Sambomuzun qızıl oğlanı – Portret
Olimpiya növlərinin əhəmiyyəti nə qədər böyük olur-olsun, digər
növləri də diqqətdən kənar qoymaq olmaz. Qeyri-olimpiya növlərində ölkəmizi
beynəlxalq arenalarda layiqincə təmsil edən, üçrəngli bayrağımızı
dalğalandırıb, əzəmətli himnimizi səsləndirən yüzlərlə idmançı var.
Qeyri-olimpiya növləri içərisində bizim üçün ən uğurlulardan biri sambodur.
Samboda böyük Azərbaycan izini görmək üçün təkcə yeddiqat dünya çempionu, əfsanəvi
Ceyhun Məmmədovu xatırlamaq kifayətdir. Qadınlar arasında isə Zülfiyyə
Hüseynova adını tarixə qızıl hərflərlə yazdırıb. Ənənələr bu gün də davam edir.
Çoxqatlı çempionluqlara rast gəlməsək də, dünya və Avropa çempionatlarının,
dünya kuboku və digər nüfuzlu yarışların fəxri kürsülərində daim
həmyerlilərimizi görmək mümkündür. Həmin idmançılardan birini - kişilərdən
ibarət yığmamızın kapitanı, üçqat dünya vitse-çempionu Emil Həsənovu yaxından
tanıdacağıq. O, bir neçə gün əvvəl Rumıniyanın paytaxtı Buxarestdə təşkil
olunan dünya çempionatında yığmamıza yeganə medalı qazandırıb. Başda federasiya
prezidenti Ceyhun Məmmədov olmaqla, sambo camiəsinin, barəsində "adam kimi
adam, idmançı kimi idmançı" söylədiyi Emil, qənaətimizcə, çox maraqlı
insandır.
Hamıdan güclü görünmək üçün sambo...
Emil Cambul oğlu Həsənov 26 yanvar 1988-ci ildə Qazaxıstan
respublikasının Cambul vilayətində dünyaya göz açıb. Yeddi yaşında olarkən,
ailəsi ilə birgə doğma vətəni Azərbaycana gəlib. Uşaqlıqda dəcəlliyi, tez-tez
dava-dalaş salması ilə ad çıxaran Emil, lap kiçik yaşlarında idmanın karate
növü ilə məşğul olub. Sambo ilə tanışlığı isə 14 yaşına təsadüf edib. Qonşusu,
həm də Həsənovların ailəvi dostu olan Rüfət İsmayılov ipə-sapa yatmaz
yeniyetməni özü ilə məşq keçdiyi "Qalib" idman klubuna aparıb.
Beləcə, döyüş sambosunda Azərbaycanın ilk mundial mükafatçısı ilə bu günə qədər
davam edən birgəliyin əsası qoyulub. Məşqlərə tez alışsa da, ilk vaxtlar
peşəkar karyera haqqında ümumiyyətlə, düşünməyib. Avropa və dünya
çempionatlarına sadəcə, tur kimi baxıb. Elə bu səbəbdən də, iştirak etdiyi
beynəlxalq yarışlarda mükafatçılar sırasına düşə bilməyib. Emil deyir ki,
əvvəllər sambo onun üçün həmyaşıdlarından fərqlənmək, daha güclü görünmək üçün
bir vasitə rolunu oynayıb. Titullu idmançılarla tanış olub, onlara qarşı olan
münasibəti gördükcə, nailiyyət qazanmağın vacibliyini anlayıb. Öz təbirincə
desək, cilalanma xeyli zaman alsa da, itirilmiş illəri tezliklə sığortalayıb.
Belə yerdə "gec olsun, güc olsun" məsəlini xatırlatmaq yerinə düşər.
Fəxri kürsülərin daimi
sakini
Emil 2006-cı ildə gənclər arasında həm Avropa, həm də dünya
birinciliyinin qızıl medalını boynundan asıb. Sonrakı ildə də dünyanın ən
güclüsü olduğunu sübut edib. 2008-ci ildə gənclər arasında ikinci dəfə Avropa
çempionu olan Emil, Tbilisidə baş tutan böyüklərin əsas qitə yarışında fəxri
kürsünün üçüncü pilləsində dayanıb. Bu nəticəni 2010-cu ildə Belarusda
keçirilən analoji yarışda da təkrarlayıb. 2013-cü ildə Kazanda təşkil olunan
universiadanı bürünc medalla tamamlayan Həsənov, növbəti il Moskvada baş tutan
dünya kubokunda ikinci nəticə göstərib. 2014-cü il isə 26 yaşlı Emilin
karyerasında ilk DÇ medalı ilə əlamətdar olur. O, Yaponiyanın Narita şəhərində
təşkil olunan mundialın bürünc medalını kolleksiyasına daxil edir. 2015-ci ildə
Avropa çempionatında bürünc, dünya kuboku və mundialda isə ikinci nəticə
göstərir. Bir il sonra yenidən Avropanın üçüncüsü olan Emil, mundialda
çempionluğun bir addımlığında dayanır. 2017-ci il Avropa çempionatının ilk
"gümüş"ü ilə əlamətdar olur. Cari ildə isə yuxarıda bəhs etdiyimiz DÇ
"gümüş"ündən başqa, Moskvada baş tutan dünya kubokunun qızıl, Afinada
keçirilən Avropa çempionatının bürünc medalı ilə kolleksiyasını zənginləşdirib.
Arxayınlıq
"Emildə idmançıya lazım olan bütün yüksək cəhətlər var, sadəcə,
taleyinə qızıl medal yazılmayıb". Bu sözlər Ceyhun Məmmədova məxsusdur.
Hərçənd, biz bu gün Emili dünya çempionu kimi təqdim edə bilərdik. Buxarestdə
təşkil olunan son dünya çempionatında tilsimi qırmaq üçün əla imkan yaranmışdı.
Təfərrüatı isə belədir: Həsənov İspaniya, ardından Ermənistan, 1/4 finalda isə
Ukrayna samboçularını üstələdikdən sonra yarımfinalda əzəli rəqibi, rusiyalı
Nikita Kleskov ilə qarşılaşır. Bunadək iki dəfə dünya çempionatının finalında
üz-üzə gəlib, yenildiyi Avropa və ikiqat dünya çempionu ilə görüşdə Emil,
çətinliklə də olsa, tilsimi qırır. Qələbədən sonra nümayəndə heyətimizin bütün
üzvləri onu çempionluq münasibəti ilə təbrik edir. Çünki o, həm digəri ilə
müqayisədə qat-qat mürəkkəb yarımqrupda yer almışdı, həm də finaldakı rəqibi
qazaxıstanlı Nurbol Serikovla bunadək üç dəfə qarşılaşıb, hamısında çətinlik
çəkmədən qalib gəlmişdi. Gerisini Emilin özü danışır: "Etiraf edirəm ki,
məğlubiyyətimin əsas səbəbi arxayınlıq oldu. Heç yuxuma da girməzdi ki, mən ona
uduzaram. Məni tanıyanların hamısı təəccüb içindədir. Kim görür, soruşur ki,
axı niyə sən ona uduzdun?! Bu, mənə böyük dərs oldu. Daha belə xətaya yol
vermərəm. Burada hakimlərin də dırnaqarası rolu oldu. Heç nədən, son anda mənə
xəbərdarlıq verdilər. Görüşün başa çatmasına 12 saniyə qalmış, xəbərdarlıq
almaq samboda nadir hadisədir".
Belə bir deyim var: Məğlubiyyət qələbənin açarıdır. Odur ki,
təəssüflənməyə dəyməz. Özü də bunun fərqindədir. Karyerasının ən önəmli yarışı
kimi gələn il Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa oyunlarını
qəbul edən Emil, "bu dərs mənə o yarışda çox kömək olacaq" deyir.
Haşiyə çıxaraq qeyd edək ki, sambo Bakıda baş tutan I Avropa
oyunlarının proqramında yer alsa da, yarışlar məhdud çəki dərəcələri üzrə
keçirilib. Elə bu səbəbdən də, qəhrəmanımız tarixi oyunlarda iştirak edə
bilməyib.
Cüdo uğurları
Sambonu cüdonun kiçik qardaşı da adlandırırlar. Bir-birinə çox
bənzəyən bu idman növlərinin fərqli cəhətləri də az deyil. Əsas fərq isə
şübhəsiz ki, cüdonun olimpiya növü olmasıdır. Bu səbəbdən, sambo ilə məşğul
olan əksər idmançıların bir ayağı da cüdoda olur. Dünyada hər iki növdə uğur
qazanan xeyli sayda idmançı var. Azərbaycanda da bu "qardaşlığı"ı yüksək
şəkildə öz karyerasında əks etdirən idmançılar az deyil. Samboda dünya çempionu
olub, cüdoda olimpiya mükafatı qazanan Mövlud Mirəliyev başda olmaqla, buna
onlarla nümunə mövcuddur. Emil də cüdoda özünü sınayıb. Beynəlxalq miqyasda
ciddi nailiyyəti olmasa da, dəfələrlə ölkə çempionatlarının qalib və
mükafatçıları sırasında yer alıb. Dostu, döyüş sambosu üzrə yığma komandamızın
üzvü, MMA və pankration üzrə dünya çempionu Bəxtiyar Abbasov deyir ki, bütün
diqqətini cüdoya yönəltsəydi, o, indi olimpiya mükafatçısı idi.
"Sambo mənə, nəyə
qadir olduğumu göstərib"
"Geridə qalan 16 il ərzində sambo mənə çox şey qazandırıb. Ən
əsası, özümü tanıdıb, nəyə qadir olduğumu mənə göstərib. Sambo həyat tərzimə
çevrilib. Özümü sambosuz təsəvvür edə bilmirəm. Gec-tez karyeramı bitirəcəyəm.
Bilmirəm, onda nə edəcəyəm. Yəqin ki, bir müddət dincəlib, məşqçi kimi davam
edərəm"
Düşmən ölkənin təmsilçiləri ilə görüşlərə hər dəfə xüsusi hazırlaşır.
Bunun bəhrəsini də görür. İndiyədək 7 dəfə erməni rəqiblərlə qarşılaşan
qəhrəmanımız, bütün duellərdən qalib ayrılıb. Deyir ki, ermənistanlı rəqibə
uduzmağı özünə bağışlaya bilməz.
Döyüş tərzi
Emilin fənd arsenalı zəngindir. Hər rəqibə uyğun taktika seçir, həm
sağ, həm də sol istiqamətdən fəndləri rahatlıqla yerinə yetirə bilir. Bu, döyüş
növlərində çıxış edən idmançıların az qismində rast gəlinən keyfiyyətdir. Əsas,
necə deyərlər, "kral" fəndləri isə "çevirmə",
"skalen" - dizdən atma və "karyaqa" - çiyin üzərindən
atmadır.
Əlinin "duzu”
İnsani keyfiyyətləri ilə böyük hörmət qazanan, ətrafındakı hər kəsə
pozitiv enerji ötürən Emil, həm də yaxşı aşpazdır. Yaxın dostlarının dediyinə
görə, əlinin "duzuna” söz ola bilməz. Ən yaxşı bişirdiyi yemək balıq kababıdır.
Arada fantaziyalarını işə salıb, qeyri-adi yeməklər də hazırlayır. Bir sözlə,
aşpazlığı onun əsas hobbisi adlandıra bilərik.
Portret
"Mən nə qədər qoca olsam da, dəyərəm min cavana". Yumor
hissi yaxşı olan Emil, yaşla bağlı sualımıza "O olmasın, bu olsun"
filmində səslənən bu məşhur fraza ilə cavab verdi. Belə baxanda, tam haqlıdır.
On ilə yaxındır ki, öz çəkisində ölkənin ən güclüsüdür. Otuz yaşlı Həsənov
karyerasını iki il sonra bitirməyi planlaşdırır. Qısa müddətdə adının
qarşısındakı "mükafatçı" sözünü "çempion"la əvəzləməyi
qarşısına məqsəd qoyub. Bu, baş tutmasa da, o, çempiondur. Xarizmatik
xüsusiyyətləri ilə seçilən kapitan, bütün sambosevərlərin könlünə yol tapıb.
Ceyhun Məmmədov demişkən, "gümüş" və "bürünc"lər onun
üzərində qızıl kimi parıldayır. Yunan-Roma güləşi üzrə ikiqat olimpiya
vitse-çempionumuz Rövşən Bayramov barəsində hər dəfə qeyd olunan "qızıl
oğlan" ifadəsini, düşünmədən qəhrəmanımıza da şamil etmək olar. Bəli, Emil
Həsənov Azərbaycan sambosunun qızıl oğlanıdır.
Sahib