AZE | RUS | ENG |

“Sahibkar öz əmlakını sığorta etdirməkdə maraqlı olmalıdır”

“Sahibkar öz əmlakını sığorta etdirməkdə maraqlı olmalıdır”
Tahir Mirkişili: “Sahibkarlar arasında sığorta mədəniyyətinin formalaşması, sığorta maarifçiliyinin aparılmasına ciddi ehtiyac var”

Martın 26-da səhər saatlarında Bakının Nizami rayonundakı "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Nəticədə onlarla sahibkara maddi ziyan dəyib. Hadisədən sonra aidiyyəti dövlət qurumları öz üzərilərinə düşən vəzifələri yerinə yetirib, zərərçəkən sahibkarlarla görüşlər keçiriblər. Bildirilib ki, baş verənlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir və dövlət başçısı hər bir vətəndaşa dəyən ziyana görə maliyyə yardımının ödənilməsi barədə müvafiq tapşırıq verib. 
 
Martın 28-də hadisə ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib, icra qurumlarının rəhbərlərinə müvafiq göstərişlər verilib. Elə həmin gün Prezident yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. Onun ardınca Baş nazir Novruz Məmmədov müvafiq Komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Ən nəhayət, bu gün Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. Sözügedən məsələ ilə bağlı "Kaspi” qəzetinin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili cavablandırıb.
- Tahir müəllim, baş vermiş yanğın hadisəsindən sonra görülən tədbirləri necə dəyərləndirirsiniz?
- "Diqlas” ticarət mərkəzində yanğının baş verməsi və çoxsaylı sahibkara maddi ziyan dəyməsi obyekti icarəyə verənlə icarəyə götürənlər arasında yaşanan olaydır. Əgər hadisəyə hüquqi və iqtisadi aspektdən yanaşsaq, dövlətin burada hər hansı məsuliyyəti yoxdur. Hadisə baş verəndən dərhal sonra qanuna uyğun olaraq istintaq hərəkətlərinə başlanılıb. Lakin reallıq bundan ibarətdir ki, yaşanan olay nəticəsində xeyli sahibkara maddi ziyan dəyib. Onların ticarət mərkəzindəki malları yanıb, maliyyə itkisi ilə üzləşiblər. Ticarət mərkəzindəki yanğın söndürüləndən sonra zərərçəkən sahibkarlar Nizami Rayon İcra Hakimiyyətində qəbul edilib, onların fikir və təklifləri dinlənilib, bu barədə səlahiyyətli şəxslər tərəfindən dövlət başçısına məruzə olunub. Sahibkarların özləri də Azərbaycandakı internet və media azadlığından yararlanaraq, sosial şəbəkələr, media, internet üzərindən Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlər ünvanlayıblar. Nəzərə almaq lazımdır ki, dövlət başçısı hər zaman Azərbaycan xalqının çağırışına səs verib və ölkədə həyata keçirilən siyasətin mərkəzində də vətəndaş amili dayanır. İstənilən hadisə zamanı dövlət və onun başçısı vətəndaşın yanında olur. Prezident İlham Əliyev bunu öz əməli ilə dəfələrlə sübut edib. Bu, dünən də belə idi, indi də belədir, heç şübhəsiz ki, sabah da belə olacaq. Xatırlayırsınızsa, Kür daşqınları baş verəndə, Zaqatala, Ağsu, İsmayıllı, Şamaxı zəlzələləri olanda və digər fövqəladə hadisələr zamanı Prezident İlham Əliyev dərhal hadisə yerinə baş çəkib, olayla yerindəcə tanış olub, zərərçəkmiş vətəndaşlarla görüşüb, onları dinləyib, ardınca da birbaşa vətəndaşın mənafeyinin qorunmasına xidmət edəcək göstərişlər verib. Bir müddət sonra dövlət başçısı təkrar hadisənin baş verdiyi ərazilərə gəlib, görülən işlərlə yerindəcə maraqlanıb, vətəndaşlarla görüşüb, təkrar onların fikirlərini dinləyib, özü müşahidə aparıb. Yəni, hər bir azərbaycanlının Prezidenti olacağını vəd verən cənab İlham Əliyev öz fəaliyyəti ilə verdiyi vədinə sadiqliyini dəfələrlə sübut edib. O, hər hansı fövqəladə hadisə zamanı vətəndaşın yanında olan, onun probleminin həllinə çalışan, ona dəstək olan ilk şəxs olub. Hər il dövlət büdcəsinin 35-37 faizinin sosial layihələrə ayrılması da Azərbaycanda vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlara bariz nümunədir. Təkcə 2019-cu il başlayandan indiyə qədər ötən müddət ərzində Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara da diqqət yetirsək görərik ki, dünyada inkişaf etməkdə olan sosial dövlət konsepsiyasını daha çox tətbiq edən Azərbaycan dövləti və onun başçısıdır.
 
