AZE | RUS | ENG |


Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının nəticələri

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının nəticələri
Ekspertlər müddətin uzadılmasının tərəfdarıdırlar

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması növbəti müddətə artırıla bilər.  "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib. Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.  
 
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər zamanı onlara ətraflı məlumat verilib və həyata keçirilən islahatlar, o cümlədən yoxlamaların 2 il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilib. Göstərilənləri nəzərə alaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb.

Bu müddət ərzində yoxlamaların qadağaların tətbiqi sahibkarlığın inkişafına nə kimi müsbət töhfələr verib? Yoxlamaların dayandırılmasının müddətinin uzadılmasına ehtiyac varmı? 
 
 

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə verdiyi açıqlamada bəzi məqamlara toxundu: "Prezidentin bu barədə sərəncamı hələlik qüvvədədir. Yoxlamalar hələ ki, dayandırılıb. Əlbəttə, bu yoxlamaların  sahibkarlara dəstək baxımından müsbət tərəfləri çoxdur. Amma bəzi məqamlarda müəyyən problemlərə də yol açır. Xüsusilə, son dövrlərdə qadağaların olmaması ilə əlaqədar olaraq, qida məhsulları ilə əlaqədar problemlər yaranmaqdadır. Küçələrdə satılan müxtəlif qida vasitələri var. Son zamanlar qida məhsulları ilə bağlı zəhərlənmə hadisələrinin  sayının artması da məhz bundan xəbər verir. Qidada müəyyən problemlərin olduğunu heç kim inkar etmir. Ona görə də, müəyyən mənada,  bu yoxlamaların yenidən bərpa edilməsi mümkündür. Amma bu yoxlamalar ümumilikdə sahibkarların işinə mane olmamalıdır. Sahibkar başa düşməlidir ki, onun istehsal etdiyi məhsul yüksək keyfiyyətli olmalıdır. Yəqin ki, bu məsələlərə ayrıca diqqət yetiriləcək. Çünki bu problemlər gündəmdədir. Ola bilsin ki, prezident özü də bu barədə qərar versin. Yoxlamalara qoyulan qadağaların ləğvi faktiki olaraq sahibkarlar üçün əlverişli oldu. Çünki bu müddətdə heç bir yoxlama aparılmadı. Sahibkarlar bütün növ yoxlamalardan azad oldu və onlara qarşı olan təzyiqlər aradan götürüldü. Hesab edirəm ki, bu addım sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Bu fakt, hətta özünü statistik göstəricilərdə də əks etdirir. Amma elə yoxlamalar var ki, onları ləğv etmək olmaz. Məsələn, vergi yoxlamaları buna aiddir.  Çünki bu, birbaşa dövlət büdcəsi ilə əlaqədardır. Digər yoxlamaların keçirilməməyinin müsbət tərəfləri çox oldu və düşünürəm ki, bu müddət yenidən uzadıla bilər”.
 
 
 
İqtisadçı Rəşad Həsənov deyir ki, bu, uzun müddətdir ki, müzakirə olunan məsələlərdən biridir: "Sahibkarlıq fəaliyyətində  kənar müdaxilələrin əsas mənbəyi kimi məhz nəzarətedici qurumların qeyri-qanuni yanaşması əsas götürülür. Həmçinin  bəzi hallarda fərdi üsullarda yanaşmalara da rast gəlinir. Belə məqamlar  isə öz növbəsində sahibkarlıq fəaliyyətinə kifayət qədər mane olurdu. 2014-cü ilin sonlarında Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdə idi və rəqabətə davamlı deyildi. İnkişafın təmin edilməsi məqsədilə və bu problemlərin aradan qaldırılması üçün belə bir qərar qəbul edildi. Hesab edirəm ki,  qərarın müsbət tərəfləri çoxdur. Xüsusilə də məmurların biznesə müdaxiləsini müəyyən qədər məhdudlaşdırmaq baxımından çox  ciddi əhəmiyyət daşıyır. Digər tərəfdən, gəlirliyin aşağı düşdüyü bir dövrdə sahibkarlıq subyektləri üçün əlavə xərclərin yaranmasının müəyyən qədər qarşısını aldı. Çünki hər bir yoxlama və nəzarət özlüyündə sahibkar üçün ciddi xərc yaradırdı. Bunun aradan qaldırılması sahibkarlıq fəaliyyətinin gəlirliliyinə və bu istiqamətdə investisiya axınının artmasına öz faydasını göstərdi. Düşünürəm ki, müxtəlif qüvvələr  vaxtaşırı olaraq müxtəlif vasitələrlə bu qərarı sabotaj etməyə çalışırlar. Xüsusilə də, sahibkarlıq subyektlərinə  özbaşına və qeyri-qanuni fəaliyyət göstərirmiş  kimi yanaşmalarla bu sərəncamın sonrakı dövrlərdə uzadılmasının qarşısını almağa çalışırlar. Yaxşı olardı ki, sərəncamın vaxtı başa çatdıqda bu qadağanın müddəti iki və daha artıq müddətə uzadılsın. Çünki qeyri-neft  sektorunun inkişafına hazırkı dövrdə çox ciddi ehtiyac var. Son iki il ərzində görülən işlər müəyyən qədər stimul rolunu oynadı və nəticə göz qabağındadır. Lakin bu istiqamətdə ciddi nəticələr əldə etmək üçün uzun müddətə ehtiyac var. Məsələn, kiçik və orta sahibkarlığın inkişafına diqqət etsək, vəziyyətin hələ də istənilən səviyyədə olmadığını görərik. Məşğulluğun təxminən 70 faizi  kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətindən bəhrələnsə də, Azərbaycanda bu göstərici qənaətbəxş deyil. Sahibkarlıq fəaliyyətinin və fərdi təşəbbüslərin dəstəklənməsi istiqamətində görüləcək kifayət qədər iş var. Bunlardan biri də məmur müdaxiləsinin qarşısının alınması və liberal mühitin yaradılmasıdır”.

Şəbnəm Mehdizadə 
 
 
                                                                                       


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6298
GBP 1 İngilis funt sterlinqi 2.2523
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6294
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9959
CHF 1 İsveçrə frankı 1.7121
USD 1 ABŞ dolları 1.7002