• şənbə, 20 Aprel, 12:56
  • Baku Bakı 23°C

Sahibkarlığın inkişafı stimullaşdırılır

10.10.14 17:03 1120
Sahibkarlığın inkişafı stimullaşdırılır
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. SKMF sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Zərdab rayonunun Çallı kəndində keçirib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Zərdab və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Zərdab rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, çörək istehsalı, ət kəsimi və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8870 investisiya layihəsinin maliyyələşdirilməsinə 398,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət və süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 31500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Zərdab və ətraf rayonlardan olan 56 sahibkara 18,7 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, üzümçülük, süd emalı, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4233 sahibkara 240 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Forum çərçivəsində Ucar rayonunun Alpout kəndində güzəştli kredit ayrılmış müasir quşçuluq təsərrüfatının fəaliyyətinə baxış keçirilib. İllik istehsal gücü 9,5 min ton quş əti olan təsərrüfatda Hollandiya və Almaniyanın şirkətləri tərəfindən ən son texnologiyalar əsasında istehsal olunmuş avadanlıqlarla təchiz olunmuş 25 ədəd istehsal sahəsi, müasir kəsim fabriki və yem istehsalı zavodu tikilib. Təsərrüfatda istehsal olunmuş quş ətinin daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur.
Xatırladaq ki, SKMF vasitəsilə quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin 293 investisiya layihəsinin maliyyələşdirilməsinə 116,7 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, illik istehsal gücü 95 milyon ədəd damazlıq yumurta, 57,9 min ton quş əti və 156,7 milyon ədəd əmtəəlik yumurta olan 39 layihənin maliyyələşdirilməsinə 108,5 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən illik istehsal gücü 59 milyon ədəd damazlıq yumurta, 38,1 min ton quş əti və 154,9 milyon ədəd əmtəəlik yumurta olan 30 müəssisə istifadəyə verilib, illik istehsal gücü 36 milyon ədəd damazlıq yumurta, 19,8 min ton quş əti və 1,8 milyon ədəd əmtəəlik yumurta olan 9 müəssisənin isə bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Verilmiş güzəştli kreditlər hesabına respublikada mövcud olan quşçuluq təsərrüfatlarının ümumi istehsal gücü quş əti üzrə 127,5 min tona, əmtəəlik yumurta üzrə isə 1,1 milyard ədədə çatdırılıb. 2014-cü ilin 9 ayı ərzində sənaye üsulu ilə quş əti istehsalı 2013-cü ilin 9 ayı (36.6 min ton) ilə müqayisədə 25,7 faiz artaraq 46 min ton təşkil edib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər