• cümə axşamı, 25 aprel, 09:54
  • Baku Bakı 14°C

Sağlam qidamıza haram qatanlar

17.04.19 09:00 539
Sağlam qidamıza haram qatanlar
Bu günlərdə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində "Jiquli" markalı 44-BE-524 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, baqaj hissədə təxmini çəkisi 120 kq olan iribuynuzlu heyvan cəsədi aşkar edilib. Agentlikdən verilən məlumata görə, aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən, heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda anti-sanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Agentlik bir daha vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduqda, aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.
Təəssüflər olsun ki, son dövrlərdə bu tip məlumatlarla tez-tez rastlaşırıq. Aidiyyəti qurumlar belələrinə qarşı mübarizə aparsa da, sağlam qidamıza yararsız məhsullar qatanların sayı azalmır, əksinə, artır. Ola bilərmi ki, belə hallara qarşı cəza həddindən artıq yüngül olduğu üçün, belələri şakərlərindən, şəxsi qazancları naminə minlərlə insanın sağlamlığına zərə vurmaq istəyindən vaz keçmirlər? Elə isə hansı tədbirlər görülməlidir ki, evimizə ekoloji cəhətdən təmiz, sağlamlığımıza heç bir zərə vurmayacaq məhsul apardığımıza əmin olaq?
"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, istifadəyə yararsız ət məhsullarının istehsalı və satışının müxtəlif səbəbləri var: "Amma təəssüflər olsun ki, bu məhsulları tələb edən tərəf neçə illərdir ki, tapılmır. Azad bazar iqtisadiyyatı tələb və təklif əsasında işləyir. Əgər belə zərərli məhsulları tələb edən şəxslər tapılmasa, eyni hal yenidən təkrarlanacaq və bunun qarşısını almaq mümkün olmayacaq. Yəni tələb olduqca, təklif də olacaq. İnzibati yollarla bunun qarşısını almaq mümkün deyil. Biz uzun müddətdir ki, bu işlərlə məşğul olanları ifşa etməyə çalışırıq. Amma hələlik bunu bacara bilməmişik. Qeyd edim ki, DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mühafizə İdarəsi tərəfindən il yarım öncə bu barədə cinayət işi qaldırıldı. Lazım olan bütün hüquqi addımlar atıldı. Amma sonda həmin şəxslər cərimə edilərək azadlığa buraxıldı. Düşünürəm ki, belə neqativ halların qarşısının alınması üçün cəmiyyət əlbir olmalıdır. Bələdiyyələr, ictimai təşkilatlar sıx şəkildə əlaqəli olmalıdırlar. KİV-i bu məsələləri araşdırmağa dəvət edirəm. Yaxşı olar ki, bu cür məhsulları tələb edən tərəf tapılsın və ictimaiyyətdə tanıdılsın. Yalnız bu halda neqativ halların qarşısı alına bilər”.
Cüzi miqdarda cəriməni ödədikdən sonra belə işbazların yenidən fəaliyyətə keçməsi tamamilə təbiidir. Qanunvericilikdə əks olunan məqamlarla bağlı Vəkillər kollegiyasının üzvü, hüquqşünas Xəyal Bəşirovun da fikirlərini öyrəndik. Müsahibim deyir ki, istehlakçıların hüquqları müəyyən olunan qanunla tam şəkildə qorunur: "Əgər bu qanunun tələblərinə zidd hər hansı bir qida məhsulu satılırsa, bu, həmin şəxsə qarşı inzibati və cinayət məsuliyyəti yaradır. Əgər istehlakçının sağlamlığına zərər vurularsa, bununla bağlı istehlakçının mülki iddia qaldırmaq hüququ da var. İnzibati Xətalar Məcəlləsinə görə, istehlakçıların hüquqları pozulduğu zaman ona 300 manata qədər ziyan dəyirsə, bu zaman həmin şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, fiziki şəxslər 350 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 4000 manatdan 6000 min manatadək cərimə oluna bilər. İstehlakçıya dəyən zərər 300 manatdan artıqdırsa, bu halda cinayət məsuliyyəti yaranır. Əgər belə ət və digər qida məhsulu istehlakçının sağlamlığına hər hansı bir ziyan vurursa, bu halda da cinayət məsuliyyəti yaranır. Belə ki, CM-nin 200-cü maddəsi ilə istehlakçıları aldatmaq və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma halları zamanı 3000 manatdan 5000 manatadək cərimə olunur və ya 360 saatdan 480 saata qədər ictimai işə cəlb olunurlar. Adətən belə şəxslər cərimə edilir. Lakin bu əməli yenidən və ya qrup şəklində törətdiyi halda, həmin şəxslər barəsində 5000-7000 manat cərimə təyin olunur, həmçinin, 3 ilə qədər müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilirlər. Əgər bu cür məhsullar zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərbə vurubsa, 10000 manatdan 15000 manata qədər cərimə və ya iki il müddətinədək azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Bəzən belə məhsullardan istifadə hətta ölüm halına qədər gətirib çıxara bilir. Bu halda isə konkret olaraq 3-7 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Göründüyü kimi, belə şəxslər haqqında ciddi məsuliyyət nəzərdə tutulub. Amma təəssüflər olsun ki, cəza tədbirləri nə qədər sərtləşdirilsə də, mənfi hallara rast gəlinir. Çünki hansısa formada məsuliyyətdən yayınmağa çalışaraq, bu cür əməllərə baş vuranların sayı az deyil. Nəticədə isə cəmiyyətdə ciddi fəsadlara gətirib çıxarır. Qeyd edim ki, zərərçəkmiş şəxslər belə əməlləri törədən şəxslərə qarşı mülki qaydada iddia qaldırmaq hüququna malikdir. Çünki onlara maddi və mənəvi ziyan dəyir. Bu iddia yuxarıda sadaladığım məsuliyyət tədbirlərindən əlavə olaraq qaldırıla bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər