Şairin torpağının zəbt olunması bir daha təsdiqləndi

Şairin torpağının zəbt olunması bir daha təsdiqləndi

Təfsilat
10 Aprel 2013, 16:48 866
Aprelin 10-da mərhum şair Ağa Laçınlının ailəsinə məxsus olan, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilib.

Bu torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. Torpaq sahəsi 2011-ci ildə zəbt edilib, bundan sonra mərhum şairin ailəsi rəsmi instansiyalara, həmçinin Səbail Rayon Məhkəməsinə müraciət edib.

Səbail məhkəməsinin hakimi Nurəddin Bağırov 2012-ci il oktyabrın 24-də torpaq sahəsində ekspertiza keçirilməsi haqqında qərar qəbul edib. O, ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edib. Hakim qərarında göstərib ki, Məhkəmə Ekspertiza Mərkəzi ekspertizanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən olan mütəxəssislərin, Ağa Laçınlının ailəsinin və sabiq icra başçısının nümayəndələrinin iştirakı ilə keçirməlidir. Üstündən altı aya yaxın vaxt ötsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin törətdiyi maneələr nəticəsində ekspertizanı aparmaq mümkün olmayıb. Nəticədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi müddətin başa çatmasını əsas gətirərək işi məhkəməyə qaytarıb.

Ağa Laçınlının ailəsinin məhkəmənin öz qərarını icra etməməsindən verdiyi şikayətlərdən sonra məhkəmə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpağa baxış keçirərək rəy verilməsi haqda məktub göndərib. Ancaq bu məktub da üç aya yaxın icra edilməyib. Mərhum şairin ailəsinin təkidlərindən sonra, nəhayət, aprelin 10-da torpaq sahəsinə baxış keçirilib. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin mütəxəssisləri Badamdar qəsəbəsinə gələrək Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını peyk vasitəsilə yerində müəyyən edərək dəqiq göstərib. Koordinatların peyk vasitəsilə yerində müəyyən edilməsi prosesində mərhum şairin ailəsinin nümayəndələri və keçmiş icra başçısı Rüstəm Məmmədovun qardaşı Zülfüqar Məmmədov da iştirak ediblər. Yerində təftiş prosesini jurnalistlər də izləyib.

Aprelin 10-da koordinatlar göstərilərkən Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbtinin davam etdiyi bir daha təsdiqlənib. Aydın olub ki, Məmmədovlar ailəsinin çəkdirdiyi daş hasarın 8 metr 50 santimetr hissəsi Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinə keçir. Qeyd edək ki, 2012-ci ilin sentyabr ayının əvvəllərində məsələ mediada işıqlandırılandan sonra bu hasarın 2 metrə yaxın hissəsi sökülüb. Hasarın 6 metr yarımdan çox hissəsi isə hələ də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsini zəbt etməkdədir. Bu fakt 2012-ci ildə Ağa Laçınlının ailəsinin müraciəti əsasında Badamdar qəsəbəsinə gələn Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin mütəxəssisi tərəfindən də müəyyən edilmişdi. Həmin vaxt prosesi izləyən jurnalistlərin və digər şəxslərin iştirakı ilə yerində akt da tərtib olunmuşdu.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2013-cü il aprelin 10-da torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının peyk vasitəsilə yerində müəyyən edilməsi prosesi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə rəy verməlidir.