- Ötən gün Azərbaycan Prezidentinin yanında qeyd olunan məsələ ilə bağlı müşavirə keçirilib, mühüm qərarlar qəbul olunub, müvafiq göstərişlər verilib. Bununla əlaqədar nə deyə bilərsiniz?
- Dünən Prezidentin keçirdiyi müşavirə və verilən tapşırıq vətəndaşlara sosial dəstəklə bərabər, həm də ölkə başçısının humanizm siyasətinin bariz göstəricisidir. Çünki cənab Prezidentin dünənki tapşırığı dünyada az-az rast gəlinən nümunədir, dövlətin mühüm funksiyalarından birinin işə salınması ilə əlaqədardır. Bu, sahibkarlar arasında vasitəçilik etmək, sığorta şirkətinin həyata keçirməli olduğu funksiyanın bir hissəsini dövlətin öz üzərinə götürməsi, münasibətlər tənzimlənənə, istintaq hərəkətləri yekunlaşana qədər sahibkarlara dövlətin yardımının göstərilməsidir. Sonradan bu yardımlar günahkar sahibkar və ya sahibkarlar tərəfindən geri ödəniləcək. Yəni verilən tapşırığın mahiyyəti bundan ibarətdir. Bu, kifayət qədər çevik və maraqlı, eyni zamanda vətəndaş və sahibkarın rifah halının qorunmasına hesablanan addımdır. Bu addımla dövlət, eləcə də cənab Prezident zərərçəkmiş vətəndaşın – sahibkarın yanında olduğunu nümayiş etdirir. Təbii ki, bu da vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.
 
- Dövlət başçısı müşavirədəki çıxışında bildirdi ki, inkişaf etmiş ölkələrdə oxşar hadisələr baş verdikdə, bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür. Çünki bütün mallar sığortalanmış olur. O, Azərbaycanda sığorta sahəsində boşluqların olduğunu təəssüflə dilə gətirdi. İstərdik ki, bu aspektdən də hadisəyə münasibətinizi bildirəsiniz. Dövlətin, yaxud vətəndaşın bu məsələdə məsuliyyəti, öhdəliyi nədən ibarətdir?
- Ticarət mərkəzindəki yanğın hadisəsi, onun ardınca sığorta ilə əlaqədar aparılan müzakirələr bir neçə məsələyə diqqəti yönəldir. Bildiyiniz kimi, dövlət başçısı müşavirədəki çıxışında digər ticarət mərkəzlərində də yanğından mühafizə sistemlərinin təkmilləşdirilməsi barədə göstərişlər verdi. O baxımdan, istənilən halda bu istiqamətdə də görüləcək işlər var və şübhə etmirəm ki, bununla əlaqədar müvafiq işlər görüləcək. Bununla yanaşı, məsələnin ikinci tərəfi sığortanın təkmilləşdirilməsidir. Əslində Azərbaycanda "İcbari sığortalar haqqında” qanun var. Həmin qanunda müvafiq mexanizmlər, tələblər, öhdəliklər ətraflı qeyd olunub. Hətta özəl sığorta şirkətlərinin təklif etdiyi paketlər də var. Bu paketlərdə sığorta üçün tələb edilən məbləğlər də kifayət qədər məqbuldur. Təsəvvür edin ki, əgər bir dükanda bir sahibkarın 30 min manatlıq malı varsa, onun illik sığortası üçün tələb olunan məbləğ təxminən 90 manat həcmindədir. Bu, ayda təxminən 7 manat 50 qəpik edir. Bu, kifayət qədər məqbul məbləğdir. Sahibkar istəsə, bu məbləği ödəyə və öz malını yanğın və sair hadisələrdən tam sığortalaya bilər. Bunun olmaması o deməkdir ki, sahibkarlar arasında sığorta mədəniyyətinin formalaşmasına, sığorta maarifçiliyinin aparılmasına, bu istiqamətdə görüləcək müvafiq işlərə ciddi ehtiyac var. Bazar iqtisadiyyatının tələblərini nəzərə alsaq, məntiqlə sahibkar bunu etməli, bunda maraqlı olmalıdır. Fikrimcə, sahibkarların bir hissəsinin bunu etməməsinin səbəbləri də araşdırılmalıdır. Lakin bu, o demək deyil ki, Azərbaycanda ümumiyyətlə sahibkarlar mallarını, mülklərini sığortalamırlar. Son 2018-ci ili əsas götürsək, bütövlükdə icbari əmlak sığortasının həcmi 14 milyard manatı ötür. Bununla yanaşı, sahibkarlar könüllü şəkildə daşınar və daşınmaz əmlaklarını 32 milyard manatlıq sığorta etdiriblər. Bu rəqəmlər öz məsuliyyətini anlayan sahibkarların da kifayət qədər olduğunu göstərir. Sadəcə, bu səviyyənin, sığortalanma müqavilələrin sayının daha çox artırılmasına ehtiyac var. Sahibkar da öz mal və mülkünü sığorta etdirməkdə maraqlı olmalıdır.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815