• cümə, 29 Mart, 13:46
  • Baku Bakı 14°C

Şahmatımızın xanım vəziri - Portret

09.10.14 12:06 5362
Şahmatımızın xanım vəziri - Portret
Azərbaycanda həmişə böyük hörmətlə yanaşılan, diqqətlə izlənilən idman növləri içərisində şahmat öncüllər sırasındadır. Bu oyunla bağlı ölkəmiz ərazisində ilk məlumatlar 1500 il əvvələ gedib çıxır. Adətən saray əhlinin, şahların, onların övladlarının böyük həvəslə oynadığı, elitar əyləncə hesab olunan şahmat günümüzə qədər gəlib çıxmış, sıravi vətəndaşların da sevimli oyununa çevrilmişdir. Bu səbəbdən də Azərbaycan şahmatının hazırda dünyanın ən güclüləri sırasında olması təsadüfi deyildir. Təxminən bir həftədən sonra Hindistanın Pune şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatı keçiriləcək. Bu çox vacib yarışda Azərbaycanı kişilərlə yanaşı, qadın yığmamız da təmsil edəcək. Maraqlıdır, zərif cinsin nümayəndələri arasında ən gənci hansıdır? Axtardığımız, cavab tapmaq istədiyimiz sualın cavabı belə oldu: Səbinə İbrahimova. Yazımızın budəfəki qəhrəmanı kimi məhz onu seçdik və heç də yanılmadıq.
Layiqli davamçı
Hələ iki əsr əvvəl Aleksandr Düma Qarabağ xanının qızı, şairə Xurşudbanu Natəvanın böyük intellektə sahib olduğunu, eyni zamanda çox gözəl şahmat oynadığını yazırdı. Min il əvvəl yaşamış məşhur saray şairəsi, rübaiçi Məhsəti Gəncəvi isə tarixə Azərbaycanın ilk şahmatçı qadını kimi düşüb. Gənc Səbinəni də qiyabi də olsa, məhz onun davamçısı hesab etmək olar. 1995-ci ildə Gəncədə anadan olan qızımız, həm tanınmış həmyerlisi olan şairənin, həm də yaxın tariximizdə iz qoymuş Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Türkan və Zeynəb Məmmədyarova bacıları kimi Azərbaycan qadın şahmat məktəbinin ulduz üzvlərinin yolunu davam etdirib.
Anasından keçən həvəs
Maraqlıdır ki, Səbinənin şahmata həvəsi anasından keçib. Uşaqlıqda həmişə onun yanında dayanan, diqqətlə izləyən balaca üçün hər şey çox sadə gəlirdi. “Nə var ki, burda? Fiqurları burdan-ora, ordan da bura yerit, qurtardı getdi” düşünürdü. Ancaq 7 yaşına çatanda hər şeyin belə olmadığını anlamağa başladı. İbrahimova hər keçən oyundan sonra bir neçə gediş sonranı hesablamağın, edilən hər gedişin məsuliyyətini anlamağın çox çətin olduğuna şahidlik edirdi. Öyrənmə qabiliyyəti güclü olması isə köməyinə gəlirdi. Tezliklə, yaşıdlarını arxada qoyan və ilk Azərbaycan çempionatında gümüş medala sahib çıxan Səbinənin oyunu mütəxəssislərin gözündən yayınmadı. Artıq qadın şahmatımızın daha bir layiqli nümayəndəsi parlamağa başlamışdı.
Qələbələrinin sayı çoxdur
Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kursunda oxuyan İbrahimovanın cəmi 19 yaşı var. Titulları isə yetərincədir. O, müxtəlif yaş qrupları üzrə dörd qat Azərbaycan çempionu (2007, 2010, 2012, 2013), Yeniyetmələr arasında Avropa çempionatının gümüş və bürünc medalçısı, Gənclər arasında dünya çempionatının bürünc mükafatçısı, nüfuzlu “Moskou Open” turnirinin qalibi, bir çox digər böyük turnirlərin iştirakçısı və mükafatçısı, beynəlxalq dərəcəli qrossmeysterdir. Yaşının az olmasına baxmayaraq, ölkəmizin qadınlardan ibarət yığmasınən əsas və dəyişməz üzvlərindəndir. Hindistandakı dünya çempionatında da ona edilən ümidlər böyükdür.
