Samsunda beynəlxalq konfrans keçirilib - Fotolar
Avropanın
məşhur universitetlərinin elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq
konfrans Türkiyənin Samsun Böyükşəhər bələdiyyəsi
və Atakum rayon bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdirildi. Uç gün davam edən
beynəlxalq konfransda İtaliyanın Marconi
Universitetinin professorları Pasquelo Peluso, Angelo Arciero, Marzia
Rossi, Sloveniyanın Ljubljana Universitetinin müəllimi Valentina Fransa, Ankara Universitetinin professoru Şəbnəm
Akipək Öcal, Samsun 19 Mayıs Universitetinin dosenti Öznür Umit və başqalarının məruzələri dinlənilib.
Konfransda Bakı Dövlət
Universitetinin doktorantı, əməkdar jurnalist Namiq Əhmədov "Müasir dünya düzənində Azərbaycan-Türkiyə strateji və iqtisadi əlaqələri
mətbuatda” mövzusunda məruzə edib. Məruzədə müstəqillik dövründə Türkiyə və Azərbaycan
əlaqələrinin vüsəti, enerji layihələrinin həyata keçirilməsində strateji
ortaqlıq və tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub. Bakı-Tbilisi-Ceyhan
(BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), TANAP neft-qaz layihələrinin, regionun nəqliyyat
xəritəsini dəyişdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin gerçəkləşməsi
də Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin güclü siyasi iradəsi nəticəsində baş tutub.
Ermənistan dövlətinin təcavüzkar siyasəti
və Dağlıq Qarabağ probleminin həllinin ləngidilməsi bütün bölgənin inkişafı üçün
mane olduğu, Cənubi Qafqazda sülhün
pozulmasında önəmli faktor olduğu diqqətə çatdırılıb. Məruzəçi konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Beynəlxalq
konfransın təşkilat komitəsinin üzvü Sezayi Çağlar bildirib ki, ilk olaraq
Samsunda düzənlənən konfransın gələcəkdə
Almaniya, Avstriya, İtaliya və Hollandiyada da gerçəkləşdirilməsi üçün
danışıqlar aparılır. O, qeyd edib ki, Azərbaycanda da belə bir konfransın keçirilməsi
mümkündür. Azərbaycan-Türkiyə əlaqələrinin vüsəti, bu sahədə həyata vəsiqə alan
tədbirlərin inkişaf tendensiyası və Avropaya enerji istehlak edən Azərbaycana
olan maraq da bunu vacib edir. Təşkilat komitəsinin gündəmində də Bakıda beynəlxalq
konfrans keçirilməsi qərarı var.