Sağlamlığımızı qoruyan maskalara qarşı formalaşdırdığımız kompleks
Tibbi maskalar
ən vacib tibb ləvazimatlarından biri hesab olunur. Dünyanın əksər ölkələrində
bu maskalardan geniş şəkildə istifadə edilsə də, təəssüf ki, bizdə hələ də bu
ənənə formalaşmayıb. Qış aylarında kəskin virusların yayıldığı bir dönəmdə belə,
insanlar buna məhəl qoymurlar. Məsələn, bu yaxınlarda şəhərin əksər yerlərində
qatı toz dumanı ilə bağlı olaraq maskalardan istifadə edilməsinə dair xəbərdarlıq
edildi. Amma demək olar ki, heç birimiz buna riayət etmədik. Ancaq əksər
ölkələrdə belə hallar yaşanarkən, əhali kütləvi surətdə qoruyucu tibbi
maskalardan yararlanır. Bizdə isə nədənsə, qoruyucu maskalara qarşı kompleks
var. Görəsən bunun səbəbi nədir? Qoruyucu maskadan istifadə etməkdən niyə çəkinirik?
Həkim-terapevt Məlahət Abbasova deyir ki, tibbi maskalar
infeksion xəstəliklərin hava-damcı yolu ilə orqanizmimizə düşməsinin qarşısını
alır: "Bu maskalar həkimlər və digər insanların istifadəsi üçün nəzərdə
tutulub. Xüsusilə, allergiya və həssaslığı olan insanların bu maskalardan
istifadə etməsi vacibdir. Qoruyucu maskaların da müxtəlif növləri olur.
Məsələn, elə sahələr var ki, orada
çalışan insanlar üçün nəzərdə tutulan maskalar 3-4 qatlı olur. Bu, toza
və digər maddələrə qarşı daha yaxşı müdafiə olunmaq üçündür”.
Həkim
deyir ki, əslində bu maskalardan daimi
şəkildə istifadə etmək məsləhət görülmür: "Çünki orqanizm bəzi infeksiyaları
görüb tanımalıdır. Bu maskalardan infeksiyaların, virusların kəskinləşdiyi
dövrdə istifadə etmək lazımdır. Xüsusilə, yaz və payız aylarında viruslar daha
da aktivləşir. Bundan başqa, xəbərdarlıq edildiyi təqdirdə belə, maskalardan
istifadə etməkdə fayda var. Amma davamlı olaraq bu maskalardan istifadə etməyə
ehtiyac yoxdur. Çünki orqanizm hər şeyi görüb özününküləşdirməlidir. Yaxşı
olardı ki, bədənin immun sistemi gücləndirilsin. Çünki viruslarla mübarizənin
ən yaxşı yolu immun sistemini gücləndirməkdir”.
Sosioloq Lalə Mehralıdeyir ki, qoruyucu maskaları taxan
insanlara qarşı bizdə münasibət birmənalı deyil: "İnsanlar maskalı insan
görəndə qınayır. Fikirləşirlər ki, həmin insan hansısa yoluxucu xəstəliyin
daşıyıcısıdır, ağır xəstəliyi var. Bununla da özündən yoluxmanın qarşısını
alır. Buna görə də həmin şəxsə yaxınlaşmaq
istəmirlər. Metroda, avtobusda, ümumi ictimai nəqliyyatda heç kim həmin
insanlarla yan-yana durmaq istəmir. Elə hesab edirlər ki, hava, tənəffüs yolu
ilə ondan hansısa ağır bir xəstəliyə yoluxa bilər. Kimsə düşünmür ki, o, öz
sağlamlığını qorumaq üçün maskadan istifadə edir. İnsanlar o qədər qıraqdakını
qınamağa, irad tutmağa öyrəşiblər ki, kimdəsə elə bir şey görəndə, onun, ağır
xəstəlik daşıyıcısı olduğunu hesab edirlər. Mənim yaxın tanışımın 8-9 yaşlı
uşağı xərçəngdən müalicə alırdı. İctimai nəqliyyata minəndə anası onun ağzına
maska keçirirdi. Ətrafdakılar uşağa yaxın durmaq istəmirdilər. Hətta uşaq
oturanda yanındakılar bir az kənara çəkilirdilər. Düşünürlər ki, uşaq hansısa
ağır xəstəliyin daşıyıcısı olar və bu da yoluxar. Düşünmürlər və məlumatlı
deyillər ki, insan ətrafdakı mikroblardan qorunmaq üçün o maskalardan istifadə
edir. Biz bilirik ki, xərçəng müalicəsi çətin olan və ətrafdakı mühitdən qorunması vacib olan
xəstəlikdir. Körpə uşağın mikroblardan, viruslardan qorunması üçün ictimaiyyət
içinə çıxanda maskalanması vacibdir. İnsanlar bunu bilmədiyi, məlumatlı
olmadığı üçün onun özünün xəstəlik daşıyıcısı olduğunu və ətrafa virus
yaydığını düşünürlər. Biz bilirik ki, bu, belə deyil. Xərçəng xəstəsi hava,
tənəffüs yolu ilə xəstəliyini yoluxdura bilməz. Hər şeyin başında məlumatsızlıq
və savadsızlıq dayanır. İnsanlar öz sağlamlığına olduqca biganədirlər. Demək
olar ki, öz sağlamlıqları barədə heç nə düşünmək istəmirlər. Kimsə kiminləsə
küçədə rastlaşanda öpüşür, görüşür, onun hansısa xəstəlik daşıyıcı olduğunu fikrinə
də gətirmir. Amma ağzında maska, sağlam bir insan gördükdə onun xəstə olduğu
qənaətinə tez varırlar”.
Sosioloq
hesab edir ki, maskalardan istifadə yoluxucu xəstəliklərin qarşısını müəyyən
dərəcədə alır: "Məsələn, bu maskalar vərəm çöplərinin qarşısını ala bilər. Adi
allergik xəstəliklər ola bilər ki, insan özünü ətrafdan qorusun. Toza qarşı
allergiyası olan insanlar maskadan istifadə etməklə, öz sağlamlıqlarını təmin
etmiş olurlar. Əgər vərəmli bir xəstə ictimaiyyət içinə çıxanda tez-tez asqırır
və öskürürsə və bununla ətrafına xəstəlik yaydığının fərqinə vararaq maska
taxırsa, biz onu yalnız alqışlaya bilərik. Çünki o, özü ilə bərabər ətrafın bu
xəstəliyə yoluxmasını istəmir, cəmiyyətə
verəcəyi xəstəliyin fərqindədir. Mən çox adam tanıyıram ki, vərəm xəstəsidir,
amma öz övladı ilə bir boşqabdan yemək yeyir. Övladı ilə üzbəüz oturub asqırır,
öskürür. Yəni, vərəm çöplərinin yayılmasının
bir növ səbəbkarı olur. Maskalardan istifadə etməklə, insan həm öz ətrafını,
həm cəmiyyəti xəstəliklərdən sığortalamış olur. Üstəlik, bu maskalar xəstə olmayan
insanları xəstəlikdən qorumuş olur. Yoluxucu xəstəliklərin yayılma arealını nəzərə
alsaq, bu, çox faydalıdır. Təbii ki, cəmiyyətin damğası bizə icazə versə. Biz
qınaqdan, iraddan özümüzü qoruya bilmirik. Mental dəyərlərimiz də elədir ki,
irada, qınağa çox tez təslim oluruq”.
Şəbnəm Mehdizadə