• çərşənbə, 24 Aprel, 05:32
  • Baku Bakı 14°C

ŞAHLIQ VƏ AŞİQLİK

22.02.16 10:09 3950
ŞAHLIQ VƏ AŞİQLİK
“Xosrov və Şirin” poemasından başlayaraq Nizami yaradıcılığında insan problemi yeni mərhələyə qədəm qoyur. Burada insan konsepsiyası öz obrazlı ifadəsini tapır. Əgər “Sirlər xəzinəsi”ndə insanın ayrı-ayrı mənəvi-ruhi xüsusiyyətləri araşdırılırdısa, “Xosrov və Şirin”də bütöv və ziddiyyətli insan obrazı yaradılır, problemin konkret xarakterlər vasitəsilə (Xosrov, Şirin, Fərhad) həllinə səy göstərilir. Bu haqda Y.Bertels yazırdı ki, Nizami “Sirlər xəzinəsi”ndəki “fəlsəfi görüşlərin ifadəsindən imtina edərək”, öz ikinci poemasında “fikirlərin bədii obrazlar şəklində ifadə olunmasına” üstünlük vermişdir. Deməli, şair ikinci poemasından etibarən insan fəlsəfəsinin estetik mövqedən araşdırılmasına səy göstərmişdir ki, bu da Renessans ədəbiyyatı üçün xarakterik haldır. Nizami özünü əsl Renessans şairi kimi məhz “Xosrov və Şirin” poemasında göstərmişdir.
“Xosrov və Şirin”də eşq əsas insani keyfiyyət və əsas estetik dəyər, təbii və ruhi gözəlliyin harmoniyası kimi ön plana çəkilir. Ehtirasların üstünlük təşkil etdiyi Xosrov və Şirin eşqində insani həvəslərlə yanaşı, ilahi eşqin sədası və ali bir harmoniya həsrəti də duyulur. Lakin bu harmoniya tez-tez pozulur və nəhayət, əsərin sonunda ruhi gözəllik fiziki gözəlliyə üstün gəlir. Xosrov və Şirin, Fərhad və Şirin münasibətlərində öz bədii əksini tapan eşq problemi həm də müəllif nöqteyi-nəzərindən fəlsəfi ricətlər şəklində açıqlanır. Öz qəhrəmanlarını sırf insani münasibətlərdə göstərmək üçün şair onları məhəbbət aləmində təsvir edir. Əlbəttə, bunun dini dünyagörüşə zidd olan bir addım olduğunu şair çox gözəl dərk edirdi. Lakin Nizami eşqə, həyati məsələlərə üstünlük verməklə Orta əsr dini təfəkkürlə yanaşı, Renessans estetik təfəkkürünə də lazımı yer ayırır və bununla da ənənəvi dini mövzudan kənara çıxaraq sırf həyati, estetik mövzuya müraciət edir. R.Azadə bu haqda haqlı olaraq belə yazır: “Nizami sənətindəki məhəbbət təbii insani ehtiyacın ali mənəvi təkamül forması kimi qəbul edilməlidir. Əzəmi məhəbbət burada aparıcıdır. O, adi, səthi məişət anlayışından çox uzaqdır. Orada “Allaha qovuşmaq”, “Allahda ərimək” anları da yoxdur”. Orta əsr təfəkküründən Renessans təfəkkürünə keçid Nizaminin aşağıdakı ricətində öz əksini tapmışdır: Allahı tanıyan yeganə dostu şairin yanına gəlib onu məzəmmət edir, dini mövzudan uzaqlaşdığı üçün onu danlayır, “murdar sümüklə orucunu açma” deyir.
Tək Allahın qapısını çal, şöhrətin artsın
Atəşpərəstlərin adətini nə üçün təzələyirsən?

Şair öz dostuna cavab olaraq “Xosrov və Şirin”dən bir neçə beyt oxuyur. Dostu Nizami şeiriyyətinin təsiri altında öz fikirlərindən dönür, şairin haqlı olduğunu etiraf edir.
Yüz üzrlə dedi: “Sənin qulunam,
Dilim yalnız adının tərifini deyəcək.
Şirinin dastanını eşitdikdə,
Şirinlikdən dilimi uddum.
Belə sehrkarlığı sən edə bilərsən,
Bir bütdən bir Kəbəni sən düzəldərsən.
Bu yolu ki, sən açmısan, sona çatdır,
Əsasını qoymusan, tamamla” (52).

Göründüyü kimi, eşqdən, insani hislərdən bəhs etmək dini mövzuya xilaf çıxmaq cəhdi kimi qiymətləndirilir. “Xosrov və Şirin”də Nizami hislər dünyasını, eşq münasibətlərini tərənnüm etməklə, həqiqətən də, ilahi mövzudan kənara çıxmış, “bir bütdən bir Kəbə düzəltmişdir”. Onu bir şair kimi insan və insani hislər daha çox cəlb etmişdir. Lakin bu heç də Allahı unutmaq və ateist mövqeyə keçmək demək deyildir. Sadəcə olaraq, dini mövzu ilə yanaşı, həyati mövzunun da, Allahla yanaşı insanın da haqqını təsdiq etməkdir. Dini təfəkkür burada təsvir obyekti və əsas mövzu olmasa da, metodoloji əsas kimi qalmaqdadır. Məhz ona görə də eşqi yüksək poetik vüsətlə tərənnüm edən şair onun faciəvi mahiyyətini və insanı Allahdan təcrid etdiyini də unutmur, əsərin sonunda öz sevimli qəhrəmanlarının faciəsini göstərir. Bununla da şair öz dini mövqeyinə sadiq qaldığını bir daha təsdiq edir. Sədaqətli bir müsəlman kimi Nizami Allaha olan eşqi qadına məhəbbətdən üstün tutur. Lakin bir şair və bir gözəllik pərəstişkarı kimi o, öz yaradıcılığında qadına məhəbbəti yüksək zövqlə tərənnüm edir. Renessans şairi üçün bu təbii bir hal sayılmalıdır. İlahi dəyərlər ali və müqəddəsdir. Bununla yanaşı, insani dəyərlər də gözəldir və bu səbəbdən də bədii təhkiyə predmeti olmağa layiqdir.
Yuxarıda qeyd etdiyimiz və buradan bir daha göründüyü kimi, Renessans şairi üçün həyata estetik münasibət dini münasibətlə yanaşı durur. Nizami də başqa Renessans şairləri kimi Allahla insan arasında dayanmış və insana Allahı sevdirməklə yanaşı, Allaha da insanı sevdirmək istəyir. Şair “könül alan Şirinin şirin ədasını” poetik mövzu, insani dəyər kimi tərənnüm edir. Bununla da eşq mövzusu ilə dini mövzunun rəqabəti yaranır. İnsan heç kimi və heç nəyi Tanrıdan çox sevməməlidir. Nizami də Allahı dünyada hər şeydən çox sevir. Lakin bununla yanaşı o, “bir bütdən bir Kəbə düzəldir”, yəni qadını səcdəgaha çevirir.
“Xosrov və Şirin” eşq haqqında yüksək poetik və dərin fəlsəfi düşüncələrdir. S. Vurğunun qeyd etdiyi kimi, “poemada əsas surət nə Xosrov, nə də Şirin deyil, məhz məhəbbətdir”.
Sonra S.Vurğun yazır: “Nizami təfəkküründə eşq adi insan məhəbbətindən qat-qat geniş və güclüdür”. Həqiqətən də, Nizami poetikasında eşq bütün mövcudiyyatı əhatə edən ilahi bir qüvvə kimi təsvir olunur. Fələkləri hərəkətə gətirən cazibə qüvvəsi də, maqnitin dəmiri və kəhrəbanın saman çöpünü özünə çəkməsi də, Məcnunun və Leylinin bir-birini sevməsi də o əzəli və ilahi eşqin təzahürləridir. Eşqə mübtəla olmaq insanın bu ilahi qüvvənin təsiri altına düşməsidir. Eşq bir damla kimi insan qəlbinə daxil olur və bir ümman kimi onu öz ənginliklərində qərq edir. Ona görə də eşqin girdabından azad olmaq mümkün olmur. O səbəbdən də nə Şirin vəfasız Xosrova olan eşqindən, nə də Xosrov Şirinə olan məhəbbətindən xilas ola bilmirlər.
Beləliklə, Nizami fəlsəfəsində eşq ilahi ruhun maddi varlıqdakı və o cümlədən, insan qəlbindəki ifadəsidir. Eşq kainatla Allahın, insanla Tanrının əbədi əlaqəsidir. Eşq xilqətin Xaliqlə söhbətidir. Eşqi öz qəlbində yaşadanlar ruhən ilahi hikməti duymuş insanlardır. Eşqin şirinliyi də məhz insanın bu ruhi yüksəlişindədir. “Xosrov və Şirin”də eşq mehraba bənzədilir: “Fələyin eşqdən başqa bir mehrabı yoxdur” (49). Mehrab məscidin divarında qibləni göstərən işarədir. Bu işarə bir növ məscidi Kəbəylə birləşdirir və beləliklə də, adi bir bina Allah evinə çevrilir. Eşq dünyanın mehrabıdırsa, deməli, o, maddi aləmi ilahi varlıqda birləşdirir. Dünyanın Allahla əlaqəsini yaradan yalnız eşqdir. Ona görə də eşqsiz Allahı dərk etmək mümkün deyil. Aşiqin məşuqəyə olan eşqi də bir növ insanın Allaha olan eşqinin özgələşmiş, hələ öz obyektini tapmamış formasıdır. Eşqin səadəti də, faciəsi də elə bundadır.
Nizaminin təsvir etdiyi eşqdə həm sevinc, həm də kədər; həm nəşə, həm də ələm; həm səadət, həm də faciə vardır. Eşq insan qəlbində əbədi ruhla ötəri vücudun mübarizəsidir. Bu mübarizədəki nəşə ruhi saflaşmadan, ruhun təntənəsindədir. Ələm isə bəsit ehtirasların və həvəslərin inkarındadır. Eşqdə insan sanki ruhi cərrahiyyəyə məruz qalır: ağrılar və işgəncələri rahatlıq və ruhi təzələnmə əvəz edir. Eşq nə sevincdir, nə də kədər. Eşq həm sevincdir, həm də kədər. Eşq insanın ruhaniləşmək iqtidarıdır. Nizami yaradıcılığının ana xəttini təşkil edən kamil insan axtarışları ruhi kamilləşmə və ruhun bəsit vücud üzərində qələbəsi məsələləri ilə bağlıdır.
İnsanın nəşə və həvəs tələbləri təbii ehtiyacdan yaranmaqla yanaşı özünüsevərlik (eqoizm) psixologiyası ilə də bağlıdır. Nizami insanı daim sevincə və nəşəyə dəvət etsə də, bu təbii həvəsləri mütləqləşdirmir. O, nəşədə kədəri unutmamağı tövsiyə edir. Gərəkdir ki, ağzın güləndə, gözlərin ağlasın. Hər sevincdə bir kədər gümanı, hər kədərdə isə bir sevinc ümidi gizlənir. Kədərsiz sevinc elə kədərlini sevindirməkdir.
Xoş iqbaldan güldüyün vaxt
Bir yoxsulu bir şey verməklə güldür.
Göyün günəşini görürsənmi,
Onun üçün gülür ki, dünyanı güldürsün (54).

Başqalarına sevinc bəxş edən səadət əsil səadətdir. Kədərlilərin mövcud olduğu dünyada başqa cür tam səadətə çatmaq mümkün deyil.
Xosrovun eşqi, nəşəsi, şövkəti özünüsevərlik mənəviyyatı üzərində qurulmuşdur. O, özü sevinəndə dünyanı sevindirə bilmir. Onun nəşəsi kiməsə kədər, onun səadəti kiməsə fəlakət gətirir. Xosrovun səadəti daim qurbanlar tələb edir və o, bu qurbanları verməkdən çəkinmir. Onun həqiqətən sevdiyi Şirin də bir məqamda şahlıq mənsəbinə qurban verilir. Ona görə də Xosrovun səadəti həmişə yarımçıq olur. O, əsl səadətə o zaman çatır ki, sevgilisi Şirinin yolunda taxt-tacı da, özünü də qurban verir.
“Xosrov və Şirin” mistikadan və tərkidünyalıqdan uzaq bir əsərdir. O, həyatı nəşələr və eşq haqqında “həvəsnamədir” (48). Onun bədii dəyəri də, ziddiyyətləri də elə bundadır. Xosrovun eşqində bir həvəs qarışığı vardır. Burada eşqin deyil, Xosrov xarakterinin ziddiyyətlərindən söhbət getməlidir. Nəticə etibari ilə Xosrov öz eşqinə yox, eşq onun özünə qalib gəlir.
“Xosrov və Şirin”də insani dəyərlər insani qüsurlar ilə yanaşı təsvir olunur. Xosrovun özü bu mürəkkəbliyin və bu ziddiyyətlərin daşıyıcısı kimi çıxış edir. Burada insan İlahidən və dindən təcrid olunmuş şəkildə və sırf estetik mövqedən təsvir olunur. Bəlkə elə ona görə də “Xosrov və Şirin” Nizaminin ən poetik və bədii cəhətdən ən kamil əsəridir. Burada ağırlıq mərkəzi fəlsəfi ideyanın üzərinə deyil, məhz bədii məzmunun üzərinə düşür. Dini, fəlsəfi, əxlaqi problemlər isə pərdə arxasına keçirilir.
Xosrov xarakteri, hər şeydən əvvəl, öz həyatiliyi, ziddiyyətliliyi, reallığı ilə seçilir. O nə ideal aşiqdir, nə də ideal şah. İlk baxışdan o heç Şirinin eşqinə layiq də deyil. Fərhad kimi aşiqi olan Şirinin Xosrov kimi vəfasıza sadiq qalması hətta təəccüb doğurur. M.Y.Quluzadə yazır ki, Şirin özü kimi və ya Fərhad kimi bir adamı sevsəydi, “bu qədər iztirablara düçar olmazdı”.
Bu həqiqətən də belədir. Lakin unutmaq olmaz ki, Nizami Gəncəvinin təsvir etdiyi eşq fərdin iradəsindən asılı olan adi bir məhəbbət macərası deyil, aqibət işidir, alın yazısıdır, ilahi iradənin hökmüdür. Ona görə də Xosrov nə qədər vəfasızlıq, dönüklük göstərsə də, Şirini atıb Məryəmlə və Şəkərlə evlənsə də, axırda yenə də Şirinin yanına qayıdır, onun eşqinə tapınır. “Xosrov və Şirin” poetikasının tələbinə görə Şirin kimi vəfalı və eşqdə sabit olan bir məşuqənin sevgilisi Xosrov kimi eşqdə qeyri-sabit, dönük, bəzən də insafsız bir kəs olmalıdır ki, eşq sınağa çəkilə bilsin. Burada şairin əsas məramı nə Xosrov qüsurlarının tənqidi, nə də Şirin məziyyətlərinin vəsfidir. Şairin əsas məqsədi eşqin dönməzliyi, onun qaçılmaz tale olması ideyasının təsdiqidir. Eşqin hökmü hərdən-hərdən özünü haqqın hökmü kimi göstərir və ipə-sapa yatmayan Xosrov Şirin eşqinə ram olur. Eşq İlahi bir qüvvə kimi Xosrovun ötəri həvəs və ehtiraslarına üstün gəlir. Ona görə də Xosrovun əsərin sonundaki kəskin dəyişməsi, taxt-tacdan əl çəkib Şirinə qovuşması, Y.Bertelsin dediyi kimi, onun “Şirinin təsirilə” “öz qüsurlarından qurtarması və əsl qəhrəman səviyyəsinə yaxınlaşması” kimi deyil, eşqin qələbəsi kimi başa düşülməlidir. Yəni burada əsas məqsəd didaktika və Xosrovun tərbiyəsi deyil, əksinə, Xosrovun eşq deyilən İlahi qüvvədən yaxa qurtara bilməməsi, eşqin hökmü və aşiqin eşqə məhkumluğu məsələsidir.
Ona görə də Şirinin Xosrov kimi bir adamı son dərəcə sədaqətlə sevməsində heç bir bədii, psixoloji yanlışlıq yoxdur. Burada Şirin tərəfindən səhv hərəkət və hissə qapılmaq vəziyyəti də yoxdur. Çünki Şirin öz eşqini yox, eşq onu seçmişdir. O, ilahi eşqə layiq görülmüşdür. Eşq ümmanına düşənin ondan yaxa qurtarmağa çalışması inandırıcı olmazdı. Bu səbəbdən də o, Xosrovun eşqini öz qəlbindən çıxarıb ata bilmir, daha dəqiq deyilsə, Şirin düşdüyü eşqin girdabından qurtara bilmir. Təsadüfi deyil ki, Xosrov da, Şirin də, Fərhad da öz sevdiklərinin üzünü belə görmədən ona aşiq olurlar. Əgər Şirinin bəxtinə Xosrovu sevmək nəsibi düşübsə, deməli, bu əbədi məhəbbətdir və bu yolda Xosrovun şəxsi qüsurları və səhvləri onu axıracan sevməyə mane ola bilməz. Axı Şirin Xosrovun məziyyətlərini yox, onun özünü olduğu kimi sevir. Sevmək bu rada seçmək deyil, bəlkə də seçilmək deməkdir. Tale eşq üçün Şirini seçmişdir və onun bu taledən yaxa qurtara bilməsi mümkün deyil.
Bununla da Nizami eşqin uca adını bir daha uca tutur və əsərin sonunda eşqin bütün ötəri hislərə qalib gəldiyini göstərir. Eşqin əbədi qanunlarını pozan, bu yolda sapmalara yol verən kəs isə faciələrə məhkumdur, çünki o, mütləq iradənin əleyhinə getmiş olur.
Əsərin iki baş qəhrəmanı var – Xosrov və Şirin. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, əsərin əsas qəhrəmanı Şirindir. Bu fikrin tərəfdarları, əlbəttə, Şirinin daha müsbət, daha bütöv bir xarakter olmasına əsaslanırlar. Lakin müəllifin müsbət idealı həmişə əsərin baş qəhrəmanı olmur və buna dünya ədəbiyyatından istənilən qədər misal gətirmək olar. Hər iki qəhrəmanı müqayisə edib hansının müəllif üçün daha vacib olduğunu təyin etmək lazım gəlsə, əlbəttə üstünlük Xosrova verilməlidir. Nizaminin insan konsepsiyası məhz Xosrov obrazında ifadə olunmuşdur. İslam dünyasında sırf müsəlman təfəkkürlü bir şairin insan fəlsəfəsini qadın obrazı vasitəsilə açıqlaması məntiqi hal olmazdı. Elə Avropa xristian dünyasında da Orta əsr və Renessans dövrü ədəbiyyatda və həyatda qadın öz insanlıq səlahiyyətini və insanlıq hüququnu hələ tam mənada təsdiq edə bilməmişdi. Hətta XV əsrdə katolik kilsəsi öz gündəliyinə belə bir məsələ salmışdı: qadının ruhu var, yoxsa yox. Çox da uzun çəkməyən müzakirədən sonra belə bir qərar qəbul olunmuşdu ki, qadının ruhu yoxdur. Deməli, qadın tam səlahiyyətli insan sayıla bilməz. İslam dinində də qadın üçün böyük məhdudiyyətlər vardır. Belə olan halda Nizaminin qadını baş qəhrəman kimi götürməsi inandırıcı deyildir. Ona qalsa Fərhad Xosrovdan da, Şirindən də müsbət və əzəmətli şəxsiyyətdir. Lakin o, əsərin epizodik bir surətidir. Əsər isə Xosrovla başlanıb, Xosrovla da bitir. Poemanın aparıcı qüvvəsi və daha konseptual obrazı məhz Xosrovdur.
Xosrov obrazında Nizami özünün yaratmaq istədiyi insan fəlsəfəsinin adi, həyati mahiyyətini açıqlamaq istəyir, hislər və ehtiraslar, istək və həvəslər aləmini təsvir edir. Burada insan ruhi və ilahi varlıq kimi deyil, təbii bir varlıq kimi əks olunur. Xosrovun simasında Nizami dindən, Allahdan, mütləq ruhdan təcrid olunmuş özünüsevər bir şəxsiyyətin, mənsəbpərəst bir şahın, nəşəpərəst bir aşiqin mürəkkəb və ziddiyyətli xarakterini, keşməkeşli və faciəvi aqibətini təsvir edir, onun faciəsinin səbəblərini açıb göstərir. Əlbəttə, eşq Nizami poemasında ali bir hikmətin təzahürü kimi götürülsə də, burada təbii və insani bir dəyər kimi təsvir olunur. Söhbət Allaha məhəbbətdən deyil, qadına məhəbbətdən gedir və Xosrov eşqə hələ həvəs səviyyəsindən, ehtiras dərəcəsindən yüksəyə qalxa bilməmiş, deyək ki, Fərhad və ya Məcnun eşqi qədər ruhani vəziyyətə çatmamışdır. Aşiq olmaqdan başqa Xosrov həm də şahdır. Şahlıq da aşiqlik kimi subyektiv istəyin nəticəsi deyil, obyektiv aqibətin nəticəsidir, şəxsi istəkdən asılı olmayan bir vəziyyətdir. Nə şahlığı, nə də eşqi Xosrov öz istəyi və iradəsi ilə seçməmişdir. Hər iki halda aqibətin hökmü var. Ona görə də Xosrovun şəxsi iradəsi burada həlledici rol oynamır. Xosrovun gücü və iradəsi yalnız eşqin qanunlarını pozmağa çatır, lakin bu qanunları dəyişməyə, eşqdən yaxa qurtarmağa onun iqtidarı çatmır. Nizaminin qəhrəmanı şahlığı və ya eşqi seçməkdə deyil, olsa-olsa bu iki vəziyyətdə özünü necə aparmaqda müstəqil və azaddır. Burada şəxsiyyətin nisbi azadlığından söhbət gedə bilər. Renessans şəxsiyyətinin faciəsi elə ondadır ki, o özünü mütləq qüvvə kimi, öz istək və iradəsini həlledici amil kimi təsdiq etməyə çalışır, ilahi iradədən və qəzavü-qədərdən xilas olmaq istəyir. Xosrovun xarakteri bu iki vəziyyətdə – şahlıqda və eşqdə açıqlanır. Şahlıqla eşq bir-birini inkar edən əks vəziyyətlərdir və Xosrovun onlardan hansını seçəcəyindən çox şey asılıdır. Şahlıqla aşiqliyin bir araya sığmaması Xosrov xarakterinin ziddiyyətlərini və Xosrov aqibətinin mürəkkəbliyini təyin edir. “Xosrov və Şirin” poemasının süjet xəttinin əsasını Xosrovun şahlıq və eşq uğrunda ziddiyyətli mübarizəsi təşkil edir. Aşiqlik özünü unudub başqası üçün yanmaq deməkdir. Şahlıq isə hər şeydən əvvəl ali mənsəb sahibi olmaq deməkdir. Eşqdə insan özünü olduğundan aşağı səviyyədə, şahlıqda isə olduğundan çox-çox yüksək məqamda hiss edir. Aşiq bir məşuqənin qulu, şah isə bir ölkənin ağası deməkdir. Aşiqlik özünü, şahlıq isə başqalarını qurban verməyi tələb edir. Aşiqlik təmənnasızlıqdır, şahlıq isə böyük təmənnadır. Aşiq öz məşuqəsinə İlahi qədər səcdə edir, şah isə az qala, özü allahlıq iddiasına düşür, onun qarşısında səcdə edirlər. Bu iki əks mənəvi dəyərlərə münasibət Xosrovun xarakterini və həyat yolunu təyin etmiş olur. Aşiqlikdə Xosrov yarımçıqdır, ideal aşiq səviyyəsindən çox-çox aşağıdır. Onun Fərhadla görüşü bunu aydın göstərir. Xosrov aşiqdən çox məşuqdur, seviləndir. Onu hamı sevir: valideynləri də, dayələri də, dostları da, Şirin də. Xosrov dünyaya sanki sevilmək üçün gəlmişdir. Onun doğulması illər həsrətinin sona yetməsi kimi təsvir olunur. O həm gözəl, həm ağıllı, həm qüvvətli, həm cəsur, həm də mərifətli bir gənc kimi böyüyür. İnsana xas olan bütün müsbət məziyyətlər sanki Xosrov Pərviz şəxsiyyətində cəm olmuşdur. Nizami öz qəhrəmanını sanki ideal səviyyəsində görmək istəyir. Nizami Xosrovun simasında insan xilqətinin, insan təbiətinin gözəlliyini və möhtəşəmliyini göstərmək istəmişdir. Ona görə də Xosrov Pərvizin hər cür məhəbbət və hörmətə layiq gənc olması təəccüb doğurmamalıdır. Şair öz qəhrəmanını Şirinin ülvi məhəbbətinə layiq bir aşiq kimi görmək istərdi. Sonralar həyat ona Şirin kimi vəfalı dilbər, şahlıq taxtı kimi uca bir mənsəb, Barbəd kimi bir müğənni, Şəbdiz kimi bir at bəxş edəcəkdir. Bununla da Xosrov bəxtəvər bir məşuq, möhtəşəm bir şah kimi formalaşmış olacaqdır. Xosrov öz eşqinə də sonsuz bir nəşə kimi baxır. Lakin məhəbbət sırf nəşə deyil, həm də bir iztirabdır. Xosrov hələ bunu dərk edə bilmir. Şirini sevməsi ilə Xosrovun həyatında həyəcanlar, qayğılar və iztirablar dolu günlər başlanır ki, bu da onu adi saray həyatından, kübar vərdişlərindən, hətta vətəndən ayrı salıb keşməkeşli macəralara düçar edir.
Xosrovun narahat günləri başlanır. Eşq yolunda onun insanlıq mahiyyəti imtahana çəkilir: Xosrov eşqdə özünü təbii bir varlıq kimi təsdiq edir, lakin ruhi bir varlıq səviyyəsinə yüksələ bilmir. Xosrovun eşqi yerlərdə dolanır, göylərə qalxa bilmir. Ona görə də onun eşqi adi eşqdir, güclü ehtiras və tükənməz həvəsdir. Fərhadın eşqi isə, əksinə, sırf ruhi mahiyyət daşıyır və Xosrov eşqini kölgədə qoyur, onun adiliyini tam açıqlığı ilə göstərir. Bütün bunlara baxmayaraq Şirin yalnız Xosrovu sevir. Eşq kimi əzəli və İlahi bəlaya mübtəla olan Xosrov üçün şahlıq bir növ ötəri əngələ çevrilir. Eşq olan qəlbdə bütün istəklər yox olmalı ikən Xosrov qəlbində şahlıq həvəsi məhəbbət ehtirası ilə rəqabətə girir. Şahlıq Xosrova əsl aşiq olmağa mane olur. Eşq də onu əsl şah olmağa qoymur. Qəhrəmanın həyatında elə bir məqam yaranır ki, o, ya eşqi, ya da şahlığı seçməli olur. Daxili ziddiyyətlər və iztirablar başlanır. Xosrov mənən ikiləşir, şahlıqla aşiqlik arasında tərəddüd edir. Nizami tədqiqatçılarından X.H.Hüseynov haqlı olaraq qeyd edir ki, Xosrov “xarakterində şah və aşiq davamlı mübarizədə bir əkslik yaradır”. Nəticədə Xosrov eşqi şahlığa qurban verir. Şirini tərk edib Rum qeysərinin qızı Məryəmlə evlənir. Taxt-tacı qaytarsa da, Şirini itirir. Müqayisə üçün yada salaq ki, Məhin Banunun vəfatından sonra Şirin də şahlıq taxtına əyləşir. Lakin bir ildən sonra o, ölkəni nökərlərindən birinə tapşırıb, Mədainə yollanır və Qəsri-Şirində eşqin könüllü dustağına çevrilir. Şirin şahlıq səfasını çox asanlıqla eşq cəfasına qurban verir.Nizami Xosrovun xarakterindəki ziddiyyətləri və ikiləşməni bütün psixoloji dəqiqliyi ilə açıb göstərə bilmişdir. Şirini itirib taxt-taca çatan Xosrov öz vəziyyətindən acı-acı şikayətlənir, şahlıq taxtında əyləşmiş olsa da, özünü dünyanın ən bədbəxt adamı hesab edir.
Hərçənd ki, şahlığı və xəzinəsi var idi,
Sevgilisinin hicranı onu ağrıdırdı.
Gah ürəyinə deyirdi ki, ey ürək, nə istəyirsən?
Aşiqlik mülkünü, ya şahlığı?
Çünki eşq ilə məmləkət bir yerə sığmaz,
Bu ikisindən birini istəmək lazımdır.
Oyanan bəxtim ağ günə çatdısa da,
Dildarın bir tükü yüz belə şahlığa dəyər (146).
Düşmənin getməsi ilə xəzinəm artdısa,
Sevgilisiz olduğumdan dərdim artdı.
Nə ayağımdakı zənciri qırmaq olur,
Nə də bu zəncirlə uçmaq mümkündür.
Bircə adamın qəmi məni əldən saldı,
Çox adamın qəmini indi necə çəkmək olar?
Könlüm ona görə dağılmışdır ki, mən nursuzam,
Könlümdə birlik olmadığından əzab çəkirəm.
Ürəyim taxt-tacı tutmaq istəmir,
Könlümlə sərt olmaq istəmirəm (147).

Yarını itirdiyinə görə Xosrov peşmançılıq hissi keçirsə də, o, məmləkətsiz və taxt-tacsız da yaşaya bilməzdi.
Sonra(şah) öz üstünə qışqırıb hirslə dedi:
“Dövlətlə kahıllıq etmək olmaz.
Hökmranlıq varsa, bəxtim ram olar,
Onda canan da səninlə cam vurar” (148).

Eşqi də, şahlığı da Xosrov özü üçün arzulayır. Daxili ziddiyyətlərin kökü Xosrov özünüsevərliyindədir. Yalnız əsərin sonunda şahlıq yükündən azad olandan sonra Xosrov Şirini əsl məhəbbətlə sevməyə başlayır. Burada Nizami öz qəhrəmanını şahlıq zirvəsindən salıb eşq zirvəsinə yüksəldir. Xosrovun çata bildiyi ən yüksək zirvə də məhz eşq zirvəsi olur. Lakin bu zirvədə o, uzun müddət qərar tuta bilmir. Xosrov nə şahlıqda, nə də eşqdə ad çıxara bilmir, hər iki halda yarımçıq olur. O nə Şirinin, nə də məmləkətin dərdini axıracan çəkməyə hazır deyildi. Ona görə də Ənuşirəvan məmləkəti Şiruyə kimi bir naqisə qismət oldu. Məmləkətin bu böyük faciəsi Xosrovun səhvlərindən başladı. O nə fədakar aşiq, nə də fədakar şah ola bilmədi. Bu iki zirvəni – aşiqlik və şahlıq zirvələrini – Nizaminin sonrakı qəhrəmanları – müvafiq olaraq Məcnun və Bəhram – fəth edəcəklər. Bu iki zirvəyə yüksəlmək üçün, Nizaminin fikrincə, özündən əl çəkib özgə üçün yaşamağın hikmətini və şirinliyini duymağa qadir olan insanlar lazımdır. Xosrovun simasında Nizami adi, həyati, insani hislərin təbiiliyini və gözəlliyini, həyat və eşq nəşəsinin şirinliyini vəsf etməklə yanaşı, onların faciəsini də göstərir və bununla da ideal insan, ideal şəxsiyyət axtarışları üçün başqa səmtləri qeyd etmiş olur.
Kamil insan problemi bu əsərdə axıracan həll olunmur və Nizaminin insan idealı burada öz bədii mücəssəməsini tapa bilmir. Lakin kamillik idealına aparan yollar bir növ qeyd olunur. Xosrovun timsalında Nizami insanı bir çox ağır sınaqlardan keçirir, qəhrəmanın faciəsi ilə yanaşı, həm də onun öz qüsurları üzərində mənəvi qələbəsini göstərir. Şirinin eşqi Xosrov şəxsiyyətinin sınağıdır. Çox keşməkeşlərə, çaşqınlıqlara baxmayaraq Xosrov bu sınaqdan çıxa bilir və insanın uca adı, şərəfi təsdiqlənmiş olur. Şirinsiz Xosrovun təkamülü mümkün olmazdı.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər