• cümə, 29 Mart, 05:14
  • Baku Bakı 7°C

Sağlam olmayan tənəffüs və həzm orqanlarımız

20.09.19 09:00 1586
Sağlam olmayan tənəffüs və həzm orqanlarımız
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər tənəffüs orqanlarının, daha sonra isə həzm orqanlarının xəstəlikləridir. Trend-in məlumatına görə, əvvəllər də xəstələnmə halları sırasında tənəffüs orqanları ilk yerdə olub. Lakin əhalinin ən çox düçar olduğu ikinci qrup xəstəliklər bəzi infeksion və parazitar xəstəliklərdir. 2005-ci ildə ölkədə bütün xəstəliklər üzrə qeydə alınmış xəstələrin ümumi sayı 1 503 824 nəfər olub. Onların 677 123 nəfəri tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib. Həmin ildə 129 299 nəfər bəzi infeksion və parazitar xəstəliklərdən, 117 345 nəfər qan dövranı sisteminin xəstəliklərindən, 107 162 nəfər həzm sisteminin xəstəliklərindən əziyyət çəkən xəstə kimi qeydiyyata götürülüb. Lakin sonrakı illərdə ölkə üzrə qeydə alınan xəstələrin sayının artma prosesi ilə yanaşı, həzm və qan dövranı sisteminin xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması da müşahidə edilib. Bu artım sayəsində həzm sisteminin xəstəlikləri üzrə qeydə alınmış xəstələrin sayı əhali arasında daha çox rast gəlinən ikinci qrup xəstəliklər olub. İnfeksion və parazitar xəstəliklərdən əziyyət çəkənlərin sayı isə qan dövranı xəstələrinin sayından sonra əhali arasında ən çox rast gəlinən dördüncü qrup xəstəliklər olub. 2015-ci ildə ölkə üzrə xəstələrin sayı 1 824 086 nəfər olub ki, onun 752 669 nəfəri tənəffüs orqanları, 156 197 nəfəri həzm sistemi xəstəliklərindən, 134 225 nəfəri qan dövranı sisteminin, 114 955 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydə alınıb. Bu tendensiya sonrakı illərdə də müşahidə edilib. 2017-ci ildə ölkə üzrə qeydə alınan 1 875 652 xəstənin 735 922 nəfəri tənəffüs orqanlarının, 160 801 nəfəri həzm sisteminin, 143 182 nəfəri qan dövranı sisteminin, 124 457 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən əziyyət çəkib. 2018-ci ildə ölkə üzrə qeydə alınan 1 895 897 xəstənin 762 809 nəfəri tənəffüs orqanlarının, 164 531 nəfəri həzm sisteminin, 144 719 nəfəri qan dövranı sisteminin xəstəlikləri, 119 954 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydiyyata alınıb.
Maraqlıdır, adıçəkilən xəstəliklər ölkəmizdə bu qədər geniş yayılmasının əsas səbəbləri nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalı, insanlar nələrə diqqət etməlidirlər.
Pulmonoloq Əsəd Beydullayev bildirdi ki, tənəffüs orqanları xəstəliklərinin yaranmasına ən böyük səbəb siqaretdir: "Xəstəliklərin kişilər və qadınlar arasında yayılma arealı da fərqlidir. Məsələn, qadınlar arasında süd vəzi xərçəngi daha çox rast gəlinəndirsə, kişilərdə bu, ağ ciyər xərçəngidir. Ümumi olaraq tənəffüs orqanları xəstəliklərinin yayılma səbəbindən danışası olsaq, ilk olaraq iqlimdə olan dəyişikliklər, ekoloji tarazlığın pozulması və siqaretdən istifadəni qabartmalıyıq. Qeyd edim ki, tənəffüs orqanları xəstəlikləri arasında ən çox rast gəlinən xəstəliklərdən biri allergik astmadır. İstifadə etdiyimiz bəzi əşyalar özümüz də bilmədən, allergik hallara səbəb olur. Məsələn, fikir versəniz, şəhərdə xaricdən gətirilən çoxlu sayda dekor bitkilərin olduğunu görərsiniz. Onlar da çox zaman tənəffüs orqanlarında müxtəlif allergik xəstəliklərin yaranmasına səbəb olur. Amma təbii ki, tənəffüs orqanları xəstəliklərinin yaranmasına ən böyük səbəb siqaretdir. Son dövr müşahidələrimizə əsasən deyə bilərik ki, qadınlar və uşaqlar arasında da siqaret çəkmə halları geniş yayılıb. Ona görə də, tənəffüs orqanları xəstəliklərinin geniş yayılması qaçılmaz hal alıb. Bir nəfər siqaret çəkməklə yalnız özünü yox, ətrafındakı şəxslərin də ağ ciyərinin zədələnməsinə səbəb olur. Çünki həmin adamlar özləri çəkməsələr də, tüstü dolu havanı tənəffüs yollarına ötürürlər. Qeyd edim ki, siqaret çəkənlərdə ağ ciyər xərçənginə tutulma ehtimalı digər insanlardakından 15 dəfə çoxdur”.
Həkim qeyd etdi ki, xəstəliklərin qarşısının alınmasında insanların məlumatlandırılması böyük rol oynayır: "Yaxşı olar ki, insanlara siqaretin zərərləri haqqında daim məlumat verilsin, onlar bu mövzuda maarifləndirilsin. Mən həkim olaraq üzərimə düşən məsuliyyəti yerinə yetirirəm. Xəstələrimlə real görüşlərdə söhbətlər aparıram, sosial şəbəkələrdə maarifləndirici məlumat paylaşıram. Təbii ki, son dövrlər dövlət səviyyəsində də siqaretin çəkilməsi əleyhinə bir çox tədbirlər görülür. Ən əsas məqsədimiz ictimai yerlərdə siqaret çəkilişinin qadağan edilməsidir. Düzdür, bu sahədə də bəzi qərarlar verilib. Amma düşünürəm ki, bu qərarları daha da sərtləşdirmək lazımdır”.
Qastroloq Elnarə Əliyeva deyir ki, həzm orqanları xəstəliklərinin yarama səbəbi isə insanların düzgün qidalanmamağı və hərəkətsiz həyat şəraitində yaşamalarıdır: "Son dövrlər insanlar hazır qidalardan, qatqılı içkilərdən çox istifadə edirlər. Hətta, iki yaşından sonra uşaqlara lazım olmayan müxtəlif rəngli içkilər verilir. Əvvəllər uşaqlara evdə bişmiş kompotlar verilirdisə, indi onların yerini şirələr alıb. Mən hər zaman deyirəm ki, uşaqlara yalnız su verin. Onlara qəti şəkildə şəkər miqdarı çox olan içki vermək olmaz. Həmin zərərli ərzaqlarla uşaq vaxtından qidalananlar böyüyəndə, istər-istəməz, həzm prosesində problemlərlə üzləşirlər. Hazırda şəhərə çıxıb insanların qidalanması ilə bağlı sorğu keçirsək, böyük əksəriyyət düzgün qidalanmadığını etiraf edəcək. Mütləq şəkildə "fast food” qidalarında uzaq durmaq, az istifadə etmək vacibdir. Əgər "fast food” yeyiriksə belə, tərkibində müxtəlif rəngli sousların az olmasına önəm verməliyik. Fikir versəniz, görərsiniz ki, gənclərimizin qolları, ayaqları arıqdır, amma qarın hissədə piylənmə var. Bu isə gecə yeməkləri ilə əlaqədardır. Axşama doğru orqanizm istirahət etmək, yatmaq istəyəndə, siz, yemək yeyirsiniz və onun da gücü çatmır yediklərinizi həzm etməyə. Bu da bədəndə zərərli piy deposu yaradır. Həmçinin hərəkətsiz həyat tərzi də həzm orqanlarımızın yaxşı işləməməyinə, orada müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Gün ərzində çoxlu piyada gəzmək şərtdir. Hətta, maşını olan şəxslər belə, avtomobillərini gedəcəkləri yerdən heç olmasa bir dayanacaq uzaqda saxlayıb qalan yolu piyada getməlidirlər. Düzgün qidalanarlarsa və fiziki baxımından aktiv həyat tərzinə keçid edərlərsə, həzm sistemi ilə bağlı bir çox problemi həll etmiş olarlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər