Şair dostum Məmməd Tahirə ikinci məktub, yaxud 60 illik yubleyinə dost sözü

Şair dostum Məmməd Tahirə ikinci məktub, yaxud 60 illik yubleyinə dost sözü

01 İyun 2015, 10:47 2027
İndi daha məktub yazmaq dəbdə deyil. Desəm ki, məktub yazıram, təəccüblənəcəklər. Deyəcəklər ki, məktub nədir, götür mobil telefonu, zəng elə, istəsən. saatlarla danış... Yoxsa ki, məktub yaz, poçtla göndər, günlərlə gözlə ki, nə cavab verəcəklər? O da hələ məktub gedib çatsa...
Qoy kim necə düşünür düşünsün, nə deyir desin, Məmməd Tahir, sənə məktub yazıram. İkinci məktub.Yadındadır? Düz otuz iki il əvvəl də sənə məktub yazmışdım... O mənim sənə birinci məktubum idi...
O zaman Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləyirdim. Ədəbi-bədii şöbədə. Birlikdə Şərur rayonunda məktəbdə şagirdlərlə görüşə getmişdik... Yadımda deyil hansı məktəbdə.... Qələm dostlarımız - Elman Həbib, Asım Yadigar,Vaqif Kərimov, Cahanbaxış... şeirlərini oxudular. Sən də öz şeirlərini. Mən isə mənsur şeirlərimi...
İlk tanışlığımız belə oldu. Bu tanışlıq sonra yaxınlığa, dostluğa çevrildi. Bu dostluğumuz səni televiziya və radioya yaxınlaşdırdı. Televiziya və radio üçün verilişlər, oçerklər yazmağa başladın...
...Mənim sənə ilk məktubum yenicə çapdan çıxan “Vətən, məni qınama” kitabın haqqında idi (O məktub “Nuh yurdu” qəzetində işıq üzü gördü). Topludakı şeirlərə öz münasibətimi bildirmişdim. Demişdim ki, ədəbiyyatımıza milli ruhlu, milli düşüncəli, öz səsi, nəfəsi, öz ifadə vasitəsi olan bir şair gəlir. Bunu onda demişdim, indi də deyirəm. Onda da, indi də bu sözləri dediymə görə peşman deyiləm...

Sözümün əvvəlinə qayıdıram. Onda sən cavan idin. Çox cavan və çılğın. Qapqara saçların, qapqara gözlərin vardı. Sifətin də buğdayı idi. Şeirlərin özünə oxşayırdı. Onlarda da bir çılğınlıq vardı, heç kimin işlətmədiyi deyimlər, fəlsəfi düşüncələr vardı. Axı sən tapdanmış yolla getmirdin, məddahlıqdan uzaq idin. Bu sözləri o vaxt “Sovet Naxçıvanı” (Sonra bu qəzet “Şərq qapısı” oldu) qəzetinin şöbə müdiri, Naxçıvan ədəbi məktəbinin inkişafında böyük xidmətləri olan qüdrətli şair Hüseyn Razi məndən əvvəl demişdi sənin haqqında... Yaradıcılığın barədə tənqidçilər, yazıçı, şair, jurnalist... dostların indi də xoş sözlər deyir. Onlardan filologiya elmləri doktoru Vaqif Yusiflinin, Nəriman Əbdürrəhmanlının, Fərqanə Mehdiyevanın, Əlabbasın, Hüseyn Bağırın, Heydər Oğuzun,Əşrəf Hümmətovun və başqalarının adlarını çəkmək olar.
...Mətləbdən uzaq düşməyim. Vaxtını, enerjini yazmağa yönəltdin. “Azərbaycan”, ”Ulduz” jurnalları,”Ədəbiyyat və incəsənət” (Sonra bu qəzet “Ədəbiyyat qəzeti” oldu), “Sovet Naxçıvanı” ( Müstəqillik dövründə bu qəzetin adı “Şərq qapısı”oldu) “Palitra” və digər mətbu orqanlar şeirlərini müntəzəm çap etdi. Poeziyan ürəklərə yol tapdı....
Bu uğurlar başını dumanlandırmadı. İddialı olmadın.Tərifdən qaçdın. Mərhum şair Məmməd Arazın dediyi “Tərifdən qorxuram, qorxuram yaman, Onun fitnəsindən bac almalıyam” sözlərini öz yaradıcılıq şüarına çevirdin.
...İndi sənin yeddi kitabın çap olunub; “Vətən, məni qınama”, Yurdum and yerim”, “Yaz nağılı”, “Yol ver keçim, dünya, səndən”, ”Denь koqda ya vernus”, ”Könlüm came qapısı”, “Bir az-dan günəş doğacaq”... Bu kitablardan biri - “Yaz nağılı” uşaqlar üçündür, biri -“Denь koqda ya vernus” dilimizdən rus dilinə tər-cümə olunub...
Doğrusunu deyim ki, şeirlərin həmişə məni heyrətləndirib. Heyrətimin əsas səbəbi odur ki, şeirlərində təzə fikir, fəlsəfi bir anlam var; bu anlam ürfani bir duyğuya söykənir... Genişhəcmli əsərlərində - poemalarında da bu, mövcuddur. “Gəncləşən şəhər”, “Çernobıl zəngi”, ”Məhkum “ poemalarında da bu puh var. Dörd pərdə, on şəkilli mənzum dramın - “Mağara əshabələri”ndə bu özünü göstərir. Məqsədim yaradıcılığını tədqiq etmək deyil. Yalnız onu demək istəyirəm ki, şeirlərin qiymətli daş-qaşları xatırladır. Hərəsi bir cür gözəldir:

“Bu gecə ay işığı
Parlaq nurlu rəng kimi.
Ağ güllərdən toxunmuş
Bəyaz bir çələng kimi.
Elə bil ki, gecənin
Boynundan asılıbdır.”
(“Bu gecə ay işığı”)
“Sən getdin, üşüdü dilimdəki söz,
Çırpındı arxanca körpə quş kimi.
Yüyürdü arxanca lal baxışlarım,
Önümdə uzandı yol yoxuş kimi.
...Sən getdin, anladım bəlkə ilk dəfə,
Ruhumu isidən odsan, ocaqsan.
Sən baxdın, yolumda qaldı o baxış,
Demək getdiyintək qayıdacaqsan.”
(“Sən getdin...”)
“Zülmətdən keçib gəlir,
Yenə bir qeybanə səs.
Qopur bir quş bağrından
Bir eşqə divanə səs”
(“Oxuyur gecəquşu”)
“Oda dözüb, közə dözüb,
Dözüb mənim ana dilim.
Min-min acı sözə düzüb,
Dözüb mənim ana dilim.”
(“Ana dilim”)

“Gəncləşən şəhər” poemasını qədim Naxçıvana həsr eləmisən. O Naxçıvana ki, bütün gəncliyin onun qoynunda keçib. O şəhərlə bağlı o qədər xatirələrin var ki... Onun hər küçəsinə, hər döngəsinə bələdsən. Son - müstəqilliyə qovuşduğumuz illərdə onun necə dəyişdiyinin, gözəlləşdiyinin şahidi olmusan. Elə ona görə də işıqlı misralarla o şəhəri vəsf eləmisən:

Qədim şəhər,
Bir ixtiyar, yaşlı qoca.
Küçələri geniş-geniş,
Binaları uca-uca.
Sürüşərək sanki düşüb
Göy tağının çuxasından.
Asılıbdır Naxçıvanım
Orden kimi,
Xan Arazın yaxasından.
Qonçalanıb-xonçalanıb
Bu torpağın tən ovcunda.
Bürmələnib, düymələnib
Bu torpağın o ixtiyar, ağ saçında.
Qoca, müdrik,
Sözü ötkün,
Bir şəhərdi bizim şəhər.
Azərbaycan torpağında
Hər yaz bitən çiçək kimi,
Təzə-tərdir bizim şəhər.

“Məhkum” adlı poemanda çox aktual bir mövzuya toxunmusan. ”Qarabağ” mövzusuna. Qəhrəmanın-Qarabağ döyüşünün iştirakçısının rastlaşdığı bürokratik əngəllər, neqativ hallar poemanın əsas süjet xəttini təşkil edir. Qəhrəmanını müxtəlif tiplərlə qarşılaşdıra-qarşılaşdıra bir çox qaranlıq məqamlara - ictimaiyyəti narahat edən məsələlərə aydınlıq gətirmisən.
“Çernobıl zəngi” poemanda isə sovet dönəmində insanların başına gətirilən tipik bir faciəni təsvir eləmisən. İnsanları barışa, əmin-amanlığa çağırmısan.Çox doğru bir nəticəyə gəlmisən: - insanların xoşbəxt olması onların dinc, əmin-amanlıq şəraitində yaşamasından aslıdır:

Dünyanın qırmızı işıqlarını
Yandıra bilməsək çayda, dənizdə.
Yaşamaz bir daha öz baharını,
Çıxar orbitindən bu torpaq, bu yer,
Dönər məhvərindən çay da, dəniz də.
Haqqın, ədalətin işıqdı rəngi,
Qoy barış içində olsun hər qitə.
Bu gün bir həyəcan zəngi çalınır,
Haqqa, ədalətə-bəşəriyyətə.

“Mağara əshabələri” mənzum dramın haqqında isə onu deyə bilərəm ki, yarı əfsanəvi, yarı tarixi mövzuda yazdığın bu əsər müqəddəs inanc yerlərimizdən “Əshabi-kəfv” ziyatətgahı barədədir. Mübaliğəsiz demək olar ki, bu mənzum dram bu mövzuda araya-ərsəyə gələn yaxşı əsərlərin sırasındadır:

Bəli, ruhumdakı o firtınalar,
Məni bir qayıqtək hey atıb-tutar,
Sitayiş etdiyim o od allahı,
Olmazdı könlümün amma pənahı.
Beləcə sərgərdan dolaşdığım vaxt,
Düşündüm, başımda taxt qurubdu baxt.
Bu əli, bu gözü, bu canı verən,
Bəşərə bu kamil insanı verən,
Gözə görünməyən bir yaradan var.

Məmməd, əzizim, bu mənim sənə ikinci məktubumdur. Ömrünün 60 ilinin tamam olduğu bir vaxta təsadüf edir bu məktub. Bu məktubda bir dost, bir yazıçı kimi sənə və sənin yaradıcılığına öz sevgi və məhəbbətimi bir daha bildirməyə çalışdım.
Demək istədiklərimsə yalnız bunlar deyil. Ürəyimdə o qədər sözüm var ki... O qədər... Eybi yox, bu məktubumda deyə bilmədiklərimi, sağlıq olsun, növbəti məktubumda deyərəm. Allah-taaladan ömür istəyirəm.... Altmış yaşın mübarək! Bundan sonrakı ömrün ən çox sevdiyim şeirlərindən biri olan “Gilənar çiçəyi”ndəki kimi bəyaz olsun. Həm də o şeir kimi mənalı olsun:

Bir yaz gecəsində,
Ay açıb başından
Atdı qaranlığa
Bəyaz ləçəyi.
O gecə dodaqların kimi
Açdı gilənar çiçəyi....

Bayram İsgəndərli, yazıçı