• cümə, 29 Mart, 10:12
  • Baku Bakı 5°C

«Şahdəniz-2» ilə bağlı iki böyük müqavilə bağlandı

20.12.13 10:54 1491
«Şahdəniz-2» ilə bağlı iki böyük müqavilə bağlandı
«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, dekabrın 17-də Bakıda imzalanan Mərhələ 2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib.
Birinci müqavilə Səngəçal terminalında «Şahdəniz-2» üçün yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri üzrə müqavilədir. Bu müqavilə «Tekfen İnşaat ve Tesisat A.S.» və «Azfen BM» arasında yaradılmış «Tekfen-Azfen» alyansı ilə bağlanılıb. Bu müqavilənin iş həcmi Səngəçal terminalında əsas qaz və kondensat emalı qurğularının tikintisi, sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən terminal qurğularına qədər uzanan qaz, kondensat və MEQ (monoetilenqlikol) boru kəmərinin inşası və Səngəçaldakı mövcud terminalda yenidən quraşdırma işlərdən ibarətdir.
Müqavilənin dəyəri 998 mln. ABŞ dolları təşkil edir. Bu müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və 2018-ci ildə başa çatacağı gözlənilir.
İkinci müqavilə isə Mərhələ 2 üzrə nəzərdə tutulan iki platformanın, yəni hasilat və dikborular platformasının (ŞDB-HR) və yaşayış bloklu texnoloji təchizat platformasının (ŞDB-YBTT) üst modullarının inşası, barjaya yüklənməsi və eləcə də sözügedən platformaların dənizdə sazlanması və istismara verilməsi işləri üçündür. Bu müqavilə «AMEC» MMC, «Tekfen İnşaat ve Tesisat A.S.» və «Azfen»in yaratdığı «AMEC-Tekfen-Azfen» (ATA) konsorsiumu ilə bağlanılıb. Hər iki platformanın üst modulları ATA konsorsiumunun Bibiheybət ərazisində yerləşən tikinti-quraşdırma sahəsində inşa ediləcək.
Dəyəri 974 mln. dollar olan bu müqavilə çərçivəsində həyata keçiriləcək tikinti işlərinin də 2014-cü ilin yanvarında başlanması və 2018-ci ildə başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, «Şahdəniz tərəfdaşları» (satınalma əməliyyatlarından sonra) BP (28,8%), Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (16,7%), «Statoil» (15,5%), «Total» (10 %), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%) şirkətlərindən ibarətdir.
banner

Oxşar Xəbərlər