AZE | RUS | ENG |


Sağlamlıq, dinclik və asudə vaxtın səmərəli təşkili - Fotolar

Sağlamlıq, dinclik və asudə vaxtın səmərəli təşkili - Fotolar
Binəqədi rayonundakı bir çox məhəllələrdə sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb

Yaşıllıq hər şeydən əvvəl oksigen, təmiz hava deməkdir. Meşələrin qırılması, ağacların kəsilməsi yer üzərində əsas həyat amili olan oksigenin azalmasına səbəb olur ki, bu da gələcək nəsillər üçün böyük təhlükə sayıla bilər. Hesablamalara görə, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, əvəzində atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və 200 kiloqram karbon qazı buraxır. Digər tərəfdən, ağcaqayın, armud və digər bir sıra ağacların yaşıl yarpaqlarının hər kiloqramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır.

 
 
Ağaclar çox olan yerlərdə xəstəlik törədən zərərli mikroorqanizmlər 8, zərərli qazlar 5 dəfə azalır. Bir çinar ağacının "istehsal etdiyi” oksigen 58 adama bəhs edir. Bir hektar meşə, yaşıllıq zolağı isə il ərzində 50-70 ton tozu, zəhəri öz "süzgəcindən” keçirir. Məhz bu səbəbdən bütün dünyada, o cümlədən Azərbaycanda meşələrin, yaşıllıq zolaqlarının qorunması, artırılması, onlara vaxtlı-vaxtında qulluq edilməsi diqqət mərkəzində saxlanılır. Əgər nəzərə alsaq ki, 3 milyondan artıq əhalisi olan Bakıda ildə ən azı 150 milyon ton oksigen tələb olunur, o zaman paytaxtımız üçün də ağacların, yaşıllıq zolaqlarının nə dərəcədə əhəmiyyətli olduğu bir daha hər kəsə məlum olar. 
 
 

Mübaliğəsiz demək olar ki, daim avtomobil sıxlığının, bu səbəbdən də tıxacların tez-tez müşahidə olunduğu mərkəz şəhərimizdə çirkli havanın təmizlənməsi baxımından da ağacların, yaşıllıq zolaqlarının alternativi yoxdur. Ona görə də paytaxt ərazisində, o cümlədən Binəqədi rayonunda ekoloji çirklənməni aradan qaldırmağın ən əsas yollarından biri kimi ağac əkmək, eləcə də mövcud ağacları, yaşıllıqları qorumaq, onlara daim qulluq göstərmək əsas vəzifə kimi qarşıya qoyulub. Bu çərçivədə görülən işlər nəticəsində nəinki yeni yaşıllıq zolaqları salınıb, eyni zamanda mövcud park və xiyabanlar əsaslı təmir olunub, hündür mərtəbəli yaşayış binaları olan məhəllələrdə abadlıq işləri görülüb, insanların istirahətini mənalı keçirməsi, dincəlməsi, uşaqların əylənməsi üçün geniş imkanlar yaradılıb.
 
 
 
Məhəllələrdə planetimizin yeganə oksigen mənbəyi sayılan ağaclar və müxtəlif yaşıl bitkilər əkilib, gülzarlıqlar salınıb, fəvvarələr, oyun meydançaları, söhbətgahlar quraşdırılıb. Təbii ki, bütün bunlar hər kəsdə, o cümlədən Binəqədi sakinlərində pozitiv ruh yaradır, insanın əhvalını yüksəldir, sağlamlığına müsbət təsir göstərir. Xüsusən də isti yay aylarında məhəllə sakinləri təbiətin bu canlı varlıqlarından böyük zövq alır, bir qədər yorğun və əsəbi olduqda yaşıllıqlar qoynunda gəzişir, dincəlir, yaxşı istirahət edir, mənəvi, fiziki, zehni yorğunluqlarını çıxarırlar. 
 
Binəqədi rayonunun 8-ci mikrorayon Azadlıq prospekti 186/20 ünvanındakı binanın həyətində həmsöhbət olduğumuz sakinlər də yaşıllığın sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər, insan yaşayışının başlıca rəhni olduğunu söylədilər. Həmin sakinlərdən Saday Babayev və Rasim Əliyevlə binanın həyətindəki söhbətgahda, yaşıl ağacların kölgəsində domino oynayarkən söhbətləşdik. Neftçi Saday Babayev 50 ildən artıqdır bu məhəllədəki binada yaşadığını, uşaqlığının, məktəb illərinin, gəncliyinin burada keçdiyini bildirdi. Qeyd etdi ki, son illərə qədər bu ərazidə indiki kimi abadlıq, yaşıllıq olmayıb. Onun sözlərinə görə, sovetlər birliyi dövründən binanın həyətində bir neçə ağac əkilib qol-budaq atsa da, ərazidə təmizlik, səliqə-sahman müşahidə olunmayıb. İndi isə vəziyyət əksinədir.
 
 
 
Məhəllə sakini vurğuladı ki, bir neçə binanın həyəti sayılan bu ərazidə geniş abadlıq işləri görülüb, uşaqlar üçün müxtəlif əyləncə vasitələri, eyni zamanda böyüklərin də istifadə etdiyi müasir futbol meydançası, idman avadanlıqları quraşdırılıb, xeyir-şər evi tikilib, camaatın ixtiyarına verilib. O, böyük bir parkı xatırladan həyətin ortasında quraşdırılan fəvvarəyə də diqqət çəkərək bildirdi ki, həm fəvvarənin işləməsi, həm də yaşıllığın qorunması, vaxtlı-vaxtında sulanması, hətta zərurət yarandıqda insanların da istifadə etməsi üçün artezian quyusu da vurulub. 
 
Dostunun sözlərini təsdiqləyən Rasim Əliyev də məhəllədə yaradılan şəraitdən razılığını bildirdi. O, vaxtilə bir qrup işbazın bu əraziyə göz dikdiyini, ağacları məhv edib yerində tikinti aparmaq niyyətində olmalarına da diqqət çəkdi. Qeyd etdi ki, ətrafdakı binaların sakinləri bu barədə Binəqədi rayon icra hakimiyyətinə müraciət etdikdən sonra dərhal həmin işbazların qarşısı alınıb, ərazi abadlaşdırılıb, oturacaqlar, söhbətgahlar quraşdırılaraq vətəndaşların ixtiyarına verilib. Rasim Əliyev hazırda bu ərazinin böyük bir parkı xatırlatdığını vurğulayaraq, qonşu binaların sakinlərinin də buraya istirahətə gəldiyini söylədi. Bildirdi ki, bu səbəbdən də ərazidə əlavə oturacaqların quraşdırılmasına ehtiyac var.
 
 

Dostlarla sağollaşıb ərazidəki idman meydançasına yaxınlaşdıq. Meydançadakı qurğularda idmanla məşğul olan məhəllə uşaqları ilə də söhbətləşdik. Nuran Abbasov, Munir Bayramov, Daniyel Şamaryayev, Ələkbər Həsənov söhbət əsnasında bildirdilər ki, ərazidə yaradılan şəraitdən istifadə edib doyunca əylənə, idmanla məşğul ola, eyni zamanda futbol meydançasında top qova bilirlər.
 
 
 
Uşaqlar söylədilər ki, havalar isti olduğu üçün hər gün həyətə düşür, ağacların kölgəsində istirahət edir, müxtəlif oyunlar oynayırlar. Həmyaşıdlar hər gün saat 16:00-ı səbirsizliklə gözlədiklərini də qeyd etdilər. Öyrəndim ki, həmin vaxt futbol meydançası pulsuz olaraq uşaqların ixtiyarına verilir. Axşam saat 19:00-dan sonra isə yaşca böyüklər bu mini stadionda futbol oynayırlar. 
 
 

8-ci mikrorayonun 172/16 ünvanındakı binanın həyətində də olduq. Burada da geniş abadlıq-quruculuq işləri görüldüyünü, sakinlərin istirahətinin təmin olunması üçün hər cür şəraitin yaradıldığını müşahidə etdik. Ağac kölgəsində quraşdırılan oturacaqda əyləşib söhbət edən, hərdən də velosiped sürən nəvəsinə göz qoyan iki yaşlı adama yaxınlaşıb salamlaşdıq. Milliyyətcə mehseti türkü olan, vaxtilə Krım Muxtar Respublikasında yaşayan, hazırda isə Binəqədi rayon sakini sayılan təqaüdçü Taksim Bayraqdarov insan övladı üçün təmiz havanın, oksigenin, sağlamlığın ən vacib şərt olduğunu dilə gətirdi. Bildirdi ki, Binəqədi rayonunun əksər məhəllələrində sakinlərin istirahəti üçün belə mini-parklar, yaşıllıqlar, gülzarlıqlar salınıb, ağaclar əkilib, fəvvarələr, süni göllər yaradılıb. Onun fikrincə, bütün bunlar həmin yaşıllıqların ətrafındakı binaların sakinləri üçün böyük dəyərdir, dövlətin öz vətəndaşlarına diqqət və qayğısıdır.
 
7 övlada, 34 nəvə-nəticəyə sahib olan Taksim kişi hər gün yaşadığı binanın həyətinə endiyini, həm özünün mənalı istirahət etdiyini, həm də nəvəsi Rafaelin əyləncəsinə, həmyaşıdları ilə oynamasına baxıb onunla fərəhləndiyini söylədi.
 
 

Vaxtilə hərbçi, hazırda isə təqaüdçü olan İsabala Bağırov da söhbətə qoşularaq 23 ildir Binəqədi rayonu ərazisində yaşadığını dilə gətirdi. Bildirdi ki, son 3 ildə ətraf ərazidə yeni bağ-bağat yaradılıb, bina sakinlərinin istirahət etməsi üçün lazımi avadanlıqlar, oturacaqlar, idman alətləri quraşdırılıb. O, yaşıllıq massivinin çoxluğunun arzuedilən olduğunu söylədi. Dedi ki, bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır. İsabala dayı onu da əlavə etdi ki, yaşıllıq göz işığı, gümrahlıq mənbəyi olduğundan gündəlik həyatımızda əhval-ruhiyyəmizin yüksək olması da xeyli dərəcədə bu amildən asılıdır. O, təbiətin bu canlı varlıqlarından zövq almaqla yanaşı, yorğun və əsəbi olduqda yaşıllıqlar qoynunda gəzməyin, dincəlməyin ən yaxşı istirahət, müalicə olduğunu da dilə gətirdi.
 
Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov 119 ünvanındakı binanın həyətində həmsöhbət olduğumuz sakinlərdən Məsim Rüstəmov, Bayram Əhmədov, Əli Ələsgərli və başqaları da ərazidə yaşıllıqların salınmasını, insanların istirahətinin təmin olunması üçün görülən işləri yüksək qiymətləndirdilər. Vaxtilə bu ərazinin daş-kəsəkli, toz-torpaqlı bir yer olduğunu xatırladaraq, indiki mənzərə ilə keçmişdəki vəziyyət arasında yer ilə göy qədər fərq olduğunu bildirdilər.
 
 

Beləliklə, bir gün ərzində Binəqədi rayonunun ən müxtəlif ünvanlarındakı bir neçə məhəlləyə baş çəkdik, orada vətəndaşlar üçün yaradılan şəraitlə həm yaxından tanış olduq, həm də sakinlərin fikirlərini öyrəndik. Sakinlər yaradılan şərait üçün ölkə rəhbərliyinə, bütün bu işləri görənlərə minnətdarlıqlarını bildirməklə yanaşı, əminliklə vurğuladılar ki, abadlıq-quruculuq tədbirlərinin gələcəkdə Binəqədi rayonunun bütün məhəllələrini əhatə edəcəyinə zərrə qədər də şübhə etmirlər.
 
Gördüklərimiz və eşitdiklərimiz bizdə də belə bir xoş təəssürat yaratdı. Belə qənaətə gəldik ki, ümummilli lider Heydər Əliyevin "Kim bir ağacı kəsərsə, elə bil mənim qolumu kəsir”, - fikrindən qaynaqlanan ideyalar, Prezident İlham Əliyevin Bakı şəhəri və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə çox önəmli təşəbbüsü, həmçinin paytaxt sakinlərinin mənalı istirahətinin, asudə vaxtlarının səmərəli təşkili üçün maksimum şəraitin yaradılması barədə tapşırıqları Binəqədi rayonunda uğurla həyata keçirilir.

Alpər TURAN
 








Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002