• cümə, 19 Aprel, 07:54
  • Baku Bakı 13°C

“Sakit Don”un əfsanəsi - Fotolar

04.05.19 09:00 1398
“Sakit Don”un əfsanəsi - Fotolar
Ağır xəstəlik keçirən 92 yaşlı Elina Bıstriskayanın ölümü gözlənilməz olmasa da, aktrisanın xəstəliyi barədə söz-söhbətlər ölümündən xeyli əvvəl başlamışdı.Elina Abramovna Bıstriskaya Vilnus Rus Dram Teatrının, Puşkin adına Moskva Dram Teatrının və Kiçik Teatrın səhnələrində oynayıb. O, həmçinin bir çox kinolarda rol alıb. Aktrisanın ən məşhur rollarından biri «Sakit Don»dakı Aksiniya rolu olub. Elina Bıstriskaya 1928-ci ildə Kiyevdə anadan olub. Atası hərbi həkim idi və həmişə ümid edirdi ki, qızı onun yolunu davam etdirəcək. Elina Böyük Vətən müharibəsi zamanı tibb bacısı işləyirdi. 1941-ci ildə onun cəmi 13 yaşı vardı: «Mən yalnız necə fayda verəcəyim haqqında, azadlığımız üçün işləmək haqda düşünürdüm. Ona görə də mobil hərbi xəstəxanaya tibb bacısı olaraq işləməyə getdim» - Bıstriskaya müsahibələrinin birində deyib: «Qan testləri aparır, atama laboratoriyada kömək edirdim. Sonralar həkim kurslarını bitirmişdim. Çox sayda ölüm gördüm, mərmilərin partladığını eşitdim, get-gedə bunlar mənim üçün adi hala çevrildi. Mən hələ də bunlara necə dözdüyümü başa düşə bilmirəm!»

Əgər sevgi bir prinsiplə idarə olunarsa...
Bıstriskaya Nejin şəhərindəki tibb məktəbini fərqlənmə diplomu ilə bitirib. O, yardımçı-mama diplomunu alıb və hətta işlədiyi müddətdə 15 doğuş da qəbul edib. Elə o vaxtlar başa düşüb ki, tibb sahəsi ilə məşğul olmaq istəmir. Musiqi məktəbinə daxil olub. Məktəbin nəzdində balet sinfi də var idi. Universitetə daxil olmaq üçün hazırlaşmağa başlayıb. Valideynləri belə bir karyeranı qızları üçün qətiyyən istəmirdilər. Sonra onu yolundan döndərə bilməyəcəklərini başa düşdülər.

Düzdür, Bıstriskaya həmin müddətdə artıq bir il pedaqoji institutda işləməyə müvəffəq olmuşdu, ancaq atası ilə razılığa gəldikdən dərhal sonra Kiyev Teatr İnstitutunda aktyorluq sənətinə, rejissor Leonid Oleykinin kursuna daxil olmuşdu.

Özünün «Ümid ulduzu ilə görüşlər» kitabında Bıstriskaya təhsillə bağlı işlərinin həmişə yaxşı gətirdiyini xatırlayırdı. Lakin 1953-cü ilin əvvəlində kurs yoldaşı ilə kiçik bir münaqişə üzündən az qala kursdan qovulacaqmış. O, bunu ölkənin «Sionizm” və "Həkimlər əleyhinə» kampaniyası ilə bağlı əlaqələndirirdi. Buna baxmayaraq, Stalinin ölümündən sonra institutun komsomol yığıncağında şəxsi işi müzakirə olundu və ciddi töhmət almaqla nəticələndi. Elina institutu fərqlənmə diplomu ilə bitirdi. Lakin işləyəcəyi teatrı dərhal tapa bilmədi.

O, işləmək üçün Xersona təyinat aldı, lakin baş rejissorun nalayiq təklifindən sonra, digər variantlar axtarmağa başladı. Moskva teatrında yoxlanışdan keçdi, hətta, Yuri Zavadski özü onu sınaqdan keçirdi. Ancaq Bıstriskayanın pis davranışı haqqında anonim məktublar səbəbindən ondan imtina olundu. Nəticədə, o özünə Vilnüs Dram Teatrında iş tapdı və 5 il orada çalışdı.

O vaxtlar Bıstriskaya artıq Kiyev kinostudiyasının filmlərində kiçik rollara çəkilməyə dəvətlər alırdı. Məsələn, Sergey Bondarçukla «Taras Şevçenko» bioqrafik filmində, Nikolay Kryuçkovla «Pəhləvan» macəra filmində və s. uğurla oynadı.

Bir dəfə Bıstriskaya Sergey Gerasimovun «Sakit don» filmini çəkməyə hazırlaşdığını və buna görə ifaçılar axtardığını öyrəndi. O, bir çox aktrisaların oynamaq istədikləri Aksiniya rolunu çoxdan arzulayırdı. Bu işdə Şoloxova öz qızının köməyi dəydi. O, Bıstriskayanın şəklini atasına göstərərək «Bu da sənə Aksiniya» - demişdi.


«Sakit Don» və Gerasimovla işləmək bizə xüsusi zövq verirdi, bu, mənim üçün universitet oldu” - deyə aktrisa sonralar etiraf edirdi: «Bizdə çox yaxşı aktyor qrupu seçilmişdi – Gerasimov gözəl ansambl yaratmağı bacarmışdı». Film böyük müvəffəqiyyət qazanmışdı. Kinoteatrlarda göstərildiyi il ərzində 47 milyon tamaşaçı izləmişdi.

Don kazaklarının ağsaqqalları oynadığı rola görə, Bıstriskayaya «Fəxri kazak qızı» fəxri fərmanını təqdim etdilər. Elina Bıstriskaya sovet kinosu tarixində daha çox «Sakit Don» filmindəki Aksinya rolu ilə qaldı.

Gimnastika Federasiyasının prezidenti
"Könüllülər” filmi də aktrisanın uğurlu rollarından oldu. Aktrisa «Mən bu rolu anama həsr etdim. Çünki onu beləcə, başı ləçəkli komsomolçu kimi xatırlayıram. Mənim qəlbimdə müharibədə iştirak etmiş insanların xüsusi yeri var» - deyə Yuri Yeqorovun «Könüllülər» filmində Lolya Teplovanın rolunu oynamış aktrisa – qeyd edirdi. Bu rollardan sonra populyarlıq qazanmış aktrisanı sonralar uzun illər çalışdığı Moskva Kiçik Teatrına dəvət etdilər. Kinoda da hər şey yaxşı gedirdi. Aktrisa, Bondarçukla «Bitməmiş povest» dramında, Georgi Aleksandrovun «Rus suveniri», «Hər şey insanlara qalır» dramlarında çəkildi. Bioqrafik roman olan «Nikolay Bauman»dan sonra Elina 90-cı illərin əvvəllərinə qədər heç bir filmə çəkilmədi. O, bunun şıltaqlıq səbəbindən deyil, təsadüfən belə alındığını deyib.

«Mənim həyatımda iş baxımından heç bir boşluq olmayıb. Bəli, həyatımda qara zolaq olub» - aktrisa danışırdı: «Bitməmiş roman»dan sonra mən Romada «Dante kuçəsində qətl»də çəkilməyə başladım. Lakin sarılıq xəstəliyinə tutulub rolu itirdim. Az müddətdən sonra isə tamaşa zamanı səhnədə ayağımı zədələdim. Tamaşanı oynayıb bitirə bildim, lakin teatrla bağları kəsməli oldum. Lakin zamanla hər şey yoluna düşdü. Mən Fransada, Bolqarıstanda çəkildim, hətta, bolqarca danışmağa da başladım. Bir çox şeirlər və nəsr əsərləri oxudum. Heç vaxt əllərimi yanımda sallayıb oturmamışam və işsiz də qalmamışam. Mənim üçün hər zaman kiminlə, hansı rolda və harada çəkilməyimi bilmək çox vacib olub”. Aktrisa "Məhəbbətim təkcə müəyyən şəxsə qarşı deyil, öz peşəmə, xalqıma, torpağıma, həyata olan məhəbbətdir”- deyirdi: "Əgər sevgi bir prinsiplə idarə olunarsa, insanlar gözəl nəsə etmiş olarlar...» 70-ci illərin sonlarında Bıstriskaya SSRİ xalq artisti adına layiq görülüb və 80-ci illərdə SSRİ Ritmik Gimnastika Federasiyasının prezidenti vəzifəsində çalışıb. O vaxtlar onun hörməti çox böyük olduğundan, bu yarışların SSRİ Xalq Oyunları proqramına daxil edilməsinə nail olub və sonra bədii gimnastikanın olimpiya idmanı olması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi ilə razılığa gəlib.

Varidat uğrunda münaqişə

Son illər aktrisa xəstəliyinə görə heç bir filmdə çəkilməyib. 2019-cu ilin əvvəllərində Bıstriskaya səhhəti ilə bağlı həkimlərə üz tutub. O vaxtlar aktrisanın səhhəti ürəyindəki ağrılara görə pisləşibmiş. Müayinə zamanı məlum olub ki, onda yüksək arterial təzyiq var. Lakin o, xəstəxanada yatmaqdan imtina edib.

Sovet kinosunun əfsanəsi həmişə firavan yaşamayıb. O, tez-tez 6 nəfərdən ibarət olan ailəsinin, nənəsinin ikiotaqlı mənzilinə necə sığındığını xatırlayardı. Elina valideynləri ilə birgə dar pəncərəli, on kvadratmetrlik otaqda yaşayırdı. Bacısı dünyaya gəldikdən sonra isə açılıb-yığılan çarpayıda yatmağa məcbur olur.

Aktrisanın xoş günləri yalnız SSRİ Xarici Ticarət Nazirliyinin tərcümə şöbəsinin müdiri Nikolay Kuzminski ilə evləndikdən sonra başlayıb. Onlar bir yerdə 25 ildən çox yaşayıblar. Kudrinskaya meydanındakı evləri xeyli rahat və qonaq-qaralı idi. Tək qaldıqdan sonra isə qadın Moskvanın mərkəzindəki Leontyevski dalanındakı birotaqlı mənzilə köçməli olub. Son illərini isə aktrisa Vasiliy Lanovoy və Vladimir Poznerlə qonşu olduğu şəhərkənarı evində keçirib. Onun daşınmaz əmlakının, demək olar ki, zinət əşyalarına bərabər dəyəri vardı. Aktrisanın övladı və nəvələri olmadığından, onun İsraildə yaşayan bacısı düşünürdü ki, Elinanın evləri və əntiq zinətlərinin hamısı ona qalacaq. Bıstriskayanın öz əmlakını təsərrüfat işləri üzrə köməkçisinə vəsiyyət etdiyi aydınlaşandan sonra isə bu, böyük təəccübə səbəb oldu. Guya Kseniya neçə illərdir ki, aktrisanın qulluğunda durduğuna və bütün işlərini sahmana saldığına görə, bunların hamısına layiqdir. Bunu bildikdən sonra aktrisanın qohumu təcili Moskvaya uçub. Aktrisanın bacısı Sofiya Şeqelman bir ay əvvəl «Sən inanmazsan» efir proqramında Elinanın katarakta səbəbindən görmə və hərəkət qabiliyyətini itirməsi haqqında məlumat verib. Sonra isə bacısının həm də ağ ciyərlərinin sətəlcəm olduğu haqqında məlumat əldə edib. Kişik Teatrın direktoru Tamara Mixaylovna onun sözlərini təkzib edərək deyib ki, Elena Bıstriskayanın səhhəti öz qaydasındadır və onunla həkimlər məşğul olur. "Aktrisanın heç bir ağır diaqnozu yoxdur. Bu yaşda olan insanın özünü əzgin hiss etməsi isə normaldır”. Həmçinin ulduzun bacısı Bıstriskayanın səhhətində dəyişikliyi onun prodüseri və köməkçisi Kseniya Rubtsovanın xəyanətindən sonra yarandığını deyib. Şegelman «Komsomolskaya Pravda»ya müsahibəsində bildirib ki, 2017-ci ildə Rubtsova sənətçinin hesabından külli miqdarda pul çıxarıb: «2017-ci ildə bacımın verdiyi bütün işləri idarə etmək üçün etibarnamə alan Ksenya, onun hesabından külli miqdarda pul çıxarıb».


Bıstriskayanın bacısının sözlərinə görə, Rubtsova iki tanışını xəstə baxıcısı kimi aktrisanın yanına yerləşdirib. Onlar evdə olan hər şeydən yaxşı istifadə ediblər, lakin vəzifələrini çox vicdansızcasına yerinə yetiriblər. İsraildə ailəsi ilə birgə yaşayan Şeqelman 2019-cu ilin əvvəlində aktrisanı öz yanına aparmaq istəyib. Lakin Elina Abraamovna imtina edib. Bacısının sözlərinə görə, belə dəyişikliyə yaşlı qadının gücü də çatmazdı.

«Münaqişə payızda başladı» - deyə aktrisanın qonşuları jurnalistlərə danışıb: "Sonya İsraildə yaşayır və çox az hallarda aktrisanın yanına gəlirdi. Burada Elina Abramovna xəstəxanaya düşəndə qəflətən bacısı peyda oldu. Yəqin hər şeyə rəğmən, həyatın əbədi olmadığını, hərdən qohumları yoluxmağın lazımlığını da başa düşdü. Rusiyaya gəldikdən sonra başa düşəndə ki, ona heç nə çatmayacaq, böyük mərəkə qopardı. Ksyuşanı «şarlatan» adlandıraraq "bacısı öz qoynunda ilan bəsləyib” deyə onun əleyhinə ərizə yazdı. Deyilənlərə görə, aktrisanın bacısının niyyəti yası yola vermək deyil, daha çox mirasla maraqlanmaq idi. İddiaya görə, o, məhkəmə qərarına etiraz edəcək. Elinanın vəsiyyətnaməsini isə ümumiyyətlə, görmək belə istəmir.

Hələ ki, məhkəmənin necə başa çatacağını heç kim bilmir. Aktrisa ilə vida mərasimindən isə bir həftə vaxt keçməyib...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər