• cümə, 29 Mart, 19:12
  • Baku Bakı 14°C

Şah sənəti – Sadə peşə adamı

02.12.14 10:15 4808
Şah sənəti – Sadə peşə adamı
Zərgərlik sənəti Şərqdə ta qədim zamanlardan mövcud olub. Hazırda sözügedən sahədə vəziyyət necədir? Zər qədrini doğurdanmı yalnız zərgərlər bilir? Sözügedən suallarımıza cavab tapmaq, həm də zərgərlik sənətinin incəliklərini öyrənmək üçün gənc zərgər Samiq Mirzəyev və Şəhriyar İsmayılovla həmsöhbət olduq….
Hər adam zərgər ola bilməz
Samiq 8 ildir ki, bu sənətlə məşğuldur. Sənətə gəlişindən danışan müsahibimiz deyir ki, dayılarının zərgər olması onun da bu sənətə marağını artırıb. Böyüklərin də məsləhəti ilə 8 il əvvəl zərgər olmağa qərar verib. Sənətkar yanında şagirdlik edən vaxtları əvvəlcə ona cansıxıcı gəlir, balaca bir naxışı qoyanacan səbri çatmır, buna görə də müəllimin öyrətdiklərini yaxşı qavraya bilmirmiş. Ancaq zərgərliyə olan marağı üzündən səbr etməyi və yavaş-yavaş zərgərlik sənətinin incəliklərinə bələd olmağı öyrənir. Bələd olduqca da marağı daha da artır. Dediyinə görə, zərgərliyin başlıca şərti səbrli olmaqdır: “Hər adam istəsə belə zərgər ola bilməz. Çünki təkcə səbrlə iş düzəlmir. Zərgərlik rəssam işi tələb etdiyindən rəsm çəkməyi də bacarmalısan. Əl qabiliyyətinin də olması vacibdir ki, hansısa məmulat üzərində işləyə biləsən. Bundan başqa, zərgərin mütləq zövqü və fantaziyası olmalıdır ki, ortaya maraqlı nəsə qoya bilsin. Amma bu şərtlərdən də öncə sənətini sevməlisən. Sevməsən, zərgər olmaq, ya da uzun müddət bu sənəti davam etdirmək mümkün deyil”.
Samiqin dediyinə görə, bu sənət sənətlərin şahı, şah sənətidir: “Tarixdə yazılanlara görə, Sultan Süleyman da zərgərliklə məşğul olub. Məhz buna görə zərgərlik peşəsinə şah sənəti deyirlər”.
Texnikaya uduzan əl əməyi
Samiq bu işdə əl əməyinin çox olduğunu deyir: “Əl əməyi çox olsa da, işimizə dəyər, qiymət verən adamlar azdır. Bir var, kiminsə şəklini fotokamerayla çəkirsən, bir də var, kətan üzərində fırçayla işləyirsən. Bunlardan biri bir an çəkir, digəri, günlərlə, aylarla sürə bilər. Amma sonda həm fotoqraf, həm də rəssam eyni adamın rəsmini çəkir. Fərq ondadır ki, biri əl əməyidir, digəri texnikanın məhsulu. Bizim sənətdə də hazırda vəziyyət bu cürdür”.
Müsahibimizin fikrincə, indi zərgər əməyi texnikaya uduzur: “Texnika inkişaf edir, kompyuterlə işləyən cürbəcür aparatlar, avadanlıqlar çıxıb. Bu aparatların qiyməti o qədər bahadır ki, 5-10 zərgər birləşib ala bilmir. Aparatın üstünlüyü ondadır ki, eskizi kompyuterə verirsən. Həmin eskiz kompyuterdə modelləşdirilir və aparata verilir. Aparatdan isə zərgərlik məmulatının, məsələn, üzüyün hazır forması gəlib çıxır. Sonra zərgər həmin məmulatın üzərində bir gün ərzində azacıq işləyib müştərisinə təqdim edir. Bir sözlə, aparat eyni vaxtda 4-5 zərgərin gördüyü işi görür. Buna görə zərgər əməyinin qiyməti yavaş-yavaş “ölür”. Əgər əvvəl bir işi əl əməyi ilə bir həftəyə görürdülərsə, indi aparatın köməkliyi ilə işi bircə günə bitirirsən”.
Hürrəm Sultanın sırğası, Hadenin bilərziyi
Samiq yerli müştərilərin daha çox xaricdən gətirilən mallara üstünlük verməsindən şikayətləndi: “İndi qızıl məmulatarı alanların çoxu xaricdə kompyuter vasitəsilə hazır qəlibdən çıxan standart, zərgərin üzərində çox az işlədiyi zinət əşyalarına üstünlük verirlər. Düzdür, bu məmulatlar ucuz başa gəlir, amma əl əməyinin məhsulu olmadığından tez sınırlar”.
Həmsöhbətimizin sözlərinə görə, bəzi müştərilərinin qəribə zövqü var: “Bir də görürsən, müştəri gəlib Hürrəm Sultanın sırğa və üzüyündən istədiyini, ya da vaxtilə “Kloun” serialının baş qəhrəmanı Hadenin qolbağısından və digər zinət əşyalarından sifariş verirlər.
Zər qədrini niyə zərgər bilir?
Söhbətimizə qoşulan Samiqin həmkarı Şəhriyar İsmayılov isə sənətlərinin üstünlüklərindən də danışdı: “Səliqəli, təmiz işdir, əl-ayağın çirkə, toz-torpağa batmır. Həm də işimiz zövqvericidir. İşin sonunda düzəltdiyin qiyəmtli məmulatdan zövq alırsan. Bir sözlə, zövqverici sənətdir”.
Şəhriyar “zər qədrini zərgər bilər” misalının nə dərəcədə düzgün olduğuna da münasibətini bildirdi: “Əgər birinin üzüyündən bir qaş düşsə, bu, onun üçün az əhəmiyyətli ola bilər. Düşünər ki, yenidən üzüyünə qaş qoydura bilər. Amma eyni zər zərgərin üzüyündən düşsə, bu, onu çox narahat edəcək. Çünki o, bu zərin necə əziyyətlə başa gəldiyini bilir”.
Qızılı dəm çaydanında saraldırlar?
Həmsöhbətimiz iş başında qarşılaşdıqları maraqlı əhvalatlardan birini bizimlə bölüşdü: “Ümumiyyətlə, bizim işdə ən maraqlı əhvalatlar şagirdlərin başına gəlir. Köhnə ustalarımızdan birinin yanına bir şagird gəlirdi. Ustaya sual verdi ki, qızılı necə saraldırlar. Bildiyimiz kimi, qızılı həm saraltmaq, həm də ağartmaq olur. Usta da buna zarafatla dedi ki, qızılı axşamdan dəm çaydanına qoyurlar, səhərə kimi çaydan dəmdə qalır. Artıq səhərə qızıl saralır. Şagird də bunun zarafat olduğunu “tutmur” və axşam gümüş üzüyü dəm çaynikinə atıb dəmə qoyur ki, saralsın. Səhər baxır ki, heç bir effekt olmayıb. Bunu gəlib ustasına və digər zərgərlərə danışanda xeyli gülmüşdük”.
“İnsanlar qızıla etibar etmir”
Qazanclarına gəlincə, müsahiblərimiz deyir ki, bu sənətdə, istədikləri qazanc olmur: “Ən pisi odur ki, bizdə məhərrəmlik, orucluq və may ayında iş olmur, heç kim bu aylarda bizə sifariş vermir. Çünki sözügedən aylarda toy olmur. Üst-üstə toplasan, bizdə 12 ayın 4-5 ayı iş olur, qalan aylar sifariş almırıq. Yalnız qocaman zərgərlər sözügedən vaxtlarda da işləyirlər. Çünki illər keçdikcə, bu işlə daha uzun müddət məşğul olduqca bu sənətdən ayrılmaq mümkünsüzləşir. Amma gənc zərgərlər məhərrəmlik, orucluq və may aylarında taksi sürücüsü, tikintilərdə fəhlə, ya da saç ustası kimi işləyirlər”.
Şəhriyar son illər müştərilərinin azaldığından da şikayətləndi: “Əvvəllər insanlar ehtiyatda olan pullarını qızıl şəklində saxlayırdılar. Zərgərlərə sifariş verir, düzəltdirdikləri malı saxlayır, lazım olanda da ehtiyaclarını ödəmək üçün satırdılar. Amma indi qızılın qiyməti bazarda tez-tez dəyişdiyindən insanlar qızıla etibar etmir, pullarını daşınmaz əmlak şəklində saxlamağa üstünlük verirlər”.
İsmayıl MƏMMƏDOV

banner

Oxşar Xəbərlər