Sahib Alıyev: “İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, hər kəsin seçimidir”
"Gözlənildiyi kimi də oldu. Yeni Azərbaycan Partiyası
11 apreldə keçiriləcək Prezident seçkisinə cənab İlham Əliyevlə gedir. Öncə də
yazmışdım, indi də təkrarlayıram ki, onun növbəti 7 ildə də Azərbaycana
rəhbərlik etməsi təkcə partiyadaşlarının deyil, dövlətini, ölkəsini sevən,
torpaqlarının işğal altında qalmasıyla barışmayan, xalqımızı daha da güclü,
qüdrətli görmək istəyən, dörd bir yanımızda nələrin baş verdiyini, niyə baş
verdiyini, milyonlarla adamın qətli, didərginliyi, səfilliyiylə nəticələnən bu
xaos və qada-balanın bizdən yan keçməsinin səbəbini az-çox anlayan hər
birimizin istəyidir”.
Bu barədəMilli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev bildirib. O qeyd edib ki,
Azərbaycan xalqı son 14 ildə cənab İlham Əliyevin timsalında sözübütöv,
populizmdən uzaq, dərin təfəkkürü, böyük dünyagörüşü, geniş ürəyi, gözəl zövqü,
dəmir iradəsi, qibtədoğuran səbri və ləyaqəti olan qurucu bir lider gördü.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan
vətəndaşlarına çoxlarının həsədlə baxdığı, regionda lider və sözün hər
anlamında müstəqil ölkənin vətəndaşı olmanın qürurunu yaşatdı və yaşadır: "Nəiniki
bir sıra transmilli enerji layihələrini, həm də Bakı-Tiflis-Qars dəmir yolunun
çəkilməsi kimi əksər böyük oyunçuların maraqlarına o qədər də cavab verməyən
bir reallığı ortaya qoymaqla, üstəlik onları da belə demək mümkünsə, dəhlizdaş
etməklə təkcə necə bir strateq olduğunu yox, həm də strateqin nə demək olduğunu
göstərdi”.
Millət vəkili
S.Aliyev bildirib ki, cənab İlham Əliyev beynəlxalq konyukturadan qaynaqlanan
2008 və 2015-ci illərin böhranı zamanı əleyhimizə işləyən reallığı ölkənin
xeyrinə yönəltməklə, eyni zamanda çevik və bacarıqlı bir krizis menecerliyi
sərgiləyib: "2016-cı ilin aprelindəki döyüşlərdə biz onun qorxmaz, bütün hay
havadar və himayədarlarının əleyhinə çıxmasına baxmayaraq əldə olunanı
qorumağı, onlara həzm etdirməyi bacaran necə bir mətin sərkərdə olduğunu
görmədikmi? Gördük. Bu gün biz Qarabağımıza deyil, eləcə də özünün dəfələrlə
adını çəkdiyi hay tapdağı altındakı digər torpaqlarımıza qayıdacağımızın
əminliyini yaşayırıq. Bu əminliyi bizə yaşadan məhz o deyilmi? Odur.Ona görə də İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, Azərbaycanın
durmadan yenilənməsini, onun gələcəyinin proqnozlaşdırılan və daha da parlaq
olmasını, əldə edilən uğurların davamlı artmasını və dayanıqlı xarakter
almasını istəyən hər kəsin seçimidir. Mən anlayıram ki, müsbət
addımlar, örnək hərəkətlər, uğurlar çox olduqda onların ardıcıl sadalanması
haradasa pafos effekti yaradır. Amma
əsas bunun necə effekt yaratması yox, həqiqət olub-olmamasıdır, deyilmi? Son 14 ildə cənab Prezident o
qədər böyük işlər görüb ki, bütün bu dediklərim ancaq aysberqin görünən
tərəfidir. Ancaq o da həqiqətdir ki, təhsildə, səhiyyədə, iqtisadiyyatda, bir sözlə həyatımızın bütün sahələrində həllini gözləyən
məsələlər, həm də problem xarakterli məsələlər də az deyil. Bütün
bu məsələləri ardıcıl, səbrlə, lazımsız gərginliklərə yol vermədən, çalxantı və
çaxnaşmasız, amma qətiyyətlə həll edə biləcək lider də yenə cənab İlham
Əliyevdir”.
Deputat
S.Alıyev ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qurmasına da
diqqət çəkib. Qeyd edib ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev
son 14 ildə bu dövlətin müstəqilliyini daha da möhkəmləndirərək, onu regionun
liderinə çevirib: "İndi cənab İlham Əliyev Azərbaycanın bu liderliyinin və
müstəqilliyin əbədi olması üçün ona haqq edən xalq quruculuğunu reallaşdırır. Bu
bir prosesdir və onun üçün bir il, beş il yox, daha çox vaxt lazımdır. Prezidentimizin hamımız üçün son dərəcə önəmli və
şərəfli olan bu missiyanın da öhdəsindən uğurla gələcəyinə inanıram. Və əminəm
ki, təkcə bəndəniz və bu ölkənin digər vətəndaşları deyil, ürəyi Azərbaycanla
döyünən hər kəs buna inanır və məhz belə bir xalqa çevirilməyimizi arzulayır.
Təbii ki, cənab İlham Əliyevin liderliyi altında!”.
R.İSMAYILOV