• cümə axşamı, 18 aprel, 20:34
  • Baku Bakı 21°C

Sahibkarlığın inkişafına hesablanan daha bir addım

30.12.17 09:38 1194
Sahibkarlığın inkişafına hesablanan daha bir addım
Prezidentİlham Əliyevkiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb. Agentlik ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxs olacaq. Qurumda Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.
Agentliyin fəaliyyəti sahibkarlığın inkişafına hansı formada dəstək göstərəcək?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bizimlə söhbətində bəzi vacib məqamları qeyd etdi: "Hazırda ölkədə sahibkarlığın ən çox inkişaf etmiş inkişaf sahəsi iri sahibkarlıq və biznesdir. Düzdür, orta sahibkarlıq da müəyyən qədər inkişaf etsə də, bəzi məsələlər hələ də öz həllini gözləyir. Təəssüflər olsun ki, bu gün ölkədə kiçik sahibkarlıqla bağlı ciddi problemlər var. Ümumilikdə götürdükdə, kiçik sahibkarlıq sahibkarlığın 8-10 faizini təşkil edir. Ona görə də bu sahəyə diqqət artırmaq kiçik və orta sahibkarlığı inkişaf etdirmək çox vacibdir. İnkişaf etmiş ölkələrin bazar iqtisadiyyatının əsas hissəsini kiçik və orta sahibkarlıq təşkil edir. Belə bir agentliyin yaradılması bizdə də məhz bu ənənəni formalaşdırmaq məqsədi daşıyır. Biznes mühitinin formalaşdırılması və əlaqələrin daha da yaxşılaşdırılması və həmçinin, digər problemləri həll etmək üçün bu agentlik yaradılır. Bildiyiniz kimi, agentlik publik hüquqi şəxs statusu daşıyacaq. Bu gün Azərbaycanda sahibkarların istər maliyyə , istərsə də digər problemlərin həlli üçün mütəşəkkil təşkilatlar yoxdur. Ona görə də hesab edirəm ki, bu sahəyə diqqət və qayğının artırılması çox vacibdir. Belə bir qurumun yaradılması vaxtında düşünülmüş bir addımdır. Agentlik faktiki olaraq Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Nizamnamədə sahibkarlara təklik olunan xidmətlər ayrıca qeyd olunub. Orada bir çox məsələlər öz əksini tapıb. Bu işin təşviqi, təbliği, ixrac potensialı və digər məsələlər agentliyin əsas iş prinsipləri olacaq”.

Millət vəkili Aydın Hüseynov deyir ki, qeyri-neft sektoru sahəsinə göstərilən diqqət artıq öz bəhrəsini verməkdədir. Bu addımın atılması isə sahibkarlara yeni üfüqlər açır: "Son illər ərzində ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın xüsusi çəkisi artmaqdadır. Sahibkarlığın getdikcə daha böyük rol oynaması inkişaf dinamikasına öz müsbət təsirini göstərir. Ölkə prezidenti də sahibkarlığın inkişafı üçün həm maddi, həm də siyasi dəstək göstərir. Təkcə bu il sahibkarlığın inkişafına dair qanunvericilik bazasına da xeyli dəyişikliklər edildi. Xüsusən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün qanunlarda mühüm dəyişikliklər aparıldı. Belə bir sərəncamın imzalanması və İqtisadiyyat Nazirliyinin nəzdində bu agentliyin yaradılması artıq sözügedən sahənin daha da inkişafına təkan verəcək. Onların işlərinin korporasiya olunması, o cümlədən, həm hüquqi, həm struktur cəhətdən bütün parametrlərin daha optimal və daha effektiv qurulması, bu sahənin inkişafına öz töhfəsini verəcək. Agentliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də yerli sahibkarlara maliyyə əlçatanlığının daha da yaxşılaşdırılması olacaq. Sahibkarların bir-biri ilə əlaqələrinin qurulması, məhsulların dünya bazarına çıxarılması üçün müəyyən tövsiyələrin verilməsi və ümumilikdə işlərinin qurulmasına dəstək göstəriləcək”.
İqtisadçı-ekspert Qadir İbrahimli bildirdi ki, bu, mövcud sahədə maneələrin aradan qaldırılması baxımından çox mühüm bir addımdır: "Agentlik bu sahədə müəyyən işləri görə biləcək. Yerli sahibkarlar bir sıra hallarda kredit resurslarının əlçatanlığı, vergi məsələləri, əlaqələrin qurulması baxımından müəyyən çətinliklərlə rastlaşırlar. Məsələn, bir sıra hallarda kreditlərin verilməsində girov, yaxud böyük biznes dövriyyələri tələb olunur. Düşünürəm ki, agentlik sahibkarlıq subyektlərinin fəaliyyətini təşviq etməklə, kiçik və orta sahibkarlığın inkişafını da şərtləndirə bilər. Agentliyin əsas məqsədi məhz bu problemləri problemi aradan qaldırmaqdır. Kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması mühüm məsələdir. Ümid edirəm ki, agentlik bu işin öhdəsindən gələ biləcək. Amma bəzi məsələlər haqqında danışmaq üçün hələlik çox tezdir. Hələ qarşıda həllini gözləyən bir sıra məsələlər var. Bütövlükdə götürdükdə, belə bir qurumun yaradılmasının və onun təklif etdiyi xidmətlərin son nəticədə Azərbaycanda biznesin inkişafı istiqamətində müsbət dəyişikliklərə səbəb olacağını düşünürəm”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər