• cümə, 19 Aprel, 07:21
  • Baku Bakı 13°C

Sahibkarı şəffaflığa sövq edəcək vahid vergi yükü

30.05.18 09:30 969
Sahibkarı şəffaflığa sövq edəcək vahid vergi yükü
Azərbaycanda əmək haqqına vahid verginin tətbiq olunması təklif edilir. Trend-in məlumatına görə, bunu Sahibkarlar Gününə həsr olunmuş konfrans zamanı vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, əmək haqlarının vergi yükünün azaldılması nəzərdən keçirilir. Onun sözlərinə görə, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər çərçivəsində müzakirə olunur. Vergilər naziri deyib: "Bu məsələ bütün vergi ödəyiciləri üçün çox vacibdir. Bu addım verginin yükünün azaldılmasına və işçilərin əmək haqlarının vergiyə cəlb olunmasının sadələşdirilməsinə yönəlib. Əmək haqqına vahid vergi tətbiq olunacaq və onun dərəcəsi hazırkı qanunvericilikdə qeyd olunan göstəricidən əhəmiyyətli dərəcədə az olacaq”. Nazir qeyd edib ki, bu addım, eləcə də, qeyri-rəsmi məşğulluqla mübarizəyə müsbət təsir göstərəcək. M.Cabbarov bildirib ki, bu islahatın aparılması qeyri-rəsmi məşğulluğun azaldılmasına kömək edəcək və real əmək haqlarının bəyan edilməsini təmin edəcək.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovbizimlə söhbətində bəzi məqamları qeyd etdi: "Düşünürəm ki, ümumilikdə vergi sahəsində islahatlara çox böyük ehtiyac var. Hal-hazırda bu sahədə müxtəlif işlər görülməkdədir. Yeni Vergi Məcəlləsinin qəbul edilməsi, yaxud Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi yalnız əmək haqları ilə bağlı deyil. Ümumilikdə vergi sistemində şəffaflığın təmin edilməsi, sahibkarlığın inkişaf etdirilməsi üçün islahatlara ehtiyac var. Qanun layihəsinin Milli Məclisə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil. Amma bu sahədə mütəmadi işlər görülür. ƏDV əmək haqlarından vergi yükünün azaldılması, vahid vergi sistemi ilə əlaqədar müəyyən təkliflər irəli sürülüb. Yəqin ki, bu təkliflər Milli Məclisə təqdim olunacaq. Yeni nazir vergi sistemində şəffaflığın təmin edilməsində çox maraqlıdır. İnsanlar öz vergilərini rahat şəkildə ödəyə bilməlidirlər. Heç kim məcburi şəkildə vergi ödəməməlidir”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, əmək haqlarında vergi yükünün azaldılması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir: "Ölkə iqtisadiyyatında və əmək bazarında qeyri-qanuni fəaliyyətin əsas səbəblərindən biri də vergi yükünün çox olmasıdır. Sahibkarlar vergi ödəməkdə maraqlı deyillər. Hazırkı iqtisadi vəziyyətdə sektorların mənfəət norması, təxminən 40 faizlik vergi yükünün dörddə birinin yerinə yetirilməsini məqbul hesab edir. Azərbaycanda əməkhaqqı büdcəsinin 14 faizi gəlir vergisi şəklində dövlət büdcəsinə ödənilir, 25 faiz isə məcburi DSMF-yə yönəldilir. Bundan başqa, bir faiz sığorta fonduna vergi ödənilir. Bütün bunlar kifayət qədər ciddi göstəricilərdir. Məsələn, min manat əmək haqqı ödənilməsinə ehtiyac olan işçi üçün sahibkar tərəfindən 220 manat DSMF-yə, 140 manat Vergilər Nazirliyinə, 5 manat isə sığorta fonduna ödənilir. Ümumilikdə götürüldükdə, 365 manat və yaxud da fondun 36,5 faizi qədər sahibkarın fiskal yükü var. Buna görə də davamlı təşviq olunan məsələlərdən biri də məhz vergi yükünün azaldılmasıdır. Amma bununla yanaşı, vahid vergi dərəcəsinin müəyyənləşdirilməsini doğru hesab etmirəm. Çünki ümumilikdə götürdükdə son illər ərzində əksər dünya ölkələrində daha çox gəlir bərabərsizliyi probleminin azaldılmasına yönələn qərarlar qəbul edilir. Sosial dövlət konsepsiyası fonunda daha çox gəlir bərabərsizliyinin azaldılması istiqamətində işlər görülür. Vergi işinin azaldılması ilə paralel olaraq, Azərbaycanda əməkhaqqına tətbiq edilən vergi dərəcələri elə bir mexanizmlə həyata keçirilməlidir ki, mexanizm artan gəlirlər fonunda daha çox vergiyə cəlb etsin. Düşünürəm ki, belə bir mexanizmin tətbiq edilməsi daha məqsədəuyğun olardı. Buradakı meyarlar müzakirə olunan məsələlərdir. Mexanizm hazırlanarsa, bu meyarlar üzərində modelləşmə apararaq daha effektiv hədlərin müəyyənləşdirilməsi mümkün olar. Amma buna baxmayaraq, istənilən halda, daha çox gəlir götürən şəxsdən daha çox vergi alınmalıdır. Beləliklə, ölkədə təbəqələşmə və eyni zamanda gəlir bərabərsizliyinin sürəti müəyyən qədər azalmalıdır. Həmçinin, əhalinin müxtəlif sosial qruplarını təmsil edən insanların rifahı arasındakı fərq davamlı olaraq tənzimlənməli və nəzarətdə saxlanmalıdır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər