AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şamaxı Rəsədxanası: Günəşin mərkəzində deşik əmələ gəlib

Şamaxı Rəsədxanası: Günəşin mərkəzində deşik əmələ gəlib

Təfsilat
30 May 2013, 16:16 1236
“2013-cü il 11 illik Günəş aktivliyinin maksimumudur. Mayın 13-15-də Günəşdə iki gün ərzində X sinfinə məxsus 4 güclü alışma baş verib. Ancaq bu zaman atılan qızmar kütlələr Yerə tərəf yönəlməyib. Hazırda Günəş diskinin mərkəzində açıq maqnit konfiqurasiyasına malik geniş tac deşiyi əmələ gəlib”.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib.

Onun sözlərinə görə, adətən bu deşiklərdən böyük plazma kütlələri atılır: “Lakin bu atılmaların dəqiq vaxtı məlum deyil. Bu tac deşiyi fırlanma nəticəsində Yerdən dönənə qədər atılma olarsa, bu, Yerdə maqnit sahəsinin silkələnməsinə səbəb ola bilər. Bu hadisənin proqnozunu əvvəlcədən demək çətin məsələdir. Hazırda bu tac deşiyi Günəş diskinin ortasındadır. Əgər 3 gün ərzində plazma atılması olarsa, o Yerə tərəf gələcək. Sonrakı günlərdə baş verəcək alışmalar isə Yerdən yan keçəcək”.

N. Cəlilov deyib ki, hazırda iri Günəş ləkələrinin sayı 3-dür. Günəş aktivliyi bu ilin axırına qədər davam edəcək. Sonra 2-3 il ərzində Günəş aktivliyi minimuma enəcək və növbəti 11 illik sikl başlayacaq.