AZE | RUS | ENG |

Sahibkarların şikayətləri azalıb

Sahibkarların şikayətləri azalıb
Ekspertlərin fikrincə, aparılan struktur və iqtisadi islahatlar sahibkarlar üçün daha münbit şərait yaradıb

Sahibkarların fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində şəffaflığın təmin olunması məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə 3 fevral 2016-cı il tarixində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuraları yaradıldı. Yaradılan bu şuralar vasitəsilə edilən şikayətlər əsasında sahibkarların fəaliyyətindəki süni maneələrin aradan qaldırılması istiqamətində işlər görüldü. Qısa zaman kəsiyində mərkəzi və yerli Apellyasiya şuralarına sahibkarları narahat edən məqamlarla bağlı edilən müraciətlərə aydınlıq gətirildi. Bu gün ardıcıl olaraq, sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi istiqamətində müxtəlif proqram və layihələr həyata keçirilir. Elə bunun nəticəsidir ki, Apellyasiya şuralarına edilən şikayətlərin sayı azalıb. Belə ki, Prezident yanında Apellyasiya Şurası 2017-ci il üçün hesabatını açıqlayıb. Həmin hesabatda qeyd edilir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Prezident yanında Apellyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasitə sahibkarlar tərəfindən verilən şikayətlərin sayı 2,2 dəfə azalıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilən şikayətlərin sayında da xeyli azalma müşahidə edilib. 2017-ci ildə bu orqanların Apellyasiya şuralarına cəmi 304 şikayət daxil olub. Həmin göstərici 2016-cı illə müqayisədə təqribən 1,7 dəfə azdır.  
 
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, sahibkarlıq subyektləri tərəfindən edilən şikayətlərin sayının 2,2 dəfə azalmasının səbəbi var: "Bu da əsasən son illər Azərbaycan iqtisadiyyatında şəffaflığın təmin edilməsi, eləcə də korrupsiyanın aradan qaldırılması istiqamətində islahatların həyata keçirilməsidir. Məhz bu islahatların göstəricisidir ki, sahibkarlıq subyektlərinin şikayəti azalıb. Aparılan islahatlara "ASAN Xidmət” mərkəzlərinin istifadəyə verilməsini, bütövlükdə yoxlamaların azaldılmasını və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini qeyd etmək olar. Bütün bunlar isə sahibkarların öz fəaliyyətləri ilə bağlı şikayətlərinin azalmasına gətirib çıxarıb. Onu da əlavə edim ki, "Qaynar xətt”lərin formalaşması, sahibkarların dövlət qurumları ilə birbaşa əlaqə yaratmaq imkanının əldə edilməsi də bu məsələyə öz təsirini göstərib. Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafına böyük diqqət və qayğı var, sahibkarlara hər cür şərait yaradılıb. Məhz bu səbəbdən şikayətlərin sayı ötən dövrlə müqayisədə minimuma enib. Əvvəllər sahibkarlıq subyektləri üçün hər hansı maneələr mövcud idisə, son dövrlər həmin süni maneələr tamamilə aradan qaldırılıb. Dövlətimizin apardığı struktur və iqtisadi islahatlar sahibkarların daha yaxşı fəaliyyət göstərməsinə gətirib çıxarıb”.

A.Badamov əlavə etdi ki, Apellyasiya şuralarının yaradılması, yerlərdə problemlərin həll olunması, sahibkarların dinlənilməsi şikayətlərin yerindəcə həll olunmasına imkan yaradıb: "Dövlət qurumlarında yaradılan Apellyasiya şuraları ümumilikdə həmin orqanda olan problemləri üzə çıxarır və bununla da şikayətlərin yaranmasının qarşısı alınır”.
 
 

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, sahibkarların Apellyasiya şuralarına edilən şikayətlərinin azalmasının bir neçə səbəbi var: "Bunlardan birincisi ondan ibarətdir ki, dövlət başçısı tərəfindən imzalanmış sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması iki il müddətində qüvvədə oldu. Daha sonra isə, yəni 2017-ci ildə ölkə rəhbərinin digər fərmanı ilə bu müddət daha dörd il artırıldı. Bildiyimiz kimi, bu fərman aidiyyatı dövlət qurumlarının sahibkarlıq sektoruna birbaşa müdaxiləsini məhdudlaşdırır. Belə olduğu təqdirdə də sahibkarların qeyri-qanuni sıxışdırılması, onların fəaliyyətinə müdaxilə, maneələrin yaradılması kimi halları azalır. Bu isə öz növbəsində şikayətlərin sayının azalmasına da müəyyən qədər təsir göstərir”.

R.Həsənovun sözlərinə görə, şikayətlərin sayının azalmasında digər bir məqam ümumi mühitlə bağlıdır: "Bildiyimiz kimi, 2015-ci ildən sonra situasiya dəyişib və real sektora tələbat güclənib. Real sektorun inkişafı istiqamətində müəyyən addımlar atılır. Dəfələrlə ölkə prezidenti səviyyədə bu istiqamətdə daha liberal siyasətin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib. Bu da bir sıra qurumların sahibkarların, real sektor subyektlərinin fəaliyyətinə müəyyən qədər müdaxiləsinin məhdudlaşması ilə nəticələndi. Yəni bütövlükdə götürdükdə, bu iki əsas səbəb son nəticədə il ərzində subyektlər tərəfindən edilən şikayətlərin sayının azalmasına gətirib çıxarıb”.

İqtisadçı ekspert qeyd etdi ki, Apellyasiya şuralarının işi əslində bu kimi şikayətlərin qruplaşdırılması və problemlərin aradan qaldırılması istiqamətində tövsiyə xarakterli təkliflərin hazırlanıb hökumətə təqdim olunmasıdır: "Əlbəttə, bu qurumların fəaliyyəti əlində cəmlənən şikayətlərdən çıxarılan nəticələrə uyğun islahat xarakterli təkliflərin ortaya çıxmasına gətirib çıxara bilər”.

Bəxtiyar MƏMMƏDLİ                  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2966
TRY 1 Türk lirəsi 0.3806
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 2.0069
CHF 1 İsveçrə frankı 1.6986
USD 1 ABŞ dolları 1.7000