• şənbə, 27 Aprel, 00:01
  • Baku Bakı 14°C

Şahidlər: "Beynəlxalq Bankdan adımıza götürülən kreditlərin hara xərcləndiyindən xəbərimiz olmayıb"

29.08.16 17:40 1088
Şahidlər: "Beynəlxalq Bankdan adımıza götürülən kreditlərin hara xərcləndiyindən xəbərimiz olmayıb"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə "İnter Security" MMC-nin əməkdaşları ifadə veriblər.

Zaur Soltəliyev bildirib ki, şirkət rəhbərliyi tərəfindən bankın Nərimanov filialına göndərilib və adına götürülən kreditlə bağlı sənədlərə qol çəkib. Onun sözlərinə görə, qol çəkdiyi sənədlərin məzmunundan xəbərsiz olub.

Şirkətin digər əməkdaşı Namiq Quliyev qeyd edib ki, MMC-nin rəhbəri İbrahim Hüseynovun tapşırığı ilə Suraxanı filialına gedib və sənədlərə qol çəkib: "Mənim adıma kredit götürülməsindən sonradan xəbər tutmuşam".

Zaur Xəlilov isə ifadəsində qeyd edib ki, bankın Nəqliyyat filialından adına kredit götürülüb, o da sənədlərə qol çəkib.

Emin Abbasov isə bildirib ki, bankın Nəqliyyat filialından 5 milyon manat kredit götürüb və sənədə qol çəkib: "Bu pulun hara xərcləndiyindən xəbərimiz olmayıb. Biz yalnız sənədlərə qol çəkmişik. Adıma olan kredit isə tam ödənilib".

Sonra Beynəlxalq Bankın nümayəndəsi, zərərçəkmiş şəxs qismində Ağalar Ağaşirinov məhkəmə heyətinə arayış təqdim edərək, ittiham aktında qeyd olunan mənimsənilən 211 milyon manatın yalnız C. Hacıyevdən deyil, digər təqsirləndirilən şəxslərdən də tutulmasını istəyib.

O qeyd edib ki, 211 milyon manatın 94 milyonu Anar Sultanov, 45 milyon 813 min manatı İlqar Abdullayev, 16 milyonu Kənan Orucov, 6 milyonu Məmməd Cahangirov, 7 milyon 612 min manatı Azad Cavadov, 37 milyon 437 min manatı Yusif Ələkbərov, 39 milyon manatı isə İbrahim Hüseynov tərəfindən mənimsənilib.

Hakim isə qeyd edib ki, arayış cinayət işi materiallarına əlavə edilib və sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.

Prosesdə C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işi ilə əlaqədar zərərçəkmiş kimi iki tərəfin tanınması absurddur: "Kreditlərlə bağlı məsələlərin həlli üçün Beynəlxalq Bankın səlahiyyətləri 2015-ci ildə "Aqrar Kredit" QSC-yə verilib. Belə olan halda Beynəlxalq Bankın zərərçəkmiş tərəf kimi tanınması doğru deyil. Məhkəmədən xahiş edirik ki,Maliyyə Nazirliyi, Beynəlxalq Bank və "Aqrar Kredit" QSC tərəfindən imzalanmış müqavilənin surəti və problemli kreditlərlə bağlı sənədlərin surəti məhkəməyə təqdim edilsin".

Prosesdə Rasim Fətullayev şirkət rəhbərliyinin tapşırığı ilə adına 505 min dollar kredit götürüldüyünü deyib.

Digər şahid Rauf Şahbazov da ifadəsində deyib ki, şirkət əməkdaşlarından 10 nəfərin adına bankdan kredit götürülüb: "Bizə bildirdilər ki, həmin kreditlər Fındıq Emalı Zavodu üçün götürülüb".

Prokuror isə şahidə xatırladıb ki, hazırda onun adına bankda 107 min 800 manat kredit var. Şahid isə bundan xəbərsiz olduğunu deyib.

Əli Həsənovifadəsində bankdan kredit götürdüyünü təsdiqləyib. Prokuror isə onun adına hazırda 352 min dollar borc olduğunu deyib. O isə bundan istintaqa ifadə verən zaman xəbər tutduğunu deyib.

Proses avqustun 31-də davam etdiriləcək.
banner

Oxşar Xəbərlər