• cümə axşamı, 28 mart, 12:06
  • Baku Bakı 16°C

“Şah İsmayıl” operasının maraqlı debütləri

22.12.17 12:26 7263
“Şah İsmayıl” operasının maraqlı debütləri
Ötən həftə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin "Şah İsmayıl” operasını izləmək şansı əldə etdik. İndi deyəcəksiniz ki, bu tamaşa uzun müddətdir ki, teatrın repertuarında yer alıb, niyə məhz indi! Açığı, həmin gün teatrda iki gənc ifaçını səhnədə yeni obrazda görmək eşqi məni rahat buraxmadı. Və belə demək mümkünsə, Aslan şah obrazını canlandıran Taleh Yəhyayevi və Ərəbzəngi obrazında öz debütünü oynayanSəma Sultanovanı izləməyə getdim.
Tamaşada əsas partiyaları əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Fəridə Məmmədova (Gülzar) ifa edirdilər. Drijor əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. Tamaşanın quruluşu isə teatrın baş rejissoru Hafiz Quliyevə məxsusdur.

1916-cu ildə yazılmış müasir opera
Yəqin ki, ondan da xəbərdarsınız ki, Müslüm Maqomayev tarixi-əfsanəvi "Şah İsmayıl” operasını 1916-cı ildə yazsa da əsər ilk dəfə 1919-cu ildə səhnəyə qoyulub. Tarixi faktlara görə, operanın ilk tamaşası böyük uğurla oynanılıb. Sonralar bəstəkar əsəri bir neçə dəfə yeni redaksiyada işləyib.
Artıq uzun illərdir ki, Opera və Balet Teatrında "Şah İsmayıl” operası səhnədən düşmür. Hər dəfə fərqli xanəndələrin ifasında bu operaya yeni nəfəs verilir. Üzərindən illər keçsə də əsərə tamaşaçı sevgisi tükənmir. Əksinə, tamaşa oynanıldıqca onun şanı, şöhrəti daha da artır.
Bu dəfə isə orkestrda azı 25 ifaçı, səhnədə xorla birlikdə 40 iştirakçı var. Bunlar öz yerində, tamaşanın sağlam nümayişi üçün 60-dan çox yaradıcı insan cəlb olunur. Ən əsası, canlı müsiqi və canlı ifalar. Qulağa necə də xoş gəlir "canlı” sözü. Müasir texnologiyaların bu qədər tərəqqi etdiyi bir zamanda bu sözə nə qədər ehtiyacımız var imiş...
Bəlkə də teatrın elə canlı sənət növü olmasına görədir ki, insanlar bu məkanda dincəlir və asudə vaxtı səmərəli keçirmək üçün teatrı ideal məkan hesab edirlər. Bu baxımdan, Opera və Balet Teatrı əvəzolunmazdır.

Təyyar Bayramovun Şah İsmayılı
Mövzudan çox da yayınmayaq, sözügedən tamaşada Şah İsmayıl rolunun ifaçısı, əməkdar artist Təyyar Bayramov ilk olaraq "Leyli və Məcnun” tamaşasındakı İbn Səlam obrazı ilə yaddaşıma həkk olunmuşdu. Bu obraz xanəndənin teatrdakı debütü idi. Təəssüflə qeyd edim ki, o illərdə "Şah İsmayıl” operasını izləmək imkanım olmadı. Daha sonra "O olmasın, bu olsun”, "Natəvan” operalarında da T.Bayramovun səsini, ifasını bəyəndim.
Bu dəfə isə ilk baxışdan həyəcanlı görünsə də xanəndə Şah İsmayıl partiyasını tam mənimsəyib. Nə yalan deyim, bu obrazda xanəndənin səs imkanlarına və potensialına bir daha heyran oldum. Ancaq zövqlər müxtəlif olduğu kimi, fikirlər də müxtəlifdir. Belə ki, tamaşadan sonra sosial şəbəkədə Şah İsmayıl obrazı ilə bağlı öz təəssüratlarımı bölüşdüm.
Tanınmış yazar Gülcahan Mirməmməd şərh yazaraq "opera səhnəsində oxuyarkən rəngi qızaran xanəndə və ya vokalçı çıxış etməməlidir” deyə, fikir səsləndirdi. "Yalnız bu halda vokalçı kamera səsli vokalçı hesab edilir” kimi şərh etdi. Təyyar Bayramovun xanəndəliyinə heç bir sözünün olmadığına, amma opera səhnəsi üçün təkcə xanəndəliyin kifayət etmədiyinə işarə etdi. Müasir dövrdə qrim sənətinin bu qədər inkişaf etdiyini xatırladanda isə yazar yenə də məsələyə öz prizmasından yanaşdı: "Səs salonu doldura bilməyəndə boyunun rənginin qızarmasını, damarlarının şişməsini heç bir qrim ört-basdır edə bilmir. Yeri gəlmişkən, bizim teatrların arasında ən zəif qrim elə operadadır”.
Az əvvəl də dediyim kimi zövqlər və fikirlər müxtəlifdir.

Milli musiqi alətləri ilə orkestr alətlərinin vəhdəti
"Şah İsmayıl” operası dastan ruhuna uyğun kəskin boyalar və antitezalar üzərində qurulub, desəm, yəqin ki, yanılmaram. Tamaşada milli musiqi alətlərinin, eyni zamanda, simfonik orkestr alətlərinin səsləri vəhdət təşkil edirdi. Operanın güclü orkestr sədaları arasından arada tarın məlahətli səsi baş qaldırırdı. Bu isə dinləyicilərin qulağına xoş gəlirdi.
Güman edirəm ki, operanın mövzusu hər kəsə bəllidir. Bəlli olmayanlar üçün qeyd edim ki, opera Aslan şahın xainliyi və eqoistliyi üzərində qurulub. Xalq arasında şan-şöhrət tapmış oğlu İsmayılın taxt-taca sahib çıxmaq qorxusu onu rahat buraxmır. Xain vəzir Rəmmal vasitəsilə Aslan şaha xəbər çatdırır ki, oğlu onu öldürə bilər. Aslan şah həyəcan içində məşhur ariyasını oxuyur. Aldığı xəbərdən narahat olan şah oğlunu uzaq ölkələrə, yeni torpaqlar fəth etməyə göndərir. Aslan şah elə bilir ki, o, döyüşlərdə həlak olacaq. Səfərdə olan Şah İsmayıl ərəb qəbilələri ilə rastlaşır və qəbilə başçısının qızı Gülzara vurulur. Gülzarın atası İbn Tahir qızını sevmədiyi Əbu Həmzəyə ərə verməyə hazırlaşır. Ona görə də Gülzarın atası başqa yerə köçməyə qərar verir. Gülzar çətinliklə harada olduğunu Şah İsmayıla çatdırır. Gülzarın axtarışına çıxan Şah İsmayıl Ərəbzəngi ilə rastlaşır və döyüşdə ona qalib gəlir. Öldürmək istəyəndə Ərəbzənginin qadın olduğunu bilir və onu bağışlayır.
Səfərdən sevgilisi Gülzar və Ərəbzəngi ilə qayıdan İsmayıldan atası Aslan şah düşməninin başını tələb edir və guya hökmü yerinə yetirmədiyi üçün əvvəlcə onun edam olunmasına, sonra isə rəhmə gələrək, gözlərinin çıxarılması yolu ilə kor edilməsinə fərmanverir.
Dastanda İsmayılın gözlərini çıxarıb ovcuna qoyurlar, özünü də quyuya salıb orada saxlayırlar.Bir yolçu onu quyudan çıxarır və quşların köməyilə gözlərini yerinə qoyub sağaldır. İsmayıl atasının ordusu ilə vuruşan Ərəb Zəngiyə köməyə gəlir və onlar qalib gələrək, Ədil şahı öldürməyə nail olurlar. Ancaq izlədiyimiz operada isə sonluq heç də bu cür təsvir olunmayıb.
Operada, nəhayət, Aslan şahdan oğlunun qətlinə ikinci dəfə razılıq alan vəzir zindanda öldürülən Şah İsmayılın qanını piyalədə Aslan şaha gətirir. Aslan şah dərdinə əlac yeganə övladının qanını içir. Və məlum olur ki, piyalədə ona oğlunun qanını deyil, zəhər veriblər. Aslan şah yıxılıb ölür, Şah İsmayıl Gülzarın əlindən tutub taxt-taca sahib olur.

İfadəli obrazlar
Tamaşada Aslan şah obrazını canlandıran Taleh Yəhyayev ilk dəfə idi ki, bu obrazda çıxış edirdi. Buna baxmayaraq, o, öz rolunun öhdəsindən layiqincə gəlməyi bacardı. Onun adına Opera və Balet Teatrının afişalarında tez-tez rast gəlirik. O, bir çox tamaşalarda maraqlı rolları ifa edir. Ancaq diqqətimi çəkən məqam isə Taleh Yəhyayevə daha çox yaşlı insan, "ata” kimi obrazların verilməsidir. Düzdür, səs imkanlarına görə sezilmir ki, ifaçı gəncdir. Və ola bilər ki, səs imkanlarına görə gənc aktyora ata obrazlarını tapşırırlar. Amma insanın ifaçının gəncliyinə də heyfi gəlir. Təsəvvür edin, indi ata rolunu oynayan aktyor, 10-20 ildən sonra yenə də ata obrazını canlandıracaq. Axı indi Taleh Yəhyayevin gənc aşiq və öz yaşına uyğun obrazlar canlandırmaq zamanıdır.
Ərəbzəngi obrazı üzərində də xüsusi dayanmaq istəyirəm. Ərəb zəngi cəngavər libası geymiş igid bir qızdır. Onun adı Azərbaycan folklorunda kifayət qədər məşhurdur. Xanəndəlik sənətinə yeni-yeni addım atan hər bir ifaçı ya Leylini, ya da Ərəbzəngini oynamaq istəyir. Bu dəfə isə bu missiya teatrın səhnəsində debütünü edən Səma Sultanovaya həvalə olunmuşdu. Çıxışında hər nə qədər həyəcanlı olduğu hiss olunsa da səsi qulaqlara xoş gəlir, zəngulələri bütün zalı bürüyürdü.
Tamaşada əsas obrazlardan biri də Gülzar obrazı idi. Bu obrazı canlandıran Fəridə Məmmədovanın ifası peşəkar idi. Lakin məsələ burasındadır ki, Gülzar obrazı gənc, incə, azyaşlı bir qız olsa da, xanəndənin xarici görünüşü bunu deməyə əsas vermirdi. Başa düşürəm ki, Gülüzar çox mürəkkəb və mətni ağır obrazdır. Amma bu obraz gənc xanəndələrin birinə həvalə olunsaydı, hesab edirəm ki, daha düzgün və maraqlı olardı. Hər gənc xanəndənin nəfəsi çatıb bu partiyanı oxuya bilməz. Hər halda, ifaçının yaşı izləyicinin diqqətini çəkən məqamlardandır.
Qeyd edim ki, tamaşa zamanı zal tamamən dolu idi. Diqqətimi çəkən əsas məqamlardan biri də o idi ki, tamaşaçılar arasında xarici vətəndaşlar da az deyildi. Ərəblər, türklər və digər millətlərin nümayəndələri tamaşa sonrası foyedə şəkil çəkdirir, təəssüratlarını bölüşürdülər. Onlar aktyorların çıxacağı qapıda dayanıb birgə şəkil çəkdirmək və söhbət etmək istəyirdilər. Bu isə bizdə çox xoş təəssürat yaratdı. Aktyor nə istəyir? Tamaşaçı alqışı və bitməyən sevgi...
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər