Sağlamlığımızdan, yoxsa plastik paketlərdən imtina edək?
Gündəlik həyatımızda
ən çox istifadə etdiyimiz əşyalar plastik məhsullardır. Son illər plastik
qablaşdırmadan və paketlərdən istifadə geniş yayılıb. Hazırda demək olar ki,
bir çox qida məhsulları plastik qablaşdırmalarda satılır. Süd məhsullarından
tutmuş, gündəlik ərzaq məhsullarına qədər əksər malların satışı plastik
qablarda həyata keçirilir. Plastik paketlərdən istifadəyə öyrəşsək də, çoxumuz
bunun ziyanı barədə düşünmürük. Hətta gündəlik mətbəxdə belə, plastik qablardan
istifadə edənlər az deyil. Plastik paketlərin insan sağlamlığına ziyanının
nəzərə alan bir çox ölkələr artıq onlarınistifadəsinə qadağa qoyub.
Mütəxəssislər fikrincə,
plastik qablaşdırma insan orqanizmi ilə yanaşı, ətraf mühitə də ciddi zərər
vurur. Qiymətinə görə əlverişli olan, məlumat daşıyıcısı qismində və reklam
üçün geniş istifadə edilən, yaraşıqlı, parlaq və istifadə üçün rahat olan
paketlər qısa müddətdən sonra zibillikləri bəzəyir. Belə ki, həmin maddələrin
çürüməsi üçün təxminən 100 il vaxt lazım olur. Halbuki hər il yüz tonlarla bu
cür qablardan istifadə , sonradan zibil qablarına atılır.
Reklam demişkən,
bu məsələyə toxunmağımızın səbəbi metroda vaqonların pəncərəsinə vurulan reklam
lövhəsidir. Böyük hərflərlə "Plastik paketlərdən imtina edək!” yazılan həmin
reklam marağımızı cəlb etdi. Əslində ideya olaraq çox yaxşıdır. Və qərara
gəldik ki, bu reklamın, ideyanın sahibi olan şirkətlə əlaqə saxlayıb onların da
mövqeyini öyrənək. Təəssüf ki, alınmadı. Amma məsələni ekoloqlarla müzakirə
edib, plastik paketlərin və qabların insan sağlamlığına və ətraf mühitə nə kimi
ziyanları olduğunu, bu paketlərə alternativ kimi nələrdən istifadə etməyin daha
məqsədəuyğun olduğunu öyrənməyə çalışdıq.
Azərbaycan Ekologiya
Standartlarının Monitorinq Fondunun prezidenti, professor Rauf Sultanov deyir ki, ərzaq məhsullarının qablaşdırılmasında,
daşınmasında, qorunub saxlanılması proseslərində plastik paketlərdən geniş istifadə
olunur: "Bu paketlərin özləri kimyəvi tərkibə malikdir. Ərzaq məhsulları ilə
bir yerdə saxlandıqda müəyyən kimyəvi reaksiyalar baş verir. Bunun nəticəsində
ərzaqda orqanizmə zərərli olan bəzi
konsragen maddələr toplanır ki, bu da insan sağlamlığına böyük təsir göstərir.
Ona görə də inkişaf etmiş kapitalist ölkələrində belə ziyanlı paketlərdən
istifadə edilməsinə qarşı qanunvericiliyə əsasən mübarizə aparırlar. Təəssüflər
olsun ki, Azərbaycanda bu istiqamətdə - Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Qida Təhlükəsizliyi və bir çox icraedici orqanlar səviyyəsində tədbirlər
görülmür. Bunun nəticəsində də bu plastik paketlər artıq insanların evlərinə
gəlib çıxır. Qarşısını almaq üçün müəyyən maarifləndirici tədbirlər
aparılmalıdır. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, media orqanları
vasitəsilə buna qarşı mübarizə işləri görməlidirlər. Digər tərəfdən, bu
məhsullar torpağa qarışanda haradasa 50-60 il torpaqda qalır. Yəni çürümür, öz
vəziyyətini dəyişmir və əlbəttə ki, bu da litosferə mənfi təsirini göstərir.
Ona görə, bu proseslərə nəzarət etmək
üçün, müəyyən ərzaq məhsullarının qablaşdırılması, saxlanılması haqqında
qanunlar qəbul edilməlidir Azərbaycan Respublikasının Patent və
Standartlaşdırma Komitəsi var idi, hazırda Qida Təhlükəsizliyi Komitəsi ilə
birləşdirilib. Həmin qurumda qablaşdırma ilə əlaqədar müəyyən standartlar qəbul
edilməlidir ki, plastik paketlərdən istifadə edilməsin. Düşünürəm ki, bu
istiqamətdə müəyyən işlər görülsə, nəticə əldə etmək olar.
Müsahibimizdən plastik paketlərə alternativ kimi
nədən istifadə etmək lazım olduğunu da soruşduq: "Mənim yadıma gəlir ki, 20-30
il bundan əvvəl müəyyən torbalar, zənbillər var idi. Hansı ki, hamı ondan istifadə edirdi. Bundan
başqa, kağız torbalardan da istifadə edilməsi məqsədəuyğundur. Yəni elə
qablaşdırma olmalıdır ki, onlar ərzaq məhsullarının qorunub saxlanmasına mənfi
təsir göstərməsin. Elm və texnika inkişaf edir, kapitalist ölkələrini nümunə
götürərək müəyyən şüşə qablardan da yararlanmaq lazımdır. Bunlar qidanın
keyfiyyətinə pis təsir etmir. Hətta deyərdim ki, ağacdan da hazırlanan
torbalardan istifadə mümkündür”.
Ekoloq Telman
Zeynalov plastik
paketlərin həm ətraf mühitə, həm də insan sağlamlığına zərərli olduğunu deyir:
"Plastik məhsulların çürümə qabiliyyəti yoxdur deyə, onlar torpağın üst qatının
aşınmasına, litosferin zədələnməsinə səbəb olur. Ona görə də, hazırda demək
olar ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində plastik paketlərdən imtina
edilib. Əslində həmin paketlərin yenidən emala getməsi belə düzgün deyil.
Məncə, bu işə tamamilə dövlət səviyyəsində qadağa qoymaq lazımdır. Bu işlə
məşğul olan şirkətləri cərimələmək lazımdır. Onlar bu paketlərin insan
sağlamlığına zərərli olduğunu bilə-bilə bu məhsullara bazara buraxırlar. Biz-ekoloqlar
yeni ekologiya naziri ilə də bu barədə danışmışıq. O da bu məsələdən narahat
olduğunu, bu işdə ona dəstək olmağımız istədiyini bildirdi”.
Günel Azadə