AZE | RUS | ENG |

Şamil Vəliyev: "Mirzə Cəlil ənənəvi ədəbi inkişafın istiqamətini və meyarlarını dəyişdi"

Şamil Vəliyev:
Professor: “Realizm ədəbiyyatın milləti özünə tanıtmasına səbəb oldu”

Cəlil Məmmədquluzadə elə bir ədəbi məktəbdir ki, ondan öyrəniləsi çox şey var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli sərəncamı da bunun daha bir bariz ifadəsidir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadimin anadan olmasının 150 illiyi ilə bağlı  imzalanan sərəncamda deyilir: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində Azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”. BDU Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri, filologiya elmləri doktoru, əməkdar jurnalist, professor Şamil Vəliyevlə söhbətimiz də Cəlil Məmmədquluzadə yaradıcılığı ətrafındadır.  
 
- Prezident İlham Əliyev Cəlil  Məmmədquluzadənin anadan olmasının 150 illiyinin yüksək səviyyədə qeyd olunması haqqında sərəncam imzalayıb. Bu sərəncam hansı zərurətdən doğdu? 
- Bu sərəncam müasir Azərbaycanın ictimai-mədəni fikri, həyatı üçün son dərəcə önəmlidir. Prezidentimizə də Allah kömək olsun ki, hər zaman cəmiyyətin, insanların düşüncələrini nəzərə alır və bu da onun imzaladığı sərəncamlarda özünü göstərir. Tək ədəbi, mədəni həyatla bağlı məsələlərdə deyil, həmçinin, iqtisadi, siyasi məsələlərdə də bunu  görürük və alqışlayırıq. Cəlil Məmmədquluzadənin yubileyləri əvvəllər də keçirilib, məsələn, 1966-cı ildə keçirilən yubileyini deyə bilərəm. Cəlil Məmmədquluzadənin anadan olma tarixi 1866-cı il götürülürdü, amma tanınmış alimimiz İsa Həbibbəylinin dəqiqləşdirdiyinə görə bu tarix indi 1869-cu ildir. Bu arxiv sənədləri artıq elmi ictimaiyyətə təqdim olunub. Cəlil Məmmədquluzadənin İrəvan Qori Seminariyasındakı sənədləri həm onun təhsili, həm iş sənədləri ilə uzlaşdırılaraq dəqiqləşdirilib. Biz Azərbaycan xalqı olaraq, hər zaman ədəbi, mədəni irsə arxalanmışıq, müraciət etmişik və tarix həqiqətlərindən faydalanmışıq. Bu mənada Mirzə Cəlilin yaradıcılığının bugünkü həyatımıza transfer olunması son dərəcə aktual, dəyərli və faydalıdır. Bu gün də cəmiyyətimizdə Mirzə Cəlilin yeri görünməkdədir. Onun kimi  şəxsiyyətlərə, işıqlı, ideyalı və sabit qələm adamlarına çox ehtiyac var. 
 
 
 
- Sizcə, Cəlil Məmmədquluzadənin həyat  və yaradıcılığı bu günədək lazımınca tədqiq olunubmu?  
- Cəlil Məmmədquluzadənin yaradıcılığı hələ öz zamanında tədqiq olunmağa başlayıb. Jurnal nəşrə başlayanda - 4-cü nömrənin çapından sonra onun haqqında dövrü mətbuatda yazılar gedib, şəxsiyyətinə və fəaliyyətinə münasibət bildirilib, fəaliyyəti, yaradıcılığı tədqiq olunub. Öz zamanında Firudun bəy Köçərli, Abdulla Şaiq, Üzeyir bəy Hacıbəyli, həmçinin, dövrün digər tanınmış ziyalıları onun haqqında yazılar yazıblar. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə isə Cəlil Məmmədquluzadə haqqında ayrıca  məqalələr yazıb. Bütövlükdə "Molla Nəsrəddin” ədəbi  məktəbinin formalaşması haqqında 1920-ci ilə qədər dəyərli  yazılar yazılıb. Sovet hakimiyyəti qurulan dövrdə, xüsusilə 1920-1930-cu illərdə də "Molla Nəsrəddin” və Cəlil  Məmmədquluzadə haqqında yazılar dərc olunub. Həmişə də onun yaradıcılığında "ağlar güləyənlik” önə çəkilib. İstər Əhməd bəy Ağaoğlunun, istər Əli bəy Hüseynzadənin, istərsə də Məmməd Əmin Rəsulzadənin yaradıcılığında bu məqama üstünlük verilib. "Göz yaşı içində gülüş” məqamı keyfiyyət göstəricisi kimi "Molla Nəsrədin”in istər publisistikası, istər bədii yaradıcılığı, pyesləri, hekayələri haqqında qeyd olunub. Eyni zamanda, "Molla Nəsrəddin” və Cəlil Məmmədquluzadə haqqında tədqiqat aparılarkən onun yaradıcılığı rus ədəbiyyatı, rus realizmi ilə xüsusən Qoqol yaradıcılığı ilə müqayisəli təhlil olunub, keyfiyyət özəlliyi göstərilib. İkinci Dünya Müharibəsindən sonra da Cəlil Məmmədquluzadə haqqında xeyli yazılar dərc olunub, amma bu dövrdə daha çox siyasi yanaşmaları görürük. Mirzə Cəlil yalnız proletar yazıçı kimi təqdim olunub. Onun milli tərəfləri, keyfiyyət özəllikləri, bədii ustalığı arxa planda qalıb. Adını çəkdiklərimdən başqa, 20-30-cu illərdə M.Cəlil yaradıcılığını tədqiq edənlərdən arasında akademik Məmməd Cəfər, Cəfər Xəndan, Əziz Mirəhmədov, Abbas Zamanov və digər alimlərin də adını çəkmək olar. Nəhayət, müasir dövrdə də Mirzə Cəlilin yaradıcılığı tədqiq olunur. Müasir dövr araşdırmalarından danışanda çoxlarının adını çəkmək olar, amma İsa Həbibbəylini xüsusi qeyd eləmək lazımdır. Niyə? Ona görə ki, İsa Həbibbəyli çox məşhur fundamental monoqrafiya yazdı. Onun doktorluq işi də Cəlil Məmmədquluzadə mühiti və müasirləri haqqındadır. İ.Həbibbəyli Cəlil Məmmədquluzadəyə müasirlik mövqeyindən yanaşdı, yəni orada artıq siyasi partiyalı təhlil yox, obyektiv elmi təhlil vardı. Obyektiv elmi təhlil isə elmin əsas keyfiyyət göstəricisidir. Bu o deməkdir ki, Molla Nəsrəddinçilik tədqiqatı yeni mərhələyə daxil oldu. İsa müəllimdən sonra tələbələri də onun yolunu davam etdirirlər. Bu baxımdan, BDU-nun kafedra müdiri Allahverdi Məmmədlinin xidmətlərini də xüsusi qeyd etməliyəm. O da namizədliyini, doktorluq dissertasiyasını məhz Cəlil Məmmədquluzadə yaradıcılığına həsr  edib. Onun dissertasiyası çox dəyərlidir və günümüzlə səsləşir. 
 
- Cəlil  Məmmədquluzadə Azərbaycan ədəbi mühitinə hansı yenilik gətirib? Nələrlə yadda qalıb?
- Bu sual çox maraqlıdır və geniş  cavab tələb edir. Amma qısaca olaraq bəzi məqamları demək istəyirəm. Ən böyük yenilik odur ki, Mirzə Cəlil ənənəvi ədəbi inkişafın istiqamətini  və meyarlarını dəyişdi. O, hətta klassik Azərbaycan ədəbiyyatına və poeziyasına yeni düşüncə tərzi gətirdi, ədəbi-bədii şüurda islahatlar apardı. Ədəbiyyatımızın lirik qəhrəmanlar, ədəbi qəhrəmanlar, dramatik qəhrəmanlar mənzərəsi dəyişdi. Satira məktəbi bütövlükdə ədəbiyyatımızın inkişafının təməlində dayandı. Mirzə Fətəli Axundov yaradıcılığında da realizm var idi. Onun yaradıcılığı ilə başlayan maarifçi realizm Cəlil Məmmədquluzadənin, Molla Nəsrəddinçilərin fəaliyyəti ilə bütövlükdə tənqidi realizm səviyyəsinə yüksələ bildi. Onlar nəinki real olanları göstərirdilər, həm də bunu olduğu kimi təsvir edirdilər. Yəni ancaq göstərmirdilər, həm də gördüklərini dəyişməyə, yeniləşdirməyə çalışırdılar. Bu mənada Mirzə Cəlil islahatçı yazıçı kimi ədəbiyyatımızda, publisistikamızda xüsusi yer tutur. Klassik Azərbaycan ədəbiyyatında bir çox qəhrəmanlar, lirik qəhrəmanlar, ümumiyyətlə, ədəbi qəhrəmanlar alyanaqlı, baldodaqlı, kipriyi ox, qonçədəhan, sərviboylu gözəllər idi. Bunların hamısı bədii yalanlar idi və real insan surətlərinin yaranması lazım idi. Bizlə, cəmiyyətimizlə həmnəfəs olan insanların ədəbiyyata gəlməsi son dərəcə vacib idi. Gerçək insanların əzablarının, iztirablarının, arzularının, gələcək haqqında düşüncələrinin ədəbiyyata gəlişi, bütövlükdə onların söylənməsi hünər tələb edirdi. Bu hünəri Cəlil  Məmmədquluzadə göstərdi və bunları ədəbiyyata gətirə bildi və bununla da yeni üslub, yeni metod formalaşdı. Mirzə Cəlil bəzən ictimai həyatımız və siyasi gerçəklik üçün qadağan olunan, senzuradan keçməyəcək sözləri də kinayə, istehza ilə üstüörtülü  qaydada deyə bildi. Bu, bir yenilik idi. Realizm ədəbiyyatın milləti özünə tanıtmasına səbəb oldu. Özü-özünü tanıyan, özü-özünü tənqid edən millət özünü yenidən qurmağı da bacardı. Millət yeni həyat tərzinə, azadlıq uğrunda mübarizəyə qoşuldu və Azərbaycan Xalq Cümhuriyyətini yarada bildi. Bu ictimai, mədəni həyatımız baxımından yenilik oldu. Ədəbiyyatda, bədii yaradıcılıqda, jurnalistikada, bütövlükdə yeni janrların, yeni formatlı yazı nümunələrinin ortaya çıxması Mirzə Cəlilin sözün həqiqi mənasında islahatçı ədib olmasını təsdiqlədi. 
 
 

- Cahangir Məmmədli mənə verdiyi müsahibəsində demişdi ki, Cəlil Məmmədquluzadənin və Sabirin satira hədəfləri bu gün yeni bir tərzdə hələ də meydandadırlar. Sizcə, Cəlil  Məmmədquluzadə bu gün nə qədər müasir və aktualdır?
- Cəlil Məmmədquluzadə bu gün də son dərəcə aktualdır. Eyni zamanda onun həmfikirləri, qələm dostları, M.Ə.Sabir və digərləri kimi.... Ona görə aktualdırlar ki, onların tənqid etdikləri tiplər içimizdə yenə də qalmaqdadırlar. Cəmiyyətin islaha ehtiyacı olduğu müddətcə Cəlil Məmmədquluzadə müasirimiz olaraq qalacaq. Bu mənada Mirzə Cəlil və Molla Nəsrəddinçilər xidmətimizdə duracaq və bizə yol göstərəcəklər.  
 
- Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyat tarixində böyük demokrat kimi qiymətləndirilir. Onun demokratik düşüncələri haqqında nə deyə bilərsiniz?
- Cəlil Məmmədquluzadə sözün həqiqi mənasında böyük demokratdır. Onun demokrat olduğunu ədəbi yaradıcılıq nümunələri, tarixi xidmətləri, şəxsiyyəti, eləcə də qələm dostları təsdiqləyir. Əli Nazim və Mirzə İbrahimovun tədqiqatları M.Cəlilin demokratlığının necə əhəmiyyətli olduğunu sübut edir. O, demokratdır bu mənada ki, cəmiyyətdə, Azərbaycan ictimai gerçəkliyində hər zaman sözün doğrusunu, sağlam düşüncəni müdafiə edib. Demokratlığı, böyüklüyü həm də ondadır ki, cəmiyyətdə doğru sözün, həqiqi sözün eşidilməsi, M.Cəlil yaradıcılığı ilə aktuallaşır. "Doğru söz söyləmək hünərdir” - deyir Mirzə Cəlil. O, təkcə milli demokrat sayılmır, insan, yazıçı və şəxsiyyət olaraq da demokratdır. 
 
- Cəlil Məmmədquluzadəni ədəbiyyatımızda Molla Nəsrəddinçilik məktəbinin banisi hesab edirlər. 
- Bu doğrudan da belədir ki "Molla Nəsrəddin” məktəbinin banisi Cəlil Məmmədquluzadədir. Cəlil Məmmədquluzadə mətbuata "Şərqi Rus” qəzeti ilə gəlib. Bir müddət Məhəmməd Ağa Şahtaxtlının yanında çalışıb, nəhayət, imkan olan kimi "Molla Nəsrəddin”in nəşrinə başlayıb. Əvvəla onu deyim ki, "Molla Nəsrəddin”i təbiət və zəmanə özü yaratdı. "Molla Nəsrəddin” bir dövrün ədəbi, bədii salnaməsidir. Təkcə tarixi fakt deyil, həm də ədəbi, bədii, mədəni abidədir. M.Cəlil həm də bu jurnalın fəaliyyət proqramını müəyyənləşdirib, onun rəsmi icazəsini ala bilib. Birinci nömrədə deyirdi "ey mənim müsəlman qardaşlarım, sizi deyib gəlmişəm. O kəsləri ki mənim sözlərimdən xoşlanmayıb, gedirlər hamam küncündə yatmağa, xoruz döyüşdürməyə, it boğuşdurmaya və digər qeyri-vacib əməllərlə məşğul olmağa. Mən sizinlə Türkün açıq ana dilində danışacağam, o dildə ki, bir zamanlar beşik başında ananız sizə lay-lay demişdir”. Beləliklə, M.Cəlil ana dilində danışmağı gündəmə gətirdi və bunun üçün mübarizə apardı. Bu mübarizədən sonra, Ana, Vətən uğrunda mübarizəsini davam etdirdi. Ana dili uğrunda, ana vətən uğrunda mübarizə, həm də xalqın müstəqil dövləti uğrunda mübarizəyə çevrildi. Ona görə də Cəlil Məmmədquluzadə sözün həqiqi mənasında satirik mətbuat orqanı olan "Molla Nəsrəddin”in, eyni zamanda yeni ədəbi, bədii axtarış epoxasının banisi sayılır. Biz hər zaman  Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin”dən öyrənməyi  bacarmalıyıq. Onu müasir günümüzlə uzlaşdıraraq, vəhdətdə, əlaqəli şəkildə təhlil etməliyik. 
 
Aynurə Vəliyeva
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.902
GEL 1 1 Gürcüstan larisi 0.6137
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6989
KWD 1 1 Küveyt dinarı 5.5878
TRY 1 1 Türkiyə lirəsi 0.2889