• cümə, 19 Aprel, 16:36
  • Baku Bakı 25°C

Şairlər gerçək aşiqlər deyillər - müsahibə

26.04.14 13:23 2754
Şairlər gerçək aşiqlər deyillər - müsahibə
Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubadda doğulub. Yaradıcılığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir. “Yaddaşlara yazın”, “Şaman duası”, “Salam dar ağacı” adlı şeirlər kitabının müəllifidir. Bu günlərdə Rüstəm müəllimlə görüşüb yaradıcılığı və ədəbiyyat barədə söhbətləşdik.
– Məmməd Araz “Yaddaşıma yazın” adlı kitabınıza yazdığı ön sözdə yazır: “Ədəbi gənclik, adətən, özündən əvvəlki ədəbi nəslin güclü təsirinə məruz qalır. Rüstəmin yaradıcılığını başqalarından fərqləndirən əsas cəhət onun məhz bu təsirlərdən qaçmağa çalışması və uzaq olmasıdır”. Bilmək istərdim ki, özünüzü sizdən əvvəlki ədəbi nəslin təsirindən necə qoruyurdunuz?
– Ədəbi nəsillər mütləq şəkildə bir-birinə təsir edirlər. Bu qaçılmazdır. Eyni zamanda, hər bir qələm əhlinin dünya görüşünün formalaşmasında mütləq kiminsə rolu olur. Yaradıcılığımın ilkin mərhələsində Kələkidə yaşayırdım və həmin dağ kəndində dünyayla əlaqəm yox idi. “Azərbaycan” və “Ulduz” jurnalı çap olunandan bir neçə ay sonra kəndə gəlib çıxırdı. Ədəbi mühitdən uzaq olduğuma görə də təsirə düşmək ehtimalım sıfıra bərabər idi. Ona görə də kiminsə yaradıcılığından təsirlənmədim. O vaxt sevdiyim şairlər Bəxtiyar Vahabzadə və Məmməd Araz idi. Günlərin bir günü onların şeirlərini oxuyanda hiss etdim ki, həmin şeirlərdə məni təmin etməyən, ruhumun ehtiyacın tam ödəməyən nələrsə var. Bundan sonra özüm şeirlər yazmağa başladım, elə bilirəm ki, pis də alınmadı. Hətta sonralar yazdığım türkçülüklə bağlı şeirlərdə belə türk dünyası şairləri ilə paralel aparılacaq nələrsə tapmaq çətindir, hətta məşhur “Bozqurd” şeirimdə də. Türk dünyasında ilk məşhur “Bozqurd” şeirini də mən yazmışam. Sonralar məndən təsirlənib türkçü şeirlər yazanlarsa çox oldu. Təbii ki, dünya ədəbiyyatından da sevdiyim şairlər olub. Məsələn, şotland şairi Robert Börns, fransız şairi Artur Rembo. Ancaq onların şeirlərinin təsirinə düşməmişəm, sadəcə yaradıcılıqlarını sevmişəm.
– Tofiq Hacıyevin sizin “İblis mələkdən gözəldir” kitabınız haqqınızda yazdığı məqalədə yaradıcılığınız haqda belə yazır: “Dədə Qorqud kitabından sonra heç kəsdə etnik tariximiz bu genişlikdə, bu fəallıqda bədiilik predementinə çevrilməyib”. Maraqlıdır, nəsildaşlarınız sevgi şeirləri yazan vaxtı siz türkçülük şeirləri yazırdınız.
– Şairlər gerçək aşiqlər deyillər. Sevən şair sevgi şeirləri yaza bilməz. Sözə çevriləcək sevgi, sevgi deyil. Sevgi elə böyük məfhumdur ki, onu sözlə ifadə eləmək çətindir. Mən o vaxtı sevgini yaşayırdım, yazmırdım. Türkçülüklə bağlı yazmağımsa ruhumdan gəlirdi, həmin şeirlərdə elə məqamlar var ki, şüuraltı yazılıb. Bir də ona görə sevgi şeirləri yazmırdım ki, məni öz taleyimdən çox, xalq düşündürürdü.
– Türkçülüklə bağlı yazdığınız şeirlərinizə görə sizə qarşı olan təpkilərdən danışmağınızı istərdim.
– Üç dəfə həbs olunmuşam, o vaxt Vəzirov “Şaman duası” kitabımı səhifə-səhifə cırıb sifətimə çırpdı. Dedi ki, “Ata dili” şeirində obrazımı yaratmısan. Halbuki, o şeir çoxdan yazılmışdı. Heç vaxt xuliqanlıq üstündə həbs olunmamışam, daim dediyim haqq sözün əziyyətin çəkmişəm.
– Xatırlayıram o şeiri, ailədə ata azərbaycanlı, ana əcnəbi olanda uşaqların başqa dillərdə danışıb öz dilini unutması problemi haqqında idi. Bu mənada, uşaqları ata dilincə danışmağa səsləyirdiniz.
- O şeiri yazanda bilmirdim ki, Vəzirovun həyat yoldaşı əcnəbidir. “Şaman duası” kitabım qadağan olunsa da, Türkiyədə çap etdilər. Ancaq yenə də təzyiqlər olurdu ki, bu kitabı niyə Türkiyədə nəşr etdirmisən. Bizim ruhumuz ata dilinə uyğundur. “Kitabi-Dədə Qorqud”da ata kitabıdır, kişi sözüdür. Bizim ana kitabımız olmayıb.
– Niyə elə düşünürsünüz ki, “bizdə yaltaqlığı belə gözdən salıblar”?
– Bir gün bir tanınmış adamdan soruşdum ki, harda işləyirsən, dedi əvvəlki iş yerimdə. Sual elədim: “Azərbaycanda səndən yaltaq adam yoxdur, nə əcəb səni bir vəzifəyə qoymurlar?” O maraqlı bir cavab verdi mənə; dedi o qədər peşəkar yaltaqlar meydana çıxıb ki, biz həvəskar yaltaqlar daha görünə bilmirik, yaddan çıxmışıq. Onda dedim ki, “bizdə daha yaltaqlığı da gözdən salıblar”. Eyni hal ədəbiyyatda da baş verdi. Bir-iki yaltaq şair yaltaqlanıb nəsə əldə elədi, sonra neçəsi yaltaqlandı, amma faydası olmadı. İndi vəziyyət qismən dəyişib. İyirmi il əvvəl beş-on adam yaltaqlıqla yaşaya bilirdi, indi mümkün deyil, çünki saysız-hesabsız adam bu “sahə”yə doluşub.
– Şeirlərinizdə ölümə “xoş gəldin” yazırsınız, qorxmursunuz bəs?
– O cür şeirləri yazanda qorxmurdum. Ancaq son dövrlər xəstələnib ölümü yaxından duyandan sonra qorxuram. Mən öləndən sonra dünyanın necə olacağını bilmək istəyirəm, qorxuram ki, öləm və heç nədən xəbərim olmasın. Məşhur bir fikr var: “ölüm qorxulu deyil, çünki o gələndə biz olmayacağıq”. Ancaq fərqli düşünürəm. Məncə, ölümlə həyatın görüşəcəyi an var. Son illər ölümü daha çox hiss edirəm, xüsusən də, xəstələnəndən sonra. Hazırda avtobioqrafik əsər yazıram. İlk cümləsi təxminən belədir ki: “Mən artıq ölümün addım səslərini eşidirəm deyə, bu kitabı yazmağa başladım”. Məncə, hamı ölümdən qorxur.
– Poeziya elədir ki, müəyyən dövrdən sonra şair özünü təkrarlamağa başlayır. Sizdə bu proses baş verdimi?
– Yaradıcılığımın ilk on illiyində daha çox türkçülüklə bağlı şeirlər yazdım. Son vaxtlar yazdıqlarımsa fəlsəfi mahiyyət daşıyır. Ancaq özünü təkrarlamadmı. Şair özünü təkrarlayan günü ölür. Ya yazmamalısan, ya da yeni şeirlər yazmalısan.
– Müsahibələrinizin birində deyirsiniz ki: “hamı hər şey istəyir, mənsə heç nə”. Bir şair kimi sizin istədiyiniz “heç nə”yin mahiyyətində nə dayanır?
– Əslində, o heç nəyində içində də nəsə var. Hərə azadlığı bir cür başa düşür, mənimçün azadlıq insanın ruhuna aiddir. Bugünəcən alimlər, filosoflar yazıçılar, şairlər insana yerdən, göydən, dindən, Allahdan, danışıblar, insana insan haqqında demək olar heç nə danışmayıblar. Ona görə də ədəbiyyat dinin, fəlsəfənin imitasiyasına çevrilib. Fikir ver bizim qələm əhlinin yazdıqları ilə həyat tərzləri üst-üstə düşmədi. Çoxu satıldı, çoxu da heç nə edə bilmədi. Mənimsə istəklərim dünyayla bağlı olmadı, həmişə azadlığımı istədim. Bax, həmin azadlıq mənim heç nəyim idi, həm də ən böyük nemətim. Mənim içimdə sərhəd yoxdur. Hərdən adi bir adam olmağı unuduram, dəliliklərim olur. Amma bütün həyatımı istədiyim kimi yaşamışam. Demirəm ki, düzgün yaşamışam, ancaq ömrüm ürəyimcə olub.
– Şeirlərinizə qarşı kiminsə fikir bildirməsi sizinçün maraqlıdırmı?
– Gənclik illərimdə kimlərinsə fikri mənimçün maraqlı idi, ancaq sonralar yox. Özü də məni tənqid edən demək olar ki, olmayıb, hamı tərifləyib. Səbəbini bilmirəm. Çoxu deyib ki, Rüstəm Behrudi böyük şairdir. Niyə böyük şairdir onu deyən olmayıb hələ.
– Dövlətin ideologiyası Azərbaycançılıqdır. Sizsə Böyük Turan ideologiyasınını təbliğ edirsiniz.
– Tarix boyu İran-Turan müharibələri olub. Necə olur ki, bu gün real İran var, ancaq Turan mif kimi təqdim edilir? Bu düzgün deyil. Mənim ruhumdakı Turançılıq ideyası Azərbaycançılıq ideyasından yuxarıda dayanır. Azərbaycançılıq ideologiyası bizim dövlət kimi yaşamağımıza xidmət edir, ruhumuzun yaşaması üçünsə, bizə Turançılıq lazımdır.
– Sizin türkçü şeirləriniz insanların mənəvi aləminə sirayət edə bildimi?
– Ədəbiyyata heç vaxt insanları tərbiyələndirən vasitə kimi baxmamışam. Kimsə oxuyub nələrisə əxz edibsə bu onun öz işidir. Mən sadəcə öz içimi yazmışam. ədəbiyyatın cəmiyyəti idarə etməsi funksiyası Sovet dövründə qaldı, indi ədəbiyyat sadəcə sənətdir. Mandeştam deyirdi ki: “SSRİ-də sözə dünyanın hər yerdən artıq qiymət verirlər”. Soruşurlar ki, niyə belə düşünürsünüz o belə cavab verir: “Bizdə sözə görə insanı güllələyirlər, sürgünə göndərirlər, işdən azad edirlər və s.”.
Ədəbiyyat ruhun əks-sədasıdır. Sən ruhunu sözə çırpırsan ordan çıxan səs, gələn əks-səda ədəbiyyatdır. Əgər İranda Babək qalasında yüzlərlə insan əllərində şam şeirlərimi oxuyurlarsa, deməli, sözlərim kimlərinsə ürəyinə yaxın ola bilib.
– Sizcə, milli yazarların bəlli konsepsiya və ya hansısa izmin təmsilçisi kimi ədəbiyyata gəlməməsinin səbəbi nədir?
– İndiki ədəbi mənzərə belədir ki, ədəbiyyata çoxu görüntü kimi baxırlar. İstedadlı gənclər var, ancaq onlar istedadını tez məşhurlaşmağa xərcləyirlər. Məqsədləri başqadır deyə ədəbiyyatda onların böyük amalı görünə bilmir. İndi ədəbiyyata Anarı söyə-söyə, Ramiz Rövşənə sataşa-sataşa gəlirlər. Bu isə artıq itin aya hürməyi kimi bir şeydir.
– Şairi istedad hara qədər qoruya bilər?
– İstedad şairi qoruya bilməz, ancaq başına min oyun aça bilər. Hər bir istedadlı şairin şeiri onun başının üstündən asılmış ölüm elanıdır.
– “Ştuçka” ləqəbli erməni Şaqiniyan bir dəfə Nevski prospekintə Anna Axmatovanı görüb salam verməmiş istehza ilə deyir: “Sən demə, sən şairsənmiş, çünki sənin yazını qadağan etmək barədə çox baş sındırdıq”. Bu mənada istedadınızı bilib sizə qarşı olanlar olubmu?
– Olub. Şeirlərimi oxuyub deyiblər ki, gözəldir, ancaq biz çap edə bilmərik. Sonralarsa həmin şeirləri çap etdirmişəm. Bəzən mən tamam fərqli düşünürəm, məncə, zaman hərəkətsizdir, zaman dayanıb insan onun içindən keçib gedir. Ona görə bu keçib gedən insanlardan nəsə gözləmək olmaz.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər