• şənbə, 20 Aprel, 15:53
  • Baku Bakı 23°C

Sahibkarlığın inkişafı diqqət mərkəzində

15.03.18 21:36 1197
Sahibkarlığın inkişafı diqqət mərkəzində
Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa edəndən sonra iqtisadi sahədə də suveren hüquqlarını gerçəkləşdirməyə, müstəqil siyasət aparmağa başlayıb. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində qısa tarixi dövr ərzində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində qısa zamanda makroiqtisadi sabitlik əldə edilib, davamlı iqtisadi artımın əsası qoyulub, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanılıb, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Həmin illərdə sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmağa başlayıb.
Azərbaycan iqtisadiyyatında davamlı artım tendensiyası Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri 2006-cı ilin iyul ayında tam olaraq işə düşəndən sonra ölkəyə daxil olan böyük neft gəlirləri ilə sürətli inkişafa çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin hələ böyük neft gəlirlərinin ölkəyə daxil olmasından əvvəl qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın, regionların və kənd təsərrüfatının inkişafı ilə bağlı başlatdığı iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyasına yönələn proqramlar imkan verib ki, bu məsələ uğurla həll edilsin. Azərbaycan çox qısa müddət ərzində - cəmi bir neçə il içərisində iqtisadiyyatın neft gəlirlərindən asılılığını minimuma endirə bilib. Bir tərəfdən ölkə iqtisadiyyatının sürətli artımı baş verib, digər tərəfdən qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın liberallaşmasına, kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, regionların inkişafına yönələn proqramlar həyata keçirilib.
Hazırda da Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi, ən əsası isə ümumilikdə sahibkarlığın inkişafı qeyri-neft sektorunun daha da inkişafında əsas prioritet sahələr hesab edilir. Bu sahələrin inkişaf tempini qoruyub saxlaması, bir qədər də irəliyə getməsi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Bu Fond qeyri-neft sektorunun tərəqqisinə əlverişli maliyyə dəstəyi verən milli maliyyə qurumudur. Fəaliyyət göstərdiyi zamandan bu günə kimi Fond ölkədəki 34 min 600-ə yaxın sahibkara 2 milyard 90 milyon manata yaxın güzəştli kreditlər verib. Məhz bu güzəştli kreditlər hesabına sahibkarlar öz fəaliyyətlərini bir qədər də genişləndirib, yeni-yeni istehsal müəssisələri, çoxsaylı iş yerləri yaradıblar ki, bu da son nəticədə qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayıb.
Onu da əlavə edək ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Təkcə 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib. Regionlarda bir sıra sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, mühüm sənaye obyektlərinin tikintisinə başlanıb, sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib. Otən il 1300 km-ə yaxın avtomobil yolu, 24 körpü və yolötürücüsü tikilib və ya təmir olunub. 863 km kənd yolu inşa olunub, 3 su və 1 günəş elektrik stansiyası, 1500-dən çox transformator və 56 yarımstansiya istifadəyə verilib, 2100 km-dən çox qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 20 rayon üzrə 67 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 93 faizə çatdırılıb.
Bundan başqa, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri də davam etdirilməkdədir. Hazırda ölkənin 28 rayonunda 43 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 15-i 2018-ci ildə istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin və emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və aşağı maya dəyərli xammalla təmin edəcək, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətqabiliyyətini daha da artıracaq. Onu da xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə 1953 sahibkara geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bunun 68%-i aqrar sektorun, 32%-i müxtəlif sənaye və digər sahələrin inkişafına, 65%-i regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manatdan artıq güzətli kreditin verilməsi də təmin ediləcək. İnvestisiya qoyuluşunun təşviqi məqsədilə isə indiyədək 220 sahibkarlıq subyektinə 244 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 mindən çox yeni iş yeri açılacaq. Layihələrin 87%-i regionların payına düşür. Bu günə qədər maarifləndirmə məqsədilə regionlarda 5300-dək sahibkarın iştirakı ilə 36 işgüzar forum, 87 treninq keçirilib və 588 məsləhət xidməti göstərilib.
Bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi hər zaman olub və bundan sonra da davam etdiriləcək. Çünki, bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Sahibkarların ən yaxın dostu olduğunu bildirən Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, iş adamlarına hər zaman ən yüksək səviyyədə siyasi dəstək göstəriləcək. Dövlət başçısının təəbirincə desək, Azərbaycan sahibkarlıq hesabına daha da inkişaf edəcək, ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq arenada daha böyük nüfuz qazanacaq, yeni nailiyyətlərə imza atacaq.

Alpər TURAN
banner

Oxşar Xəbərlər