakının “Neftçi” klubunda debüt edən Ələkbər elə ilk oyunlardan futbolsevərlərin və seleksiyaçıların diqqətini cəlb etmişdi.
Nəinki respublika daxilində, hətta SSRİ məkanında da sevilən ulduz olan Ələkbər 9 may 1930-cu ildə Bakı şəhərində anadan olmuşdu. 1952-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi.
Ə.Məmmədov Bakının "Neftçi" (1948-1953, 1960-1962), Moskvanın "Dinamo" (1954-1959) komandalarında top qovub. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. «Dinamo»nun heyətində 4 dəfə - 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olmuşdu. Beynəlxalq oyunlarda iştirakçı olan, SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirən həmyerlimiz 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısı idi. “Dinamo”nun və SSRİ yığma komandasının tərkibində dünyanın 20-dən artıq ölkəsində çıxış etmişdi.
“San-Siro” rekordu
Ə.Məmmədovun adı 1955-ci il sentyabrın 4-də Moskva “Dinamo”sunun heyətində “San-Siro” stadionunda “Milan” komandası ilə keçirilən qarşılaşmada dörd qol vuraraq rekorda imza atması ilə də anılır. İndiyədək heç bir azərbaycanlı futbolçu bu uğuru təkrarlaya bilməyib. Amma, o, hələ 1955-ci ildə bunu bacarmışdı. Ə.Məmmədov “Milan”la oyunda baş verənləri həmişə yaxşı xatırlayırdı. Ələlxsus o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş İvan Serovun sözlərini. Söhbət 1955-ci ilin 4 sentrabr tarixində baş tutmuş tarixi İtaliya səfərindən gedir. “Beriya ondan qabaq DTN sədri işləyirdi. O, bizə demişdi ki, mütləq səfərdə “Milan”la oyunda qələbə qazanmaq lazımdır. İndi belə demirlər, belə şey başa düşürəm ki, yoxdur. Amma SSRİ də belə məsələlər var idi. Bütün bunlara görə də qorxu var idi. “Milan”la oyunda birinci qolu onlar vurdular. Həmin oyunu 100 mindən çox tamaşaçı izləyirdi. İş elə gətirdi ki, mən 4 qol vurdum. Bu, bir tərəfdən sensasiya idi”, - deyə Ə.Məmmədov sonradan xatırlayırdı.
Eysebioya qarşı oyun
Ulduz futbolçunun dünyanın tanınmış futbol ulduzları ilə bağlı da maraqlı xatirələri var idi. O, portuqaliyalı futbolçu Eysebio ilə 1989-cu ildə üz-üzə gəlmişdi. Mətbuata açıqlamalarında Ə. Məmmədov deyirdi ki, bu, SSRİ yığmasının və Moskva “Dinamo”sunun mərhum qapıçısı Lev Yaşinin 60 illik yubileyi münasibətilə təşkil olunmuş matça təsadüf edib. Həmin oyunda “Dinamo” ilə dünyanın veteranlardan ibarət komandaları üz-üzə gəlib: “Bu görüşdə mən Eysebioya qarşı çıxış etdim. 2:1 hesabı ilə öndə olduğumuz vaxt o, güclü zərbə ilə matçın son nəticəsini təyin etdi – 2:2. Oyundan sonra ziyafət təşkil olundu. Həmin ziyafətdə mən Eysebio ilə konyak və çay içdim. Mənə verilən dünya yığmasının vımpelinə o da imza atdı”.
İngiltərədə keçirilmiş 1966-cı il dünya çempionatında isə veteran futbolçumuz portuqaliyalı ulduzun oyununa canlı tamaşa edib. Həmin mundiala Ə.Məmmədov 13 nəfərlik nümayəndə heyətinin tərkibində fəxri qonaq qismində qatılıb.
“Neftçi”də bitən karyera
Qazandığı uğurlar, əldə etdiyi titullar onu vətəndən uzaq sala bilmədi. Ələkbər Məmmədov 1960-cı ildə karyerasının “Dinamo” dönəmini qapadıb yenidən Bakı qayıtdı və “Neftçi” komandasında oynamağa başladı. 1962-ci ilin sonunda o, yaşıl meydanla vidalaşdı.
Onun SSRİ-nin müxtəlif mükafatları ilə təltif edilməsi də diqqətdən qaçmamalıdır. 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülmüşdü.
