• şənbə, 20 Aprel, 01:28
  • Baku Bakı 15°C

Şamaxının gənc istedadları Bakıda konsert verəcək

11.07.14 14:19 1372
Şamaxının gənc istedadları Bakıda konsert verəcək
Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinin finalçıları və onların musiqi müəllimləri ilə birgə görüş keçirilib. Görüşdə məşhur xanəndə, Azərbaycanın əməkdar müəllimi Qəzənfər Abbasovun iştirakçılar arasında keçirdiyi yeni dinləmələr zamanı müsabiqənin finalına vəsiqə qazanan 13 iştirakçının yekun konsertdə ifa edəcəkləri mahnılar müəyyənləşdirilib.
Müsabiqə iştirakçılarına sentyabr ayında Bakıda keçiriləcək yekun konsertə hazırlaşmaq üçün 2 ay müddət verilib. Bu, əvvəllər heç bir müsabiqənin qalibi olmayan 7-16 yaş arasında Şamaxı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri və 17-19 yaş arasında gənclərdir.
Xatırladaq ki, mahnı müsabiqəsi mayın 15-dən start götürüb və müsabiqənin Təşkilat Komitəsi Şamaxıda aidiyyəti qurumlar, xüsusən də Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Şamaxı Humanitar Kollecində görüşlər keçirib, müsabiqə ilə bağlı yerli icra hakimiyyəti, təhsil və mədəniyyət şöbələri məlumatlandırılıb, müsabiqəyə dair plakatlar paylanılıb və sair təşkilatı işlər görülüb. İştirakçıların seçim turu isə iyun ayında Şamaxıda keçirilib.
Onu da qeyd edək ki, mahnı müsabiqəsinin məqsədi milli musiqimizin təbliğatı, gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması, dəstəklənməsi, yaradıcı potensialının inkişafı və tanıdılmasıdır. Gənc nəslin inkişafı və formalaşmasında milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması və tanıdılmasıdır. Bu prinsipləri əsas tutan müsabiqənin təşəbbüskarı millət vəkili Elxan Süleymanovdur. Millət vəkilinin təşəbbüsü və maliyyə dəstəyi ilə hər il Şamaxıda Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqələri keçirilir, gənc qiraətçilər üzə çıxarılır və mükafatlandırılır. E.Süleymanovun gördüyü işlər çox şaxəlidir və bu haqda ətraflı məlumatı millət vəkilinin rəsmi saytından (www.elkhan-suleymanov.az) əldə etmək olar.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər