Salfetkalardan sənət əsəri yaradan seysmoloq
Kağızlardan, salfetkalardan müxtəlif suvenirlər düzəldir. Bir çox
hallarda yararsız halda olan kağız parçalarından belə, gündəlik istifadə edə
biləcəyimiz əşyalar yaradır. Deyir ki, bu sənətə Avropada önəm verilsə də, ölkəmizdə
çox yayılmayıb.
Müsahibimiz Arzu Məmmədovadır. Arzu Bakı Dövlət Universitetinin
Geologiya fakültəsində geofizika ixtisası üzrə təhsil alıb. Geologiya mühəndisliyi
üzrə magistr təhsilini də bitirdikdən sonra Seysmoloji xidmət mərkəzində mühəndis
seysmoloq vəzifəsində çalışıb. Analıq məzuniyyətində olduğu üçün işdən bir müddət
ayrı qalıb və bu boşluğu öz maraqlı hobbisi ilə doldurub. Mühəndis seysmoloq
yapon əfsanəsi kimi məşhurlaşan oriqami sənətini ölkəmizdə tanıdır və bu kiçik
biznesi ilə görənləri heyrətləndirir.
Oriqami nədir?
Oriqaminin tarixi ilə bağlı konkret məlumat olmasa da, kağızın tarixi
ilə demək olar ki, eynidir. Kağız ilk dəfə Çində icad edildiyi üçün ilk oriqami
nümunələri də Çində meydana gəlib. Daha sonra isə oriqami Çindən Yaponiyaya
keçib. Oriqaminin əsas inkişaf dövrü də elə yaponların adı ilə bağlıdır. Bu sənətin
Yaponiyada inkişaf etməsinin əsas səbəbi yaponların kağıza verdikləri qiymətin
nəticəsidir. Oriqami yapon dilində "ori” (qatlamaq) "kami” (kağız) sözlərinin
birləşməsindən ibarət olub, "kağız qatlama” sənətidir. Oriqamidə əsasən kvadrat
formalı kağızlardan istifadə olunur. Bu kağızları kəsmədən və yapışqandan
istifadə etmədən qatlayaraq müxtəlif fiqurlar əldə edirlər. Təkcə kağızlardan
yox, kağız pullardan düzəldilən modellər də az deyil. Elə oriqami növləri var
ki, burada qayçıdan da istifadə olunur. Bu oriqami növləri "kiriqami” adlanır.
Oriqami gözlərimi zəiflətsə
də...
Həmsöhbətimizin bu sənətlə ilk tanışlığı həyat yoldaşı ilə birlikdə
getdiyi qonaqlıqda olub. Deyir ki, masada salfetkalarla bəzədimiş 2 rəqəmi
xoşuna gəlib və bunu düzəldən xanımdan necə etdiyi ilə maraqlanıb: "Xanım mənə
dedi ki, internetdə "salfetka ilə əl işləri” yaz, bütün əl işlərini və necə
hazırlanmasını görəcəksən. Mən də evə gələn kimi araşdırdım və oriqami ilə
tanış oldum. Gördüm ki, insanlar kağızlardan, jurnallardan maraqlı əşyalar,
suvenirlər hazırlayırlar. Mən də özümü sınadım və bu sahədə inkişaf etməyə
başladım”.
Arzunun uşaqlıqdan müəyyən hobbiləri olsa da, anası bunlarla
professional şəkildə məşğul olmağa qoymayıb. Müsahibimizin sözlərinə görə, gözləri
zəif olduğu üçün ailəsi qarşı çıxıb: "Paltar tikməyə, toxuculuğa, muncuqlardan əşyalar
düzəltməyə uşaqlıqdan marağım var idi. Dərzi olmaq istəyirdim. Anam deyirdi ki,
toxumaq, tikmək gözləri zəiflədir. Çünki
anam bu işlə məşğul olduğu üçün öz gözləri zəifləyib və sənəti buraxmaq məcburiyyətində
qalmışdı. Ailəm təhsil almağımı istədi və mən də hobbilərimi kənara qoyub
fikirlərimi təhsilə yönəltdim. Amma oriqamiyə olan marağım gözümü zəiflətsə belə,
bu işlə məşğul olmağıma mane ola bilmədi”.
İki həftədə xeyli suvenir
satılıb
Arzu deyir ki, indi ona dəstək olan çox olsa da, əvvəllər bu, insanlara
mənasız vaxt itkisi kimi gəlib: "Hər dəfə istifadə olunmuş kağızları yığır, istədiyim
formanı verirdim. Hətta ətrafımdakı insanlara demişdim ki, kağızları, köhnə
jurnalları atmayıb mənə versinlər. İlk günlər kənar müdaxilələr çox olurdu. Demək
olar ki, hamı qarşı çıxırdı. "Bekarsan”, "səbirlisən”, "kağızlara niyə vaxt sərf
edirsən?” deyirdilər. Hətta anam da qarşı çıxdı. Amma indi anam da, yoldaşım da
mənə dəstək olur”.
İşinin çətinliklərindən danışan həmsöhbətimiz deyir ki, oriqami
xırdalıq və səbir tələb edən sənətdir: "2000-2500 xırda kağızları yığırsan və
iç-içə keçirirsən. Bu xırdalıq bəzən çətin gələ bilir, amma mən zövq alıram. Çünki bilirəm ki, o kağızlardan
hansısa bir əşya yaranacaq. Oriqami həndəsəni ən çox istifadə edən sənətdir.
Müvəffəqiyyətli bir oriqami çalışması riyazi və üçölçülü düşünmə qabiliyyətinin
üst səviyyədə olmasını tələb edir. Kağız qatlayarkən, təbii olaraq bir çox həndəsi
şəkil və anlayış ortaya çıxar. Məsələn: kvadrat, düzbucaqlı, dik üçbucaq, orta nöqtə,
Pifagor teoremi və Həndəsə və Cəbr ilə əlaqədar digər anlayışlar”.
Arzu əl işlərini instaqramda açdığı "Handmade origami az”səhifəsində
nümayiş etdirir və satır. Deyir ki, səhifəni iki həftədir açmağına baxmayaraq,
xeyli suvenir satıb: "Hazırda stəkana, qələmə, qəndqabına, konfetqabına,
yolkaya, şaxta babaya, salfetkalarla tələbat var. Qiymətlər suvenirin ölçüsünə
və görünüşünə görə, 3 manatla 30 manat arasında dəyişir.
Oriqami və sülh
Məlumat üçün bildirək ki, 1945-ci ildə Xirosimaya atom bombasının atılması
nəticəsində qan xərçəngi xəstəliyinə tutulan 11 yaşındakı Sasaki Sadako 1950-ci
ilin ortalarına doğru xəstəliyinin yaxşılaşması məqsədilə durna quşu oriqamiləri
düzəltməyə başlayıb. Yerli inama görə, 1000 ədəd durna quşu oriqamisi düzəldib
arzu tutduqda, arzu reallaşır. Sadako bu cəhdiylə dünyada bir barış simvolu
olub. O, 644 durna quşu oriqamisi düzəltdikdən sonra ölüb. Dostları onun əvəzinə
1000-i tamamlayaraq cənazə mərasimində məzarına durna quşlarını qoyublar. Bu
hadisə Xirosimada Dünya uşaq sülh gününün meydana gəlməsinə və bu günün şərəfinə
Sadakonun Sietldə heykəlinin qoyulmasına vəsilə olub. Hər il avqust ayının 6-da
qeyd olunan barış günündə dünyanın hər yerindən uşaqlar durna quşu oriqamiləri hazırlayaraq
Xirosimaya göndərirlər.
Aygün ƏZİZ