• cümə, 29 Mart, 01:31
  • Baku Bakı 7°C

Azərbaycan Türkmənistandan qeyri-neft tranzitinin xeyli artacağını gözləyir

23.11.18 16:44 637
Azərbaycan Türkmənistandan qeyri-neft tranzitinin xeyli artacağını gözləyir
Noyabrın 23-də Bakı Biznes Mərkəzində iqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri ŞahinMustafayevin mətbuat konfransı keçirilib. Nazir ölkənin nəqliyyat-tranzit potensialı, Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri, bu sahədə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
Ş.Mustafayev deyib ki, nəqliyyat sahəsi, tranzit daşımaları qeyri-neft sektorunun aparıcı sahələrindəndir: "Azərbaycan Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün də mühüm işlər görülür, layihələr həyata keçirilir. Azərbaycan ərazisindən bir sıra- Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizləri keçir. Azərbaycandakı siyasi sabitlik və təhlükəsizlik, ölkəmizin beynəlxalq aləmdə formalaşmış etibarlı tərəfdaş imici, yerləşdiyi coğrafi mövqe, digər dəhlizlərlə müqayisədə məsafənin qısa olması və daşıma müddətinin azlığı bu dəhlizlərinin əsas üstünlükləridir. Dəhlizlərin inkişafı istiqamətində 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilinmayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması həyata keçirilir. Yalamadan-Astarayadək dəmir yolu yenidən qurulur, Astara çay üzərində körpü tikilib, digər terminal komplekslər yaradılır. Xəzər dənizində 270 gəmidən ibarət donanmamız var. Ölkə ərazisində 6 beynəlxalq hava limanı, müasir gəmiqayırma zavodu fəaliyyət göstərir, müasir avtomobil yolları tikilir. 2019-cu ildə gəmiqayırma zavodunda istehsal olunmuş 4 gəmi istismara buraxılacaq, daha 4 gəminin tikintisi üçün sifariş veriləcək. 2020-ci ildə Şimal sərhədindən Cənub sərhədinədək, 2021-ci ildə isə Bakıdan Batumiyədək müasir avtomobil yolları istifadəyə veriləcək. Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirir”.
Nazir vurğulayıb ki, Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən təcrid edib. Daha sonra Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası barədə də məlumat verən Ş.Mustafayev bildirilib ki, Azərbaycan dəhlizlərinin təşviqi istiqamətində də işlər aparır: "İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. 2019-cu ildə isə belə bir tədbir Hindistanda keçiriləcək.Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirə edilməsi məqsədi ilə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bu il Azərbaycana səfər edib. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin bu ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib”.
Nazir Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri zamanı imzalanmış sənədlərin əksəriyyətinin məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı olduğunu deyib. Belə ki, səfər çərçivəsində nəqliyyat-tranzit sahəsində 9 sənəd imzalanıb.
Nəqliyyat-tranzit sahəsi üzrə imzalanmış sənədlər Türkmənistan və Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüququ rejimini tənzimlədiyini deyən nazir qeyd edib ki, 2018-ci ilin 9 ayında Türkmənistandan keçməklə Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi 190 min ton olub: "Gələcəkdə bu yüklərin həcminin 10 dəfə artması üçün potensial var. Ümumiyyətlə, Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı hər iki ölkənin dövlət başçıları nəqliyyat-tranzit sahəsinin əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulayıblar”.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında yük daşıyıcıları üçün viza rejimi sadələşdiriləcək. Bu, Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanmış müvafiq sazişdə nəzərdə tutulub. O bildirib ki, hesabat dövründə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə tranzit yükdaşımaların həcmi 10 milyon ton təşkil edib. Bunun 8,4 milyon tonu neft və neft məhsullarının, təqribən iki milyon ton isə qeyri-neft məhsullarının tranzitinin payına düşür.
Nazirin sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisi ilə tranzit yükdaşımaların həcmi 23 faiz artıb. "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə yükdaşımalar isə 100 dəfə çoxalıb.
Nazir Gəncədən Gürcüstan sərhədinədək müasir standartlara cavab verən avtomobil yolunun tikintisinin başa çatacağı vaxtı da açıqlayıb: "Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol 2021-ci ildə hazır olacaq. Şimal istiqamətində ikinci yol 2020-cu ildə istifadəyə veriləcək. Beləliklə, şimal sərhədlərindən cənub sərhədlərinə kimi müasir A kateqoriyalı yol istifadədə olacaq”.
Ş. Mustafayev bildirib ki, Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Kəmər və Yol” təşəbbüsü ölkəmiz üçün əhəmiyyətlidir: "Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Kəmər və Yol” təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə maraq göstərir. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Çin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur”.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Günel Azadə

banner

Oxşar Xəbərlər