• çərşənbə axşamı, 23 aprel, 18:56
  • Baku Bakı 20°C

Samir və Samiraldo bir-birilərini dəlicəsinə sevirlər

18.06.13 17:31 6753
Samir və Samiraldo bir-birilərini dəlicəsinə sevirlər
Dünən Beynəlxalq Mətbuat Mərkəzində uzun müddətdir haqqında danışılan, qalmaqallı kitablar siyahısına daxil olan, tanınmış stilist Samiraldonun (Samir Əliyev) həyatından bəhs edən “Samir” romanı jurnalistlərə təqdim olundu.
Kitabın birinci hissəsində Samir Əliyevin keçmiş həyatından bəhs olunur. İkinci hissəsində isə “Samiraldo” adı ilə məşhurluq qazanan stilistin sənətə gəldiyi dövrü əhatə edilir. Stilistin mətbuat katibi Aynur Babasoyun sözlərinə görə, Samirlə yazıçı Əhməd Şahidov 10 ilə yaxındır ki, tanışdırlar. Əhməd Şahidov kitabı son iki ildə yazmağa başlayıb: “Stilistin haqqında kitab yazılmasına baxmayaraq, onun bu barədə heç bir xəbəri və məlumatı olmayıb. Son bir ayda Samir xəbər tutub ki, Əhməd Şahidov onun haqqında kitab yazır”.
Samiraldo kimi tanınan Samir Əliyev çıxışı zamanı kitabın ərsəyə gəlməsini istəmədiyini, ancaq yazıçıya böyük hörməti olduğunu söylədi: “Hər bir insanın özəl həyatı var. Əhməd mənə söyləyəndə ki, sənin haqqında kitab yazmışam, çox təəccübləndim. Əhmədə dedim ki, mənim həyatım göz qabağındadır, həyatımdan kitab yazmaq oxuculara o qədər də maraqlı olmaz. Mən Əhmədə nə müsahibə, nə də öz həyatım haqqında məlumat verdim. Əhmədin mənim haqqımda kitab yazdığını internet saytlarından öyrəndim. Kitabı birinci dəfə bu gün əlimə almışam. Kitabda elə faktlar gördüm ki, çox pis oldum. İstəmirəm kimsə mənim həyatımı oxuyub, haqqımda xoşagəlməz söz söyləyib, məni təhqir etsin. Kitabı vərəqlədikcə bütün keçmişim gözümün önündən keçdi. Kitabda elə məqamlar var ki, istəməzdim Əhməd onları araşdırıb oxuculara təqdim etsin. Cəmiyyət məni çox bərbad hala salıb və məni pis gündə qoyub. Əslində, mən belə insan deyiləm. Kitabın üz qabığından göründüyü kimi, Samirin daxilində həm qadın, həm kişi obrazı var. Kitabın üz qabığında əks olunan iki insan eyni bədəndə məskunlaşıb. Samir və Samiraldo bir-birilərini dəlicəsinə sevirlər. Doğrudan da mənim həyatımda iki Samir var. Biri çox ağıllı, savadlı və istedadlı oğlandır. O hər zaman öz namusunu qorumağa çalışır. Amma hərdən elə olur ki, mən çox dəyişirəm, özümü tamam başqa cür hiss edirəm. Kitabın üz qabığını görəndə başa düşürəm ki, insanlar nəyə görə məni bu qədər qınayırlar. Mən çox qeyri-adi insanam. Çox imtahanlardan keçmişəm, ancaq sınmamışam. Dünyaya gəldiyim ilk gündən etibarən həyatla vuruşmuşam. Uşaq evindən çıxandan sonra çox sevinirdim. Düşünürdüm ki, artıq azadam. Ancaq insanlar məni çox qınadılar. Mənim haqqımda təhqiramiz fikirlər söyləyirdilər. Cəmiyyət mənimlə barışmadı”.
Kitabın müəllifi Əhməd Şahidov çıxışı zamanı “Samir” kitabını öz yaradıcılığında tamam fərqli bir yol hesab etdiyini söylədi: “Kitabı yazarkən çox düşündüm. Gördüm ki, Samirin haqqında həddindən artıq tənqidi fikirlər səslənir. Hansısa bir kitabı yazarkən kiminsə sifariş verməsinin tərəfdarı deyiləm. Samiri olduğu kimi qəbul edirəm. Samirə bu vaxta qədər onun həyatından kitab yazacağımı deməmişdim. Bəzən ona verdiyim suallardan tez-tez çəkinirdi. Samirin harada böyüdüyün öyrənib, uşaq evinə qədər gedib çıxdım. İnsanlar şəxsi həyatları haqqında bir çox məqamların açılmasını istəmirlər. İstədim ki, Samiri qınayanlara öz mesajımı çatdırım, bu da cəmiyyətimizin bir üzvüdür. Onu olduğu kimi qəbul etmək lazımdır. Ola bilər ki, o, kitabın içərisindəki bəzi məqamları qəbul etməsin. Ancaq kitabın içərisindəkilər mənim öz araşdırmamın məhsuludur. Kiçik bir körpənin dünyaya gəldiyi andan cəmiyyətin ona müharibə elan etməsi mənim diqqətimi çəkdi. Mən heç kimin tərəfində deyiləm - nə cəmiyyətin, nə də Samirin. Siz bu kitabı oxuyandan sonra hər şeyə özünüz qərar verəcəksiniz. Bu kitabı oxuduqdan sonra başa düşəcəksiniz ki, cəmiyyətin nə dərəcədə haqqı var bu insanı təhqir etməyə. Artıq kitabın ikinci hissəsi hazırlanır. O da bu kitab kimi sensasiyalı olacaq. Samirin valideynləri ilə bağlı məlumat əldə etməyə çalışmışam. O, Moskvada dünyaya gəlib. Anası Rusiyanın Daxili İşlər Nazirliyində çalışır. Bu barədə kifayət qədər məlumat toplamışam. Ancaq Samirə bu barədə məlumat verməmişəm və məlumatlandırmaq fikrim də yoxdur. Samiri özümə bir oxucu kimi seçmişəm. Bəlkə də öncədən kitabı ona təqdim etsəydim, kitab bu qədər qalmaqala səbəb olmazdı. Bu cür yaşayan insanın bir sonu olmalıdır. Ya cəmiyyət ona qalib gəlməlidir, ya da onu qəbul etməlidirlər”.
Samiraldo mətbuat işçilərinin “nə üçün həyatınız barədə kitabın çapına belə narazılıq edirsiniz” sualına gözləri dolaraq cavab verdi: “Mən istəmirəm, insanlar həyatım haqqında məlumat əldə etsinlər. Onsuz da insanlar üçün həm dəli, həm homoseksual, həm də ən pozğun insanam. İstəyirəm ki, insanlar məni tamam başqa cür tanısınlar. Bu kitabı oxuyandan sonra insanlar yenə də mənim haqqımda tənqidi fikirlər söyləyib təhqir edəcəklər. Mənsə bunlardan artıq yorulmuşam”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər