• cümə axşamı, 28 mart, 16:49
  • Baku Bakı 16°C

Sahib Kərimli AXCP və Müsavat liderlərini siyasətdən getməyə çağırdı

18.09.18 18:38 1573
Sahib Kərimli AXCP və Müsavat liderlərini siyasətdən getməyə çağırdı
Azərbaycandakı radikal müxalifətin sosial bazasını itirdiyi, cəmiyyət tərəfindən dəstəklənmədiyi hər kəsə bəllidir. AXCP-nin, həmçinin onun yedəyində gedən Milli Şuranın uğursuz "liderləri” Əli Kərimli və Cəmil Həsənli reallıqla uzlaşmayan fikirləri, davranışları ilə insanların etimadını itiriblər. İnsanlara demokratik dəyərlərdən, humanizmdən ağızdolusu dərs keçən bu "lider”lərin əsl gerçəklikdə antidemokrat, diktatorsayağı idarə üsulu adıçəkilən təşkilatlardan kütləvi qopmalara da səbəb olub. Zaman-zaman bu təşkilatlarda təmsil olunanlar öz "lider”lərindən” üz döndəriblər. Hazırda dərnəyi xatırladan AXCP və Milli Şura 3-5 nəfər radikaldan, bir də Ə.Kərimlinin "Facebook”da saxta profillərlə formalaşdırdığı trol yığınından ibarətdir. AXCP sədri həmin saxta profillər və trol "ordusu” ilə hakim partiyanın, iqtidarın siyasətini qaralamaqla, əldə edilən hər bir uğura qara yaxmaqla gün keçirir, gündəmdə qalmağa çalışır. Bir növ öz uğursuzluqlarını bu yolla pərdələməyə, diqqəti üzərindən yayındırmağa çalışır. Lakin vaxtilə AXCP sədrinin çətiri altına sığınan, sonradan onu tərk edən silahdaşlarının vaxtaşırı dilə gətirdiyi həqiqətlər, sosial şəbəkədə yazdıqları statuslar Ə.Kərimli zehniyyətini, mahiyyətini, uğursuzluğunu tam çılpaqlığı ilə ortaya qoyur.
AXCP Rəyasət Heyətinin keçmiş üzvü Sahib Kərimlinin sentyabrın 16-da "Facebook” səhifəsində yazdıqları da bu qəbildəndir. Məlumat üçün qeyd edək ki, S.Kərimli ömrünün böyük bir hissəsini AXCP-nin qurulmasına, fəaliyyətinə həsr etmiş insandır. O, AXCP sədrliyinə namizəd də olub. Lakin Ə.Kərimli diktaturası, alternativ fikrə dözümsüz yanaşma S.Kərimlinin partiya sıralarından uzaqlaşdırlması ilə nəticələnib. Vaxtilə onun özünün də vurğuladığı kimi, AXCP sədri Ə.Kərimli ictimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutub, onu partiyadan uzaqlaşdırıb. Bundan sonra S.Kərimli vaxtaşırı Ə.Kərimlini ifşa edən statuslar paylaşıb. Bakının işğaldan azad edilməsinin 100 illiyinin qeyd olunduğu, Türkiyə və Azərbaycan hərbçilərinin iştirak etdiyi, hər iki ölkə prezidentlərinin də qatıldığı paraddan bir gün sonra S.Kərimli növbəti dəfə AXCP sədrinin "qanını qaraldıb”. O qeyd edib ki, Ə.Kərimli başda olmaqla Xalq hərəkatından doğulan partiyaların iddialı müxalifət liderləri siyasi postlarından getməlidirlər. Onun sözlərinə görə, həmin "lider”lər məhz ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə belə böyük fərqlə və faktla uduzduqlarına görə partiya sədrliklərindən getməlidirlər. S.Kərimli daha sonra yazıb: "Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə üzərindən Avroatlantik dünyaya açılacağımızı yazmışıq. Bu, Yeni Azərbaycan Partiyası və klassik müxalifətin ortaq mövqeyi idi. Türkiyədəki rejimlərin fərqindən asılı olmadan, Məhəmməd Əmin Rəsulzadə ordu çağırdı, dövlət qurdurdu, Heydər Əliyev Türk şahinlərini çağırıb İranın təyyarələrini qovdurdu, İlham Əliyev də parad keçirir. Siz isə dinc əhalini çıxarmağa helikopter belə ala bilməmisiniz. Bir cəbhəçi, bir müsavatçı görmür ki, Türkiyədə onları tanıyan yoxdur?”
Xatırladaq ki, S.Kərimli helikopter məsələsini qeyd edərkən Kəlbəcərin işğal olunması zamanı prezident Əbülfəz Elçibəyin mülki əhalini çıxarmaq üçün Türkiyədən hava nəqliyyat vasitəsi istəməsini nəzərdə tutub. O dövrdəki Türkiyə hökuməti isə Ə.Elçibəyin bu istəyinə reaksiya verməyib.
S.Kərimlinin bu statusu sosial şəbəkədə geniş müzakirələrə yol açmaqla cəbhəçilərin, həmçinin də müsavatçıların kürkünə birə salıb. AXCP sədri Ə.Kərimlinin nəzarətində olan trol dəstəsi S.Kərimlinin ünvanına alçaldıcı ifadələr işlədib onu satqın adlandırıb. Qeyd ediblər ki, o, partiya sədri ola bilmədiyi üçün qisasçılıq edir. Misal üçün, Vaqif Davud adlı birisi S.Kərimlinin statusunu uğursuz hesab edərək belə bir cavab yazıb: "AXCP-də sədrlik sevdasına düşdünüz, bədəli ağır oldu, 4 ildir kartof-soğan əkməklə məşğulsunuz”.
Azad Əzimli Vaqif Davudun bu yanaşmasını nəzərdə tutaraq onu mal otaran adlandırıb: "Malotaran Vaqif Davud indi guya siz belə çox ağıllı cavab verdiniz də. Siz yaşda meşədə ağac qalmayıb, taylarınız o dünyada torpaq daşıyır, siz gəlib facebookda səhv tutursunuz. Nədir, AXCP-də sədrlik iddiasında olmaq olmaz? Vallah sizin Hafiz Hacıyevdən fərqiniz yoxdur. Kimsə Müsavatı, AXCP-ni tənqid edirsə Hafiz Hacıyev kimi hoppanırsız üstünə. Yavaş hoopanın, birdən qucağa düşərsiniz”.
Müsavatçı Gülağa Aslanlı statusun şərh bölməsinə yazıb ki, Müsavat Partiyasını Türkiyə siyasilərindən tanımayan yoxdur. O, S.Kərimlini nəzərdə tutaraq vurğulayıb ki, hədəfi düzgün seçə bilməyən, siyasətçi də ola bilmir. Azad Əzimli adlı istifadəçi dərhal G.Aslanlıya sərt şəkildə cavab verib. Bildirib ki, onun yaşda siyasətdə adam qalmayıb, amma o, hələ də Müsavatda imitasiya müxalifətçiliyi ilə məşğuldur. Taleh Məmmədov isə G.Aslanlıya cavab olaraq qeyd edib ki, "Sizin partiyanızı Biləcəridən o tərəfə tanıyan yoxdur, rahat olun”.
Aslan Aslanov adlı daha bir Facebook istifadəçisi AXCP-Müsavatın Azərbaycan xalqına son 25 ildə heç nə vermədiyini yazıb: "Bədbəxtçiliyiniz elə kimin AXCP-də seçilib-seçilməməyini müzakirə etmək olub son 25 ildə. Başqa ölkələrin müxalifəti hakimiyyətə gəlmək uğrunda mübarizə aparır və birləşir! Azərbaycanın padoşlaşmış müxalifəti isə AXCP, Müsavat, KXCP, nə bilim nə PPP başbaxmayanlığı uğrunda az qala özlərinə qəsd belə edirlər. Yazıqlar olsun”.
Beləliklə, sabiq cəbhəçi S.Kərimlinin AXC-Müsavat cütlüyü və rəhbərliyi barədə yazdığı status, "liderlərin” mahiyyətini ortaya qoyan fikirlər radikalların içinə növbəti çaxnaşma salıb. Bu çaxnaşmanın təsiri altında S.Kərimliyə cavab yazan Ə.Kərimli aşiqləri səviyyəsizliklərini bir daha nümayiş etdiriblər.

Fuad QƏHRƏMANLI





banner

Oxşar Xəbərlər