Sahibkarı şəffaflığa sövq edəcək vahid vergi yükü
Azərbaycanda
əmək haqqına vahid verginin tətbiq olunması təklif edilir. Trend-in məlumatına
görə, bunu Sahibkarlar Gününə həsr olunmuş konfrans zamanı vergilər naziri
Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, əmək haqlarının vergi yükünün
azaldılması nəzərdən keçirilir. Onun sözlərinə görə, bu məsələ Vergi
Məcəlləsinə təklif olunan dəyişikliklər çərçivəsində müzakirə olunur. Vergilər
naziri deyib: "Bu məsələ bütün vergi ödəyiciləri üçün çox vacibdir. Bu addım
verginin yükünün azaldılmasına və işçilərin əmək haqlarının vergiyə cəlb
olunmasının sadələşdirilməsinə yönəlib. Əmək haqqına vahid vergi tətbiq
olunacaq və onun dərəcəsi hazırkı qanunvericilikdə qeyd olunan göstəricidən
əhəmiyyətli dərəcədə az olacaq”. Nazir qeyd edib ki, bu addım, eləcə də,
qeyri-rəsmi məşğulluqla mübarizəyə müsbət təsir göstərəcək. M.Cabbarov bildirib
ki, bu islahatın aparılması qeyri-rəsmi məşğulluğun azaldılmasına kömək edəcək
və real əmək haqlarının bəyan edilməsini təmin edəcək.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və
Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovbizimlə söhbətində bəzi məqamları qeyd etdi: "Düşünürəm ki, ümumilikdə vergi
sahəsində islahatlara çox böyük ehtiyac var. Hal-hazırda bu sahədə müxtəlif işlər görülməkdədir. Yeni Vergi Məcəlləsinin
qəbul edilməsi, yaxud Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi yalnız
əmək haqları ilə bağlı deyil. Ümumilikdə vergi sistemində şəffaflığın təmin
edilməsi, sahibkarlığın inkişaf etdirilməsi üçün islahatlara ehtiyac var. Qanun
layihəsinin Milli Məclisə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil. Amma bu
sahədə mütəmadi işlər görülür. ƏDV əmək haqlarından vergi yükünün azaldılması, vahid vergi sistemi ilə əlaqədar
müəyyən təkliflər irəli sürülüb. Yəqin ki, bu təkliflər Milli Məclisə təqdim
olunacaq. Yeni nazir vergi sistemində şəffaflığın təmin edilməsində çox
maraqlıdır. İnsanlar öz vergilərini rahat şəkildə ödəyə bilməlidirlər. Heç kim
məcburi şəkildə vergi ödəməməlidir”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi
ki, əmək haqlarında vergi yükünün azaldılması uzun müddətdir ki, müzakirə
edilən məsələlərdəndir: "Ölkə iqtisadiyyatında və əmək bazarında qeyri-qanuni
fəaliyyətin əsas səbəblərindən biri də vergi yükünün çox olmasıdır. Sahibkarlar
vergi ödəməkdə maraqlı deyillər. Hazırkı iqtisadi vəziyyətdə sektorların
mənfəət norması, təxminən 40 faizlik vergi yükünün dörddə birinin yerinə
yetirilməsini məqbul hesab edir. Azərbaycanda əməkhaqqı büdcəsinin 14 faizi
gəlir vergisi şəklində dövlət büdcəsinə ödənilir, 25 faiz isə məcburi DSMF-yə
yönəldilir. Bundan başqa, bir faiz sığorta fonduna vergi ödənilir. Bütün bunlar
kifayət qədər ciddi göstəricilərdir. Məsələn, min manat əmək haqqı ödənilməsinə
ehtiyac olan işçi üçün sahibkar tərəfindən 220 manat DSMF-yə, 140 manat
Vergilər Nazirliyinə, 5 manat isə sığorta fonduna ödənilir. Ümumilikdə
götürüldükdə, 365 manat və yaxud da fondun 36,5 faizi qədər sahibkarın fiskal
yükü var. Buna görə də davamlı təşviq olunan məsələlərdən biri də məhz vergi
yükünün azaldılmasıdır. Amma bununla yanaşı, vahid vergi dərəcəsinin
müəyyənləşdirilməsini doğru hesab etmirəm. Çünki ümumilikdə götürdükdə son
illər ərzində əksər dünya ölkələrində daha çox gəlir bərabərsizliyi probleminin
azaldılmasına yönələn qərarlar qəbul edilir. Sosial dövlət konsepsiyası fonunda
daha çox gəlir bərabərsizliyinin azaldılması istiqamətində işlər görülür. Vergi
işinin azaldılması ilə paralel olaraq, Azərbaycanda əməkhaqqına tətbiq edilən
vergi dərəcələri elə bir mexanizmlə həyata keçirilməlidir ki, mexanizm artan
gəlirlər fonunda daha çox vergiyə cəlb etsin. Düşünürəm ki, belə bir mexanizmin
tətbiq edilməsi daha məqsədəuyğun olardı. Buradakı meyarlar müzakirə olunan
məsələlərdir. Mexanizm hazırlanarsa, bu meyarlar üzərində modelləşmə apararaq
daha effektiv hədlərin müəyyənləşdirilməsi mümkün olar. Amma buna baxmayaraq,
istənilən halda, daha çox gəlir götürən şəxsdən daha çox vergi alınmalıdır.
Beləliklə, ölkədə təbəqələşmə və eyni zamanda gəlir bərabərsizliyinin sürəti
müəyyən qədər azalmalıdır. Həmçinin, əhalinin müxtəlif sosial qruplarını təmsil
edən insanların rifahı arasındakı fərq davamlı olaraq tənzimlənməli və
nəzarətdə saxlanmalıdır”.
Şəbnəm