Samuxda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib
Samux Rayon İcra hakimiyyəti (RİH) və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə
keçirilən ikigünlük seminar-müşavirə öz işini başa çatdırıb.
Yuxarı sinif şagirdləri, gənclər və ictimaiyyət
nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə çıxış edən DQİDK sədrinin
birinci müavini Səyyad Salahlı Dövlət Komitəsinin sifarişi ilə çəkilən sənədli filmlərin dini maarifləndirmə
və radikalizmə qarşı mübarizə tədbirlərində çox böyük mənəvi-psixoloji təsirə
malik olduğunu qeyd edib. Bildirib ki, Dövlət Komitəsi digər dövlət qurumları,
yerli icra hakimiyyətləri, vətəndaş cəmiyyətləri institutları, ictimaiyyət
nümayəndələri, ölkə dindarları ilə birgə
bütün ölkə üzrə dini maarifləndirmə tədbirləri keçirir. Ölkəmizdə dövlət-din
münasibətləri, xalqımızın multikultural və tolerantlıq ənənələrinin dövlət
siyasəti səviyyəsinə yüksəldilməsi, dini konfessiyalara maddi yardım ayrılması,
dini ibadət yerlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması haqqında danışan
birinci müavin Azərbaycanın dövlət-din modelinin bütün dünyaya nümunə olduğunu
qeyd edib. Vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu
uzaqgörən və məqsədyünlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Yaqut Əliyeva "Dini təbliğat və sosial şəbəkələr” mövzusunda təqdimatla
çıxış edib. Y.Əliyeva qeyd edib ki, gənclərin və yeniyetmələrin sosial şəbəkədən
istifadəsi geniş xarakter aldığına görə bu sahəyə daha çox diqqət ayrılmalıdır.
Dini radikal qruplar sosial şəbəkələrdən istifadə etməklə öz zərərli fikirlərini
daha geniş auditoriyaya, əsasən də gənclər arasında yaymağa çalışırlar. Y.Əliyeva
bildirib ki, daha az vaxt və enerji sərf etməklə, yaş, cins, etnik, dini fərqlər
qoymadan, auditoriyaya nəzarət etməklə sosial şəbəkədən dini təbliğat üçün ən
effektiv vasitə kimi istifadə olunur.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər
Səfərli çıxışında bildirib ki, cəmiyyəti narahat edən məsələlərdən biri də gənclərin
radikal dini qrupların təsiri altına düşməsidir. Gənclərin dini sahədə biliklərinin
yetərincə olmaması, mövcud situasiyanı düzgün qiymətləndirməməsi qısa zamanda
radikal dini qruplaşmaların təsiri altına düşməsinə zəmin yaradır. Bəzən gənclər
təhlükəni nəzərə almadan sırf maraq xatirinə radikal qruplarla ünsiyyətə girirlər.
Bunun qarşısını almağın ən effektiv yolu dini olduğu kimi gənclərə öyrətmək,
onları milli-mənəvi dəyərlərə, Vətənə, dövlətçiliyə bağlılıq ruhunda tərbiyə
etməkdir. Gənclər din haqqında düzgün məlumatları mənimsəməli, onun mənəvi-əxlaqi,
humanist baxışlarını öz həyat prinsiplərinə çevirməlidirlər.
Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini
ekstremizmə qarşı hüquqi müstəvidə həyata keçirilən tədbirlərdən,
eləcə də Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizənin məqsəd və
əsas prinsiplərindən bəhs edib.
Tədbirin sonunda dini radikalizmlə mübarizə və
maarifləndirmə məqsədi ilə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək”
sənədli filmi nümayiş etdirilib.