• çərşənbə axşamı, 19 mart, 07:59
  • Baku Bakı 8°C

“Sahibkar universiteti” və ya təhsil-elm-biznes üçbucağı

07.06.18 10:00 6138
“Sahibkar universiteti” və ya təhsil-elm-biznes üçbucağı
"İnnovativ sistemin inkişafında ən əhəmiyyətli model kimi qəbul edilən "sahibkar universiteti” modeli hazırda daha da aktuallaşır. Bu baxımdan son illərdə ali təhsil müəssisələrində yeni sahibkarlıq modellərinin inkişaf etdirilməsinə diqqət artırılıb”. Təhsil naziri Ceyhun Bayramovun iki gün öncə Bakıda keçirilən "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda səsləndirdiyi bu fikirlər "sahibkar universiteti” anlayışına, onun əhəmiyyətinə və iqtisadiyyatımıza gətirəcəyi önəmə aydınlıq gətirməyə zəmin yaradır.
Belə ki, "sahibkar universiteti”nin əsas məqsədi universitetdə formalaşdırılan innovasiya və alınan patentləri sahibkarlıq subyektlərinə çevirməklə ölkənin iqtisadi inkişafına və innovativ ekosisteminin yaradılmasına, həmçinin maliyyə imkanlarının artmasına müsbət təsir göstərmək və bununla da elmin kommersiyalaşdırılmasına nail olmaqdır.
Tədqiqatla məşğul olan alimlərin 35 faizinin fəlsəfə doktoru, 8 faizinin elmlər doktoru olduğunu deyən nazir son 5 ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verildiyini, patent alan ixtiraların sayının isə 159 olduğunu qeyd etdi. Belə ki, onların 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda olub.
Ölkəmizin inkişaf strategiyasında innovasiya iqtisadiyyatının bütün sahələrdə qurulması vurğulanır və bu səbəbdən də sahibkarlıq universitetlərinin ölkəmizdə formalaşdırılmasına da xüsusi əhəmiyyət verilir.
Qeyd edək ki, tələbə və müəllim heyəti arasında sahibkarlıq vərdişlərini inkişaf etdirən və dəstəkləyən ali təhsil müəssisəsi kimi dəyərləndirilən "sahibkar universiteti”, eləcə də yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirməklə yanaşı, sənaye müəssisələri və digər təşkilatlarla yaxından əməkdaşlıq edib, elmin kommersiyalaşdırılmasına əhəmiyyət verən, universitetdə aparılan elmi tədqiqat və kadr hazırlığı işini sənayenin tələblərinə uyğun quran qurumdur. Yəni universitetlərin biznes və dövlət qurumları ilə birgə əməkdaşlığı nəticəsində elmin inkişafına, yüksək texnologiyaların yaradılmasına, innovasiya ekosisteminin formalaşmasına və ən önəmlisi, sosial-iqtisadi rifahın yüksəldilməsinə nail olmaq mümkündür. Universitet-biznes-dövlət əməkdaşlığını özündə cəmləşdirən, innovativ ekosistemin formalaşması və inkişafında ən əhəmiyyətli rol oynayan sahibkarlıq universiteti modeli isə hal-hazırda daha da aktuallaşıb.
"Sahibkar universiteti” modelini yaratmaq istiqamətində təhsil-elm-biznes üçbucağını qurmaq üçün hansı işlər görülməlidir?
Tələblərə cavab verən mütəxəssislərin hazırlanması
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, söhbət təkcə universitetin təsis edilməsindən yox, həm də universitet təhsilində sahibkarlıq biliklərinin tədris edilməsindən gedir. Belə ki, həmişə cəmiyyətdə iqtisadi yönümlü ixtisaslar olub. Ancaq indiki dövr sadəcə iqtisadi biliklərin deyil, müasir bazarın tələbinə uyğun olan mütəxəssislərin hazırlanmasını tələb edir: "Burada təkcə iqtisadi biliklər deyil, həm də gələcək sahibkarların, marketoloqların, iqtisadi nəzəriyyəçilərin bazarın fəaliyyəti ilə bağlı geniş spektrdə ilkin məlumatlar əldə etməsindən, iqtisadi biliklərlə yanaşı, psixologiya, dillərin öyrənilməsi, davranış qaydaları, etnoqrafiya və s. əldə edilməsindən gedir”.
Azərbaycan iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişaf etdiyini deyən millət vəkili bu baxımdan həmin sahələr üzrə tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına böyük ehtiyac olduğunu bildirir: "Həmçinin mütəxəssislərin hazırlığı on illər bundan sonra problemlərin həllinə yönəlməlidir. Hesab edirəm ki, bu tədris prosesinin içərisinə mütəxəssislərin daim təhsil alması, öz biliklərini yeniləməsi mexanizmi də daxil edilməlidir. Universiteti bitirən gənc istənilən sahəyə rəhbərlik etmək iqtidarında olmaq qərarına gəlməməlidir. O, daim öz üzərində çalışmalı, daim yeni biliklər əldə etməlidir. Bu gün dünyanın inkişaf etmiş ölkələrindən olan Koreya Respublikasında əhalinin 80 faizindən çoxu ali təhsillidir. Bu gün ali təhsil sadəcə vəzifə tutmaq üçün deyil. Əmək bazarında öz yerini tutmaq və tələb olunan mütəxəssis kimi yetişmək anlamına gətirib çıxarmalıdır”.
A.Mirzəzadənin fikrincə, sahibkarlıq universitetinin modeli də kəskin fərqlənə bilər: "Məsələn, biz ali məktəbə qəbulu ildə bir deyil, iki dəfə keçirə bilərik və yaxud müxtəlif proqramlı universitetlər modeli təklif edə bilərik ki, bu, daha yaxşı mütəxəssis hazırlığında universitetlər arasında yarışa səbəb olar. Buraxılan mütəxəssislərin xarici dilləri bilmə praktikasına daha çox saatların ayrılması, tələbələrin bakalavr və magistr təhsili dövründə bir universitetlə kifayətlənməyərək köçürmə yolu ilə bir neçə universitetdə təhsil alma praktikasını ortaya qoya bilərik. Həmçinin bakalavr təhsili sistemində nəzəri biliklərdən onların öz profili üzrə müəssisələrdə təcrübə keçmək məcburiyyətini tətbiq edə bilərik».
Milli Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və islahatların əsas məqsədi yeni innovativ iqtisadi modelin qurulmasıdır. Təbii ki, innovativ iqtisadi modelin qurulması üçün də innovativ ekosistemin yaradılması mühüm əhəmiyyət kəsb edir: "Ancaq bir şey bəllidir ki, innovativ ekosistemin yaradılmasının əsasında məhz universitetlər, təhsil modeli durur. Bu baxımdan da universitetlərin bu innovativ ekosistemin yaradılmasında aktiv rolu, eyni zamanda elmin və təhsilin yeni metodlarının, yeni alətlərinin bu yöndə təsdiq olunması daha çox effektivdir”.
Yaxşı modellərin tətbiqi
"Sahibkar universiteti” anlayışının ölkəmiz üçün xeyli yeni olduğunu deyən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, bu, ənənəvi universitet modelinin yenilənməsini, müasir dünyadakı təcrübənin Azərbaycana gətirilməsinin zəruriliyini göstərən bir yenilik kimi tətbiq olunsa, xeyli faydalı olacaq: "Dünyanın elm tutumlu, bilik iqtisadiyyatına malik dövlətlərinin təcrübəsində bu model çoxdan oturuşub və universitetlərin rəqabətliliyini şərtləndirən başlıca faktorlardan biri kimi özünü qabarıq göstərir. Bizim universitetlərdə bir auditoriya var, bir də tələbə yeməkxanaları. Universitetlərimiz son dövrlərdə ancaq pullu təhsili inkişaf etdirməklə əlavə gəlir əldə etməyə üstünlük verirlərsə, qeyd olunan model onların iqtisadi imkanlarının forma və mahiyyətcə daha müasir, daha modern və həm də daha çox universitetin adına, mahiyyətinə uyğun olaraq artmasına imkanlar yaradır”.
Dünyanın bir çox elmtutumlu dövlətlərindəki universitetlərinin iş prinsipləri, imkanları ilə tanış olduğunu deyən İ.Orucov müqayisədə həmin ali məktəblərin daha çox üstünlüklərə malik olduğunu bildirir: "Onlarda universitetlər dövlət içində bir dövlətdir və müstəqil iqtisadi imkanlara malikdirlər. Nə qədər effektli fəaliyyət göstərsələr, bir o qədər də yaxşı təminat əldə etmiş olurlar. Ona görə də hər bir şey diqqətlə ölçülüb-biçilib. Bir qəpik belə israf edilə bilməz və ya faydasız xərclənə bilməz. Çünki universitet orada təhsil alan tələbənin, hər bir müəllimin əmlakı deməkdir. Odur ki, hamı sistemin bir hissəsi olaraq çalışır, ümumi inkişafa töhfə verir. Sanki, bir arı ailəsi işlədiyi kimi bir mexanizm qurulub. Universitetlərin muzeyləri, texnoparkları, zavodları, texnoportları, müxtəlif istehsal müəssisələri var. Onlar elmi məhsul istehsal edirlər və hər kəs gördüyü işə müvafiq olaraq əməkhaqqı alır. Professorlar arasında belə nə qədər fərqlər var”.
AGAAMC sədri hesab edir ki, biz bu proseslərə qismən hazır olmasaq belə, keçid vacibdir və dünyadan ayrı inkişaf mümkün deyil. Yəni yaxşı modelləri mütləq tətbiq etmək lazımdır: "Müəllimlər və tələbələr üçün universitetlərdə sahibkarlıqla məşğul olmağa xeyli imkanlar və bunun geniş formaları var. Nümunə kimi məsləhət-konsaltinq xidməti, yeni innovasiyaların satışı, təhsil məhsullarının brendləşdirilməsi və satışının təşkili, texnoparklarda müxtəlif sifarişlər əsasında məhsul istehsalının təşkili və realizəsi, universitetlərin tədris-istehsalat fəaliyyətizamanı təhsil alanların (bakalavr, magistr və doktorantların) iştirakı ilə istehsal edilən məhsulun, görülən işlərin və göstərilən xidmətlərin və digər bu kimi işlərin maddiləşdirilməsini göstərə bilərik. Hesab edirəm, universitet rəhbərləri daha çox innovativ olmalıdırlar. Təhsil-elm-biznes üçbucağının qurulmadığı universitetin gələcəyi yoxdur və onun diplomu da əmək bazarı üçün yetərli deyil”. İ.Orucovun fikrincə, bunun üçün ali məktəblərin profillərinə uyğun maddi-texniki baza formalaşdırılmalıdır: "Universitetlərimiz özəl təhsildən və büdcədən əldə olunan vəsaitləri mənasız estetik gözəlliyə, daşa-sementə deyil, gələcəyə yatırmalı idilər. Amma yenə də gec deyil”.
Sənaye və biznes müəssisələri ilə əməkdaşlıq şəraitində innovasiya və sahibkarlığı inkişaf etdirməyi, ali təhsil müəssisələri ilə iş dünyası arasında əməkdaşlığın vacibliyini vurğulayan mütəxəssislər, həmçinin innovasiya və sahibkarlıq mədəniyyətini inkişaf etdirməyin önəmini vurğulayırlar. Yəni əgər islahatlar bütün istiqamətlərdə düzgün aparılarsa, əldə olunan nəticələr də müsbət olar.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər