“Sahibkar heç kimə borclu deyil” - Fotolar
Prezident İlham Əliyev: "Vergi istisna olmaqla,
sahibkarlardan hər hansı qanunsuz ödəmənin tələb edilməsi, onların fəaliyyətinə
süni əngəlin yaradılması yolverilməzdir"
Sahibkarlığa dövlət dəstəyi, sahibkarların problemlərinin
həlli, onlar vasitəsilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi Azərbaycanda
həyata keçirilən iqtisadi siyasətin əsaslarından biridir. Məhz ulu öndər Heydər
Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla
davam etdirdiyi ardıcıl islahatlar ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə,
iqtisadi dayanıqlığının təmin olunmasına, regionların tarazlı inkişafına və Azərbaycanın
strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfəsini verib. Ötən
müddət ərzində dövlət-sahibkar münasibətlərinin və qeyri-neft sektorunun
inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və
orta sahibkarlığa dövlət dəstəyi daim diqqətdə saxlanılıb.
2015-ci il oktyabrın 12-də Nazirlər Kabinetinin
iclasında çıxış edən Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkərək,
bəzi icra orqanlarının bir sıra hallarda sahibkarlara süni maneələr, problemlər
yaratdığını xatırladıb. Qeyd edib ki, sahibkar heç kimə borclu deyil və o,
ancaq dövlətin vergisini ödəməlidir. Dövlət başçısı sahibkarlığın, ümumilikdə
isə iqtisadiyyatın inkişafına mane olan bütün əngəllərin, süni maneələrin
aradan götürülməsinin vacibliyini vurğulayıb. Deyib ki, bu süni maneələr bir
çox hallarda korrupsiya və rüşvətxorluqla əlaqədardır. Cari il oktyabrın 15-də
Azərbaycan Prezidenti yanında keçirilən iqtisadi müşavirədə də dövlət başçısı
İlham Əliyev sahibkarlara yaradılan şəraitdən, onların üzərinə düşən başlıca vəzifədən,
şişirdilmiş qiymətlərdən söhbət açıb. Qeyd edib ki, vergi istisna olmaqla,
sahibkarlardan hər hansı qanunsuz ödəmənin tələb edilməsi, onların fəaliyyətinə
süni əngəlin yaradılması yolverilməzdir. Dövlət başçısı vurğulayıb ki,
sahibkarlardan heç bir başqa ödəniş tələb oluna bilməz.
Lakin təəssüflər olsun ki, dövlət başçısının səsləndirdiyi
fikirlərdən, tapşırıqlarından nəticə çıxarmayan bəzi qurumlar bir sıra hallarda
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə süni maneələr yaratmaqda davam
edirlər. Misal üçün, bu yaxınlarda redaksiyamıza şikayət məktubu ünvanlayan Oğuz rayonunun sakini, qədim dəmirçi sənəti
ilə məşğul olan, sahibkar kimi fəaliyyət göstərən Qarayev Rəşad Sədrəddin oğlupodratçı şirkətin ona qarşı tələbindən gileylənib və bunu qeyri-qanuni sayıb. O bildirib ki, sənətkarlıqla
məşğul olan şəxslərə, sahibkarlara dövlət tərəfindən yaradılan şəraitdən
faydalanaraq rayon mərkəzində özünün dəmirçi sexini yaradıb, indiyə qədər dövlətin
vergisini vaxtlı-vaxtında ödəməklə, sərbəst fəaliyyətini davam etdirib. Əlavə
olaraq, Oğuz şəhəri Cavanşir küçəsindəki yeni məhəllədə özünə aid olan torpaq
sahəsində sahibkarlıq obyekti tikib. Sahibkar bildirib ki, həmin obyektin
qarşısından – giriş hissəsindən diametri 50 millimetr olan qaz xətti keçir.
Giriş-çıxışa şərait yaradılması üçün bu qaz xəttinin "arko” edilib yuxarı
qaldırılmasına ehtiyac var.
Sahibkarın yazdığına görə, bunun üçün Oğuz Rayon
Qaz İstismar İdarəsinə ona təqdim edilən ərizə nümunəsi əsasında aidiyyəti üzrə
müraciət edib. İdarədən bildiriblər ki, bu işə baxmağa birbaşa səlahiyyətləri
yoxdur və onu Zaqatala Regional Qaz İstismar İdarəsinə göndəriblər: "İşin
görülməsi üçün orada sxematik plan hazırlanıb və podratçı şirkətə yönəldilib. Həmin
qaz xətti üzərində heç bir qaz istehlakçısı yoxdur. Podratçı şirkət qeyd edilən
işi görmək üçün 500 manat işçi haqqı, 1 metri 7 manat olmaqla ümumi uzunluğu 40
metr olan 57 millimetrlik boru üçün 280 manat ödəməmi tələb edir. Əks halda bu
işin görülməyəcəyini bəyan edir. Halbuki, borunun kəsilərək "arko” edilməsi
üçün ümumiyyətlə boruya ehtiyac yoxdur. Çünki qaz xətti yeni çəkilib,
korroziyaya uğramayıb, kəsilən boru istifadəyə yararlıdır və itkiyə də getmir. Sadəcə,
boru aşağıdan yuxarıya qaldırılır. Real bazar məzənnəsində bu işə görə zəhməthaqqı
çox cüzidir. Oğuz şəhərində istənilən qaynaqçı usta bu işi görmək üçün maksimum
50 manat tələb edir. Digər mühüm məsələ bundan ibarətdir ki, podratçı şirkət
800 manata yaxın ödəmə tələb etsə belə, pulun köçürülməsindən sonra ümumiyyətlə
əraziyə gəlmir, sonda görüləcək iş yenə sahibkarın üzərinə düşür. Yəni, gedib
material alır, Oğuz Rayon Qaz İstismar İdarəsindən usta tapır, işi gördürürük.
İndiyə qədər bu hadisə Oğuz şəhərindəki onlarla sahibkarın, vətəndaşın başına gətirilib.
Etiraz edəndə, bizim qarşımıza yazdığımız ərizə nümunəsini qoyurlar ki, çəkiləcək
xərcin sən tərəfindən ödəniləcəyini burada qeyd etmisən, boynuna götürmüsən, zəhmət
çək ödə”.
Problemin ictimailəşdirilməsini, aidiyyəti
qurumların diqqətinə çatdırılmasını xahiş edən şikayətçi məktubun sonunda qeyd
edib ki, Oğuz rayonunun hər bir sakini kimi, o da Azərbaycan xalqına, onun dövlətinə,
dövlətçiliyinə sadiqdir, Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir,
özünü ölkə rəhbərinin bir əsgəri sayır: "Mən və eləcə də digər sahibkarlar, sənətkarlar
dövlətin büdcəsinə keçirilməli olacaq, bizim öhdəliyimiz sayılacaq hər hansı ödəmədən
imtina etmir, boyun qaçırmırıq. Lakin dövlətin, o cümlədən SOCAR-ın, "Azəriqaz”
İstehsalat Birliyinin adından yararlanan podratçı şirkətlərin sui-istifadəyə
yol verməsini, şişirdilmiş rəqəmlərlə vətəndaşlardan – sahibkarlardan əlavə ödənişlər
tələb etməsini qəbul etmirik. Bunu sahibkarlara, sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslərə qarşı süni maneə, qanunsuz tələb hesab edirik”.
Bu xarakterli şikayətlərlə bağlı "Azəriqaz” İstehsalat Birliyinin Baş
direktoru Ruslan Əliyevİctimai Televiziyada yayımlanan verilişdə bildirib ki, qaz xətlərinin
çəkilməsi, giriş-çıxışların verilməsi və sair bu kimi işləri görmək üçün
podratçı şirkətlərə lisenziyalar "Azəriqaz” tərəfindən deyil, müvafiq qurumlar
tərəfindən verilib. Onun sözlərinə görə, son vaxtlara qədər fərdi qazlaşdırma
zamanı vətəndaşlara qarşı müəyyən problemlər yaradılıb və bu məsələ ilə əlaqədar
şikayətlər artıb. Lakin bu xidmət "ASAN” Xidmət mərkəzləri tərəfindən həyata
keçiriləndən sonra vəziyyət müsbətə doğru dəyişib: "Son vaxtlara qədər vəziyyət
belə idi ki, lisenziyalaşdırılmış təşkilat vətəndaşla razılaşır, müəyyən ödəniş
müqabilində lazımi işi görürdü. Azərbaycanda isə 100-ə yaxın belə podratçı şirkət
var və bunların hamısını tanımaq, onların fəaliyyətini izləmək qeyri-mümkün
idi. Çünki o podratçı şirkətlərin "Azəriqaz”la hər hansı əlaqəsi, tanışlığı yox
idi. Lakin bu prosesi son bir ildir ki, nəzarətə götürmüşük və bu sahədə də vəziyyətin
yaxşılaşması istiqamətində iş aparılır. Qaz xətlərində müəyyən qaynaq işləri
aparılaraq qapı keçidlərinin yaradılması və sair məsələlərə gəlincə, çalışırıq
ki, bu istiqamətdə də vətəndaş məmnunluğunu maksimum şəkildə təmin edək. Ancaq
bəzi hallarda qapı keçidlərinin quraşdırılması ona görə böyük məbləğ tutur ki,
həmin ərazidə digər vətəndaşlara qaz verilişi dayanmasın. Vətəndaş bəzən iddia
edir ki, qapı keçidi edilən zaman kəsilən boru istifadəyə yararlıdır və mənə əlavə
boru xətti aldırmayın. Əgər həmin vətəndaşdan sonra oradakı abonent sayı
azdırsa, həmin şəxsi razı sala bilirik. Amma bəzi hallarda qapı keçidinin kəsilməsi,
yenidən birləşdirilməsi çox vaxt aparır, digər abonentlər bizdən narazı qalır.
Belə məqamlar var. İstənilən vətəndaş istəyir ki, az xərc çəksin, buna görə kəsilən
borunun təzədən istifadə edilməsini istəyir, əks halda şikayətçi olur. Bu biri
yandan da qaz xəttində iş aparılarkən digər abonentlər şikayət edirlər ki, qaz
verilişi niyə dayandırılıb. Çalışırıq ki, hər iki tərəfdəki vətəndaşları razı
salaq”.
İqtisadçı
ekspert Rəşad Həsənovhesab edir ki, şikayətçinin qaldırdığı məsələ kifayət qədər ciddi problemdir.
Onun dediyinə görə, təkcə sözügedən sahibkarın deyil, ümumiyyətlə, yeni açılan
müəssisələrin enerji mənbələrinə qoşulması, kommunikasiyalara birləşdirilməsi
zamanı da müəyyən problemlər ortaya çıxır ki, bu da sahibkarlıq fəaliyyətinə
süni maneədir: "Bu istiqamətdə sahibkarlarla müzakirələr aparılarkən, onlar
hansısa vergi güzəşti və sair məqamları deyil, enerji mənbələrinə qoşulma,
yaxud bununla əlaqədar məsələlər üçün güzəştlərin edilməsini daha çox dilə gətirirlər.
Çünki belə hallar sahibkarlara ciddi problemlər, əlavə maliyyə yükü, vaxt
itkisi yaratmaqla bərabər, təşəbbüsləri də məhdudlaşdırır. Məsələyə bu
kontekstdən yanaşdıqda, baş verənlərdən son nəticədə ölkə iqtisadiyyatına
ziyanı dəyir. Qaz xəttinə qoşulma, yaxud qaz xətlərində müəyyən əməliyyatlar
aparılması podratçı şirkətlərə həvalə olunub ki, onların bəzisi istədiyi kimi
qiymət diktə edir, monopolist yanaşma ortaya qoyurlar. Onların müəyyən etdiyi
xidmət haqqı, qiymətlər mövcud bazar şəraiti ilə müqayisədə daha üstün olur. Təbii
olaraq bu da sahibkarların, ümumilikdə vətəndaşların haqlı narazılığına səbəb
olur. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi baxımından mümkündür ki,
sahibkarlar üçün bənzər xidmətlər hansısa formada sadələşdirilsin, bu xidmətlərin
daha da əlçatanlığı dövlət tərəfindən təmin edilsin”.
Hüquqşünas
Sahib Məmmədov bildirib
ki, sözügedən problem texniki şərtlər çərçivəsində kommunal xidmətlər təklif edən
digər qurumlara da aiddir. Həmsöhbətimizin qənaətincə, həmin qurumlar öz qərarlarını
onunla əsaslandırırlar ki, onların seçdiyi podratçı şirkətlər texniki təhlükəsizlik
qaydalarına tam riayət edir, buna görə məsuliyyəti öz üzərlərinə götürürlər: "Vətəndaş
özü istənilən bir qaynaqçını gətirib qaz xəttində hər hansı iş aparırsa, orada
baş verə biləcək istənilən xoşagəlməz hadisəyə görə məsuliyyət kimin üzərində
qalacaq? Bu suala cavab tapmaq çətindir. Məhz bu məqamdan da müvafiq tenderi
udan, podratçı şirkət olaraq fəaliyyət göstərən qurumlar sui-istifadə edirlər.
Düzdür, onların bu tenderi necə udması da əlavə araşdırma tələb edən mövzudur.
Ancaq real vəziyyətdə həmin o podratçı şirkətlər öz bildikləri qiyməti diktə
edirlər. Mal-materialların istənilən qiymətə, şişirdilmiş şəkildə satılması və
sair bu kimi hallar, təəssüf ki, var və rast gəlinir. Bununla əlaqədar kimsə
hansısa ünvana şikayət edə bilər. Ancaq sonda məsələ yenə də təhlükəsizlik məqamının
üstünə gəlib çıxacaq. Şikayətçiyə sual edəcəklər ki, daha ucuz zəhməthaqqı ödəyib
bazardan gətirdiyin və peşəkar kimi təqdim etdiyin qaynaqçı iş prosesində
hansısa xoşagəlməz hadisə ilə qarşılaşsa, məsələn, ciddi xəsarət alsa, həyatına
təhlükə yaransa, ən pis halda faciəvi şəkildə ölsə, buna görə məsuliyyəti sən
üzərinə götürəcəksənmi? Məhz bu baxımdan podratçı şirkət vasitəsilə bu işi
gördürmək daha düzgündür. Lakin pis olan budur ki, bundan sui-istifadə edilərək
vətəndaşa şişirdilmiş qiymət müqabilində xidmət təklif olunur”.
Hüquqşünas bildirib ki, belə halla rastlaşan vətəndaş,
o cümlədən sahibkar bununla razılaşmaya bilər və aidiyyəti üzrə şikayət edə bilər:
"Bu, vətəndaşın haqqıdır. Təklif olunan qiymət onu qane etmirsə, ilk növbədə
"Azəriqaz”a, ardınca müvafiq qurumlara, ən nəhayət, məhkəməyə müraciət edə bilər.
Ancaq gəlin görək, məhkəməyə çəkilən xərclər vətəndaşı qane edəcəkmi? Bura vəkil
tutmaq və sair xərclər daxildir. Təbii ki, vətəndaş buna getməyəcək. Ona görə də
belə şərait yaranır, sui-istifadə halı formalaşır. Bütün bunlara baxmayaraq, vətəndaşlar
podratçı şirkəti seçmiş quruma davamlı şəkildə şikayətlər etməlidirlər. Sual
verilməlidir ki, xidmət müqabilində təklif edilən qiymətlər hansı meyarlarla
hesablanır, haradan alınır? Prezident İlham Əliyevin iqtisadi müşavirədə söylədiyi
kimi, havadanmı alırlar bu rəqəmi, qiyməti? Bu suallara podratçı şirkəti seçən
qurumlar aydınlıq gətirməlidirlər. Bununla yanaşı, SOCAR-ın Apellyasiya Şurası
var. Sahibkar həmin Şuraya da müraciət etməlidir. Əminəm ki, vətəndaş haqlı
olduğu halda, onun şikayətinə müsbət reaksiya verəcəklər”.
Sonda bir daha qeyd edək ki, Azərbaycanda
sahibkarlara dövlət tərəfindən hərtərəfli qayğı göstərilir, onlara öz fəaliyyətlərini
daha da genişləndirmək üçün lazımi dəstək verilir. Lakin bəzi qurumlar tərəfindən
süni şəkildə yaradılan maneə sahibkarların haqlı narazılığına səbəb olmaqla bərabər,
ümumilikdə iqtisadiyyata ziyan vurur. Ona görə də vətəndaşın müraciətinə,
sahibkarın şikayətinə çevik reaksiya verilməli, ciddi araşdırma aparılmaqla
sahibkarlıq subyektlərinə süni problem yaradan amillər aradan
qaldırılmalıdır.
Bəxtiyar
MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi
jurnalist yazıları müsabiqəsinə təqdim edilir