Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər
Masallı Sənaye Məhəlləsinin inzibati binasında Sənaye Məhəlləsinin
sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün
yaradılacaq imkanlar barədə sahibkarların məlumatlandırılması və təklif edilən
layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə iş adamları ilə görüş
keçirilib.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə
çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi,
sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətindən
danışıb. Vurğulanıb ki, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir
infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal
sahələrinin yaradılması işləri uğurla davam etdirilir. Bu qabaqcıl
mexanizmlərin tətbiqinin üstünlüklərindən danışan N.Səfərov regionlarda
sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə
etməklə sənaye sahələrinin inkişafına, istehsal prosesinin təşkilində
infrastruktur xərclərinin azaldılmasına, sahibkarlar arasında kooperasiya
əlaqələrinin gücləndirilməsinə, məşğulluqda sənayenin xüsusi çəkisinin
artırılmasına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara
çıxarılmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət
başçısının regionların inkişafına böyük diqqət və qayğısından bəhs edib,
Masallı Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və
orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından
əhəmiyyətini qeyd edib.
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini
Murad Abdullayev Masallı Sənaye Məhəlləsində görülmüş işlər, tikintisi davam
etdirilən infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və
yaradılan istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Qeyd edilib
ki, Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri
infrastrukturun qurulması işlərinin birinci mərhələsi başa çatdırılıb, hazırda
son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7500 kv.m-ə
yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq
sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə
təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində 4-ü mebel istehsalı,
digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel
istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq.
Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda
tikintidə 200 nəfər çalışır.
Sənaye Məhəlləsində birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox
yeni iş yeri yaradılacaq. Masallı Sənaye Məhəlləsində sahibkarlara
mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və
s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb
məntəqəsi fəaliyyət göstərəcək.
Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr
müzakirə olunub.
Sahibkarlar özəl bölmənin inkişafına, yaradılan əlverişli şəraitə,
hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını
bildiriblər.