• çərşənbə, 24 Aprel, 09:45
  • Baku Bakı 13°C

Şamaxıda elektron xidmətlərə dair tədbir keçirilib

17.04.14 17:00 1001
Şamaxıda elektron xidmətlərə dair tədbir keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir. İSN-in mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, “İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda növbəti tədbir aprelin 17-də Şamaxı rayonunda keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, Şamaxı və ətraf rayonların icra hakimiyyətlərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. Əvvəlcə İSN-in nümayəndələri tərəfindən Nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd edib ki, “Elektron Hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İSN-də də elektron xidmətlərin tətbiqi genişləndirilib: “Artıq Nazirlik tərəfindən əhaliyə göstərilən 28 xidmət online rejimdə həyata keçirilir. Bu isə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir”.
İştirakçılara məlumat verilib ki, ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İSN-in www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir.
Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının online rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.
İSN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Fərid Salmanov Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə online rejimində qəbula yazılma, müraciətlərin online rejimdə qəbulu və cavablandırılması, Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, online rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərlə bağlı məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi sahibkarlara göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Nazirliyin əməkdaşları tərəfindən əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və sair xidmətlərdən online rejimində istifadə proseduru nümayiş etdirilib.
Tədbirdə iştirak edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi elektron xidmətlərin tətbiqinin səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin və şəffaflığın təmin olunmasına imkan yaratdığını bildirib, elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, İSN tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına əhəmiyyətli təsir göstərir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər