Şah İsmayıl Xətaisiz Azərbaycan xalqı varmı?

Şah İsmayıl Xətaisiz Azərbaycan xalqı varmı?

Müsahibə
12 Dekabr 2012, 09:31 2436
Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Səfəvi hökmdarı Şah İsmayıl Xətainin siyasi fəaliyyəti ilə bağlı məqaləsi böyük əks-səda doğurub. Səfəvilər dövlətinin yaradılması tarixinin heç də həmişə düzgün və ciddi elmi meyarlarla təqdim edilmədiyini qeyd edən PA rəhbəri eyni zamanda, bəzi müəlliflərin Şah İsmayıla münasibətdə qərəzli mövqe nümayiş etdirdiklərini vurğulayıb.
Geniş müzakirəyə səbəb olan məqalə ətrafında AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovla söhbətləşdik.

Tarixi şəxsiyyətlər haqqında danışarkən...

- Bu yaxınlarda akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətainin siyasi fəaliyyəti və Səfəvilər dövləti haqqında işıq üzü görən məqaləsində qeyd olunub ki, Səfəvilərin tarixi düzgün və ciddi elmi meyarlarla təqdim edilməyib. Sizcə Azərbaycan tarixinin təhrif olunması məlumat kasadlığından irəli gəlir, yoxsa burada hansısa məqsədlər ola bilər?
- Görkəmli dövlət xadimi və akademikin Azərbaycan tarixinin son dərəcə aktual bir məsələsinə münasibət bildirməsi təqdirəlayiq haldır. Ramiz Mehdiyev son dərəcə gərəkli bir məsələ barədə aktual elmi məzmunu olan məqalə yazaraq Azərbaycan ictimaiyyətinə təqdim edib. Elmi, ilk mənbələrə əsaslanan, son dərəcə dərin məna tutumlu məqalənin ən böyük əhəmiyyəti odur ki, məqamında yazılıb. Çox təəssüf ki, həm ölkəmizin daxilində, həm də xaricdə Azərbaycan Səfəvilər dövləti ilə əlaqədar elmi həqiqəti əks etdirməyən, çox hallarda saxtalaşdırılmış, təhrif edilmiş materiallar gedir. Bu, olduqca təhlükəli bir haldır. Bu məsələdə düzgün mövqe tutulması Azərbaycanın elmi ictimaiyəti üçün son dərəcə zəruridir. Digər tərəfdən, bu məqalə görkəmli alimimizin məqaləsi olmaqla bərabər, eyni zamanda, Azərbaycan dövlətinin mövqeyidir.

AMEA-nın Tarix İnstitutunun adından bildirmək istəyirəm ki, biz elmi şuramızda akademik Ramiz Mehdiyevin məqaləsi ətrafında fikir mübadiləsi apardıq. Biz yenə də məqaləni geniş müzakirə edəcəyik. Ramiz müəllimin Milli Elmlər Akademiyasının prezidentinə yazdığı məktubunu da elmi şuranın üzvlərinin diqqətinə çatdırdım. Bu material bütün Azərbaycan ictimaiyyətinə, əli qələm tutanlara başa salır ki, biz öz tarixi şəxsiyyətlərimizə münasibətdə son dərəcə həssas olmalıyıq. Mən demirəm ki, tarixi şəxsiyyətlərlə bağlı subyektiv baxışlarımız olmalıdır. Xeyir. Biz tarixi şəxsiyyətlərlə bağlı obyektiv elmi araşdırmalar aparmalıyıq. Çox təəssüf ki, bu sahəni tədqiq etməyə-etməyə, sözün əsl mənasında bu sahədən başı çıxmaya-çıxmaya, mənbələrdən məlumatı olmaya-olmaya bir çoxları – öz sahələrində uğur qazana bilməyənlər tarixçi olmaq üçün həvəsinə düşüblər. Onlar kitablar yazılır, fikirlər söylənilir. Bir də görürsən kütləvi informasiya vasitələri Səfəvilər dövlətinə qiymət verir, eradan qabaqkı Azərbaycan tarixindən danışır. Axı, tariximizi öyrənmək üçün dövlətin bir strukturu var – AMEA-nın Tarix İnstitutu. Dövlət başçısı bu struktura yüksək qiymət verib: Tarix İnstitutu ölkədə tarix sahəsində elmi araşdırmalar aparan mərkəzidir. Bunların hamısı ilə hesablaşmaq lazımdır. Ən azı məsləhətlər alınmalıdır, ən azı burdan rəyçilər olmalıdır, ən azı əsərlər burada müzakirə olunmalıdır. Kimin ağlına nə gəlirsə, gedib qalaq-qalaq kitablar yazır və ya yazdırır. Birisi özünün etnik mənşəyini Azərbaycan tarixinə dartır, birisi tariximizi özünün məhdud dünyagörüşünə uyğunlaşdırır və s. Tarixi şəxsiyyətə qiymət verərkən isti kabinetlərdə oturub fikir yürütmək olmaz, çünki, hər bir tarixi şəxsiyyət öz zamanının öğludur, öz zamanının tələblərinə uyğun olaraq hərəkət edib, öz zamanında öz millətinə kömək edib, öz zamanında xalqının problemlərini həll edib. Biz bu gün oturub Şah İsmayılın hər hansı addımını müzakirə edə bilmərik. Şah İsmayıl öz dövrünün tələblərinə uyğun olaraq problemləri həll edib. Biz görkəmli tarixi şəxsiyyətlərimiz haqqında yazarkən, onlara qiymət verərkən onların həll etdiyi problemləri, xalq üçün gördükləri tutarlı işləri önə çəkməliyik. Tarixi şəxsiyyətdə kiçik qüsurlar axtarıb onları qabartmamalıyıq.

Hünərin var Bismarkın eleyhinə yazı yaz

-Yaqub müəllim, konkret olaraq Azərbaycan tarixində Şah İsmayılın yerini müəyyənləşdirərkən nələri nəzər almaq lazımdır?
-Şah İsmayıla tarixi şəxsiyyət kimi qiymət veriləndə, onun əsas ölçüsü ondan ibarət olmalıdır ki, Şah İsmayıl Xətai öz xalqından ötrü mərkəzləşmiş, vahid dövlət yaratmış tarixi şəxsiyyətdir. Gəlin dünya təcrübəsinə nəzər salaq, əgər Rusiyanın tarixinə baxsaq görərik ki, IV İvanın yaratdığı dövlət mərkəzləşdirilmiş dövlət adlanır. IV İvan o dövləti yaratmaq üçün nə qədər qan töküb. İndi onun tökdüyü qanları önə çəkib IV İvanı qaniçən, cəllad kimi qiymətləndirmək də olar. Amma rus tarix elmində onu ideallaşdırıb Rusiyanın ən məşhur qəhrəmanları sırasına qaldırırlar ki, o, Rusiya üçün mərkəzləşmiş dövlət yaradıb. Və yaxud İngiltərənin, Fransanın təcrübəsini götürək. Mərkəzləşmiş dövlətlər yaratmaqdan ötrü demək olar ki, tarixin bütün üsullarına əl atılıb. Hünəri var bizim tarixçilərin gedib Almaniyada oturub Bismarkın əleyhinə yazı yazsınlar. Bismark Almaniyanı «dəmir və qanla» birləşdirib, ölkəni xalqı üçün vahid dövlətə çevirib. Biz indi durub Şah İsmayılı qınayaq ki, nə üçün gəlib Bakını, Şamaxını aldı? Nə üçün şiyəliyi, sufiliyi dövlət səviyyəsinə qaldırdı? Ancaq məsələyə elə yanaşılmalıdır ki, o, gənc yaşında Azərbaycanın tarixi ərazilərini birləşdirə bildi. Azərbaycan dövlətinin ərazilərini daha da genişləndirdi və Azərbaycan dövlətinin tarixində bir imperiya da yaratdı. Digər tərəfdən Şah İsmayıl doğma xalqının dilini dövlət dili səviyyəsinə qaldırdı. Səfəvilər kimi böyük bir imperiyanın fars dili ilə yanaşı, dövlət dili Azərbaycan dili oldu. Şah İsmayıl XVII əsrdə Azərbaycan dilində baldan da şirin «Dəhnamə»sini yaratdı. Şah İsmayıla bu cəhətdən yanaşanda hər bir azərbaycanlıda qürur hissi yaranır. İndi Xətainin bütün bu uğurlarını kölgədə qoyub yazmağa başla ki, «o niyə Türkiyəyə müharibə elan etdi?».

- Elə Səfəvi-Osmanlı münasibətlərinin gərginləşməsi və müharibə həddinə çatması Xətaiyə qarşı «hücuma» keçənlərin əsas arqumentlərindən biridir…
-Şah İsmayıl Türkiyəyə müharibə elan etməyə bilməzdi. Çünki Osmanlı imperiyası ilə Səfəvilər dövləti Yaxın Şərqdəki karvan yollarına hökmranlıq uğrunda rəqabət aparırdı. Hökmranlıq kimin əlində olsaydı, o dövlət iqtisadi cəhətdən daha da inkişaf edəcəkdi. İslamın müqəddəs mərkəzlərinin kimin əlində olması uğrunda rəqabət aparırdılar. Məkkə, Mədinə kimin əlində olacaqdısa, islam dünyasının vahid lideri o olacaqdı. Osmanlılar da buna çalışırdı, Səfəvilər də. Bu, iki dövlət arasında böyük tarixi rəqabət idi. Ancaq bunun bir tərəfin üzərinə qoymaq, «niyə Şah İsmayıl Osmanlılarla müharibə etdi» və ya «niyə Osmanlı sultanları Səfəvilərlə müharibəyə başladı?» demək sözün əsl mənasında uşaq düşüncəsidir, elmi düşüncə, tarixi dərk edilərək edilən təhlil deyil. Nə səbəbə Osmanlı imperiyasından, Səfəvilər dövləti haqqında yazan adamlar bu iki böyük imperiyanı toqquşduran qüvvələrdən yazmırlar? Biz indi tarixi şəxsiyyətlər haqqında danışarkən onların xalq üçün gördüyü böyük işləri bir kənara qoyub, hərədə bir nöqsan axtarmağa başlayaq. Əgər Azərbaycan xalqını, bu torpağı qoruyan kişilərə bizim verdiyimiz qiymət budursa, onda necə oldu bu xalq yaşadı, necə oldu bugünə gəlib çıxdı? Füzulisiz Azərbaycan xalqı varmı? Şah İsmayıl Xətaisiz Azərbaycan xalqı varmı? Bunları düşünmək və həqiqəti olduğu kimi vermək lazımdır. Tarixi həqiqət tarixi aspektdə – zaman və məkan daxilində araşdırılıb təqdim olunmalıdır. O dövrü öyrənməkdən ötrü təzədən heç kim o dövrə qayıdıb gedə bilməz. O dövrün mənbələrinin içinə enmək lazımdır.

Ramiz Mehdiyev qarşımızda üç məsələ qoyub

- Fikirlər var ki, Azərbaycanda bu istiqamətdə sanballı tədqiqatlar aparılmadığı üçün kasad məlumatlı əsərlər meydana gəlir.
- Mən bu fikirlə qətiyyən razı deyiləm. Azərbaycanda bu istiqamətdə çox qiymətli tədqiqatlar aparılıb. Mən sizə yüzlərlə kitabımı, yazımı göstərə bilərəm. Mən bu tədqiqatları xətirələri ilə birlikdə Londonda, Nyu-Yorkda, Los-Ancelesdə çap etdirmişəm. Sadəcə, bizim içərimizdə elə qüvvələr var ki, onları Şah İsmayıl Xətainin Azərbaycan dövlətinin tarixindəki rolu haqqında prinsipial mövqeyimiz təmin etmir. Elələri var ki, öz etnik mənşəyinə, öz kökünə xidmət edərək Şah İsmayılı aparıb azərbaycançılıqdan çıxarmaq, onun türk mənşəyini unutdurmaq istəyir. Bizim elmi materiallarımız o qədər kasad deyil. Amma sadəcə olaraq bu, kimlərəsə sərf eləmir. Xaricdə də, daxildə də vəziyyət belədir.

Biz Tarix İnstitutunda gördüyümüz işlərlə bağlı ölkə KİV-inə məlumat veririk. Burada hansı işlərin görüldüyünü çox yaxşı bilirlər. Yaxşı bilirlər ki, bu yaxınlarda Tarix İnstitutu Oksfordda Avropanın “Ən yaxşı elmi-tədqiqat müəssisəsi” elan olunub. Buna görə instituta sertifikat, prizlər göndərilib. Tarix İnstitutunun direktorunun adını XXI əsrin alimləri siyahısına yazıblar. Nəyə görə? Bütün bu tədqiqatlara görə. Yeni tipli, Azərbaycanın dövlətçilik tarixinə yönəlmiş əsərlərimizə görə. Bunu daxildə də, xaricdə də bilirlər. Bu, sadəcə yanılma deyil. Belə diletant kitabların yazılmasında elmi yox ideoloji və siyasi məqsəd güdülür. Tarix də heç vaxt siyasətdən kənarda inkişaf etməyib. Əlbəttə, elə hallar olub ki, məsələn, Rusiya tərkibində olduğumuz dövrdə, yalançı konsepsiyalarla bizə tariximizi zorla unutdurublar. Biz indi öz yolumuza çıxmışıq. İndi içəridə keçmiş konsepsiyanın tərəfdarları qıcıqlanır. Biz müxtəlif ölkələrdən qalaq-qalaq sənədlər gətirmişik. Azərbaycanda elə qüvvələr var ki, onlar bizim tariximizin doğru-düzgün yazılmasını istəmirlər. Ona görə də tariximiz məlumat kasadlığından yox, xüsusi məqsədlərlə təhrif olunur. Ramiz müəllimin AMEA-nın prezidentinə ünvanladığı məktubunda 3 ciddi məsələ qoyub: Vikipediyada işlərimizi canlandırmalıyıq, ensiklopediyaların xaricdə nəşr işlərini gücləndirməliyik və tariximizə dair yığcam, aydın arayışlar hazırlayıb yaxın zamanlarda başa çatdırmalıyıq.

Mən dövlətimizi əmin edirəm, biz gələcəkdə də tarix elmimizin inkişafı üçün əlimizdən gələni edəcəyik. Biz dövlətçiliyimizi, tariximizi, tarixi şəxsiyyətlərimizi müdafiə etməkdən, itirilmiş torpaqlarımızın tarixini yazıb ortaya qoymaqdan, tariximizin təhrif olunan səhifələrini xalqımıza olduğu kimi çatdırmaqdan ötrü əlimizdən gələni edəcəyik.

Hər kəs öz işi ilə məşğul olmalıdır

- Tədqiqatlar aparılır, dərsliklər yazılır. Ancaq ictimaiyyət bütün bu elmi araşdırmalardan o qədər də xəbərdar deyil. Nəticədə ortaya ziddiyyətli fikirlər çıxır. Bəlkə bu istiqamətdə təbliğatı gücləndirmək, filmlər çəkmək, telekanallarda verilişlər təşkil etmək, bədii əsərlər yazmaq və s. də lazımdır?
- Bu fikirlə razıyam ki, təbliğatı genişləndirmək lazımdır. Bu sahədə sistemli iş getməlidir. Bu iş kampaniya xarakterli olmamalıdır. Əvvəla, ölkəmizin daxilində bir problemi xüsusi olaraq həll etmək lazımdır: ağzımızı açıb bir problemlə bağlı məsələ qaldıranda, yazdığımız bir əsərlə bağlı ölkədə fikrimizi bildirəndə dərhal həmin məsələdən xəbərdar olmayan birisi böyürdən çıxıb deyir ki, sizin bu məsələləriniz Biləcəridən o tərəfə keçməyib və çalışmaq lazımdır ki, bunların hamısı xaricdə yayılsın. O adamların içərisində akademiki də, yüksək vəzifəlisi də olur. Belələrinə bildirmək istəyirəm ki, bu cür məsələ qaldıranlar zəhmət çəksinlər Tarix İnstitutunda yazılan əsərləri oxusunlar. Yazılan əsərlərimiz oxunmur axı. Bizim çap etdirdiyimiz sənədlərə baxan yoxdur. Biz prezidentin tapşırığı ilə İrəvan xanlığının tarixini yazdıq. İngilis və rus dillərinə tərcümə etdik və yenə də dövlət başçısının Xarici İşlər Nazirliyinə tapşırığı əsasında bütün dünyada yayıldı. Həmin əsəri Azərbaycan dilində ölkənin hər tərəfinə göndərmişik. Eləcə də Naxçıvanın, Qarabağın tarixi, «Tarixi adlara qarşı soyqırımı», «Azərbaycan tarixi atlas»ı da bu qəbildəndir. Bunları oxumadan deyirsiniz ki, «Tarixçilərin yazdığı Biləcəridən o tərəfə getmir». Biləcəridən o yana necə getmir ki, Tarix İnstitutunu Avropanın ən qabaqcıl elmi müəssisəsi hesab edirlər? Bundan Avropa necə xəbər tutdu? Ona görə bildi ki, biz yazdıqlarımızı dünyanın hər yerinə yayırıq. Ona görə ki, biz yazdıqlarımızı dünyanın bütün ölkələrində çap etdiririk. Alimlərimizi göndərib Britaniya kitabxanasından, Fransadan sənədlər gətizdiririk. Bütün bunları xaricdə bilirlər. Təəssüf edirəm ki, bizim əsərlərimiz haqqında xaricdə bildikləri qədər ölkənin daxilində bilmirlər. Ona görə də birinci arzum odur ki, yazdıqlarımız ilk növbədə ölkənin daxilində təbliğ olunmalıdır. Fikrim belədir ki, tarixini bilməyən xalq onu müdafiə edə bilməz. Tarixinə sahib çıxmayan xalq xalqlar arasında uzun müddət yaşaya bilməz. Xalq kimliyini bilməlidir. Kimliyini biləndə isə onu müdafiə edəcək. Mən Füzuliyə, Şah İsmayıla sahib çıxmalıyam, Uzun Həsənlə fəxr etməliyəm, Şəmsəddin Eldənizlə qürur hissi keçirməliyəm, tarixi abidələrimi sevməliyəm və onun sahibi olduğumu bilməliyəm. Bunları biləndən sonra heç kəs məni məğlub edə bilməz. Ona görə tarixi xaricdə yox, ilk növbədə, ölkənin içində yaymaq lazımdır.

-Yaqub müəllim, belə başa düşdüm ki, tariximizin öyrənilməsi istiqamətində iş gedir, amma onun təbliğatı, tanıdılması zəyifdir. Bu baxımdan siz nə təklif edərdiniz?
-Konsepsiya qurulmalı və bunun üstündə iş getməlidir. Biz hazırda 3 cildlik Azərbaycan tarixi üzərində işə başlamışıq. Yaxın zamanlarda 2 cildlik Naxçıvan tarixini təqdim edəcəyik. Məqsədimiz odur ki, yazdığımız bu əsərlər ilk olaraq ölkənin içərisində öyrənilsin. Əsas da odur ki, Azərbaycanda hər yetən tarixlə məşğul olmamalıdır. Hər kəs öz işi ilə məşğul olsa yaxışıdır. Əgər biri memardırsa, bu da gəlib tarixdən yazır, riyaziyyatçı gəlib tarixçiyə dərs keçir. Əgər xüsusi istedadın varsa elə öz sahəndə parla. Tarix sahəsinin bir xüsusiyyəti var ki, məşhurlaşmaq üçün şirnikləşdirici sahədir. Ona görə də hamı bu sahədə söz demək istəyir. Söz demək istəyən də bu sahəni bilməyərəkdən deyir. Ona görə ölkə daxilində tarixdən nə qədər əsərlər yazılırsa, hamısı bu institutda ekspertizadan keçməlidir. Bu istiqamətdə vahid xətt olmalıdır. Elə televiziya kanalları var ki, müxtəlif tok-şoular düzəldərək cürbəcür adamları ora yığırlar. Biz ilk növbədə verilişə baxan bütün insanların tarixi bilgilər səviyyəsini qaldırmalıyıq. Maarifçiliyi inkişaf etdirmək lazımdır. «Dahilərin divanı»nı düzəldərək camaatı yığıb Füzuliyə lağ edirdilər. Üzeyir bəydə səhv axtarırdılar. Bununla milləti ancaq çaşdırmaq olar. Millətin müqəddəs şəxsiyyətləri var. Hünərin varsa, o müqəddəsi bir az da müqəddəsləşdir. Qoy xalq öz övladlarına onların adlarını qoysun. Telekanallarda ciddi verilişlər olmalıdır. Hər yetəni verilişə çağırmamalıdırlar. Məsələn, «səfəvişünas» kimi iki millət vəkili və başqa bir sahənin adamını dəvət edərək efirdə bir-birləri ilə cəngə başlayırlar. Camaatı da çaşdırırlar. Azərbaycanda bir neçə tanınmış səfəvişünas var. Həmin verilişə o insanları dəvət etməli və müzakirələri də onlarla keçirməlisən. Mənim mövqeyim budur ki, televiziyaların hamısına istiqamət verilməlidir. Demokratiyadır deyə, kim necə istədi millətin kökünü təhqir etməli deyil. Demokratiya odur ki, elmi, ağlı olan hər kəs qoy öz fikrini desin. Bu baxımdan telekanallara dəvət edəndə də ziyalılıq sahəsində adı çıxan, xalqın hörmət etdiyi, milli ruhu, təəssübkeşliyi olan, azərbaycançılığı, dövlətçiliyi sevən adamları çağırmaq lazımdır. Veriliş xatirinə insanları yığmaq və ictimaiyyəti çaşdırmaq olmaz. Vahid Azərbaycan idealı ilə yaşamaq, Azərbaycançılıq düşüncəsini gücləndirmək lazımdır.

Möhtəşəm zəhər

- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan «Star» telekanalında yayımlanan «Möhtəşəm yüzil» serialı ilə bağlı iradlarını bildirərək türk tarixinin təhrif olunduğunu diqqətə çatdırıb. Yeri gəlmişkən, siz özünüz də bu seriala bağlı iradlarınızı bildirmisiniz. Sizi ən çox narahat edən məqamlar hansılardır?
- Film Azərbaycan telekanalında nümayiş etdirilərkən öz fikrimi dedim. Bu barədə Türkiyə qəzetləri də yazdı. Bundan əlavə, Türkiyədə TRT və TRT Avaz kanallarında bir saat çıxış edərək öz fikrimi bildirmişəm. Çox şadam ki, Azərbaycan alimlərinin səsi Türkiyədə eşidilir. Bugünlərdə ortaq türk tarixinin yazılması ilə əlaqədar Türkiyəyə səfərim də olub. Biz qarşılıqlı surətdə razılaşdığımız ortaq tariximizin yazılması ilə məşğul olacağıq. «Möhtəşəm yüzil»ə gəlincə, bu, son dərəcə «möhtəşəm» zəhərdir. Bu işlər araşdırıldıqda çox şeylər üzə çıxa bilər. Hər şeydən əvvəl «Möhtəşəm yüzil» müasir türk gənclərində Osmanlı tarixinin, türk tarixinin ən şanlı səhifələrinə nifrət hissi aşılayır. Sultan Süleyman kimi qanunçu, dünya tarixinin böyük şəxsiyyəti filmdə saray intriqalarının əlində bir oyuncaq kimi təqdim olunur. Amma onun heç sarayda yaşamağa vaxtı olmayıb. 40 ilə qədər at belində olub. 13 hərbi səfər təşkil edib, Vyana, Macarıstan meşələrindən tutmuş İsfahana qədər mübarizə aparıb. Onun hərbi dəniz donanması Aralıq dənizini nəzarət altında saxlayıb. Osmanlı imperiyasının dəniz qüvvələri portuqaliyalılara qarşı Hindistan sahillərində vuruşub və s. Film çəkmək ayrı şeydir. Qadın məkri, saray intriqaları haqqında ayrıca çəkə bilərdilər. Ancaq dünyanın böyük tarixi şəxsiyyətini heçə endirib türk gəncinə öz tarixinə qarşı nifrət hissi aşılamaq olmaz. Bu baxımdan bu film zəhərdir. Tarix filmdə təhrif olunur. Digər tərəfdən, bizim ölkələr arasında yaxınlaşma gedir, xüsusi münasibətlərimiz var, belə vəziyyətdə bizim aramızı vurmaq üçün tarixə əl atırlar. Azərbaycan Səfəvilər dövlətinin ən görkəmli nümayəndələrini heçə endirirlər. Şah İsmayılı təhqir etməklə, Şah Təhmasibi təhqiramiz bir obrazda verməklə iki qardaş xalqın arasına nifaq salmaq və bu yaxınlaşmanın qarşısını almağa cəhd edirlər. Tarixi yaxınlıq bizim üçün nə qədər müqəddəsdirsə buna qarşı məkrli qüvvələr də öz işini görür. Ona görə də «Möhtəşəm yüzil» türk tarixinə qarşı bu cür məkrli qüvvələrin hazırladığı bir zəhərdir. Bu ümumi türk dünyasındakı dirçəlişə zidd olan, onu pozmağa çalışan qüvvələrin işidir. Türkiyənin içində də, öz içərimizdə də bu cür qüvvələr var. Tarixi şəxsiyyətlərə qarşı sevgi olmalıdır. Eyni dərəcədə sevgi olsa, biz eyni dərəcədə türk xalqlarının yaxınlaşması prosesini təmin edə bilərik.

Təranə Məhərrəmova