Şairin zəbt olunmuş torpağına baxış keçiriləcək

Şairin zəbt olunmuş torpağına baxış keçiriləcək

Təfsilat
09 Aprel 2013, 13:24 906
Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə əlaqədar başlanmış məhkəmə prosesi altı aya yaxındır yarımçıq qalıb.

Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. 2011-ci ildə zəbt edilmiş torpaq sahəsi ilə bağlı Ağa Laçınlının ailəsi bir sıra dövlət instansiyalarına, həmçinin məhkəməyə müraciət edib.

2012-ci il oktyabrın 24-də ailənin Səbail Rayon Məhkəməsində qaldırdığı iddiaya baxan hakim Nurəddin Bağırov torpaq sahəsində ekspertiza keçirilməsi barədə qərar çıxarıb. Ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilib. Ancaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ekspertizanın baş tutmasına imkan verməyib. Sonda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi müddətin başa çatmasını əsas gətirərək işi məhkəməyə qaytarıb.

Ağa Laçınlının ailəsi məhkəmənin öz qərarını icra etməməsindən şikayətlər verib. Təkidli şikayətlərdən sonra məhkəmə Ədliyyə Nazirliyinin ekspertizasına maraq göstərməyib, yalnız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpağa baxış keçirərək rəy verilməsi haqda məktub göndərib. Bu məktub 2013-cü il yanvarın 10-da göndərilsə də, üç aya yaxın icra edilməyib. Mərhum şairin ailəsinin təkidlərindən sonra, nəhayət, torpağa baxış aprelin 10-u saat 15-ə təyin edilib. Beləliklə, göstərilən vaxtda zəbt olunmuş torpaq sahəsinə baxış keçirilməlidir.

“Media forum”