• cümə axşamı, 28 mart, 13:36
  • Baku Bakı 16°C

Sahibkarlığa dövlət dəstəyi davam etdiriləcək

13.07.16 10:57 2802
Sahibkarlığa dövlət dəstəyi davam etdiriləcək
Sahibkarlığa dövlət dəstəyi, sahibkarların problemlərinin həlli, onlar vasitəsilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsaslarından biridir. Bunun nəticəsidir ki, İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyə qədər Azərbaycanda 31400 nəfərdən çox sahibkara 1 milyard 826 milyon 461 min manata yaxın güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına ölkəmizin müxtəlif regionlarında yeni-yeni istehsal müəssisələri, fabrik və zavodlar, təsərrüfat sahələri yaradılıb, əhalinin məşğulluğu təmin edilib, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi bir qədər də artıb. İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının səsləndirdiyi fikirlərdən belə məlum olur ki, bu siyasət gələcəkdə də davam etdiriləcək. İclasda çıxış edən Prezident İlham Əliyev deyib ki, dövlət bundan sonra da sahibkarlığın inkişafına öz dəstəyini verəcək. O, təkcə bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verildiyini diqqətə çatdıraraq, bu vəsaitin 77 faizinin əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına maliyyələşdirildiyini vurğulayıb. Bu faktı çox müsbət hal kimi xarakterizə edən dövlət başçısı qeyd edib ki, belə vəziyyətdə dövlət büdcəsinə daha az yük düşüb və kreditlərin 80 faizi aqrar sektora verilib. Reallıqların dövlət siyasətini tam çılpaqlığı ilə əks etdirdiyini söyləyən Azərbaycan prezidenti güzəştli kreditlərin 74 faizinin regionlara verildiyini də qeyd edib. Bu isə paytaxt Bakı ilə bərabər, bütün regionların, ümumilikdə ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə hesablanmış siyasətdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanda sahibkarlığa dövlət dəstəyi dövlət başçısının daim diqqətində olub. Deputat;n fikrincə, bu siyasət öz nəticəsini hər zaman verib və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi də sahibkarlar təbəqəsi olub: "Cənab Prezidentin qeyd etdiyi kimi, hazırda da sahibkarlara dövlət dəstəyi göstərilir, əsassız yoxlamalar aparılmır, güzəştli kreditlər verilir, qanunvericilik təkmilləşdirilir. Bildiyiniz kimi iqtisadi çətinliklər şəraitində ölkədə dərin iqtisadi islahatlar aparılmaqdadır. Eyni zamanda iqtisadi islahatların hərtərəfli aparılması üçün strateji xətt işlənməkdədir. Bütün hazırlanan islahatlar paketinin əsas məqsədi məhz sahibkarları dəstəkləmək, investorları cəlb etmək, iqtisadi mühiti daha da cəlbedici etməkdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, sənaye sahəsində məhsul istehsalı və onların daxili və xarici bazarlarda satışı üçün sahibkarların üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin öhdəsindən gəlmək üçün də dövlət müxtəlif dəstək proqramları qəbul edir və onların effektiv olmasına çalışır. Hesab edirəm ki, kənd təsərrüfatı, qeyri-neft sənayesində artım dinamikasının qeydə alınması bu tədbirlərin səmərəli olduğunu göstərir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Əli Məsimli isə qəzetimizə açıqlamasında deyib ki, son dövrlərdə, xüsusən də neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşmasından sonra Azərbaycanın valyuta gəlirləri azalıb, manat devalvasiyaya uğrayıb. O, bu şəraitin yeni situasiya yaratdığını söyləyib. Millət vəkili qeyd edib ki, hazırkı situasiyadan sürətlə çıxmağın, onun müsbət tərəflərini inkişaf etdirməyin, neqativ təsirlərini azaltmağın magistral yolu cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən iqtisadiyyatda ciddi islahatların həyata keçirilməsi və bu islahatların dərinləşdirilməsidir: "Elə bir vəziyyət yaranıb ki, Azərbaycanda iqtisadi məsələləri yalnız iqtisadi islahatlarla deyil, digər sahələrdə hüquqi-siyasi islahatlar aparmaqla da həll etmək zərurəti yaranıb. İqtisadi islahatları müdafiə edən təbəqə isə sahibkarlar təbəqəsidir. Yaranmış situasiyada sahibkarlar təbəqəsi sanki filtr rolunu oynayır. Yuxarıdan gələn qərarların aşağılarda həyata keçirilməsində xeyli dərəcədə sahibkarların hansı mövqe tutması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, yaranmış vəziyyətdən az itki ilə çıxmaq, zamanı qabaqlamaq üçün sahibkarlığın hərtərəfli inkişaf etdirilməsi günün zəruri tələblərindəndir. Bu, Azərbaycan hökumətinin irəli sürdüyü yeni siyasətin magistral yollarından biridir. Əgər biz 2015-ci il ilə 2016-cı ili müqayisə etsək, baxıb görərik ki, bir çox sahələrdə olduğu kimi, sahibkarlığın inkişafı, stimullaşdırılması, əsassız yoxlamaların aradan qaldırılması və sair istiqamətdə görülən işlər xeyli çoxdur. Prezident İlham Əliyevin bir neçə gün bundan öncə keçirdiyi iclasda bununla bağlı gətirdiyi konkret faktlar, sadaladığı statistik rəqəmlər bu istiqamətdə atılan addımların hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər