• şənbə, 20 Aprel, 13:54
  • Baku Bakı 23°C

«Şahdəniz»in hasilatı artırılır

17.12.13 11:15 1260
«Şahdəniz»in hasilatı artırılır
Bu gün Bakıda «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir.
Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. «APA-Economics»in məlumatına görə, bu barədə «BP-Azerbayjan» şirkətinin yaydığı rəsmi məlumatında deyilir.
Məlumata görə, «Şahdəniz» layihəsi çərçivəsində dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisini nəzərdə tutur.
«Şahdəniz-2» və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 mlrd. dollar təşkil edəcək. «Şahdəniz» yatağından hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz təxminən 3 500 km məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
«Şahdəniz» yatağından gündə kondensat hasilatının hazırkı 55 min bareldən 120 min barelə çatacağı gözlənilir.
Daha yaxın zaman üçün isə «Şahdəniz» tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 mlrd. kubmetr artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırıblar. Hasilatın bu artımı artıq aparılır və 2014-cü ilin sonunadək işlərin başa çatdırılacağı gözlənilir.
ARDNŞ və «Şahdəniz» tərəfdaşları həmçinin «Şahdəniz» üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. «Şahdəniz» tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər.
Bugünkü qərarla 9 Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri indi artıq qüvvəyə minəcək. Nəticədə, «Şahdəniz» qazının ildə təxminən 10 mlrd. kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir. Bundan başqa, «Şahdəniz-2»dən hasil olunacaq qazın ildə təxminən 6 mlrd. kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər «Şahdəniz» tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-in əməliyyatçılığı ilə idarə olunacaq.
Qeyd edək ki, «Şahdəniz» yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən «Şahdəniz-1» layihəsi çərçivəsində Gürcüstan və Türkiyəyə qaz ixrac edir.
Yekun investisiya qərarı ilə paralel olaraq, ARDNŞ «Statoil» şirkətindən «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəmərində 6,7%, BP isə «Statoil»dan «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Bu əməliyyatların rəsmiləşdirilməsi prosesinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Nəticədə, «Şahdəniz» tərəfdaşlarının payı aşağıdakı kimi olacaq: BP (operator - 28,8%), ARDNŞ (16,7%), «Statoil» (15,5%), «Total» (10%), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%).
«BOTAŞ» və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarının alınması əməliyyatından sonra TANAP tərəfdaşlarının bu şirkətlər olacaq: ARDNŞ, (operator - 68%), «BOTAŞ» (20%) və BP (12%).
TAP tərəfdaşları isə aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), «Statoil» (20%), «Fluxys» (16%), «Total» (10%), E.ON (9%) və «Axpo» (5%).
banner

Oxşar Xəbərlər