Futolçu karyerasını başa vurduqdan sonra da Ə.Məmmədov idman sahəsində çalışdı. Məşqçilik fəaliyyətinə çox erkən başladı. 32 yaşında ikən “Neftçi” komandasını çempionata hazırladı. Hücum futbolu oynayan komandamız 1963-cü ildə onun rəhbərliyi altında çempionatı 5-ci yerdə başa vurdu. Ə.Məmmədov 1966-cı ili qızıl hərflərlə Azərbaycan futbolu tarixinə yazdıran flaqmanımızın canlı şahidi olub. Həmin il “ağ-qaralar” mövsümün son matçında Moskva “Spatak”ını məğlub edərək, tariximizdə ilk dəfə SSRİ çempionatının bürünc medalını qazanıblar.
Bu adamın həyatı idman üzərində qurulmuşdu. Qısa müddət də olsa 1993-cü ildə Azərbaycan milli komandasının da baş məşqçisi oldu.
Uzun müddət Azərbaycan Dövlət Neft Akademiyasının idman hazırlığı kafedrasının müdiri kimi çalışdı. Sonrakı illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü idi. Ömrünün sonuna kimi də bu postda Azərbaycan futbolunun inkişafı üçün çalışdı, öyrəndiklərini, təcrübəsini gənclərlə bölüşməyə çalışdı.
Dövlətimiz də onu unutmurdu. SSRİ dövründə formalaşdırdığı mükafatlar kolleksiyasını müstəqillik illərində aldığı «Əməkdar idman ustası», «Əməkdar məşqçi» fəxri adları, “Şöhrət” ordeni ilə zənginləşdirmişdi.
Yığmamızdan nigaran getdi
Ə.Məmmədov ömrünün sonuna kimi Azərbaycan futbolunun inkişafı üçün çalışdı. AFFA İcraiyyə Komitəsindəki işi, mətbuat verdiyi müsahibələrdə həmişə yığmamızın durumundan şikayətlənirdi. Komandamızın sabit oyun nümayiş etdirə bilməməsindən narazı idi. «Futbolçularla işləmək, onların arasında olmaq lazımdır”, - deyirdi Ə.Məmmədov. Azərbaycan yığmasının oyunçuları arasında Əfran İsmayılovu, Rauf Əliyevi, Kamran Ağayevi və Rəşad Sadıqovu fərqləndirirdi.
Ölümü də qəfil oldu
Ələkbər Məmmədovun ölümü də qəfil oldu. Bu yay - iyulun 29-da 85 yaşında onun ölüm xəbərini aldıq. Vəfatından sonra verdiyi başsağlığında o vaxt yığmamızın baş məşqçisi olan tanınmış almaniyalı mütəxəssis Berti Foqts Ə.Məmmədovun vəfatını Azərbaycan futbolu, ümumilikdə, idmanı üçün ağır itki kimi qiymətləndirirdi: «Onun yoxluğu hər zaman özünü göstərəcək. Onunla cəmi bir neçə il əvvəl tanış olmağımıza baxmayaraq, çox xoş və səmimi ünsiyyətimiz vardı. Ələkbər Məmmədov bütün varlığı ilə futbola bağlı idi və söhbətin hansı mövzu ətrafında getməsinə baxmayaraq, o, mütləq futbol barədə söz salırdı. Onun vaxtilə çıxış etdiyi komandalar üçün nə qədər önəmli futbolçu olduğunu, hər zaman qələbəyə kökləndiyini, məşqçi işlədiyi dövrdə isə rəhbərlik etdiyi komandanın üzvlərinə böyük qayğı ilə yanaşdığını bilirəm".
Qocaman futbolçu İkinci Fəxri xiyabanda futbolumuzun digər örnək ulduzu Anatoli Banişevskinin məzarı yanında dəfn olundu. Azərbaycan futbolunun əfsanəsi ölümündən sonra Rusiyada da yad edildi. Belə ki, avqust ayında futbol üzrə Rusiya çempionatının ikinci turu çərçivəsində keçirilən "Dinamo"-"Spartak" oyunu Ə.Məmmədovun xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı.
Ə.Məmmədov ömrünün sonuna kimi futbolla nəfəs alan bir fədakar idi. O, futbol ulduzu kimi ad qazandığı bu dünyadan könüllərdə taxt qurub getdi. Bu gün aramızda olmasa da, qazandığı nailiyyətlər, keçdiyi həyat yolu ilə hər bir Azərbaycan gənci üçün nümunədir. O, öz futbolçu karyerası ilə sübut etdi ki, azərbaycanlılar da futbol oynamağı, ulduz olmağı bacarır, dünyanın tanınmış klublarında, böyük komandalara qarşı oynaya bilirlər. Ə.Məmmədov öz həyat yolu ilə bu arzuda olan gənc futbolçularımız üçün də yaxşı bir cığır qoyub getdi.
Kamran

banner

Oxşar Xəbərlər