• cümə, 29 Mart, 18:26
  • Baku Bakı 14°C

“Sakit və demokratik şəraitdə keçirilən seçkilər cəmiyyətə sülh gətirər”

27.03.18 10:15 1223
“Sakit və demokratik şəraitdə keçirilən seçkilər cəmiyyətə sülh gətirər”
Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu "kaspi.az” saytının suallarını cavablandırır.
- Ceyhun bəy, aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərinə 1 aydan da az müddət qalır. Hazırda Azərbaycandakı seçki mühitini necə qiymətləndirirsiniz?
- Azərbaycanda seçki mühiti hər ötən dövrdə daha da təkmilləşir. Qanunvericilikdə əksini tapan müddəalar seçkinin şəffaf keçirilməsinə tam imkan verir. Əlbəttə, proses zamanı neqativ halların olması qaçılmazdır və bütün dünyada belə hallara hətta kütləviliyi ilə rast gəlmək mümkündür. Dünyaya demokratiya dərsi keçən ABŞ-da keçirilən son prezident seçkilərində yaşanan saxtakarlıqlarla bağlı xəbərləri yəqin ki, uzun müddət unutmayacağıq. Azərbaycanda keçirilən seçkilərdə qanunların tələbini pozanlar arasında cəzalananlar olub. Bir faktı söyləyim. 2004-cü il bələdiyyə seçkisində jurnalist olaraq müşahidəçi idim. Mehdiabad və Masazır qəsəbəsindəki, indi nömrəsini demək istəmədiyim iki məntəqədə müşahidəçilik edirdim. Rəhbərlik etdiyim mərkəzin nümayəndəsi Mehdiabaddakı seçki məntəqəsində mənə kömək edirdi. Masazırdakı seçki məntəqəsində xeyli pozuntu hallarının baş verdiyini əks etdirən reportaj hazırladım. Yazı Mərkəzi Seçki Komissiyasında müzakirə olundu və həmin məntəqədəki nəticələr ləğv edildi. Belə faktlardan bir neçəsini də sadalamaq olar. Sadəcə ləğv olunan nəticələrin seçkinin ümumi nəticəsinə təsiri olmur. Çünki Yeni Azərbaycan Partiyasının namizədi həmişə böyük fərqlə qələbə qazanır ki, dairələrin, məntəqələrin nəticələrində dəyişiklik belə, bu fərqi aradan götürə blmir. Bu qələbə isə məntiqlidir. YAP-ın beş yüz min üzvü var, amma müxalifət partiyaları məntəqlərə müşahidəçi göndərməyə adam tapa bilmirlər. Demokratiyada çoxluq qalibdir və bu çoxluğun da borcu azlığın hüquqlarını müdafiə etməkdir.
- Sizcə bu seçkilər ölkəmizlə yanaşı, ümumilikdə region üçün hansı əhəmiyyət daşıyır?
- Azərbaycanın xəritədəki yerinə baxanda həqiqətən insan heyrət edir. Regional baxımdan olduqca ağır nöqtədəyik. Buna baxmayaraq, ölkədə yaşanan stabillik və bunun nəticəsində iqtisadi inkişaf caynaqlı ölkələrin arasında Azərbaycanın qürurla addımlamasına şərait yaradır. Seçki müəyyənlikdir. Əgər seçkilər sakit və demokratik şəraitdə keçirilərsə, təbii ki, özü ilə cəmiyyətə sülh gətirər, yaxud hökm sürən sülh şəraitini möhkəmləndirər. Qonşuda sülh olması, digərlərinə böyük qazancdır və başqa ölkələrə nümunədir. Başqa tərəfdən Azərbaycana qarşı qərəzli xarici qüvvələr fəaliyyət göstərir. Seçki sona çatanda təbii ki, qalibin kimliyi də bilinir və artıq məkrli qüvvələr sakit oturmağa vadar olurlar. Ölkənin rəhbərinin bir daha kimliyi müəyyənləşərək, qarşı tərəfin pis niyyətini gözündə qoyur.
- Növbəti prezident seçkiləri Azərbaycanın tarixində hansı rol oynayacaq?
- Azərbaycan az yaşı ilə böyük inkişaf yolu keçdi. Proses artan xətt üzrə davam edir. Cəmi 26 yaşımız var, amma 500 yaşı olan ölkələrlə eyni sıradayıq. Prezident seçkiləri başa çatandan sonra qalib gələcək qüvvə artıq 7 il ərzində planlı şəkildə idarəetmə şansı qazanacaq. Onlar biləcəklər ki, qarşıda 7 il var və bu illərin inkişaf tendensiyası üzrə necə bölmək lazımdır. Seçki hər bir xalqın həyatında mühüm rol oynayır. Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkanar prezident seçkilərində fəallıq göstərməyimiz gələcəyə stabil və rəvan addımlarla getməyimizə yol açacaq. Seçicilər namizədlərə səs verməklə, jurnalistlərsə prosesi şəffaf və operativ işıqlandırmaqla Azərbaycanın demokratik prinsiplərə sadiq qaldığını bir daha nümayiş etdirmiş olacaqlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər