• cümə, 19 Aprel, 06:17
  • Baku Bakı 13°C

Sahibkarlıq və start-up fəaliyyəti

11.04.17 21:05 1576
Sahibkarlıq və start-up fəaliyyəti
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ötən illər 3500-dən çox tələbə dövlətimizin verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışır”. Təhsil Nazirliyinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə "Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda növbəti işgüzar panelində səslənən fikirlər bu sferada mövcud imkanlara və problemlərə nəzər salmaq üçün fürsət yaratdı.

Onlara böyük ümidlərlə baxırıq

Qeyd edildi ki, Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk işgüzar panel ötən ilin dekabr ayında ADA Universitetində keçirilib. ​
Tədbirin moderatoru, Təhsil Nazirliyi İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov görüşün məqsədindən danışaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, "start-up” və sahibkarlıq sahəsinin inkişafına dəstək, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin genişləndirilməsi və fikir mübadiləsinin aparılmasına şərait yaradılmasından ibarət olduğunu qeyd etdi.
Xaricdə təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin ölkəmizdə müxtəlif sahələrdə çalışdıqlarını bildirən təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd etdi ki, onlar təhsillərini başa çatdırdıqdan sonra ölkəyə qayıdaraq, müxtəlif sahələrdə, dövlət və özəl sektorda fəaliyyət göstərirlər: "Xaricdə təhsil alan yüzlərlə məzun hazırda ölkənin ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olur. Dövlət proqramı çərçivəsində gənclərin bir hissəsi hələ təhsillərini davam etdirirlər. Qarşıdakı 2 il ərzində dövlət proqramının məzunları təhsillərini başa çatdıracaq. Son illər ingilis dilində tədris olunan fənlərin və ixtisasların sayının artdığını nəzərə alsaq, xaricdə təhsil alan məzunların potensialından daha geniş istifadə etməliyik”.Nazir müavini həmin tələbələrin üstünlüyündən danışaraq, onların sahibkarlığın inkişaf etdiyi cəmiyyətlərdən faydalandıqlarını bildirdi: "Bizim ölkədə də onların təcrübəsindən faydalanmaq lazımdır. Əsas model yeni fikirli gənclərin potensialından, intellektual biliyindən istifadə etməkdir. Biz onlara böyük ümidlərlə baxırıq».


Cəmiyyətimiz bu hərəkata hazırdır

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məzunlarımızın xaricdə təhsil alaraq ölkəmizə qayıtmasını qara qızılın insan kapitalına çevrilməsinin nəticəsi kimi dəyərləndirdi: "Xarici ölkələrin təcrübəsinə baxsaq, insan kapitalının ən vacib məsələ olduğunu görərik. Hətta, təbii resursları olmayan ölkələrdə insan kapitalı hesabına böyük uğurlara nail olunub. Biz bu gün iqtisadi sahədə uğurlara imza atırıq. Ölkə başçısının iqtisadi islahatlar paketi bu sahədə atılan mühüm addımdır. Nəticədə, ölkə iqtisadiyyatı dünyada baş verən proseslərə dayanıqlılıq nümayiş etdirir. Sahibkarlığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın lokomotividir. Görülən işlər sahibkarlığın inkişafında, həm də gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsində mühüm addımdır”. S.Məmmədov bildirdi ki, xaricdə ali məktəbləri bitirib ölkəyə qayıdan məzunlar səfərbər olsalar, bu istiqamətdə mühüm nailiyyətlər qazanmaq olar: "Bəzən gənclər biznesə başlamaq üçün hansı şərtlərin lazım olduğunu bilmirlər. Ona görə də, onların təcrübələrdən yararlanmaları, ünsiyyət qurmaları çox vacibdir”.
İnsan intellektinin bütün süni intellektlərdən üstün olduğunu qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd etdi ki, nə qədər insan istedadı, qabiliyyəti olacaqsa, robotlar bizə qalib gələ bilməyəcəklər: «İnnovativliyin kökünü bu təşkil edir. Nə qədər ki, gənclər yeni məhsul yaratmaq istiqamətində qabiliyyətlərini ortaya qoyacaqlar, ölkə inkişaf edəcək. Xaricdə təhsil proqramı da bu istiqamətə yönəlib. Artıq ölkəmizdə xaricdə oxuyub gələn məzunların sahibkarlıq işi ilə məşğul olmalarına münbit şərait var. Start-uplar artıq yeni fəaliyyət sahəsi deyil. Cəmiyyətimiz bu hərəkata hazırdır. Bizim bu sahədə standartlar artıq beynəlxalq səviyyəyə çıxıb. Bir neçə start-up var ki, öz layihələrini satıblar. Xaricdə investisiya cəlb edən start-up layihələrimiz var. Start-upların əhatə dairəsi get-gedə genişlənir”. Uğurlu layihələrə qrantlar verildiyini deyən E.Vəlizadə ümumilikdə, 600-dən çox start-up layihəsi təqdim olunduğunu qeyd etdi: "Müsabiqənin nəticəsinə baxanda maraqlı rəqəmlər görmək mümkündür. Birinci müsabiqədə 150-dən çox layihə verildi. Ümumilikdə isə indiyə qədər fonda 600 start-up layihəsi təqdim olunub. Qiymətləndirmə mərhələlərini keçən 91 layihə müsabiqədə qalib olub. Qrant alan layihələrin içində 21 tələbənin də adı var. Xaricdə təhsil alan 7 tələbə layihə rəhbəri kimi qrant qazanıb. 14 layihə isə universitetlərdə mövcud olan biznes inkubatorlarında hazırlanıb. Bu, gənclərin marağının göstəricisidir».

Özümüzə inamı gücləndirməliyik

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi fondun fəaliyyətindən danışaraq bildirdi ki, bizim məqsədimiz verdiyimiz pulun dövlət büdcəsinə yenidən qaytarılması deyil: "Biz yalnız maliyyə hesabatını geri istəyirik. Əsas məqsədimiz gəncləri sosial aktivə çevirmək, vətəndaş kimi yetişdirmək, potensiallarını aşkar etməkdir». Ölkəmizdə start-up layihələrinin dünya ölkələrindən fərqli olduğunu bildirən F.Hacıyev bizim gənclərin daha çox informasiya texnologiyaları sahəsində layihələr həyata keçirdiyini qeyd etdi: «Təkcə informasiya və texnologiya sahəsində deyil, kənd təsərrüfatı və ya digər sahələrdə də start-up layihələrini həyata keçirmək mümkündür. Start-upların anlayışı düzgün təbliğ edilməlidir». İcraçı direktor bu sahədə maarifləndirmə işləri aparmaq üçün müəyyən tədbirlərin həyata keçirilməsini təklif etdi. F.Hacıyev həmçinin məhsulumuza inam məsələsinin vacib amil olduğunu qeyd etdi: «Biz özümüzə inamı gücləndirməliyik. Kiçik layihələr yaransa belə, onlara dəstək göstərməliyik. Bizim xaricdə təhsil alan intellektli gənclərə ehtiyacımız var».
Texnologiyaların və innovasiyaların işsizliyi aradan qaldırdığını deyən Dövlət proqramı məzunu və "GolvenPay” şirkətinin rəhbəri Fərid İsmayılzadə texnologiyaların inkişaf etdiyi ölkələrin təcrübəsindən nümunə gətirərək, orada işsizliyin ən aşağı səviyyədə olduğunu qeyd etdi: «Bu gün süni intellekt sürətlə inkişaf edir. Sahibkarlıq qloballaşıb. Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün bazar var. Kiçik bazarı burada yaradıb sonra onu inkişaf etdirərək, ölkədən kənara çıxarmaq mümkündür. Əgər layihələr qlobal deyilsə, o, kənara çıxmayacaq. Azərbaycanda fəaliyyət göstərməklə, qlobal layihələr həyata keçirmək mümkündür». F.İsmayılzadə bu sahədə problem kimi kadrların və çıxış imkanlarının olmamağını qeyd etdi: «Yaxşı kadrlar tapmaq çətindir. Həmçinin yaxşı olardı ki, bəzi şirkətlərə vergi güzəştləri olsun. Müəyyən fondların yaranması da lazımdır ki, layiqli layihələrə pul ayrılsın”.
Tədbirdə sahibkarlığın və start-up layihələrinin fəaliyyətinin inkişafı üçün müəyyən təkliflər səsləndi. Sahibkarlıq fəaliyyətinin ali məktəblərdə tədrisi, universitetlərdə fəaliyyət göstərən bu tip mərkəzlərin ünsiyyətinin yaradılması, texnoparkların universitetlərin nəzdində fəaliyyət göstərməsi və s. təkliflər maraqla qarşılandı. Məzunlar gənc sahibkarlıq və start-up fəaliyyətinin inkişafı və gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşularaq rəy və şərhlərini söylədilər. Tədbirdə həmçinin xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri, sahibkarlar arasında işgüzar görüşlər təşkil olundu.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər