AZE | RUS | ENG |

Sambomuzun qızıl oğlanı – Portret

Sambomuzun qızıl oğlanı – Portret
O, ermənilərlə bütün duellərdən qalib ayrılıb

Olimpiya növlərinin əhəmiyyəti nə qədər böyük olur-olsun, digər növləri də diqqətdən kənar qoymaq olmaz. Qeyri-olimpiya növlərində ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən, üçrəngli bayrağımızı dalğalandırıb, əzəmətli himnimizi səsləndirən yüzlərlə idmançı var. Qeyri-olimpiya növləri içərisində bizim üçün ən uğurlulardan biri sambodur. Samboda böyük Azərbaycan izini görmək üçün təkcə yeddiqat dünya çempionu, əfsanəvi Ceyhun Məmmədovu xatırlamaq kifayətdir. Qadınlar arasında isə Zülfiyyə Hüseynova adını tarixə qızıl hərflərlə yazdırıb. Ənənələr bu gün də davam edir. Çoxqatlı çempionluqlara rast gəlməsək də, dünya və Avropa çempionatlarının, dünya kuboku və digər nüfuzlu yarışların fəxri kürsülərində daim həmyerlilərimizi görmək mümkündür. Həmin idmançılardan birini - kişilərdən ibarət yığmamızın kapitanı, üçqat dünya vitse-çempionu Emil Həsənovu yaxından tanıdacağıq. O, bir neçə gün əvvəl Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan dünya çempionatında yığmamıza yeganə medalı qazandırıb. Başda federasiya prezidenti Ceyhun Məmmədov olmaqla, sambo camiəsinin, barəsində "adam kimi adam, idmançı kimi idmançı" söylədiyi Emil, qənaətimizcə, çox maraqlı insandır.
 
Hamıdan güclü  görünmək üçün sambo...
 
Emil Cambul oğlu Həsənov 26 yanvar 1988-ci ildə Qazaxıstan respublikasının Cambul vilayətində dünyaya göz açıb. Yeddi yaşında olarkən, ailəsi ilə birgə doğma vətəni Azərbaycana gəlib. Uşaqlıqda dəcəlliyi, tez-tez dava-dalaş salması ilə ad çıxaran Emil, lap kiçik yaşlarında idmanın karate növü ilə məşğul olub. Sambo ilə tanışlığı isə 14 yaşına təsadüf edib. Qonşusu, həm də Həsənovların ailəvi dostu olan Rüfət İsmayılov ipə-sapa yatmaz yeniyetməni özü ilə məşq keçdiyi "Qalib" idman klubuna aparıb. Beləcə, döyüş sambosunda Azərbaycanın ilk mundial mükafatçısı ilə bu günə qədər davam edən birgəliyin əsası qoyulub. Məşqlərə tez alışsa da, ilk vaxtlar peşəkar karyera haqqında ümumiyyətlə, düşünməyib. Avropa və dünya çempionatlarına sadəcə, tur kimi baxıb. Elə bu səbəbdən də, iştirak etdiyi beynəlxalq yarışlarda mükafatçılar sırasına düşə bilməyib. Emil deyir ki, əvvəllər sambo onun üçün həmyaşıdlarından fərqlənmək, daha güclü görünmək üçün bir vasitə rolunu oynayıb. Titullu idmançılarla tanış olub, onlara qarşı olan münasibəti gördükcə, nailiyyət qazanmağın vacibliyini anlayıb. Öz təbirincə desək, cilalanma xeyli zaman alsa da, itirilmiş illəri tezliklə sığortalayıb. Belə yerdə "gec olsun, güc olsun" məsəlini xatırlatmaq yerinə düşər.
 

 
Fəxri kürsülərin daimi sakini
 
Emil 2006-cı ildə gənclər arasında həm Avropa, həm də dünya birinciliyinin qızıl medalını boynundan asıb. Sonrakı ildə də dünyanın ən güclüsü olduğunu sübut edib. 2008-ci ildə gənclər arasında ikinci dəfə Avropa çempionu olan Emil, Tbilisidə baş tutan böyüklərin əsas qitə yarışında fəxri kürsünün üçüncü pilləsində dayanıb. Bu nəticəni 2010-cu ildə Belarusda keçirilən analoji yarışda da təkrarlayıb. 2013-cü ildə Kazanda təşkil olunan universiadanı bürünc medalla tamamlayan Həsənov, növbəti il Moskvada baş tutan dünya kubokunda ikinci nəticə göstərib. 2014-cü il isə 26 yaşlı Emilin karyerasında ilk DÇ medalı ilə əlamətdar olur. O, Yaponiyanın Narita şəhərində təşkil olunan mundialın bürünc medalını kolleksiyasına daxil edir. 2015-ci ildə Avropa çempionatında bürünc, dünya kuboku və mundialda isə ikinci nəticə göstərir. Bir il sonra yenidən Avropanın üçüncüsü olan Emil, mundialda çempionluğun bir addımlığında dayanır. 2017-ci il Avropa çempionatının ilk "gümüş"ü ilə əlamətdar olur. Cari ildə isə yuxarıda bəhs etdiyimiz DÇ "gümüş"ündən başqa, Moskvada baş tutan dünya kubokunun qızıl, Afinada keçirilən Avropa çempionatının bürünc medalı ilə kolleksiyasını zənginləşdirib.
 

 
Arxayınlıq
 
"Emildə idmançıya lazım olan bütün yüksək cəhətlər var, sadəcə, taleyinə qızıl medal yazılmayıb". Bu sözlər Ceyhun Məmmədova məxsusdur. Hərçənd, biz bu gün Emili dünya çempionu kimi təqdim edə bilərdik. Buxarestdə təşkil olunan son dünya çempionatında tilsimi qırmaq üçün əla imkan yaranmışdı. Təfərrüatı isə belədir: Həsənov İspaniya, ardından Ermənistan, 1/4 finalda isə Ukrayna samboçularını üstələdikdən sonra yarımfinalda əzəli rəqibi, rusiyalı Nikita Kleskov ilə qarşılaşır. Bunadək iki dəfə dünya çempionatının finalında üz-üzə gəlib, yenildiyi Avropa və ikiqat dünya çempionu ilə görüşdə Emil, çətinliklə də olsa, tilsimi qırır. Qələbədən sonra nümayəndə heyətimizin bütün üzvləri onu çempionluq münasibəti ilə təbrik edir. Çünki o, həm digəri ilə müqayisədə qat-qat mürəkkəb yarımqrupda yer almışdı, həm də finaldakı rəqibi qazaxıstanlı Nurbol Serikovla bunadək üç dəfə qarşılaşıb, hamısında çətinlik çəkmədən qalib gəlmişdi. Gerisini Emilin özü danışır: "Etiraf edirəm ki, məğlubiyyətimin əsas səbəbi arxayınlıq oldu. Heç yuxuma da girməzdi ki, mən ona uduzaram. Məni tanıyanların hamısı təəccüb içindədir. Kim görür, soruşur ki, axı niyə sən ona uduzdun?! Bu, mənə böyük dərs oldu. Daha belə xətaya yol vermərəm. Burada hakimlərin də dırnaqarası rolu oldu. Heç nədən, son anda mənə xəbərdarlıq verdilər. Görüşün başa çatmasına 12 saniyə qalmış, xəbərdarlıq almaq samboda nadir hadisədir".

Belə bir deyim var: Məğlubiyyət qələbənin açarıdır. Odur ki, təəssüflənməyə dəyməz. Özü də bunun fərqindədir. Karyerasının ən önəmli yarışı kimi gələn il Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa oyunlarını qəbul edən Emil, "bu dərs mənə o yarışda çox kömək olacaq" deyir. 

Haşiyə çıxaraq qeyd edək ki, sambo Bakıda baş tutan I Avropa oyunlarının proqramında yer alsa da, yarışlar məhdud çəki dərəcələri üzrə keçirilib. Elə bu səbəbdən də, qəhrəmanımız tarixi oyunlarda iştirak edə bilməyib.
 

 
Cüdo uğurları
 
Sambonu cüdonun kiçik qardaşı da adlandırırlar. Bir-birinə çox bənzəyən bu idman növlərinin fərqli cəhətləri də az deyil. Əsas fərq isə şübhəsiz ki, cüdonun olimpiya növü olmasıdır. Bu səbəbdən, sambo ilə məşğul olan əksər idmançıların bir ayağı da cüdoda olur. Dünyada hər iki növdə uğur qazanan xeyli sayda idmançı var. Azərbaycanda da bu "qardaşlığı"ı yüksək şəkildə öz karyerasında əks etdirən idmançılar az deyil. Samboda dünya çempionu olub, cüdoda olimpiya mükafatı qazanan Mövlud Mirəliyev başda olmaqla, buna onlarla nümunə mövcuddur. Emil də cüdoda özünü sınayıb. Beynəlxalq miqyasda ciddi nailiyyəti olmasa da, dəfələrlə ölkə çempionatlarının qalib və mükafatçıları sırasında yer alıb. Dostu, döyüş sambosu üzrə yığma komandamızın üzvü, MMA və pankration üzrə dünya çempionu Bəxtiyar Abbasov deyir ki, bütün diqqətini cüdoya yönəltsəydi, o, indi olimpiya mükafatçısı idi.
 
"Sambo mənə, nəyə qadir olduğumu göstərib"
 
"Geridə qalan 16 il ərzində sambo mənə çox şey qazandırıb. Ən əsası, özümü tanıdıb, nəyə qadir olduğumu mənə göstərib. Sambo həyat tərzimə çevrilib. Özümü sambosuz təsəvvür edə bilmirəm. Gec-tez karyeramı bitirəcəyəm. Bilmirəm, onda nə edəcəyəm. Yəqin ki, bir müddət dincəlib, məşqçi kimi davam edərəm"
Düşmən ölkənin təmsilçiləri ilə görüşlərə hər dəfə xüsusi hazırlaşır. Bunun bəhrəsini də görür. İndiyədək 7 dəfə erməni rəqiblərlə qarşılaşan qəhrəmanımız, bütün duellərdən qalib ayrılıb. Deyir ki, ermənistanlı rəqibə uduzmağı özünə bağışlaya bilməz.
 

 
Döyüş tərzi
 
Emilin fənd arsenalı zəngindir. Hər rəqibə uyğun taktika seçir, həm sağ, həm də sol istiqamətdən fəndləri rahatlıqla yerinə yetirə bilir. Bu, döyüş növlərində çıxış edən idmançıların az qismində rast gəlinən keyfiyyətdir. Əsas, necə deyərlər, "kral" fəndləri isə "çevirmə", "skalen" - dizdən atma və "karyaqa" - çiyin üzərindən atmadır.
 
Əlinin "duzu”
 
İnsani keyfiyyətləri ilə böyük hörmət qazanan, ətrafındakı hər kəsə pozitiv enerji ötürən Emil, həm də yaxşı aşpazdır. Yaxın dostlarının dediyinə görə, əlinin "duzuna” söz ola bilməz. Ən yaxşı bişirdiyi yemək balıq kababıdır. Arada fantaziyalarını işə salıb, qeyri-adi yeməklər də hazırlayır. Bir sözlə, aşpazlığı onun əsas hobbisi adlandıra bilərik.
 

 
Portret

"Mən nə qədər qoca olsam da, dəyərəm min cavana". Yumor hissi yaxşı olan Emil, yaşla bağlı sualımıza "O olmasın, bu olsun" filmində səslənən bu məşhur fraza ilə cavab verdi. Belə baxanda, tam haqlıdır. On ilə yaxındır ki, öz çəkisində ölkənin ən güclüsüdür. Otuz yaşlı Həsənov karyerasını iki il sonra bitirməyi planlaşdırır. Qısa müddətdə adının qarşısındakı "mükafatçı" sözünü "çempion"la əvəzləməyi qarşısına məqsəd qoyub. Bu, baş tutmasa da, o, çempiondur. Xarizmatik xüsusiyyətləri ilə seçilən kapitan, bütün sambosevərlərin könlünə yol tapıb. Ceyhun Məmmədov demişkən, "gümüş" və "bürünc"lər onun üzərində qızıl kimi parıldayır. Yunan-Roma güləşi üzrə ikiqat olimpiya vitse-çempionumuz Rövşən Bayramov barəsində hər dəfə qeyd olunan "qızıl oğlan" ifadəsini, düşünmədən qəhrəmanımıza da şamil etmək olar. Bəli, Emil Həsənov Azərbaycan sambosunun qızıl oğlanıdır.

Sahib
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176