Qarışıq oyun tərzi
Rapid, blits və klassik şahmatda gücünü sınayan Səbinə sonuncusunda daha çox uğur qazanıb. Oyunun özünə gəldikdə isə, şahmatda müdafiə tərzləri və növləri olduğunu qeyd edək. Adətən şahmatçı ya aktiv, ya da passiv qorunmanı seçir, növ olaraq isə məsələn, ya Siciliya, ya Slavyan müdafiəsi, ya da başqasına üstünlük verir. Təbii ki, bu, konkret idmançının seçimidir və biz sıravi həvəskarlar üçün çox çətin anlaşılan məqamdır. Bircə onu deyə bilərik ki, Səbinə tərz olaraq aqressiv şahmatçıdır. Yalnız ilkin mərhələdə şahı azacıq qorumaya alan kimi hücuma keçir və qələbəni müdafiə olunmaqdansa, irəli xətdə qazanmağı xoşlayır. Ağ fiqurlarla qaralara nisbətən daha yaxşı oynayır. Ümumi beynəlxalq karyerası statistikasına nəzər yetirəndə bunu asanlıqla görmək olur. Səbinə ağ fiqurlarla keçirdiyi 272 matçdan 130-da qələbə qazanıb, 49-da bərabərə qalıb, 83-də isə məğlub olub. Qara firqularda isə bu rəqəmlər müvafiq olaraq 286 matçda 119 qələbə, 53 heç-heçə, 93 yenilgidir. İbrahimova adətən start gedişlərində sadə qalaqurmanı edir. Ən böyük ümidlərini isə vəzirə bağlayır. Fiqur çoxşaxəli, bütün istiqamətlərə hərəkət etmək imkanına malik olduğundan, İbrahimova bundan maksimum yararlanmağa çalışır. Bəzi partiyalarda hücuma həddən artıq aludə olması məğlubiyyətinə gətirib-çıxarsa da, o, inadından dönmür. Səbinə hesab edir ki, qələbəyə ən yaxın yol məhz hücumdur. Bunun əksini iddia edənlər də çoxdur, tərəfdarı olanlar da. İndiyə qədər qazandığını nəticələrə baxsaq, tərəzinin ona tərəf olan gözü bir qədər ağır gəlir. Şəxsi reytinqinin yalnız yüksələn xətlə inkişaf etməsi də buna sübutdur.
Özü şahmat haqqında
İbrahimovanın şahmat fəlsəfəsini öz dilindən eşitmək maraqlıdır: “Deyirlər ki, “bir qədər məqsədyönlülük, bir qədər əmək, bir qədər də təcrübə qələbəni gətirir”. Razı deyiləm. Bəzən nə qədər çalışsan da, oyun alınmır. Axı fiziki hazırlıq, mənəvi köklənmə də vacib faktordur. Oyun 5-6 saat, bəzən daha çox çəkir. Kimin əsəblərinin möhkəm olması, kimin daha dözümlü olması böyük əhəmiyyət kəsb edir. İntellektual rəqabət incə məsələdir. Məğlubiyyətdən dərs çıxarmaq, öz səhvlərini anlamaq, rəqibin güclü tərəflərindən maksimum səmərə əldə etmək, öyrənmək gərəkdir. Belədə qarşındakının qələbələri sənin üstünlüyünə çevrilə bilər. “Kişi şahmatı”nı xoşlayıram. Kişi rəqibdən öyrəniləsi çox şey var. Qadınlar partiyanın gözəlliyinə, kişilər isə oyunun özünün prinsipləri və qələbə strategiyasına daha çox aludə olurlar”.
Portreti
O, şahmatçıdır. Daima diqqətli, fikirləri stol üzərindəki fiqurların düzülüşünə, onların “hədəfə birinci çatması” üçün ediləcək gedişlərə yönəlmiş biridir. Uzun müddət belə olmaq insanın həm xarici, həm də daxilinə öz təsiri göstərir, sakit və təmkinli olmağa öyrəşdirir. Şahmatçılar futbolçular kimi çılğın olmurlar, qələbələrini də çox sadə qeyd edirlər. Ona görə də biz onların gülərüz şəkillərinə az rast gəlirik. Səbinə belə deyil. Əksər fotolarında onu yarış taxtası arxasında, böyük gözləri ilə bir nöqtəyə yönələn, dərin fikrə gedən görsək də, real həyat başqadır. O, şahmatçı olsa da, qadındır. Qadınlar isə hamımızın sevinc və enerji mənbəyidir. Səbinə də portretindən bizə rahatlıqla gülümsəyir. Axı cəmi 19 yaşı var. Böyük təcrübəyə malik olsa da, həyat onun üçün hələ yeni başlayıb.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər