AZE | RUS | ENG |

Şahmatımızın yeni şahzadəsi - Portret

Şahmatımızın yeni şahzadəsi - Portret
Aydan üçün yalnız “ya qələbə, ya heç nə” prinsipi var


Azərbaycan istedadlar, istedadlı idmançılar ölkəsidir. Bunu görmək çox da çətin deyil. Az qala hər gün xəbərlərdə eşitdiyimiz “...dünya (Avropa) çempionu oldu” cümləsi artıq bizə norma kimi görünür. Bu da səbəbsiz deyil. Ölkə idmanının inkişaf templəri çox yüksəkdir və bu, güləş, boks, cüdo, voleybol və başqa növlərdə özünü rahatlıqla göstərir. Xüsusilə də gənc nəslin yetişməsi, uğurlar qazanması sevindiricidir. Azərbaycanın dünyada tanındığı şahmatda da belədir. Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Türkan və Zeynəb Məmmədyarova bacılarının yolunu kiçiklər da layiqincə davam etdirir. Bu gün onlardan biri – gənc Aydan Höccətova haqda danışacağıq.

“Bələkdən şahmatçı”
1999-cu ildə Bakıda anadan olan Aydanın şahmat sevgisinə həsəd aparmaq olar. Cəmi iki yaşı olanda bu qızcığaz televizorda gedən şahmat verilişindən gözünü çəkmirdi. Bu məqam onun babasının diqqətini cəlb etdi və o, nəvəsinin bu idman növündə gücünü sınaması qərarını verdi. Vaxt göstərdi ki, o, seçimində yanılmayıb. Artıq 3 yaşında Aydan öz ilk yarışında taxta arxasında yerini almışdı. Fantastika idi! Cəmi yarım ilə 4-cü dərəcə normasını yerinə yetirən Höccətova dörd yaşında artıq Bakı çempionatında və Şəkidə keçirilən 16 yaşa qədər gənclərin Respublika Olimpiadasında iştirak edir. Beş yaşında Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanır. Aydan Respublikamızda 6 yaşında birinci dərəcəli şahmatçı normasını yerinə yetirən yeganə şahmatçıdır. O, qısa zamanda öz yaşıdları arasında Azərbaycanın aparıcı şahmatçılarında biri kimi özünü tanıtmağı bacarmışdı. Türkiyədə 10 yaşlı şahmatçılar arasında Avropa çempionatında çıxış edəndə isə cəmi 6 yaşı vardı!

İlin ən yaxşısı
2004-cü ildə Moskvadakı yarışda dünya çempionu Anatoli Karpov tərəfindən, 2005-ci ildə isə Türkiyədə 12 yaşa qədər məktəblilərin 1-ci dünya çempionatının komanda yarışında 3-4 yerləri bölüşdüyünə görə Türkiyə Şahmat Federasiyasının prezidenti Əli Nihat Yazıçı tərəfindən xüsusi diplom və hədiyyə ilə mükafatlandırılır. Həmin il Serbiyada keçirilən Avropa çempionatında, bir il sonra isə Batumi şəhərində keçirilən dünya çempionatında özündən bir neçə yaş böyüklərlə uğurla mübarizə aparır. Nəhayət, 2007-ci ilin oktyabrında Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında Höccətova Aydan Avropa çempionu adına layiq görülür. 8 yaşlı çempion cəmi bir ay sonra Türkiyənin Antalya şəhərində keçirilən, 104 ölkənin qatıldığı dünya çempionatında 3-cü yeri tutur. Aydanın Avropa və Dünya çempionatlarında qazandığı bu uğurlar respublikamızın şahmat tarixində 8 yaşlı şahmatçının qazandığı ilk nailiyyətlər idi. Uğurları o qədər böyük idi ki, 24 dekabr 2007-ci ildə Höccətova Aydan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli 1956 saylı sərəncamına əsasən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Yeni Azərbaycan Partiyası”nın Gənclər Birliyi ilə birgə təşkil etdiyi mərasimdə “ilin şahmatçısı” seçilmiş, gənclər və idman naziri Azad Rəhimov tərəfindən medal və diplomla təltif olunmuşdu.

Yenə Avropa, yenə dünya mükafatçısı
Nəticələr sonra da davam edib. Xüsusilə 2009-cu ildə yaxşı çıxış edən Aydan İtaliyanın Fermo şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında liderdən cəmi yarım xal geri qalaraq gümüş medal əldə edib. Ardınca, Antalyada Dünya Çempionatına qatılan Höccətova 11 oyundan 8,5 xalla bürünc medal qazanaraq böyük uğura imza atıb. 2013-cü ildə Türkdilli Ölkələrin Olimpiadasında gümüş medal qazanıb. Müxtəlif növlərdə dəfələrlə Azərbaycan çempionu və kubokunun sahibi olan Aydan, cəmi bir ay əvvəl Gürcüstanın Batumi şəhərində keçirilən gənclərin Avropa birinciliyində mümkün 9 xaldan 7-ni toplayaraq bürünc medal qazanıb.

Həkim olmaq istəyindən...
Şahmata çox vaxt ayırması, çox vaxt xarici ölkələrdə səfərlərdə olması Aydana dərslərini oxumaqda mane olmur. Təhsil aldığı Bakı Avropa liseyində qiymətləri həmişə yaxşı olan şahmatçımız bununla valideynlərini çox sevindirir. Onun atası da, anası da həkimdir və qızlarının da onların yolunu getməsini istəyirlər. Təbii ki, şahmat karyerası da öz yerində. Aydan bilir ki, yaxşı həkim olmaq üçün yaxşı da oxumaq lazımdır. İngilis dilini mükəmmələ yaxın bilən Höccətova, tarixlə də çox yaxından maraqlanır. Ancaq istəkləri bununla bağlı deyil. Cəmi iki arzusu var: şahmat üzrə dünya çempionu və həkim olmaq.

...xəstəliyə qalib gəlməyə qədər gedən yol
Həkim demişkən... Başına gələn bir hadisə onu az qala öz sağlamlığından edəcəkdi. Ancaq o, bundan yararlanaraq ruhunu nümayiş etdirə bildi. Antalyadakı çempionatda 6 oyun oynayandan sonra verilən bir günlük fasilədə Aydan hovuzda çimmək qərarına gəlir. Amma bu istək ona baha başa gəlir. Çox pis xəstələnir, hərarəti qalxır, bədəni zəifləyir... Aşkar görünürdü ki, bu durumda, özü də bu kiçik yaşda uşaq şahmat oynaya bilməzdi. Ancaq Aydan bu fikirlə razılaşmır! Ayaq üstə güclə durmasına baxmayaraq, yarışına davam edir və fəxri kürsüyə qalxmağa nail olur. Həm xəstəliyə, həm də rəqiblərinə qalib gələn qızın bu hekayəsi onun necə mübariz, döyüşkən biri olduğunu göstərir.

Daima hücumda!
Oyun tərzi olaraq riski sevən Aydanın çox maraqlı statistikası var. İndiyə qədər keçirdiyi 354 rəsmi matçın cəmi 53-də, yəni 15 faizində heç-heçəyə razılaşan Höccətova “ya qələbə, ya heç nə” prinsipinə üstünlük verir. Oyunlara adətən start verdiyi “Siciliya müdafiəsi” də buna sübutdur. Bu debütün əsasında asimmetrik pozisiyaların yaradılması, kəskin taktiki mübarizəyə istiqamət durur. Yəni Aydanın şahmat taxtası üzərində baxımlı oyun nümayiş etdirməyi, izləyənlərin maraqlı və gərgin anlarla dolu matça şahidlik etməsinə imkan yaradır. Məşqçisi Cahangir Ağarəhimov da bunu təsdiqləyir: “Aydan mövqe döyüşünü sevmir. Onu müxtəlif kombinasiyalar, taktiki gedişlər daha çox maraqlandırır. Rəngarənglik etmək, şahmatın gözəlliklərini nümayiş etdirmək onun xoşuna gəlir. Mən də bir məşqçi kimi bunu rəğbətlə qarşılayıram. Onun döyüşkənliyi, mübarizliyi mütəxəssislər tərəfindən də müsbət qəbul edilir. Höccətovanın çox böyük perspektivi var”. Bir şey dəqiqdir: siz Aydanın partiyasını izləyirsinizsə, darıxmayacaqsınız. Yarım xal üçün edilən gedişlər onluq deyil. Ötən ay Batumidəki yarışda keçirdiyi 9 oyunun heç birində heç-heçə etməyən Höccətova bürünc medalı məhz bunun hesabına qazanıb desək, yanılmarıq.

Portreti
Əzmkar, inadkar, mübariz, döyüşkən... Yəqin bu sözləri eşidəndə gözünüzün qarşısına ilk olaraq təcrübəli, yaşı çox olan böyük bir adam gəlir. Ancaq bu sözlər 15 yaşlı qız üçün deyilib. Bu yaşda 40-a yaxın beynəlxalq turnirdə iştirak edən, dünya və Avropa çempionatlarında uğurlar qazanan, fiqurlara yuxarıdan-aşağı baxıb növbəti gedişini yox, qələbə strategiyasını düşünən gənc şahmatçını hələ böyük çempionluqlar gözləyir. O, balaca, eyni zamanda böyükdür. İddiaçı, eyni zamanda çempiondur. O, kiçik yaşlı, eyni zamanda böyük təcrübəli biridir. O, diqqətli, eyni zamanda simasından təbəssümü əskik olmayan biridir. O döyüşkən, eyni zamanda zərif biridir. Əsl Azərbaycan qızı kimi...

Kənan Məstəliyev

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946